Məhkəmə qərarları › İş №2(105)-1007/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1007/2025

17.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1007/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, X14 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı “imtina əqdinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-985/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İ-ЖГ 458275 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı arasında 04 oktyabr 1977-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 830 nömrəsi ilə qeydiyyat aparılmışdır.

2. AZ-İİ 404339 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 224 nömrə ilə qeyd edilmişdir.

3. İX-ЖГ 291307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1983-cü ildə anadan olmuşdur. X3, anası isə İddiaçıdır.

4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, H.Əliyev küçəsi, ev 15 tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır.

5. X12 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V-173/11 nömrəli ərizədən görünür ki, X2 rayonu, Masazır kəndi, H.Əliyev küçəsi, ev 15-də yaşamış, xx.xx.2024-cü ildə vəfat etmiş X4 miras qalmış miras əmlakı qəbul etdiyini bildirmiş, göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

6. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V-173/11 nömrəli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə ölmüş X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etdiyini və ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268 və 1269-cu maddələrinin tələblərinin ona izah edildiyini bildirmişdir.

7. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V-173/11 nömrəli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə ölmüş X4 irs qalmış, vəfatından sonra qalmış əmlakın ½ hissəsinə mülkiyyət hüququndan imtina etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizəsini geri götürə və ya ləğv edə bilməyəcəyi, mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etməli olduğu barədə notarius tərəfindən ona izah olunduğunu bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı iddia qaldıraraq 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində vəfat etmiş həyat yoldaşı X4 miras qalmış mirasın ona çatacaq hissəsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli imtina əqdinin (iradə ifadəsinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tairxdə X11 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1983-cü il təvəllüdlü X12 anadan olmuşdur. X11 18 fevral 2024-cü il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşının vəfatından sonra bu barədə heç bir məlumatları olmadığına görə mirası necə qəbul edəcəkləri və bu prosesə necə başlayacaqları barədə məlumatları yox idi. Mirasdan oğlunun xeyrinə imtina etmək istədiyinə qərar vermişdir. Bu səbəblə də xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzindəki notariat ofisində ərizə vermişdir. Lakin imzaladığı ərizənin nə məna ifadə etdiyini bilməmişdir. Mirasın ona düşən hissəsindən oğlu Quliyev Fəridin xeyrinə imtina etdiyini zənn etdiyi halda, əslində miras əmlakından ümumiyyətlə imtina etmişdir. Beləliklə, miras əmlakından vacib əhəmiyyətli yanılma nəticəsində yalnış iradə ifadəsi ilə imtina etmişdir. Nəticədə qüsurlu iradə ifadəsi ilə yanlış olaraq istədiyi əqdi deyil, bağlamaq istəmədiyi mirasdan imtina əqdini imzalamışdır. Bu hal ona sonradan məlum olmuşdur. İmtina etmək barədə ərizəsinin ləğv olunmasını istəsə də, notariat orqanı ancaq məhkəmə yolu ilə bu ərizənin ləğv edilməsinin mümkün olduğu onlara izah olunmuşdur.

10. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, ötən ilin mart ayında “ASAN xidmət” mərkəzinə yaxınlaşmış və orada oğlunun xeyrinə pay hüququndan imtina etmişdir. Notariusda ərizənin məzmununu oxudular. Lakin orada evdən imtina etdiyini deyil, oğlunun xeyrinə pay hüququmdan imtina etdiyini bildirmişdir. Belə ki, ötən ilin mart ayında “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Yalnışlıq olmasının ona nə zaman məlum olduğunu xatırlamır, lakin bu barədə tezliklə məlumatları olmuşdur.

11. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, atasının vəfatının 40-cı günündən sonra onlara bu məsələ ilə maraqlanmaqlarını bildirmişdirlər. Anası ilə birlikdə “ASAN xidmət” Mərkəzinə getmişdirlər. Anasına onun pay hüququnu istəmədiyini bildirsə də, anası pay hüququnu ona vermək istədiyini bildirmişdir. Orada anasına sual verdikdə, anası onun xeyrinə pay hüququndan imtina etdiyini bildirmişdir. 6 ay sonra öz payını və anasının onun üçün imtina etdiyi payı almaq üçün təkrar yaxınlaşmış, lakin ona anasının paydan imtina etdiyini bildirdilər. Daha sonra notariusa müraciət etməli olduğunu qeyd etdilər. Notariusda isə məhkəməyə müraciət etməklərini bildirdilər. Hesab edir ki, məsələ vacib əhəmiyyətli yanılmadan irəli gəlmişdir. Anası həmin vaxt orada idi. Belə ki, anası onun xeyrinə pay hüququndan imtina etmişdir. Notariusda məsələni həll edəcəkdirlər. Lakin işçilərin məsuliyyətsizliyindən belə olmuşdur. Əgər anası pay hüququndan imtina edirdisə, həmin vaxt kimin xeyrinə paydan imtina etməli olduğunu soruşmalı idilər.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-985/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı mirasdan imtina etməsi ilə bağlı ərizəni vacib əhəmiyyətli yanılmanın təsiri altında verdiyinə istinad edib imtinanın etibarsız hesab edilməsini istəsə də, vacib əhəmiyyətli yanılma halının mövcud olduğunu sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim edə bilməmiş, iddiasının əsasını sübuta yetirə bilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 337, 347.1, 347.2, 354.1, 354.2, 1261, 1268.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə iddianın təmin edilməməsi qənaətini əsaslandırmaq üçün hazırkı halda mübahisələndirilən imtinanın (vacib əhəmiyyətli yanılmanın) yalnız maddi əsaslarına istinad etmiş burada nəzərə almamışdır ki, əslində iddiaçı mərhum ərindən qalan miras əmlakından tam şəkildə imtina etmək istəməmiş, bu onun iradə ifadəsini əks etdirməmişdir. Burada məhkəmə qeyd etmişdir ki, iddianın əsasını təşkil edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəməyə verdiyi izahatında eyni ilə təsdiq etmişdir ki, anasının pay hüququnun ona vermək istədiyini bildirsə də notariat ofisinin əməkdaşları yanlışlıqla miras payından imtina kimi ərizəni qeydə almışlar. Burada isə açıq-aşkar görsənir ki, imtina ərizəsi əslində övladlarının birinin xeyrinə imtina kimi nəzərə alınmaqla qeyd edilməli olduğu halda bunun əksi olmuşdur. Notariusunun həmin ərizədə maddi hüquq normalarına istinad etməklə onu təsdiq etməsi zamanı isə heç bir notariat ofisinin hər hansı bir əməkdaşı bunun hüquqi nəticələri barədə iddiaçıya məlumat verməmişdir. Məhz bu əsaslardan çıxış edərək hesab edirik ki, həmin əqd özü özlüyündə iradə ifadəsi qüsurlu olan ədq olmaqla iradə ifadəsi olaraq nəticə etibarı ilə miras payından ona çatası V hissənin də övladının xeyrinə imtina etməsini özündə əks etdirməli idi. Birinci instansiya məhkəməsi ilə hazırkı mülki iş üzrə tərəflərin ifadələrinin də əhəmiyyət kəsb etməsini nəzər almayaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Həmçinin məhkəmədə sübut edilməmişdir ki, miras payından imtina ərizəsi həqiqətən də tərəfin iradə ifadəsini əks etdirir. Belə ki, mülki iş üzrə üçüncü şəxs təsdiq etmişdir ki, iddiaçı onun yanında olmaqla notariat ofisinin əməkdaşına ərindən miras qalmış paydan oğlunun xeyrinə imtina etdiyini bildirməyinə baxmayaraq imtina ərizəsində tam olaraq paydan imtina qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçının verdiyi izahatların və dəlillərinin əksi olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən əqd şəxsin iradə ifadəsini əks etdirməməklə ona vərəsəlik işində ciddi problemlər yaratmışdır. Yəni, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırırmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X5 və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (...)

21. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. Maddə 347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. (...)

23. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

24. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

25. Maddə 1261. Başqa şəxslərin xeyrinə imtina Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

26. Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

27. Maddə 1268. Mirasdan imtinanın geri götürülməməsi 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

28. Maddə 1269. Mirasın faktiki qəbulu zamanı imtina Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı X6 arvadıdır. X11 18 fevral 2024cü il tarixdə vəfat etmişdir.

38. Kollegiya ilk öncə qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. İddiaçı tələbi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində vəfat etmiş həyat yoldaşı X4 miras qalmış mirasın ona çatacaq hissəsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli imtina əqdinin (iradə ifadəsinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsidir.

40. İş materiallarında olan İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024cü il tarixli, 8V-173/11 nömrəli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə ölmüş X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etdiyini və ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268 və 1269-cu maddələrinin tələblərinin ona izah edildiyini göstərmişdir (İş v. 54).

41. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

42. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

43. Kollegiya birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud mübahisə üzrə iddianın əsası olaraq istinad olunan halların vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilməsi qanunun mahiyyətinə uyğun deyil. Belə ki, iddiaçının iradəsi mirasdan imtinaya yönəlmiş, bunun ifadəsi ərizədə əks olunmaqla ərizəni sərbəst şəkildə, heç bir təsir olmadan vermişdir. Buradan görünür ki, şəxsin iradəsi ilə ifadə arasında uyğunsuzluq olmamışdır.

44. Mülki Məcəllənin 347-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

45. Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün iradə ifadəsi zədələnmiş (yanılmış) şəxs müqavilə bağlanan ana qədər və ya bağlanan anda həmin yanılmanın təsiri altında hərəkət etməlidir.

46. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı miras əmlakdakı payından imtina etməsini vacib əhəmiyyətli yanılma ilə baş verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Belə ki, iddiaçı könüllü olaraq notariat orqanına gedərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz.

47. Bundan əlavə, Mülki Məcəllənin 1268.1-ci maddəsində göstərilir ki, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən və iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-985/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-985/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar