Məhkəmə qərarları › İş №2(104)-948/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-948/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-948/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsinin bütün hakimlərinə vermiş olduğu etiraza Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 manat vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 2(066)-180/2024 nömrəli iş üzrə Göygöl Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı qaldırmış olduğu mənəvi ziyan tələbinə dair iddianın məhkəmə baxışı məhkəmənin icraatındadır. O işə Göygöl rayon Məhkəməsində digər hakimin sədrliyi ilə baxılmasına etiraz edir. Belə ki, əvvəllər hakim onun işinə baxıb onun ziyanına qərar çıxarmışdır. Son zamanlar ona məlum olmuşdur ki, hakimin sədrliyi ilə onun işinə obyektiv hüquqi qiymət verilməyəcəkdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-180/2024 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya vurulmuş mənəzi ziyanın əvəzi olaraq 30000 manat vəsaitin tutulub İddiaçı ödənilməsi tələbinə dair 2(066)-180/2024 nömrəli mülki iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsinə verdiyi etiraz ərizəsi baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasov etirazın dəlillərini nəzərdən keçirərək, etirazda mülki prosessual qanunverciliklə nəzərdə tutulan əsaslar birbaşa olmasa da, gələcəkdə çıxarılan məhkəmə qərarı tərəfdə şübhə və inamsızlıq yaratmasın deyə həmin etirazın Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsində baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası etirazı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 19.1.7-ci maddəsinə əsasən, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikasının MPM-in 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Azərbaycan Respublikasının MPM-in 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 99 maddəsinə əsasən hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün qərəzsiz məhkəmənin olması milli və beynəlxalq hüququn tələbi, eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtidir. Ədalət mühakiməsinin bütün şübhələrdən kənar həyata keçirilməsi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsinə işə baxan hakimi Qələmdar Abbasova və məhkəmənin digər hakiminə vermiş olduğu etiraz təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 23.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 19, 23, 263-264-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d i: İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsinin bütün hakimlərinə vermiş olduğu etiraz təmin edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar