Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-959/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduqları maddi ziyana görə cavabdehlər Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyasının (bundan sonra HMK) sədri Cavabdeh1 və poliklinikanın nevropatoloqu Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində maddi ziyanın və 60 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5060 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat pul və 60 (altmış) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu hesabına müştərək qaydada 10 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 789/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, iddiaçının işdən çıxmağında onlar təqsirli deyildir, onların hərəkəti əsasında hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vurulmamış və ya zərər vurulmamışdır. Odur ki, tərəfindən və ya əməlin nəticəsində iddiaçıya ziyan və zərər vurulmamışdır. İddiaçı işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş, lakin o, iddia müddətini ötürdüyü üçün işə bərpa olunmamışdır. Daha məsuliyyətli yanaşsaydı, işə bərpa oluna bilərdi, çünki ona verilən xəstəlik vərəqəsi, yəni inzibati akt qüvvədə olan akt hesab edilir və ləğv edilməsi və ya saxta olması barədə heç bir yeni akt və ya məhkəmə qərarı yoxdur. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin müdürü, eyni zamanda HMK-ın sədri vəzifələrini icra edir. Həmçinin ondan başqa komissiyanın 2 nəfər də üzvü vardır. Qayda belədir ki, vətəndaş müalicə həkiminə müraciət etdikdə həkimin səlahiyyəti vardır ki, 3 gün, 3 gün olmaqla 6 gün müddətində bülleten verilsin. Xəstəlik vərəqəsinin 6 gündən artıq uzadılması ilə bağlı mütləq HMK-ya müraciət olunmalıdır. Əlavə jurnal vardır, HMK-nın xüsusi möhürü vardır. Həkim nevroloq Cavabdeh2 tərəfindən hər dəfə 3 gün olmaqla, 6 günlük əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi açılmış və “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. Lakin İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqinin 6 gündən sonra uzadılmasından heç bir xəbəri olmamış, nə xəstə, nə də onun müalicə həkimi 6 gündən sonra ona müraciət etməmişdir. Həmin sənədlərdə onun imzası və HMK-nın möhürü yoxdur. Artırmaları müalicə həkimi özü vermişdir. 4 aylıq bülleten verilmiş və həmin bülletenlər əsasında xəstəlik pulu almışdır. Sadəcə həmin bülletenlər qeydiyyat kitabına salınmamış, bu barədə ona xəbərdarlıq edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, xəstə, hazırki iş üzrə İddiaçı hər dəfə 3 gün olmaqla, 6 günlük əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi açılmış və “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-ya təqdim edilmədən davam etdirilmişdir. Yol verdiyi bu cür nöqsana görə ona töhmət verilmişdir. Lakin verilmiş xəstəlik vərəqələri saxta, yaxud qanunsuz olmamış və hazırda da qüvvədə olmuş, ləğv edilməmişdir. Hər dəfə xəstə müraciət etdikdə, müayinədən keçirilmiş, MRT nəticələrinə baxılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, o, 2020-ci ilin mart ayında yıxılması ilə əlaqədar olaraq Bakıda xəstaxanada stasionar müalicə almışdır. 45 gün orada müalicə aldıqdan sonra Gəncəyə gəlmişdir. Ağrılarına görə yeriməkdə və s. çətinlik çəkdiyinə görə Gəncəyə bacısının yanına gəlmişdir. 2021-ci ilin dekabr ayında ilk dəfə Gəncə şəhəri Z.Məmmədov adına xəstəxanaya müraciət etmişdir. İcbari tibbi sığorta hesabına müalicə olunmuş, MRT çəkilmişdir. Bülletenləri də Gəncədən almışdır. 2022-ci ilin noyabrın 1-də işə qayıtmış, noyabrın 29-da isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. Bundan sonra işə bərpa, həmçinin 70-ci maddənin “ç” bəndinin götürülməsi ilə əlaqədar məhkəməyə müraciət etsə də, işinə bərpa oluna bilməmiş və bununla da, işləmədiyi müddətdə ona iddiada göstərdiyi məbləğdə ziyanlıq dəymişdir. Gəncə Şəhər Prokurorluğuna şikayətlə müraciət etmiş, Prokurorluqda araşdırma aparıldıqdan sonra müəyyən olunmuşdur ki, bülletenlər saxta deyil, xəstəxananın səhlənkarlığı nəticəsində bülletenlərdə ciddi pozuntular vardır, HMKdan keçirilməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, o, 6 ay xəstə olmuş, bülletenlərə görə müavinət almışdır. İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu Hacıyeva tərəfindən İddiaçı xəstəlik vərəqələri verilmiş, İddiaçı xx.xx.2021-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 183 nömrəli əmrin surətindən görünür ki, "xxxx" MMC-nin “Ofis” bölməsində “Laboratoriya müdiri və Bakterioloq, baytarlıq” vəzifəsində işləyən İddiaçı Tofiq qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X5 tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2- 2022-364 nömrəli məktubun surətindən görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X5 tərəfindən X2 verilmiş xx.xx.2022-ci il tarixli müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti ilə əlaqədar PHŞ/6-2-2022-11215 nömrəli məktuba cavab olaraq bildirmişdirlər ki, müraciətlə bağlı araşdırma aparılmış, Z.Məmmədov adma xəstəxananın poliklinika şöbəsinin HMKnın sədri Cavabdeh1, həkim nevropatoloqu Cavabdeh2 izahatları alınmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan X3 01 07.2022-ci il tarixdə həkim nevropatoloq Cavabdeh2 bel oma nahiyyəsində ağrı, hərəkət məhdudluğu şikayətləri ilə müraciət etmişdir. Xəstə Cavabdeh2 tərəfindən müayinə edilmiş, təyinat verilmiş, "L4- L5 fəqərələrin kompression sınığı” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi açılmış və "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı" kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-ya təqdim edilmədən xx.xx.2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-ya təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X2 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatışmazlıqlara görə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu Cavabdeh2 Gəncə şəhər Birləşmiş Xəstəxananın PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1551/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-ın sədri Cavabdeh1 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1086/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərəd tutulmuş 1 aylıq iddia müddətinin keçməsi əsası ilə, iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. İddianı təmin edən birinci instansiya gəldiyi nəticəsinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097-ci maddələrinə istinad edərək, hesab etmişdir ki, cavabdehlər əmək vəzifələrini yerinə yetirərəkən işlərində yol verdiyi pozuntulara görə iddiaçı işdən azad edildiyindən, işləmədiyi ayalar üçün almadığı əmək haqqına görə ona maddi ziyan dəymişdir. Kollegiya iddiaçının ona vurduqları maddi ziyana görə cavabdehlər Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyasının (bundan sonra HMK) sədri Cavabdeh1 və poliklinikanın nevropatoloqu Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbini əsaslı saymır. Belə ki, cavabdehlərin iddiaçı ilə aralarında heç bir əmək münasibətləri olmamış, həmçinin cavabdehlərin iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli mövcud olmamışdır. Bu baxımdan, hazırkı iddia tələbi üzrə cavabdehlərin hər hansı məsuliyyəti müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1086/2023 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin keçməsi əsası ilə, iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yalnız işəgötürən tərəfindən iddiaçının vəzifədən azad edilməsi əsaslarını pozması halı müəyyən olunduğu halda, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxara bilər ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1086/2023 nömrəli qətnaməsi ilə, iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərəd tutulmuş 1 aylıq iddia müddətinin keçməsi əsası ilə, iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iddiaçı hazırkı iş üzrə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMKnın sədri Cavabdeh1 və həkim nevropatoloqu Cavabdeh2 səhlənkarlığı nəticəsində ona maddi ziyan dəydiyini güman etdiyi halda, tələb onlara qarşı fiziki şəxs kimi yönəldilə bilməz və yalnız müvafiq hüquqi şəxsə qarşı iddia irəli sürə bilərdi. Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarınını 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayətləri təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Apellyasiya şikayətləri təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-789/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-959/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-959/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşə bərpa - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver