Məhkəmə qərarları › İş №2(104)-935/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-935/2023

05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-935/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X27, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X10 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X34, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X10 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V- 455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.mdən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və digər qardaşlarının böyüyüb boyabaşa çatdığı Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən ev mərhum valideynləri X29 və X11 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından o, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. X9 30 iyul 1974-cü il tarixdə, anası X18 12 mart 2**1-ci ildə vəfat etmişlər. QardaşlarıX19, X15 və X24 da vəfat etmişlər. Qanun üzrə yeganə vərəsə o, olduğu halda Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən təqvim ayı bilinməyən, 2020-ci il tarixli, 2345 saylı arayış verilmişdir ki, anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə qalmışlar. Bundan sonra cavabdehlər mərhum anası X5 adına Bərdə şəhəri ünvan 2 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli qeydiyyat nömrəsi 182**09362 saylı çıxarış almış və həmin çıxarış əsasında 30 may 2020-ci il tarixdə mülkiyyət hüquqlarını təsdiq edərək 182**10649 saylı çıxarış almışlar. Hansı ki, yuxarıda qeyd etdiyi kimi valideynlərinin qanun üzrə birinci növbə vərəsəsi yalnız odur. Miras əmlak üzərində mülkiyyət hüquqları valideynlərinin adına olduğunu bilmişdir. Bu gündərdə təsadüf nəticəsində ona məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 saxta yollarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun əsasında çıxarışla mülkiyyət hüquqlarını öz adlarına rəsmiləşdirmişlər. Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sənədlər: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 751-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X18 12 mart 2**1-ci ildə ölmüşdür. 22 may 2020-ci il tarixli 182**09362 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evinin üzərində X5 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat Kontoruna təqdim edilmiş 2345 saylı, 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 vəfat edənə kimi Bərdə şəhəri ünvan 3 ünvanda yaşayıb, vəfatından sonra təsərrüfatda onlarla birgə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qalmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 may 2020-ci il tarixli, 789-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X30 22 aprel 1967-ci ildə doğulmuşdur, atası X24, anası X12r. AZ-İ 256850 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 04 oktyabr 2**7-ci ildə ölmüşdür. 22 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 vərəsəsi X30 olmuş, lakin o 04.10.2**7-ci il tarixdə öldüyündən mirasdan onun təmsiliçiləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 pay almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 1850 saylı, 09 fevral 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Bərdə şəhəri Füzui küçəsi 16 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. O cümlədən, X29, X5 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. 10 yanvar 2022-ci il tarixli, V505054 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 01 sentyabr 1946-cı ildə doğulmuşdur, X9, anası X13r. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 482322 nömrəli arayışdan müəyyən olunur ki, X19 29 sentyabr 1989-cu ildə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 556620 nömrəli arayışdan müəyyən olunur ki, X24 28 may 2012-ci ildə ölmüşdür. Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 nömrəli 23 avqust 2022-ci il tarixli arayışından müəyyən olunur ki, mərhumə X18 (vəfat edib 12 mart 2**1) vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X16 və nəvəsi X6 ilə birgə yaşamışdır. X18 vəfat etdikdən sonra hal-hazıradək Füzuli küçəsi 16 ünvanında X16 və onun qızı X6 yaşayırlar. X1 yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 4 X5 nəvəsi mərhum X30 ailəsi - Cavabdeh1 (arvadı), Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı (qızı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu) yaşamışdır. X30 2**7-ci ildə vəfat etdikdən sonra ünvan 5 ünvanında onun ailəsi yaşamışdır. Halhazırda Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, Təhməzzadə X14 16a ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2019-cu ildən həmin ünvanda yaşamırlar. Vİ-JQ 327991 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 ilə X7 31 avqust 1994-cü ildə rısmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 22462**03621 nömrəli məktubdan müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X2nın adına 22 may 2020-ci il tarixli, 182**09362 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. 22 may 2020-ci il tarixli, reyestrdə 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun vərəsəsi oğlu-X30 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Həmçinin 30 may 2020-ci il tarixli 182**10649 saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına 4 nəfər ailə üzvü ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04 iyun 2020-ci il tarixli 4Ə-945 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmiş və 11 aprel 2022-ci il tarixli, 1822**8753 qeydiyyat nömrəsi ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və 280.1 kv.m sahəsi olan evin üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. X18 tərəfindən verilmiş 10 avqust 1990-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, özünə məxsus bütün əmlakını harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 7 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X17 vəsiyyət etmişdir. 10 avqust 1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 vərəsəsi X13r, miras əmlak Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və iş üzrə iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işi bir tərəfli yanlış nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış və məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X2 ona vəsiyyətnamə vermişdir. Ancaq iddiaçı 21 ildən sonra iddia qaldırması tam əsassızdır və müddəti keçiribdir. İddiaçı müddəti qəsdən keçirmişdir. Ondan pul almaq naminə belə bir iddia verir. Göründüyü kimi 21 ildir X2 vəfat edib onun vəfatından illər öncə də həmin evdən və həyətyani torpaqdan o istifadə etmişdir. Mübahisəli ünvanda isə 2 ev var. İddiaçının tələb etdiyi evin ona heç bir aidiyyatı yoxdur. Hazırda həmin mübahisəli ev başqa şəxsə satılıb və sənədləşdirilib. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının miras mülkə heç bir aidiyyəti olmamışdır. İddiaçı ümumiyətlə mübahisəli evdə yaşamamış, Bakı şəhərində yaşamış, mirası qəbul etməmişdir. Mübahisəli torpaq sahəsində iki ev olmuş, onların yaşadığı ev miras qalmış ev olmuşdur. Digər evdə isə Təhməzova Solmazla, Təhməzova Gülmirə yaşamışdır. Miras qalmış ev onların yaşadığı ev olmuşdur. Solmaz Təhməzovla, Gülmirə Təhməzovanın yaşadığı ev sonradan inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehlər onun xəbəri olmadan anasından qalan evi öz adlarına keçirmişlər. Halbuki, cavadbehlər öz adların 0,02 ha torpaq sahəsi alıb istifadə etmişlər. Miras əmlakı rəsmiləşdirəndə isə 0,02 ha torpaq sahəsini deyil, anasından miras qalmış 0,06 ha torpaq sahəsinə çıxarış almışlar və başqasına satmışlar. 0,02 ha torpaq sahəsində isə köhnə ev qalmışdır ki, həmin evdə də mərhum qardaşı Mürşüdün ailə üzvləri olan Təhməzova Solmazla, Təhməzova Gülmirə yaşamışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, miras qalmış evdə yaşamasa da, həmin evdə qeydiyyatda olduğundan və Təhməzova Solmaz, Təhməzova Gülmirə qadın olduğundan hazırkı iddianı o qaldımışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, X34, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümyaəndəsi və X21 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayəti üzrə Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, şikayətinin məzmunundan və iddiaçının məqsədindən görünür ki, o, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazı qalmaqla, qətnaməni 22 may 2020-ci il tarixli 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələri etibarsız hesab edilməsi” hissəsində mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən qətnamənin qanunuliyi və əsaslılığı həmin hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materilları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının miras qalmış əmlakı nə faktiki, nə də ki rəsmi qaydada qəbul etməməsi nəticəsinə gələrək, iddia tələbini həmin hissədə rədd etmiş, iddiaçı isə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmiş və mirasın qəbul edilməsi faktının rədd edilməsi hissəsində qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi hissəsində təmin etmişdir. İddiaçının məhkəmədə verdiyi izahatlardan və birinci instyansiya məhkəməsinin qətnaməsindən belə aydın olur ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməsinin əsası kimi isə mübahisəli ünvanda iki ev olmasını, X2nın yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində ev tikilməsini, həmin evdə nəvəsi mərhum X22 ailəsi Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, və Cavabdeh4 ilə birlikdə (oğlu) yaşamasını, miras qalmış evdə isə X16 və X3 yaşamasını, şəhadətnamələrin isə miras qalmış 0,02 ha torpaq sahəsinə görə deyil, sonradan alınmış 0,02 ha torpaq sahəsinə və tikilmiş evə görə verilməsini göstərmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi miras qalmış əmlakın cavabdehlər və X16 ilə X6 tərəfindən qəbul etməsini müəyyən etməklə, iddiaçının isə mirası qəbul etməməsi qənaətinə gələrək iddia tələbini mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində əsassız hesab etsə də, digər hissədə iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, bununla əlaqəda olaraq ilk öncə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız hesab edilməsi, iddiaçının həmin miras qalmış əmlaka dair digər vərəsəllərə verilmiş hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığını mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmış olur. Çünki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı və məqsədi miras qalmış əmlakdan pay əldə etməkdir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə məqsədin reallaşdırılması mümkünsüz olur. Belə olduğu halda isə mirasa dair digər vərəsələrə verilmiş hüquqmüəyyənedci sənədlərin ləğv və ya etibarsız hesab edilməsi əhəmiyyətsiz olmaqla, onların əsassız olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçınının təmin olunmuş tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olduğu halda belə məhkəmənin gəldiyi nəticə yenə də qanunsuz və əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qanun üzzə vərəsəlik şəhadətnaməsinin miras qalmış əmlaka görə deyil, sonradan tikilmiş və ya alınmış torpaq sahəsinə görə verilməsi qənaətinə gəlsə də nəzərə almamışdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 qeydə əsasən miras qoyan X4 miras qalmış əmlak Bərdə şəhəri, ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi olmuşdur. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin qeyd əsasında cavadbehlərə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 qeyd ləğv edilmədiyindən isə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla yanaşı, iddiaçı da məhz həmin əmlakın miras qalmış əmlak olmasını iddia etməklə, həmin əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsi “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 adına verilmiş 30 may 2020ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar