Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-936/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(045)-272/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 527489 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 24 sentyabr 2009-cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 288 nömrə ilə qeyd edilmişdir.
2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 03 iyun 2021-ci il tarixli BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, İddiaçı 48 ay müddətinə, illik 22% olmaqla 3050 manat kredit verilmişdir.
3. 14 iyun 2021-ci il tarixli AR-İİ seriyalı 242208 nömrəli etibarnamədən görünür ki, Cavabdeh və X10 DTXK-nin Goranboy rayon şöbəsinin verdiyi 04 noyabr 1999-cu il tarixli 01222 qeydiyyat nömrəli JN 112 kod 50922018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyətində olan Goranboy rayonu, Xınalı kəndində 3.59 hektar torpaq sahəsində olan paylarının üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, 7 saylı Ərazi idarəsində onu təmsil etməyi, Forma 1 almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 20 il müddətinə 14 iyun 2041-ci il tarixədək X11 etibar etmişdir.
4. 23 iyun 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinin 500 kv.m hissəsini alıcı Cavabdeh 5000 manata satmışdır.
5. "xxxx" ASC ilə X7 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli CC/93695/82/29 nömrəli kredit sazişindən görünür ki, X5 24 ay müddətinə, illik 20% olmaqla 3000 manat kredit verilmişdir.
a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat, hüquqi yardımın göstərilməsinə görə ödəmiş olduğu 371 manat, dövlət rüsumunun əvəzi qismində 85 manat, cəmi 6456 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 sentyabr 2009-cu il tarixdə ailə qurmuş və nikahları Goranboy rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu nikahdan iki uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa, yəni cavcabdehin başqa qadınla yaşamaq və evlənmək istəyi, birgə vəsaiti və xərcləri hesabına əldə etdikləri daşınmaz əmlakları-torpaq sahəsini və yaşayış evini anasının adına sənədləşdirmək istəməsi səbəbindən 17 avqust 2024-cü il tarixdən faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh öz niyyət və məqsədini həyata keçirmək üçün nikah qeydinin pozulması, uşaqların atanın himayəsində qalması və aliment tələbinə dair ona qarşı məhkəmədə iddia qaldırmış və birgə nikah dövründə əldə etdikləri əmlakları özgəninkiləşdirməyə çalışır. Cavabdeh 6 sot həyətyanı torpaq sahəsi almaq üçün 6000 manat pula ehtiyacı olmuş, bunun üçün o, lazım olan 6000 manat pulu 2021-ci ilin iyun ayından oktyabr ayınadək təşkil edib ona vermiş, cavabdeh həyətyanı torpaq sahəsini almış, lakin bu günədək 6000 manat pulu qaytarmamışdır. Belə ki, o və bacısı X7 hər biri bankdan 3000 manat kredit götürərək, cəmi 6000 manat 23 iyun 2021 il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ünvan 1i ünvanında yerləşən satıcı X6 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin 500 kv.metr hissəsini Cavabdeh adına alınması üçün xx.xx.2021-ci il tarixdə 3000 manat, 22 sentyabr 2021-ci il tarixdə 3000 manat vermişlər. Bankdan götürülmüş kreditlər onun tərəfindən ödənib bağlanmışdır. Buna baxmayaraq, Cavabdeh 500 kv.m torpaq sahəsini əldə etdikdən sonra onların pulunu qaytarıb vermək istəmir. İddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlər ilə müəyyən edilir ki, tərəf kimi o, cavabdehlə aralarında olan öhdəliklərin şərtlərinə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və ona zərər vurmuşdur.
8. Goranboy Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(045)-272/2025 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi; ödənilmiş 84 manat məbləğində dövlət rüsumu və 371 manat məbləğində hüquqi yardım xərci İddiaçı aid edilməsi qət olunmuşdur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 740.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə zidd çıxarılmışdır. İşin digər halları ilə yanaşı şahid ifadələri sübut kimi qiymətləndirilməmiş və məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Qətnamədə göstərilən halları qəbul etmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, aralarında bağlanmış nikah 2024-cü ildə pozulub. Birgə nikahdan olan uşaqlar cavabdehin yanında saxlanılıb və həmin uşaqların saxlanılması üçün ondan hər birinə 140 manat aliment tutulması qət olunub. 2021-ci ildə cavabdeh torpaq alınması üçün ondan borc istəmiş, oda 6000 manat vermişdir. Cavabdeh torpaq sahəsinin alınması üçün özünə məxsus pay torpağının satılmasını bildirsədə, lakin bu barədə sənəd təqdim edə bilmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini mülkiyyətində olan pay torpaq sahəsini sataraq alıb. İddiaçıdan 6000 manat borc almamışdır. Cavadeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.(24 fevral 2023-cü il tarixədək olan redaksiya)
19. Maddə 740. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (24 fevral 2023-cü il tarixədək olan redaksiya)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh 2021-ci ildə qaytarmaq şərtilə ümumilikdə 6000 manat borc verməsini, lakin sonuncunun həmin borcu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
32. Məhkəmə kollegiyasıda hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi mahiyyət etibarıyla düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
33. İddiaçı Cavabdeh 6 sot həyətyanı torpaq sahəsi almaq üçün 6000 manat pula ehtiyacı olduğunu, bu səbəbdən özü və bacısı X7, yəni hər biri bankdan 3000 manat kredit götürərək, cəmi 6000 manat 23 iyun 2021 il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ünvan 1i ünvanında yerləşən satıcı X6 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin 500 kv.metr hissəsini Cavabdeh adına alınması üçün xx.xx.2021-ci il tarixdə 3000 manat, 22 sentyabr 2021-ci il tarixdə 3000 manat verməsini, Cavabdeh isə iddiaçıdan hər hansı məbləğdə borc almadığını iddia edir.
34. Halbuki, işin 12-ci vərəqində olan 23 iyun 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı X8 500 kv.m torpaq sahəsini alıcı Cavabdeh 5000 manata satmışdır. (satılan əmlakın qiyməti müqavilənin 4-cü bəndində göstərilib) Müqavilənin 5-ci bəndində isə qeyd olunmuşdur ki, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya nəğd ödəyir. Müqavilə şərtlərindən belə nəticəyə gəlmək olur ki, alıcı 5000 manatı müqavilə bağlanan gün satıcıya ödəmişdir. İddiaçının bacısı Zərifə İsmayılova isə tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan 3 ay sonra "xxxx" ASC-dən kredit götürmüşdür.
35. İddiaçının özünün 03 iyun 2021-ci il tarixdə "xxxx" ASC-nin Goranboy filialından götürdüyü 3050 mant kredit 23 iyun 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən əvvələ təsadüf edilsədə, lakin iddiaçı bankdan götürdüyü həmin məbləğin 3000 manatını özünün deməsinə görə 03 iyun 2021-ci ildə cavabdehə verməsini təsdiq edən hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.
36. Halbuki, mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 və X2 ifadələrini düzgün olaraq sübut kimi qəbul etməmişdir.
38. Belə ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. İşdən müəyyən olunur ki, şahid qismində dindirilmiş X4 iddiaçının anası, X7 isə bacısıdır. Bu da onu deməyə əsas verir ki, şahidlər işin nəticəsində iddiaçıya münasibətdə maraqlı olmuşlar.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(045)-272/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.