Məhkəmə qərarları › İş №2(104)-979/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-979/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-979/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2(062)-3251/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərziəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 5861 manat maddi ziyanın, 59 manat qiymətləndirmə ödənişi və 79,2 manat dövlət rüsumunun, Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(062)-3251/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh vurulmuş 5861 manat maddi ziyanın, ödənilmiş 59 manat qiymətləndirmə ödənişi və 79,2 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin vurulmuş real maddi ziyanın həcmində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(062)-3251/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Tovuz rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(062)-3251/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpasına dair ərizə (vəsatət) vermiş, eləcədə həmin ərizəyə apellyasiya şikayətini həmin ərizəyə (vəsatət) əlavə etmişdir. Tovuz Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(062)-3251/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair Cavabdeh vəsatəti təmin edilməmiş və verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, Tovuz Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(062)-3251/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 10-1.1. maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2. maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual müddətlər imperativ xarakterə malik olduqlarından həmin müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(062)-3251/2024 nömrəli qətnaməsinin surəti 15 yanvar 2025-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. Apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 28 fevral 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi qətnamə 15 yanvar 2025-ci il tarixdə cavabdehə çatdırılsada, lakin sonuncu qanunla müəyyən olmuş müddətdə apelyasiya şikayəti verməmişdir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizədə (vəsatətdə) qətnamənin surətinin poçt əməkdaşı tərəfindən sonradan ona çatdırıldığını bildirsə də, lakin onun bu dəlili sübut olunmur. Bu da onu deməyə əsas verir ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verilməməsi hər hansı bir üzürlü səbəblərə görə buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 128, 130, 263-264, 357, 360, 398 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(062)-3251/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar