Məhkəmə qərarları › İş №2(104)-981/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-981/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-981/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-611/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-611/2025 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) İddiaçı Cavabdeh qarşı 42992 manat məbləğində borcun və ödənilmiş 220 manat dövlət rüsumunun alınması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 42992 manat borcun və 220 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2005-ci il tarixdən Azərbaycan Dəmir yolları Qapalı Səhmdar cəmiyyətində işə düzəlmiş, Cavabdeh həmin təşkilatda Qovlar dəmir yol vağzalının rəisi vəzifəsində çalışmışdır. İşə qəbul olan gündən onu cavabdeh sürücü kimi işə qəbul etmişdir. Cavabdeh ona bildirmişdir ki, Qovlar şəhərində vağzalla üzbəüz olan ümumi sahəsi 24 kv.m torpaq sahəsi dəmir yol vağzalının balansındadır və o həmin torpaq sahəsini satır. O, həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Qarşılıqlı razılaşma əsasında torpağın alqı-satqısı üçün nağd olaraq Cavabdeh 10000 manat pul vermişdir. Pulu verdikdən sonra ona satılan torpaq sahəsinin eni və uzunluğunu cavabdeh naturada ölçüb təhvil vermişdir. Cavabdeh pulu aldıqdan sonra ona vəd etmişdir ki, həmin torpaq sahəsi dəmir yolunun balansındadır və həmin torpaq sahəsini özü onun adına sənədləşdirəcəkdir. O, Cavabdeh rəis olduğundan səlahiyyətli şəxs bilmiş, həmin torpağı inzibati orqanın rəisi olduğundan istədiyi vaxt sərəncam verib adına sənədləşdirə biləcəyini güman etmişdir. Cavabdeh onun rəisi olduğuna görə ona tam inanmış, torpaq sahəsi ona təhvil verildikdən sonra həmin torpaq sahəsində tikinti inşa olunması üçün xım qazdırmışdır. Cavabdeh ona satdığı torpaq sahəsində tikinti aparılmasına Tovuz Rayon icra hakimiyyətinin əməkdaşları tikilinin qanunsuz olduğunu bildirərək orada tikili aparılmasına icazə verməmişlər. Qazdırdığı xımı isə torpaqla doldurmuşlar. Həmin torpaq sahəsi hal hazırda da boşdur. Cavabdehə bu barədə bildirsə də, yenə vəd etmişdir ki, o sənədləri düzəldəcək və orada tikinti işləri davam etdiriləcəkdir. O, həmin vaxtlar Tovuz Rayonu Qovlar şəhərində yerləşən mülkiyyətində olan qeyri-yaşayış binasını Vüqar adlı şəxsə 52000 manata satmışdır. Həmin pulun onda olmasını cavabdeh bilmişdir. Cavabdeh ona bildirmişdir ki, TOPAZa pul lazımdır, təcili dəmir yolunun işçisi X1 10000 manat pul verilməlidir, o, Cavabdeh dediyi kimi, dəmir yolunun işçisi olan Fərmayıl Sultanova 10000 manat pul vermişdir. 10000 manat pul verdiyini Fərmayıl da təsdiq edə bilər. Fərmayıl Sultanova 10000 pul verdikdən 2 ay sonra Cavabdeh ondan yenə təkrar 10000 manat borc pul istəmişdir. Həmin pul Qovlar şəhərində sahibkarlıqla məşğul olan Mübariz adlı şəxsə verilmişdir. Belə ki, Əsgərov X3 inşaat materialı almışdır. İddia tələbinin bu hissəsini də Mübariz təsdiq edə bilər. Bundan başqa Cavabdeh ondan yenə borc istəmiş və həmin pulları bank vasitəsi ilə dediyi şəxslərin adına onun vasitəsilə göndərilməsini xahiş etmişdir. Onun xahişi ilə bank vasitəsi ilə Bakı şəhərində uşaqlarına xidmət edən X2 204 manat, qaynı X4 ayrı-ayrılıqda 2006 manat, 4012 manat və 2758 manat, X5 ayrı-ayrılıqda 2006 manat, 4012 manat, sürücüsü Teymura 2006 manat ödəmişdir. Həmin pulları borc şəklində Cavabdeh vermişdir. Həmin şəxslərə ödədiyi pulların qəbzlərini ərizəsinə əlavə etmişdir. Cavabdeh ona vəd etmişdir ki, borclarını tam ödəyəcək və onun bütün vədlərinə inanmışdır. Dəfələrlə ondan borcun qaytarılmasını tələb etsə də, borclarını müxtəlif bəhanələrlə qaytarmır. Özü xəstə olduğuna görə cavadehin oğlu Toğrul Əsgərovla görüşüb atasının ona iddia ərizəsində göstərdiyi kimi borclarının olduğunu və borcun qaytarılmasını tələb etmişdir. 2022-ci ilin yay aylarında Toğrul ona vəd etmişdir ki, atasının borcundan xəbərdardır və borcun yarısını özü şəxsən ödəyəcəkdir. O, Toğrula inanaraq gözləmək məcburiyyətində qalmışdır. Bununla bağlı polisə müraciət etsə də, polisdən işin mülki xarakterli olmasını bildirmişlər. Odur ki, cavabdehdən 42992 manat borcun və 220 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh Qovlar Dəmir yolu vağzalında rəis işləmiş və o, də onun sürücüsü olmuşdur. Cavabdeh ona bildirmişdir ki, vağzalın balansında olan 24 kv.m torpaq sahəsini satır və aralarında olan razılaşmaya əsasən cavabdehə 10000 manat pul vermişdir. Hətta həmin torpaq sahəsini cavabdeh ölçüb özü şəxsən ona təhvil vermişdir. Pulu aldıqdan sonra Əli ona vəd etmişdir ki, torpaq sahəsini adına sənədləşdirəcək. Cavabdeh rəis olduğundan onu səlahiyyətli şəxs bilmiş və ona inanmışdır. Hətta həmin torpaq sahəsində tikinti aparmaq istəmiş və həmin torpaq sahəsində xım qazdırmışdır. Tikinti aparmağa müvafiq icra hakimiyyətinin nümayəndələri onaənə imkan verməmişdir və o, bu barədə cavabdehə məlumat versəmdə o, inandırmışdır ki, torpaq sahəsini özü onun adına sənədləşdirəcək. Onda 52000 manat pulun olduğunu cavabdeh bilirdi, belə ki, mülkiyyətində olan Qovlar şəhərində yerləşən qeyri-yaşayış binasını Vüqar adlı şəxsə satmışdır. Ondan cavabdeh 10000 manat borc pul istəmiş və onu Fərmayıl adlı işçisinə aparıb verilməsini xahiş etmiş və o, borc olaraq 10000 manat pulu da vermişdir. Tikinti materialı üçün ondan əlavə 10000 manatda borc istəmiş və həmin pulu rəisi olduğuna görə inanıb onu da vermişdir. Belə ki, o materialı Mübariz adlı tanışından almışdır. Bundan başqa cabavdehin xahişi ilə bank vasitəsi ilə Bakı şəhərində uşaqlarına xidmət göstərən X2 və qaynı X6, X7 və sürücüsünə ayrı ayrılıqda bank vasitəsi ilə pullar göndərmişdir . O verdiyi borc pulları istəsə də müxtəlif bəhanələrə qaytarmaqdan imtina edir. Əli xəstə olduğundan onun oğlu Toğlulla söhbət etmiş, 2022-ci ilin yay ayında Toğrul ona bildirmişdir ki, atasının mənə oln borcundan xəbərdardı və borcun yarsını özü qaytaracaq. Toğrul Tovuz Rayon polis şöbəsinin əməkdaşı olduğundan ona inanmışdır. O da atası kimi borcu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında məhkəməyə dəvət olunan şahidlər kifayət qədər anlaşılan izahatları ilə təsdiq etmişdirlər ki, cavabdehə iddia ərizəsində göstərdiyi qaydada borc pul vermiş və cavabdeh borcu qaytarmamışdır. Sahid ifadələri sübut növüdür və sədrlik edən hakim sübutlara əhəmiyyət verməmiş, qətnaməni öz mülahizəsinə uyğun çıxarmaqla iddia tələbini rədd etməyə cəhd etməyə çalışmışdır. İddia ərizəsinə əlavə edilmiş qəbzlərə də sədrlik edən öz bildiyi şəkildə don geyindirmiş və qətnamədə qeyd edir ki, borcu başqa şəxsə verilmişdir və onlara qarşı iddia qaldırılmalıdır. Cavabdeh məhkəmə iclasında iştirak etmir və iddia tələbində göstərilən epizodları sədrlik edən cavabdeh məhkəmə iclasında iştirak etməsə də sübutları hər vəhclə qəbul etməkdən imtina edir. Ödənilən pulları cavabdehə borc şəklində vermişdir . Cavabdeh və onu tanıyan Qovlar şəhər sakinləri yaxşı bilir ki, rəisi olduğundan Əliyə inanmış, ona borc vermiş və cavabdeh də həmin pulları ona qaytarmayıb. O, məhkəməyə müraciət etmişdir ki, pozulmuş hüquqların qanun çərçivəsində bərpa olunsun və haqq ədalət bərpa olunsun. Halal pulu özünə qaytarılsın. Əksinə olaraq ədalət məhkəməsində təkrar olaraq hüquqları pozuldu. Məhkəməyə təqdim etdiyi qəbzlərlə, məhkəmədə şahid kimi izahat verən şahid ifadələri ilə tam sübuta yetir ki, Cavabdeh ona 42992 manat borcu var. Cavabdeh bir dəfə də olsun məhkəməyə gəlmir, iddia tələbinə qarşı etiraz ərizəsi belə vermir. Çünki, Cavabdeh iddia tələbilə bağlı etiraz etməyə belə sözü yoxdur. Məhkəmədə sübut etmək vəzifəzi tərəflərin vəzifəsidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, birinci instansiya məhkəməsinə cavabdeh heç bir sübut təqdim etməmişdir. Ona görə də Tovuz rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın əsaslı olduğu üçün təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, 42992 manat məbləğində pulu cavabdehə və ya da onun göstərdiyi adamlara 2013-cü ildə vermişdir. Lakin bununla bağlı aralarında hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh bir müddət işdən kənarlaşdırıldığına, sonralar isə xəstə olduğuna görə ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etməmişdir. Hesab edir ki, digər şəxslərə də pulu cavabdehin göstərişi ilə verdiyinə görə onun pulunu cavabdehin özü qaytarmalıdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh müxtəlif vaxtlarda 42992 manat borc verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı, nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının cavabdehə borc verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə (2013-cü ildə qüvvədə olmuş redaksiyada) əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin iddiaçıya 42992 manat məbləğində borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamış, iddiaçı cavabdehə 42992 manat məbləğində borc pul verdiyini iddia etsə də, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut, yəni cavabdehin özünə həmin məbləğdə borc verdiyini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı həmin istinad etdiyi halları təsdiq edən sübutlarını apellyasiya şikayətinə də əlavə etməmişdir. Şahid ifadlərinə gəldikdə şahidlər də iddiaçının cavabdehə borc pul verməsini gördüklərini yox, yaxın qohum kimi iddiaçının evində olanda iddiaçının arvadı ilə olan mübahisəsindən cavabdehin iddiaçıdan borc pul istəməsinin onlara məlum olduğunu bildirmişlər. Doğrudur Mülki Məcəllənin 2013-cü ildə qüvvədə olmuş 740-cı maddəsinin redaksiyasında borc müqaviləsinin şifahi bağlanması müəyyən olunmuşdur, lakin borcalan tərəfindən borc etiraf edilmədikdə borcun həqiqətən də verilməsini sübut etmə vəzifəsi borc verənin özərində qalır. Hazırkı halda iddiaçı cavabdehə borc verdiyini sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərərzliliyə yol verilmiş, mötəbər subütlara və faktlara əsaslanmadan, qərarını qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə cavabdehin ona 42992 manat borclu olmasını qeyd etsə də, cavabdehə 42992 manat borc pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-611/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-611/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar