Məhkəmə qərarları › İş №2(104)-986/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-986/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-986/2023 22.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2521/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 21 aprel 2021-ci il tarixli 23009127 nömrəli müqavilə və əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 85 manat ödəmək şərtilə ümumi dəyəri 1713,60 manat olmaqla “LG LED” markalı televizor almışdır.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 1530 manat əsas, 153 manat cərimə olmaqla, cəmi 1683 manat borc yaranmışdır.

3. Texniki vəziyyət barədə 29 avqust 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-dən alınmış “LG LED” markalı televizor 03 may 2021-ci il tarixdə servisə qəbul edilmişdir. Televizorda olan qüsur ekranın sınması. Zəmanətə daxil olmayan problemdir və ödənişli xidmət təklif olunmasına baxmayaraq imtina edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21 aprel 2021-ci il tarixli müqavilə üzrə “LG LED TV” görə ödənilməmiş 1530 manat əsas, 153 manat cərimə olmaqla, cəmi 1683 manat borc və ödənilmiş 36,83 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21 aprel 2021-ci il tarixli 23009127 nömrəli müqavilə bağlanmış və sonuncu 18 ay müddətinə hər ay 85 manat ödəmək şərtilə ümumi dəyəri 1713,60 manat olan “LG LED” markalı televizor almışdır Cavabdeh cəmi 183,60 manat ödəniş etmiş və ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr yaranmışdır. Ona görədə müqavilə üzrə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə 1 faiz həcmində penya hesablanmışdır. Əşyanın təhvil-təslim aktına əsasən cavabdeh tam və qüsursuz şəkildə məhsulu təhvil almışdır. Borcun ödənilməsi barədə cavabdehlə telefon danışıqları olmuş və xəbərdarlıq edilmişdir, lakin sonuncu müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2521/2022 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi; Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 324.1, 389.1, 324.1, 324.2, 324.4, 425, 427, 430, 567, 568.1, 568.2, 600.1, 600.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 119.1, 217, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, 21 aprel 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı televizoru alıcının istifadəsinə tam qüsursuz vəziyyətdə vermiş və bu barədə təhvil-təslim aktı tərtib olunmuşdur. Texniki vəziyyət barədə akta əsasən cavabdeh televizorun ekranı sınmış vəziyyətdə servisə təhvil vermiş, daha sonra isə götürməkdən imtina etmişdir. Halbu ki, televizorda qüsur cavabdehin təqsiri nəticəsində yaranmış və onunla bağlanmış zəmanət qızıl deyil, 1 illik istehsal zəmanəti olmuşdur. Ona görədə müştəriyə məhsulun təmiri ilə bağlı ödənişli xidmət təklif olunsada, sonuncu bundan imtina etmiş və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq məhsulu servisdən götürməmişdir. Cavabdeh malı servisdən götürməyərək ödənişlərdən yayınmaq niyyətində olmuş və müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, televizor qüsursuz vəziyyətdə alıcıya təhvil verilmiş, lakin 12 gündən sonra alıcı ekranı sınıq vəziyyətdə onu geri qaytarmışdır. Televizorda olan nöqsan qızıl zəmanətə daxil olmadığından ekranının dəyişdirilməsi üçün 600 manat tələb olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh ödəniş etməkdən imtina etmiş, eləcədə televizoru götürməmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

20. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. 367 MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2521/2022 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməlidir.

39. Belə ki, işin hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21 aprel 2021-ci il tarixli 23009127 nömrəli müqavilə bağlanmış və 18 ay müddətinə hər ay 85 manat ödəmək şərtilə ümumi dəyəri 1713,60 manat olan “LG LED” markalı televizor alıcıya təhvil verilmişdir. Alıcı Cavabdeh televizorda qüsur olduğunu əsas gətirərək nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etməmişdir.

40. Bu qətnamənin 38-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış 21 aprel 2021-ci il tarixli 23009127 nömrəli müqavilə üzrə satıcı "xxxx" MMC “LG LED” markalı televizoru alıcı Cavabdeh təhvil vermiş və sonuncu həmin əşyanı qəbul etmişdir. Buna baxmayaraq əşyanın təhvil alınmasından 12 gün sonra Cavabdeh televizorun ekranının sınıq olmasını əsas gətirərək onu Texniki Xidmət Mərkəzinə təhvil vermiş, bu barədə texniki vəziyyət barədə 29 avqust 2022-ci il tarixli akt tərtib olunmuş televizor 03 may 2021-ci il tarixdə servisə qəbul edilmişdir. Texmiki baxış zamanı istehlakçı tərəfindən istifadə nəticəsində ekranın sınması aşkar olunmuş və bu barədə 06 may 2021-ci il tarixli akt tərtib olunmuşdur. Təmir xərci qızıl zəmanətə daxil olmadığından Cavabdeh ödənişli xidmət təklif olunsada lakin sonuncu bundan imtina edərək “LG LED” markalı televizoru götürməkdən imtna etmiş, eləcədə müqavilə üzrə aylıq ödənişləri dayandırmışdır. muşdur. Buna baxmayaraq alıcı ödənişli xidmətdən və televizoru geri götürməkdən Nəticədə Cavabdeh "xxxx" MMC-yə 1530 manat əsas, 153 manat cərimə olmaqla, cəmi 1683 manat borc yaranmışdır.

41. Kollegiya hesab edir ki, satıcı "xxxx" MMC 21 aprel 2021-ci il tarixli 23009127 nömrəli müqavilə üzrə “LG LED” markalı televizoru alıcı Cavabdeh mülkiyyətinə verdiyi zaman, sonuncu əşyanın qüsursuz olmasını qəbul etmiş və 21 aprel 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək istifadəsində olmuşdur. Cavabdeh tərəfin əşyanın qüsurlü, yəni alındığı vaxtdan ekranının sınmış vəziyyətdə olması dəlilini kollegiya inandırıcı saymır. Belə ki, Cavabdeh iddia etdiyi qüsur əşyanın daxilində deyil, üzərində, yəni ekranda aşkarlanmışdır. Əgər əşya alıcıya təhvil verildiyi vaxtdan qüsurlu (ekranı sınıq) olmuşdursa bu halda həmin qüsur vizual olaraq görünərdi və Cavabdeh da əşyanı qəbul etməkdən imtina etmiş olardı. İşin 23-cü vərəqində olan iddiaya etirazda Cavabdeh televizordakı qüsurun bir gün sonra aşkar olunmasını və geri qaytarmasını qeyd etsədə, lakin işdən müəyyən olunur ki, “LG LED” markalı televizor 03 may 2021-ci il tarixədə, yəni 12 gün sonra "xxxx" MMC-yə qaytarılmışdır. Göründüyü kimi 21 aprel 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək əşya alıcının istifadəsində olmuşdur. Bu da onu deməyə əsas verir ki, kənar təsirlərdən ekranın sınması özlüyündə istisna olunmur.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli 23009127 nömrəli müqavilə üzrə Cavabdeh öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən 1530 manat əsas, 153 manat cərimə olmaqla, cəmi 1683 manat tələb etməkdə iddiaçı haqlı olmuşdur.

43. Ona görə də kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini hazırkı işin hallarına münasibətdə əsaslı sayır və hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.

44. İşdən görünür ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2521/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 21 aprel 2021-ci il tarixli müqavilə üzrə “LG LED TV” görə ödənilməmiş 1530 manat əsas, 153 manat cərimə olmaqla, cəmi 1683 manat və ödənilmiş 36,83 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar