Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-921/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomaşın” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(076)-2830/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomaşın” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, AD956003 qeydiyyat nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan “VAZ-21013” minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik:2***-*******, BAN:XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomaşının və 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(076)-2830/2022 nömrəli qətnaməsi ilə (hakim: Ş.Məmmədova) iddia təmin edilmiş, Cavabdeh “VAZ-21013” minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik:2***-*******, BAN:XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomobil və 100 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. 07 noyabr 2020-ci il tarixdə “VAZ-21013” minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik:2***-*******, BAN:XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomaşını satın almışdır. Həmin avtomaşın xx.xx.2020-ci il tarixli, AD956003 qeydiyyat nömrəli şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. X1 çox yaşlı və ağır xəstə olduğundan onun yanında yaşayır. Anasının qayğısını özü çəkir. Qeyd olunan avtomaşını anasını tez-tez xəstəxanaya apardıqlarından qardaşı Cavabdeh sürmək üçün vermişdir. Qardaşı Zahidə xx.xx.2020-ci il tarixli, 7E-12993 reyestr nörməli etibarnamə əsasında avtomaşını idarə etmək üçün vermişdir. Lakin, sonradan aralarında narazılıq olduğundan qardaşı Zahid ona kömək etməkdən, anasını xəstəxanaya aparmaqdan imtina etmişdir. Ona görə də o, xx.xx.2021-ci il tarixdə Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, həmin etibarnaməni ləğv etdirmişdir. Bununla bağlı reyestr kitabında müvafiq qedyiyyat aparılmışdır. Bundan sonra da, dəfələrlə mülkiyyətində olan avtomobili və avtomobilin qeydiyyat şəhadətnaməsini ona qaytarmasını tələb etsə də, qardaşı avtomobilini və avtomobilin qeydiyyat şəhadətnaməsini qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırkı iddia ərizəsinə avtomobilin qeydiyyat şəhadətnaməsini əlavə edə bilmir. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulur. Онa görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci nikahdan olan arvadının ona qarşı ev və maşına dair pay iddiaları olduğundan o, öz adına daşınmaz əmlakda olan payını və hazırda mübahisə edilən avtomaşını iddiaçının adına rəsmiləşdirmişdir. Bu halı təsdiq edən və qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinin səbəbi keçmiş arvadının ona qarşı pul iddiası olmuşdur. Yəni avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi yalnız bir əqd olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, həmin avtomobili anasının pulu ilə almışdır. Anası xəstə olduğundan həkimə aparıb gətirməsi üçün cavabdehə etibarnamə vermişdir. Lakin, cavabdeh anası ilə maraqlanmadığı üçün etibarnaməni ləğv etdirmişdir. 3 ildir ki, avtomobilini tələb edir və polis şöbəsinə də bununla bağlı müraciət etmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Mübahisəli avtomobil iddiaçının mülkiyyətində olsa da faktiki olaraq onun onun tərəfindən alınmışdır. Avtomobili 2020-ci ildə 3250 manata almışdır. Həmin vaxtı aliment borcu olduğu üçün avtomobili iddiaçının adına qeydiyyata aldırmışdır. Avtomobil hazırda da onun sahibliyindədir, lakin etibarnamənin müddəti bitdiyindən istifadə edə bilmir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, xx.xx.2020-ci il tarixli, AD956003 saylı qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ-21013” minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik:2***-*******, BAN:XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş İddiaçı ünvanlanmış 19 avqust 2022-ci il tarixli, 1084 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli, 7E-12993 saylı reyestrdə qeydə alınmış Cavabdeh verilmiş etibarnamə Azərbaycan Respublikası Mülkki Məcəlləsinin 365.1.3-cü maddəsinin tələbinə uyğun olaraq onun ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə ləğv olunmuş və bu barədə etibarnamənin qeyd olunduğu reyestr kitabında müvafiq qeyd aparılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının bildirdiklərinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli avtomobil həqiqi hüquq əsasında iddiaçının mülkiyyətidir. Həmin avtomobil cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı avtomobilin qaytarılması ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab etmişdir. Həmçinin, məhkəmə iclasında Cavabdeh “VAZ-21013” minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik:2***-*******, BAN:XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin onun özü tərəfindən ödənilməklə satın aldığını və avtomobilə qanuni əsaslarla sahiblik etdiyini göstərmiş olsa da, qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus “VAZ-21013” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir və iddiaçı cavabdehə qarşı vindikasiya iddiası ilə sonuncunun qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, ididaçı İddiaçı mülkiyyətində olan VAZ-21013” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında əvəzsiz idarə etmək üçün vermişdir. Daha sonra ididaçı İddiaçı Cavabdeh verilmiş xx.xx.2020-ci il tarixli, 7E-12993 reyestr nömrəli etibarnaməni xx.xx.2021-ci il tarixdə ləğv etdirmişdir. Bundan sonra avtomaşının qaytarılmasını tələb etmiş, cavabdeh isə bundan yayınmışdır. Kollegiya qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququ əşya-hüquqi müdafiə üsulu ilə hər hansı üçüncü şəxsin (konkret şəxsin yox) törətdiyi pozuntudan müdafiə edilir. Bu müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Əşya-hüquqi üsulun əsas istiqaməti və yönümü mütləq subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Əşya-hüquqi müdafiə üsullarından biri də vindikasiya iddiasıdır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi əşya üzərində mülkiyyətçinin itirilmiş sahibliyini (əşya üzərində fiziki nəzarəti) bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütövlükdə müdafiə olunur. Göründüyü kimi, mübahisəli avtmaşına dair cavabdehə verilmiş etibarnamənin iddiaçı tərəfindən ləğv etdirilməsinə baxmayaraq, o, iddiaçıya məxsus avtomaşını qanunsuz olaraq özündə saxlamış və mülkiyyətçiyə qaytarmamış, bununla da iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında onun həmin avtomobili özünün 3250 manat müqabilində aldığına dair dəlil irəli sürsə də, həmin hal iddianın rədd edilməsinə hüquqi əsas vermir. Belə ki, onun adına heç bir notarial əməliyyat aparılmamış və mübahisə edilən minik avtomobili iddiaçının mülkiyyətində olduğundan, onun mülkiyyət hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(076)-2830/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(076)-2830/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-921/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-921/2023
04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver