Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-988/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 1437/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə yazılı formada borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 6000 manat borc pul götürmüş və borcu qaytarcağını öz öhdəsinə götürmüşdür. Cavabdeh borcunu tam qaytarmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğıundaıı 4780 manat borc pulun və dövlət rüsumu kimi ödənilmiş 70 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağcabədi şəhərində yaşayır. O, tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyac olduğu üçün borc qəbzinə əsasən qaytarmaq şərti ilə 17 sentyabr 2021-ci il tarixli qəbz ilə 6000 manat borc pul vermişdir. Hazırda yalan vədlər versə də, həmin borca verdiyi pulu qaytarmaq istəmir. Sonradan 1220 manat borcdan ona qaytarmışdır, cavabdehin ona ümumilikdə 4780 manat borcu qalmışdır. Lakin o, bir neçə dəfə cavabdehə 4780 manat borcunu ödəməsini tələb etsə də, cavabdeh ona yalan vədlər verir və onu aldadır, pulunu qaytarmaqdan imtina edir. O, hepatit xəstəliyindən əziyyət çəkir və tez-tez müalicələrdə olmalıdır. Hal-hazırıda müalicəsini davam etdirə bilmir. Ona görə də, cavabdehdən 4780 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 70 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1437/2024 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4780 manat məbləğində borc pul və ödənilmiş 67,8 manat məbləğində dövlət rüsumunun əvəzi ödənilməsi qət edilmişdir Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında sadə yazılı əqd əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 6000 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, həmin borcan 1220 manatını qaytarmış, nəticədə 4780 manat borcu qalmışdır. Məhkəmə mövqeyini Mülki Məcəllənin 739 və Müılki Prosessual Məcəllənin 14, 77, 88-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən işin hallarına baxdıqda görünür ki, iddiaçı bildirir ki, o, tanıdığı və münasibətdə olduğu cavabdehə ehtiyac olduğu üçün borc qəbzinə əsasən qaytarmaq şərti ilə 17 sentyabr 2021-ci il tarixli qəbz ilə 6000 manat borc pul vermişdir. Hazırda yalan vədlər versə də, həmin borca verdiyi pulu qaytarmaq istəmir. Sonradan 1220 manat borcdan ona qaytarmışdır, cavabdehin ona ümumilikdə 4780 manat borcu qalmışdır. Lakin o, bir neçə dəfə cavabdehə 4780 manat borcunu ödəməsini tələb etsə də, cavabdeh ona yalan vədlər verir və onu aldadır, pulunu qaytarmaqdan imtina edir. Tərəflər arasında borc münasibəti yaranandan Mülki Məcəllənin yeni redaksiyası qüvvədə yox idi. Rayon Məhkəməsi Mülki Məcəllənin 37-ci fəslinin həm köhnə, həm də yeni redaksiyasına istinad etmişdir (Məsələn 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır). Halbuki iddiaçı ilə arasında borc münasibətləri yaranan vaxt sözügedən maddə qüvvədə deyildir. İşin hallarından görünür ki, tərəflər arasında olan mübahisə üzrə pul məbləğinin miqdarı 3000 manatdan çoxdur. Belə olan təqdirdə borc müqaviləsindən danışmaq üçün tərəflər arasında notarial müqavilə olmalı idi. Lakin, belə bir müqavilə yoxdur. Bu zaman tərəflər arasında olan mübahisəyə MM-in 739-cu maddəsi ümumiyyətlə tətbiq edilə bilməz. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin, MPM-nin tələblərinə əsasən məhkəmə tərəfindən ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Onun məhkəmə iclasının keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə onun iştirakım olmadan işə baxmışdır. İddiaçı tərəfindən qeyd olunan pul 2018-ci il tarixdə ona verilmişdir. Borcun məbləği 1500 manat təşkil etmişdir. İddiaçının qeyd etdiyi 6000 manat faizlə birlikdə hesablanmışdır. Həmin pul vəsaiti onun tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı Bəxtiyar adlı şəxslər əlbir olmuşdur. Onun əmək haqqı kartı 2023-cü il yanvar ayına kimi iddiaçıda olmuşdur, iddiaçı pulu həmin kartdan çəkmişdir. 2023 yanvar ayından sonra isə özü tam şəkildə iddiaçının kart hesabına ödəniş etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəmiş və iddiaçıya borcu tam şəkildə ödənilmişdir. İddiaçı bildirir ki, guya ona cəmi 1220 manat ödəmişdir. Lakin, şikayətinə əlavə etdiyi qəbzlərdən görünür ki, o, 1700 manat onun kartına şəxsən ödəmişdir. O, borc pulu iddiaçıdan ehtiyacı olduğu vaxtda almış, iddiaçı isə həmin borca görə qanunsuz faizlər hesablamışdır. O, iddiaçıdan aldığı pulu qaytaracaq qədər ləyaqətli insandır. 2-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıdan 1500 manat borc pul almışdır. Qəzbdə 6000 min faizləri ilə birlikdə göstərilmişdir. O, sonuncu dəfə dekabr ayında 1000 manat ödəyərək borcunu tam ödəmişdir. İddianın rədd olunmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qəbzə əsasən cavabdeh iddiaçıdan 6000 manat borc pul götürmüş qaytarcağını öz öhdəsinə götürmüş, yaranmış pul öhdəliyinddən 1220 manat hissəsi ödənilmişdir. Sonuncu borcunu qaytarmamış, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tələbi əsaslı hesab etdiyindən təmin etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırki halda iş materiallarında olan xx.xx.2021-ci il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 6000 manat borca pul götürmüş qaytarcağını öz öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğdən 1220 manat hissəsinin cavabdeh tərəfindən qaytarıldığını etiraf edir və qalan 4780 manat hissəsini tələb edir. Cavabdeh nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı iddiaçının tələbini təkzib edəcək, öz etirazını təsdiq edəcək sübut təqdim etməmişdir. Digər tərəfdən apelyasiya şikayətinin dəlili kimi tərəflər arasında notarial qaydada razılaşmanın olmamasını irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisəyə tətbiq ediləcək mülki hüquq normalarında borc müqaviləsinə dair notarial qaydada imperativ şərt mövcud deyildir. Apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsində icraat zamanı onun iştirakının təmin edilməməsini, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmədiyi qeyd etmişdir. Lakin iş materiallarında olan məhkəmə bildirişdən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olması müəyyən olunur. Apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi və şikayətə əlavə etdiyi ödəniş qəbzlərinə münasibətdə müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 240 manat, xx.xx.2023-cü il tarixdə 240 manat, xx.xx.2023-cü il tarixdə 220 manat və xx.xx.2024-cü il tarixdə iddiaçının kart hesabına 1000 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 240 manat, xx.xx.2023-cü il tarixdə 240 manat, xx.xx.2023-cü il tarixdə 220 manat məbləğindən ödənişlər iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən öncə, xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində ödəniş isə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunduğu 22 oktyabr 2024-cü il tarixdən sonra həyata keçirilmişdir. Belə olan halda iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdeh tərəfindən ödənilmiş cəmi 700 manat məbləğində ödəniş iddiaçının ödənilməsini etiraf etdiyi məbləğdən az olduğundan məhkəmə hesab edir ki, ödənilmiş 700 manat iddiaçı tərəfindən ödənilməsi etiraf edilər 1220 manatla əhatə olunur. xx.xx.2024-cü il tarixli qəbzə dair məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 22 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş və bu tarixdən sonra ödənilmiş vəsait qətnamənin ləğvi və dəyişdirilməsinə əsas deyildir və ödənilmiş 1000 manat vəsait cavabdehdən məhkəmə qaydasında tutulmuş 4780 manatdan məhkəmə aktının icrası zamanı icra qurumu tərəfindəön çıxılmalı və bu məsələ qətnamənin icra qaydasında həll olunmalıdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddia tələbi və tələbin mübahisələndirilən hissəsi 5000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1437/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.