Məhkəmə qərarları › İş №2(104)-979/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-979/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-979/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla, cəmi 3000 ABŞ dolları zərərin, ümumilikdə 23000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 208 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hünmətov) iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı iddiasında onu X2 vasitəsi ilə tanıdığını bildirmiş 2019-cu ilin sonunda onunla əlaqə saxladığını bildirmiş və Türkiyədən Rusiyaya sitrus meyvələri gətirəcəyini bildirdiyini qeyd etmişdir. Guya ona bununla bağlı pul verdiyini və onun da həmin pulu başqa şəxsə borcunun qarşılığı olaraq verdiyini bildirmişdir. Məhkəmə isə İddiaçı izahatını əsas götürərək Mülki Məcəllənin alğı-satqı müqaviləsinin yaranmasını əsas gətirərək iddianı təmin etmişdir. Məhkəmə öz araşdırmasının nəticəsi olaraq onunla İddiaçı arasında nisyə alğı-satqı müqaviləsinin yaranmasını bildirmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad edən məhkəmə guya onun 8000 ABŞ dolları məbləğində pulu Azərdən aldığını etiraf etdiyini bildirmişdir. Halbuki onun ifadəsində 8000 ABŞ dollarını Azərdən almağına dair heç bir ifadə verməmişdir. Arxasınca məhkəmə qeyd edir “nəinki 8000 ABŞ dolları məbləğində pulun Əliyə verilməsi 20000 ABŞ dolları pulun da Əliyə verilməsi öz təsdiqini tapmışdır.” O, 2019-cu ildə Türkiyənin Mersin şəhərindən Rusiya Federasiyasına meyvə-tərəvəz ixracı işi ilə məşğul olmuşdur. Rafiq Qənbərov adlı şəriki ilə birlikdə bu işlə məşğul olmuşdur. Rafiq bir gün qonağı gəldiyini bildirmiş həmin şəxsi qarşılamaq lazım olduğunu demişdir. Onunla birlikdə həmin şəxsi gedib qarşılamış və həmin şəxs Zaur adlı şəxs idi. Rafiq onları tanış etmiş və Zaurun Rusiyaya mal göndərmək istədiyini bildirmişdir. Zaur bu işi əslən Tovuzdan olan Azər adlı şəxslə görmək istədiyini onun adından buraya gəldiyini demişdir. Onlar Zaura bu iş üçün ən azı 20000 ABŞ dolları pulun lazım olduğunu bildirmişlər. Həqiqətən də 1 tırın meyvə tərəvəz doldurulmaqla bütün xərcləri hesablandıqda minimum qiyməti 20000 ABŞ dolları edir. Zaur onlarla bütün məsələləri dəqiqləşdirərək növbəti gün Zaur yenidən gələrək Azərin 8000 ABŞ dolları pul göndərdiyini bildirmişdir. Onlar ona pulun kifayət etmədiyini bildirdikdə Zaur qısa müddət ərzində pulun qalan hissəsinin də göndəriləcəyini bildirmişdir. Zaura həmin vaxt bildirmişlər ki, malın yarısı tıra doldurulduqdan sonra pulun qalan hissəsi gəlməsə həmin mal xarab olacağını bildirdik. Zaur isə narahat olmamağı Azərin pulun qalan hissəsini də göndərəcəyini bildirmişdir. Zauru Ufukla görüşdürmüş və otaqda Zaur 8000 ABŞ dollar pulu Ufuka vermişdir. Bundan sonra telefonla Azərlə danışmış və Azər 10000 ABŞ dolları pulun çatıb-çatmadığını soruşmuşdur. Bu barədə Zaura dedikdə o 2000 ABŞ dolları pulun özü tərəfindən götürüldüyünü bildirərək qısa müddət ərzində onu verəcəyini bildirmiş və bu barədə Azərə bildirməməyi xahiş etmişdir. Sonra nə Zaur 2000 ABŞ dollarını vermiş, nə də şərtləşdikləri kimi əlavə 10000 ABŞ dolları pul göndərilməmişdir. Tıra yüklənmiş meyvələr isə xarab olmuşdur və bu barədə Azərlə görüşərkən ona da bildirmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin fəaliyyətini müvəqqəti dayandırdığını göstərərək, apellyasiya şikayətinin təmin olunmasını, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin fəaliyyətini müvəqqəti dayandırdığını göstərərk, apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında əlavə edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ilə İddiaçı Bilan oğlu arasında sitrus meyvələrinin satışı ilə bağlı nisyə alqı-satqı münasibətləri yaranmışdır. Məhkəmə kollegiyası tərəfindən İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışla müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona xx.xx.2018-ci ildə ********** saylı VÖEN verilmiş, fəaliyyəti müvəqqəti dayandırılmışdır. İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışla müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** saylı VÖEN verilmiş, fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə fərdi sahibkar olan İddiaçı Bilan oğlu ilə fərdi sahibkar olan Cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MM-nin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, iddiaçı və cavabdeh hər ikisi sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz tərəflər arasında sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 6 nömrəli Qərarı ilə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına əlavə edilmiş 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Tovuz Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-i: Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Ona görə də, apellyasiya şikayətləri qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2982/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 20000 ABŞ dolları məbləğində pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla, cəmi 3000 ABŞ dolları zərərin, ümumilikdə 23000 ABŞ dolları məbləğində pulun tutulmasına dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar