Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-916/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona məxsus evin həyətinə açılmış pəncərənin bağlanması, cavabdehin həyətində iri buynuzlu heyvanların saxlanılmasının qarşısının alınması və cavabdeh tərəfindən ümumi istifadədə olan yola açılmış əlavə qapının bağlanması tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(125)-1533/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Tərəflər qonşudurlar. Belə ki, ünvan 1 ünvanda bələdiyyə təyinatlı 0,0116 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,2 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********71-10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabın 43 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 (yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Bəxtiyar Rüstəmov küçəsi, 4 ünvanda 0,05 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 108 kv.metr olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********91- 10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabın 13 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus evin həyətinə açılmış pəncərənin bağlanması, cavabdehin həyətində iri buynuzlu heyvanların saxlanılmasının qarşısının alınması və cavabdeh tərəfindən ümumi istifadədə olan yola açılmış əlavə qapının bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvanın qonşuluğunda yaşayan cavabdehin əsas giriş darvazası ünvan 2 ünvanına açılsa da o, ümumi istifadədə olan yolu qanunsuz zəbt edərək Gəncə şəhəri, Elxan Məmmədov küçəsinə əlavə qapı açmışdır. Bu qapıdan hər gün həyətində saxladığı mal-qaranın təzəyini küçənin başından axan su arxına aparıb axıdır. Bu heyvanların iyisindən onlar qapı pəncərə aça bilmirlər. Dəfələrlə cavabdehə müraciət edib heyvan saxlamamasını xahiş etsələr də, cavabdeh heç kimin sözünə məhəl qoymur. Cavabdehin saxladığı heyvanların yaratdığı antisanitar vəziyyət evdə olan körpə uşaqların səhhətində də problem yaradır. Heyvanlardan gələn kəskin pis qoxuya görə evin pəncərəsini açıb evi havalandıra bilmirlər. Heyvanlara görə həyətlərində siçan siçovullar da əmələ gəlir. Bütün bunlar az imiş kimi cavabdeh ümumi hasarın üstündə qanunsuz ev tikmişdir. O, heyvan saxlamasının qarşısının alınması üçün lazımi orqanlara müraciət etdiyinə görə cavabdeh qanunsuz tikdiyi evin pəncərəsini iddiaçının həyətinə açmışdır. Bütün bunlarla bağlı o, müxtəlif orqanlara şikayət etmişdir. Cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə iddiaçının həyətinə açılmış pəncərəni bağlayacağı ilə bağlı izahat vermiş, lakin hazırki vaxtadək pəncərəni bağlamamışdır. Hesab edir ki, cavabdehin onun həyətinə açdığı pəncərə və qanunsuz olaraq ümumi istifadədə olan yola açdığı əlavə qapı bağlanmalı, iri buynuzlu heyvanların saxlanmasının qarşısı alınmalıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1533/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində və istifadəsində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: ünvan 5 fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapı və İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxan pəncərənin bağlanması, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1533/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində və istifadəsində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: ünvan 5 fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapı və İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxan pəncərənin bağlanması, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus evin həyətinə açılmış pəncərə, o cümlədən qapı sonuncunun mənafelərinə toxunur və onun öz mülkiyyətindən maneəsiz istifadə hüququnun həyata keçirməsinə qonşunun hədsiz təsiri kimi qiymətləndirilməlidir. Bu baxımdan, həmçinin qeyd olunan təsirə səbəb olan pəncərə və qapı özbaşına inşa edildiyindən iddiaçı həmin təsirin qadağan edilməsini və özbaşına aparılmış tikintinin nəticələrinin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia mübahisəli pəncərə və qapının bağlanması hissəsində təmin edilməlidir. İddia tələbində göstərilməsə belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən pəncərə və qapı cavabdehin hesabına bağlanmalıdır və bu iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh sökülməsi tələb edilən pəncərə və qapının iddiaçının evini almasından əvvəl inşa edildiyini, həmçinin iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını iddia etsə də, bu halları təsdiq edən heç bir sübuta istinad etməmişdir. Digər tərəfdən iddiaçının evi alanda artıq sözügedən pəncərə və qapının mövcud vəziyyətdə olması faktı da özü-özlüyündə iddianın həmin hissədə təmin olunmasına maneə kimi qiymətləndirilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi, məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Gəncə şəhəri Kəpəz bələdiyyəsinin nümayəndəsi də iddia tələbinin əsaslı olduğunu, sözügedən pəncərə və qapının iddiaçının mənafelərinə toxunduğunu, onun fərdi yaşayış evindən istifadə hüququnun sərbəst həyata keçirməsinə mane olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin üçüncü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.9, 157.4, 170.1, 170.2, 171.1, 171.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.3, 14.2, 77.1, 81, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı birinci instansiyası məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(125)- 1533/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməmiş, cavabdeh isə təmin edilmiş hissəsindən apellyasiya şikayətləri ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-1533/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi iddianin cavabdehin həyətində iri buynuzlu heyvanların saxlanılmasının qarşısının alınması və cavabdeh tərəfindən ümumi istifadədə olan yola açılmış əlavə qapının bağlanması tələbinin təmin edilməyən hissəsində qanuni əsaslı olmamışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-1533/2023 saylı mülki iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının subyektiv hüququ olmadığı, evi gələn yolun bağlanmadığı, zəbt edilmədiyi halda iddia tələbini təmin etməklə qanunsuz nəticəyə gəlmişdir. Həmin torpaq sahəsinə dair iddiçının heç bir hüququ qeydə alınmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ədil Məmmədov məruzəçi və sədrlik edən, Rəhman Muradov və Fikrət Mehtiyev) 2(104)-478/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və tətbiq etdiyi normalarla razılaşmış, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh sökülməsi tələb edilən pəncərə və qapının iddiaçının evini almasından əvvəl inşa edildiyini, həmçinin iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını iddia etsə də, iş materiallarından işin mübahisəsiz faktiki halı kimi müəyyən olunur ki, iddiaçı cavabdehlə qonşu daşınmaz əmlakın mülkiyyətçisidir və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, onun evinin pəncərə və qapısının mövcud vəziyyətdə olması iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun sərbəst həyata keçirməsinə mane törədir. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının MPM-in 4-cü maddəsi ilə nəzərdə tutlmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin tələblərinə görə, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 170.1, 170.2, 171.1, 171.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1, 14.1, 76.1, 76.2, 77.1, 81, 88, 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyasında icraat: Cavabdeh kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin iddanın təmin edilmiş hissəsində ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən maddi hüquq normalarının tələbləri düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə işin faktiki halları ilə əlqali şəkildə hüquqi qiymət verməmişdir. Məhkəmənin bağlanmasına qərar verdiyi, mənə məxsus evin pəncərəsi iddiaçının həyətin açılmır. İddiaçının həyəti onun evinin arxa hissəsindədir. Pəncərəsi evinin sol yan tərəfində olmaqla iddiaçının yol kimi istifadə etdiyi hissəyə açılır. Həmin yol hissəsi isə iddiaçının nə qanuni istifadəsində nə də mülkiyyətində deyil. Həmçinin onun bu yoldan istifadə etməyi iddaçının istifadəsini məhdudlaşdırmır. O, yolu bağlamamış, maneə yaratmır. Hətta o, həmin darvazanı qanunsuz açsa belə (onun evinin texniki pasportunda mübahisələndirilən darvaza olması öz əksini tapır). İddiaçının hüquq və mənafeyinə toxunmadığı halda bu darvazanın mübahisələndirilməsi hüququ iddiaçıya məxsus deyil, İcra Hakimiyyətinin şəhərsalma və memarlıq Şöbəsi tərəfindən bu məsələ qaldırıla bilər. Ancaq birinci instansiya və apellyasiya instansiyasında onun bu dəlilləri nəzərə alınmamış, zəbt torpaq sahəsinə dair iddaçının hüquqlarına üstülük verilmişdir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka(əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmələr tərəfindən bu norma iddianın təmin edilmiş hissəsinə münasibətdə düzgün tətbiq edilməmişdir. Belə ki, onun evinin iddiaçı tərəfindən mübahisələndirilən qapı və pəncərənin mövcudluğu iddaçının mülkiyyətindən sərbəst və maneəsiz istifadə etməsinə heç bir maneə yaratmır. İşə baxan məhkəmələr belə bir maneənin olmasını qeyd etsələr də maneənin nədən ibarət olması barədə heç bir fikir yoxdur. O səbəbdən ki, əslində belə bir hal da yoxdur. Sadəcə o, iddiaçının yaxınlıqdan keçən su kanalına məişət zibilləri tökməsindən ekologiya şöbəsinə şikayət verməyi, onun inzibati qaydada cərimələnməsi ona qarşı“qisas” xarakterlidir. Çünki iddaçının inzibati qaydada cərimə edilməsinədək də mövcud vəziyyət indiki kimi idi, ancaq iddiaçının heç bir tələbi yox idi. Bu səbəbdən də onun telefon çəkilişi ilə qeydə aldığı “zibilatma” anını bir daha qeydə almamağı üçün onun həmin istiqamətdə həm pəncərə, həm də qapının bağlanması iddiaçının əsl marağıdır. Məhkəmə iddaçının iddiasını qismən təmin edərkən onun istifadə etdiyi həyət darvazasının iddaçının hansı hüquqlarını pozmasını, mülkiyyətindən sərbəst istifadə etməsinə maneə yaratmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyi, pəncərənin açıldığı həyətyolun iddaçının mükiyyətində və ya qanuni istifadəsində olması barədə sübut olmamasına baxmayaraq hər iki məhkəmə instansiyasıında əsassz olaraq iddia tələbi qismən təmin edilmişdir. İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən sübutetmə vasitələri ilə sübut edilməli olduğu halda məhkəməyə iddiaçının hüquq və manefeyinin pozulması barədə heç bir sübut olmadan məhkəmə hesab etmişdir ki, “cavabdeh tərəfindən iddiaçıya məxsus evin həyətinə açılmış pəncərə, o cümlədən qapı sonuncunun mənafelərinə toxunur”. Bəs məhkəmənin bu fikrini təsdiq edən sübutlar nədən ibarətdir? Məhkəmə iddiaçının həyətinə açılan pəncərə dedikdə hansı vəziyyəti nəzərdə tutur? Pəncərə iddiaçının həyətinə açılmır, iddiaçının evi ilə onum evi arxa arxaya birləşik vəziyyətdədir, həyət onun evinin arxasında, iddaçının evininin qarşısında yerləşir. O istiqamətdə isə pəncərə yoxdur. Həmçinin iddiaçı mübahisələndirilən mülkü alanda hazırkı vəziyyət mövcud idi və onun tərəfindən sonradan hər hansı pəncərə qapı açılmamışdır. Əvvəlki mülkiyyətçi isə bu vəziyəti mübahisələndirməmişdi. Hazırkı iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət edərkən iddia tələbini onunla əsaslandırmışdır ki, guya o, darvazanın qarşısında müxtəlif maneələr yaratmaqla onun öz həyətinə giriş-çıxışına maneə yaradır. Ancaq məhkəmədə belə bir sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsində iş üzrə toplanmış sübutlar əsasında düz nəticəyə gəlməsi qənaətində olması, eləcə də apellyasiya şikayətinin dəlillərinin iş üzrə məhkəmə qərarının dəyişdirilməsi, ləğv edilməsi üçün uyğun gəlməməsi barədə hüquqi qiymətləndirməsi yuxarıda şərh olunanlara əsasən əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Əliyev, hakimlər V.Baxışova, Z.Babayev) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-478/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi qətnamənin “Tətbiq edilən hüquq” bölməsində Mülki Məcəllənin 152, 170 və 171-ci maddələrini sadalasa da, bu normalardan hansının tələbin qanuni əsasını təşkil etdiyini göstərməmiş, onun dispozisiya şərtləri ilə təmin edilmiş tələblər arasında uyğunluğunu əsaslandırmamışdır. İddiaçının tələblərindən belə görünür ki, onun tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Baxılan işdə cavabdehə məxsus yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapının və iddiaçının həyətinə baxan pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, mübahisə predmetlərinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərə dair tələb irəli sürən şəxsin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, mübahisə obyektinin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Zəruri olduqda bu məsələlər ekspertiza təyin edilməklə xüsusi biliyə malik olan ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilə bilər. Baxılan işdə mübahisənin obyekti olan qapının iddiaçının mülkiyyətindən istifadəsinə maneçiliyinin konkret nədən ibarət olması, ona hansı texniki və ya başqa məhdudiyyət yaratması məhkəmələr tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, cavabdehin dəlillərindən biri ondan ibarətdir ki, “iddiaçı mübahisələndirilən mülkü alanda hazırkı vəziyyət mövcud idi və onun tərəfindən sonradan hər hansı pəncərə qapı açılmamışdır. Əvvəlki mülkiyyətçi isə bu vəziyəti mübahisələndirməmişdi”. Məhkəmə bu dəlilin iddianın təmin olunmasına maneə kimi qiymətləndirilə bilməyəcəyini qeyd etsə də nəzərə almamışdır ki, qanuna əsasən hətta torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Belə olan halda mübahisəli pəncərənin mövcudluğuna iddiaçının sələfi olan mülkiyyətçinin etiraz etməməsi, eləcə də iddiaçının bu vəziyyəti görərək daşınmaz əşyanı əldə etməsi ilə bağlı cavabdehin dəlilləri yoxlanılmalı, nəticəsindən asılı olaraq pəncərənin bağlanması barədə tələbə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Gəncə şəhər Məhkəməsində mənim 2(125)-1533/2023 saylı mülki iş üzrə iddiası qismən təmin edilmişdir. Həmin iş üzrə cavabdehin Appellyasiya məhkəməsinə verdiyi şikayət rədd edilmişdir. Cavabdehin verdiyi kassasiya şikayəti təmin edilərək Gəncə Appellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxılarkən işdə yetərincə sübutların olmadığına istinad edilmişdir. O, məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, Gəncə şəhər Məhkəməsində işə baxılarkən ekspert təyin edilmişdir. Məhkəmənin hakimi və ekspert birgə yerində baxış keçirmişlər. Baxış zamanı onun sənədində darvazanın yerini hazırkı vəziyyəti ilə texniki pasportdakı vəziyyəti üstüstə düşdüyü aydın olmuşdur. Lakin cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə yanlış məlumat verərək hakimlərin obyektiv qərar çıxarmamasına qeyd etmişdir. Baxış zamanı aydın olmuşdur ki, cavabdehin əlavə olaraq həyətindən açdığı qapı onların öz həyətilərinə olan qapılarından gırış-çıxışına mane olur. Oğlu hərbiçidir. O, hər zaman həyəcan siqnalı olarsa işə getmək məcburiyyətində qalır. Lakin cavabdeh tərəfindən həyətinə əlavə olaraq açılan qapı onların sərbəst hərəkət etmələrinə mane olur. Cavabdeh həmin əlavə açdığı qapının önünə tikinti materialları, qum, taxta, həyətində saxladığı heyvanların tullantısını tökür. Həmin qapıdan müxtəlif zibil tullantıları daşıyır. Bu da onların öz evilərinə giriş-çıxışlarına mane olur. Cavabdeh X1 ünvanı başqa küçəyədir yəni Sadıllı qəsəbəsi Bəxtiyar Rüstəmov küçəsi ev 4-də yerləşir. Göründüyü kimi cavabdeh əsas ünvanında olan qapıdan giriş-çıxış üçün istifadə edir. Əlavə açdığı qapıdan istifadəsi isə onlara mane olur. Onların qapısı tupikdədir və onun başqa qapısı yoxdur, nə də ki, başqa səmtdə başqa qapı aşmaq imkanı yoxdur. Yaxın günlərdə cavabdeh barıya pilləkən qoyub onların həyətə baxırdı. Qapılarına quraşdırdıqları ona məxsus müşahidə kamerasını pilləkən qoyub çevirir. O, dəfələrlə cavabdehin əməllərinə görə 102 xidmətinə müraciətlər etmişdir. Yəni göründüyü kimi cavabdeh əlavə açdığı qapıdan yalnız onlara mane olmaq üçün istifadə edir. Bu səbəbdən də o, cavabdehin əlavə, yəni əsas ünvanı başqa küçəyə olduğu halda onların giriş-çıxışına mane olmaq üçün açdığı qapının bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin ünvanı, giriş çıxışı başqa küçəyədir. Etiraz ərizəsində öz etirazını bildirmək məcburiyyətindədir. Aşağıdakılara əsasən məhkəmə qətnaməsini əsassız hesab edirə. Belə ki, kassasiya şikayəti ilə tanış olarkən müəyyən edilir ki, şikayət müəllifinin şikayətdə yazdıqlarının heç bir hüquqi əsası yoxdur. Müəllifin şikayətdə yetərincə sübut olmadığına istinad edib qətnaməni mübahisələndirsə də bu qətnamənin ləğv edilməsi üçün əsas oluna bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehin çölə açılan qapısı iddiaçı tərəfin hərəkətinə maneə olur, belə ki, qapının önünə qum, tikinti materialları yığılır, mal-qara tullantıları atılır, maşınlar dayanır və bunlara görə də öz evlərinə girə bilmirlər. İddiaçıya məxsus qapıya quraşdırılan nəzarət kamerasına da əlavə müdaxilə edir, dəfələrlə şikayət edilsə də nəticəsi olmamışdır. Uşaxları qorxudur və pis söyüşlər söyür. Evi 2021-ci ildə alınmışlar. Evi alarkən ev bu vəziyyətdə olmuş, qapı və pəncərənin yerləri mövcud olmuş, sonradan quraşdırılmışdır. Evi alanda cavabdeh söz vermişdir ki, qapı və pəncərəni bağlayacaq lakin sonra bağlamadı. Üçüncü şəxs Kəpəz bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı tərəfin şikayəti ilə əlaqədar bələdiyyə, polis və digər inzibati orqanların iştirakı ilə araşdırma aparılmış və cavabdeh 1 inək saxladığında görə cərimə edilmişdir. Darvazıya münasibətdə hərəsinin öz darvazası vardır və cavabdehin darvazasının iddiaçıya heç bir maneəçiliyi yoxdur. Pəncərələrin biri iddiaçı tərəfin həyətinə baxır və iddiaçı bunu evi alanda görmüş istəməsə evi almazdı. Maşının gəlib getməsi məsələsi boş söhbətdi. Həmin tikilidə yaşayış yoxdur ki pəncərədən də baxsınlar. Malın peyinini isə çaya tökür və suda aparıb gedir. Qonşular özləri biri-biri ilə yola getmirlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni təmin edilən hissələrdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1.İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər qonşudurlar. Belə ki, ünvan 1 ünvanda bələdiyyə təyinatlı 0,0116 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,2 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 (yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Bəxtiyar Rüstəmov küçəsi, 4 ünvanda 0,05 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 108 kv.metr olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Tərəflərin hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə onlara hüquqi və texniki sənədlər verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı yaşadığı fərdi yaşayış evini 2021-ci il ildə almış, həmin tarixdə mübahisə predmeti olan qapı (dəmir darvaza) və pəncərə mövcud olmuşdur. İddiaçı cavabdehin mülkiyyətində olan evin pəncərə və qapısının onun mülkiyyətindən maneəsiz istifadəni məhdudlaşdırması və mal-qara saxlanmasının onun həyat şəraitinə təsir etməsi əsası ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə iddianı pəncərənin və qapının bağlanması hissəsində əsaslı hesab edilməsinə dair qətnamə qəbul etmişdir. Tərəflər qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya qaydasında qətnaməni mübahisələndirmiş, hazırda məhkəmə baxışının predmeti cavabdehin apelyasiya şikayətinin dəlilləri olmuşdur. Məhkəmə qeyd edir ki, istər iş materiallarından, istərsə də apelyasiya icraatı zamanı verilən izahatdan iddiaçı tərəfin fərdi yaşayış evini alarkən cavabdehə məxsus evin mövcudluğunun, habelə, mübahisə predmeti olan qapı və pəncərədən məlumatlı olmaları öz əksini tapır və bu hal işin mübahisəsiz hallarından biridir. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3794 saylı 21 sentyabr 2023-cü il tarixli məhkəmə-mühəndis ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: ünvan 5 fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapının və iddiaçının həyətinə baxan pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Baxılan işdə cavabdehə məxsus yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapının və iddiaçının həyətinə baxan pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Mübahisə predmetlərinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərə dair tələb irəli sürən şəxsin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Baxılan işdə mübahisənin obyekti olan qapının iddiaçının mülkiyyətindən istifadəsinə maneçiliyinin konkret nədən ibarət olması, ona hansı texniki və ya başqa məhdudiyyət yaratmasına dair sübut təqdim edilənməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bu halı cavabdeh tərəfindən tikinti materiallarının yığılması, maşınların saxlanılması ilə əsaslandırmışdır ki, bu halların heç biri iddiaçının mülkiyyətindən maneəsiz istifadəyə maneə yaradan hallar deyildir. Hər bir şəxs istifadə etmək üçün tikinti materialları ala bilər və tikinti materialları alındıqdan sonra daimi olaraq həmin ərazidə qalması ağlabatan deyildir ki, həmin materialların təyinatı üzrə istifadəsi üçün ərazidən daşınır. Qapının önündə nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı qeyd edilməlidir ki, nəqliyyat vasitəsinin küçədə saxlanılması qapının bağlanması üçün yetərli əsas deyildir. Belə ki, qonşuluq hüququ və qonşu təsirə dözmək vəzifəsi qonşuların hər birinə məxsusdur. Eyni zamanda cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi iddiaçının özünə məxsus evi aldığı vaxt da məhz hazırki vəziyyətdə olmuş və iddiaçı bu halı bilə-bilə özünə yaşayış sahəsini secmişdir. Pəncərənin bağlanmasına münasibətdə də eyni ilə iddiaçının evi aldığı zaman məlumatlı olması aşkardır. İddiaçı bununla razılaşmışdır ki, hazırki vəziyyətdə cavabdehin pəncərəsinin bağlanmasını deyil, öz ərazisində həmin pəncərədən həyətinə baxışı məhdudlaşdıran tədbirlər görmək hüququna malikdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdehin qapı və pəncərəsinin mövcudluğu iddiaçının öz mülkiyyətindən istifadəyə maneə yaratmadığından iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Tikilinin özbaşına olması, tikilinin tikinti norma və qaydalarına uyğun olmaması halları isə iddiaçının hüquqlarına müdaxilə təşkil etmir və bu hallara nəzarət edən dövlət qurumları mövcuddur. İddiaçının isə tikintidə təhlükəsizliyə nəzarət oranlarının əvəzinə bu halların onun hüquqlarına müdaxilə təşkil edimədiyi halda iddia irəli sürmək üçündə subyektiv hüququ yoxdur. Eyni ilə mübahisə predmeti olan qapı vasitəsi ilə heyvanların təbii tullantılarının əraziyə tökülməsi ilə bağlı qeyd edilməlidir ki, Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş sanitar-epidemioloji vəziyyətə nəzarət edən qurumlar mövcuddur. Bu halların baş verdiyi təqdirdə nəzarət orqanların özlərinin monitorinqləri və ya vətəndaşların müraciətlərinə əsasən araşdırma aparılaraq bu hala hüquqi qiymətin verilməsi qanunvericiliyin tələbidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia rədd eddilməlidir. Sonda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddiçı tərəfindən irəli sürülən iddia tələbi rədd edildiyindən aparılmış ekspertizanın dəyəri olan 100 manat xərc iddiaçıdan dövlət hesabına tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1533/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən “Cavabdeh mülkiyyətində və istifadəsində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: ünvan 5 fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapı və İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxan pəncərənin bağlanması, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “Cavabdeh mülkiyyətində və istifadəsində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: ünvan 5 fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapı və İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxan pəncərənin bağlanması” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərc İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-916/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-916/2025
05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver