Məhkəmə qərarları › İş №2(104)-951/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-951/2023

09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-951/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Mehdi oğlunun hüquqi varisi Nümayəndə1 və cavabde Cavabdeh1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli 2-145/2005 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mehdi oğlu cavabdehlər Cavabdeh1 və X1 qarşı paya mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" firmasının təsis müqaviləsində Cavabdeh1 və Cavabdeh2 adına rəsmiləşdirimiş pay üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsi ilə (hakim Y.Abbasov) iddia tələbi təmin edilərək, İddiaçı Mehdi oğlunun "xxxx" firmasının Nizamnamə kapitalındakı Cavabdeh1 məxsus 75,56 faiz və X1 məxsus 0,94 faiz paya mülkiyyət hüququnun tanınması; Paya mülkiyət hüququnun İddiaçı Mehdi oğluna keçməsi ilə bağlı "xxxx" firmasının təsis sənədlərində uyğun dəyişikliklərin aparılması; Cavabdeh1 İddiaçı Mehdi oğluna qarşı əmlak, pul, möhür ştamp, "xxxx" firmasının sənədlərinin qaytarılması tələblərinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145-2005 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi; İddiaçı X2 cavabdehlər Cavabdeh1 və X1 qarşı "xxxx" firmasının təsis müqaviləsində Cavabdeh1 və Cavabdeh2 adına rəsmiləşdirimiş pay üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan İddiaçı Mehdi oğlu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(102)-2759/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qətnaməsi ləğv edilməsi; İş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata MPM-in tələblərinə zidd olaraq qəbul olunduğundan həmin məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2022ci il tarixli, 2(102)-5970/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2307/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Mehdi oğlunun hüquqi varisi Nümayəndə1 şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qərardadı ləğv edilməli, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2- 145/2005 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3.maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə qaytarılır. Həmin Məcəllənin 363.2. maddəsinə əsasən, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 366 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Mehdi oğlu cavabdehlər Cavabdeh1 və X1 qarşı paya mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsi ilə də (hakim Y.Abbasov) iddia tələbi təmin edilərək, İddiaçı Mehdi oğlunun "xxxx" firmasının Nizamnamə kapitalındakı Cavabdeh1 məxsus 75,56 faiz və X1 məxsus 0,94 faiz paya mülkiyyət hüququnun tanınması; Paya mülkiyət hüququnun İddiaçı Mehdi oğluna keçməsi ilə bağlı "xxxx" firmasının təsis sənədlərində uyğun dəyişikliklərin aparılması; Cavabdeh1 İddiaçı Mehdi oğluna qarşı əmlak, pul, möhür - ştamp, "xxxx" firmasının sənədlərinin qaytarılması tələblərinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İş materialları araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti qətnamə çıxarıldığı gündən 15 il sonra verilsədə həmin şikayət icraata qəbul edilmişdir. Halbu ki, apellyasiya şikayəti bundan əvvəldə qeyd olunduğu kimi 15 il müddət keçdikdən sonra verilmişdir. Halbu ki, sözügedən qətnamə 15 il ərzində qanuni qüvvəsini almış və kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışına əsasən "xxxx" Firmasının nizamnamə kapitalının 96,24 faizi əvvəl İddiaçı adına, sonradan isə Nümayəndə1 Teymir oğlunun adına qeydiyyata alınmışdır. Belə olan halda, imperativ xarakterə malik olan prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Eləcədə qeyd olunmalıdır ki, cavabdeh ötən 15 il müddət ərzində işlədiyi müəssənin nizamnamə kapitalındakı əhəmiyyətli payın (96,24) taleyi ilə maraqlanmaması inandırıcı və ağlabatan hal deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qərardadı ləğv edilməli, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5. maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qərardadı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və mülki iş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar