Məhkəmə qərarları › İş №2(105)-1009/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1009/2023

20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1009/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X23 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(031)-81/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Torpağa mülkiyyət hüququna dair” JN-0044 Kod 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X7, X4, X2, X5, Cavabdeh, X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.49 ha pay torpaq sahəsi verilmişdir.

2. X14 13 fevral 2020-ci ildə, X17 27 oktyabr 2019-cu ildə ölmüşlər.

3. Cavabdeh müraciəti əsasında Şabran rayon notariat ofisində vərəsəlik işi açılaraq xx.xx.2020-ci il tarixdə miras qoyanlara məxsus paya dair sonuncuya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

4. Şabran şəhəri ərazisində yerləşən 2.0773 ha pay torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarış) qeydə alınmışdır.

5. 19 aprel 2022-ci il tarixli, reyestrdə 4Ə-174 № ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan 2.0773 ha torpaq sahəsini Maraqlı şəxs2 satmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun qanun üzrə vərəsə kimi tanınması, mirasın qəbul edilməsi üçün müddətin uzadılması, “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilmələri, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alqı-satqısı barəsində xx.xx.2022ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkməyə müraciət edərək, iddia ərizəsində tələblərin 5-ci bəndini “Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış 2.0773 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması” kimi qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı Qərarına əsasən onların ailə üzvlərinə, anası X15, atası X14, bacıları X10, Cavabdeh və X11, qardaşı X6 adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 2,49 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Ölkə ərazisində torpaq islahatları keçirilən müddətdə o, müvəqqəti xaricdə olduğu üçün Dövlət Aktında onun adı qeyd olunmamışdır. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunvericilik mirasın qəbuluna dair hərəkətlərin iki formasını tanıyır: 1) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Ölkəyə qayıtdıqdan sonra onların ailələrinin şəxsi mülkiyyətində olan və istifadəsiz qalmış kənd təsərrüfatı məqsədli torpaq sahəsindən təyinatı üzrə o istifadə etməyə başlamışdır. Həmin torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. Anası, X18 xx.xx.2019-cu ildə, atası X14 isə xx.xx.2020-ci ildə dünyalarını dəyişmişlər. Mərhum valideynləri daşınmaz əmlakları ilə bağlı vəsiyyətnamə yazmamışlar. Onun torpaqdan istifadə etməyi sonrakı illərdə də qanun üzrə vərəsələr arasında mübahisə yaratmamışdır. 2022-ci ilin yay aylarında həmin torpaq sahəsindən biçdiyi otu sahədən aparmaq istədikdə ona bildirilmişdir ki, onların ailəyə məxsus torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Bu səbəbdən miras payı kimi istifadə etdiyi torpaq sahəsindən tədarük etdiyi otu aparmağına imkan verilməmişdir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Onların xəbərləri olmadan qanuni vərəsələrə miras qalmış torpaq sahəsinin özgəninkiləşdirilməsini qanunsuz hesab etdiyi üçün hüquq mühafizə orqanlarına çoxsaylı müraciətləri olmuşdur. Onun müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Sumqayıt şəhərində yaşayan bacısı Cavabdeh xəbərləri olmadan, Şabran rayon Notariat ofisinin sabiq xüsusi notariusu X20 ilə sövdələşməyə getmiş və qanun üzrə yeganə vərəsə kimi tanınmışdır. Miras əmlakı qanunsuz əldə etdikdən sonra, həmin torpaq sahəsini DƏDKRX 5 saylı Ərazi İdarəsinin Şabran şöbəsinin əməkdaşı Maraqlı şəxs2 satmışdır. Bütün bu qanunsuz əməllərdə, Şabran RİHB-nın Şabran şəhər İƏV üzrə nümayəndəsinin saxta ayarışları da əhəmiyyətli rol oynamışdır. Alıcı Maraqlı şəxs2 isə torpaq sahəsinin qanunsuz sənədləşdirilməsində bilavasitə iştirakçı olmuş və həmin torpaq sahəsi üzərində bilə-bilə qanunsuz yollarla, öz qulluq mövqeyindən suiistifadə etməklə hüquqlar əldə etmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya dövlət rüsumunun ödənilməsi haqqında məlumat bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Xahiş edir ki, İddiaçı qanun üzrə vərəsə kimi tanınması, mirasın qəbul edilməsi üçün müddətin uzadılması, Torpağa mülkiyyət hüququna dair JN- 0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilmələri, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış 2.0773 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılsın.

9. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(031)-81/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilərək, İddiaçı qanun üzrə vərəsə kimi tanınması və mirasın qəbul edilməsi üçün müddətin uzadılması, “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış 2.0773 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş, digər vərəsələr nəzərə alınmamış, yalnız Cavabdeh ərizəsinə əsasən yeganə varisin onun olması müəyyən edilməklə, ona vərəsəlik şəhadətnaməsi verilmişdir ki, bununla da digər vərəsələrin hüquqları da pozulmuşdur.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1146, 1151.1, 1159.1.1,1194, 1196, 1243, 1243.2, 139, 152-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İddiaçı iddiasında qeyd edir ki, Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı Qərarına əsasən onların ailə üzvlərinə, X1, atası X14, bacıları X10, Cavabdeh və X11, qardaşı X6 adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 2,49 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Ölkə ərazisində torpaq islahatları keçirilən müddətdə o, müvəqqəti xaricdə olduğu üçün Dövlət Aktında onun adı qeyd olunmamışdır. Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı Qərarına əsasən X17, X14, X10, Cavabdeh qız, X11, X6 adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 2,49 ha torpaq sahəsi verilmişdir. Rayon aqrar islahat komissiyasının qərarı və həmin qərar əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401004 kodlu dövlət aktı mübahisələndirilməmiş, hal-hazırda qüvvədədir. Qeyd edilən rayon aqrar islahat komissiyasının qərarının və dövlət aktının qanuniliyini şübhə altına almaq əsassızdır. İddiaçı adı dövlət aktında olmadığı üçün o, belə bir addım atır. Həmçinin qətnamədə maraqlı şəxs deyil, 3-cü şəxs qeyd edilməli idi. Belə ki, yalnız xüsusi icraat işləri ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddiaçı iddiasında göstərir ki, ölkəyə qayıtdıqdan sonra onların ailələrinin şəxsi mülkiyyətində olan və istifadəsiz qalmış kənd təsərrüfatı məqsədli torpaq sahəsindən təyinatı üzrə o istifadə etməyə başlamışdır. Həmin torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. X1 xx.xx.2019-cu ildə, atası X14 isə xx.xx.2020-ci ildə dünyalarını dəyişmişlər. Mərhum valideynləri daşınmaz əmlakları ilə bağlı vəsiyyətnamə yazmamışlar. Onun torpaqdan istifadə etməyi sonrakı illərdə də qanun üzrə vərəsələr arasında mübahisə yaratmamışdır. 2022-ci ilin yay aylarında həmin torpaq sahəsindən biçdiyi otu sahədən aparmaq istədikdə ona bildirilmişdir ki, onların ailəyə məxsus torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Onun müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Sumqayıt şəhərində yaşayan bacısı Cavabdeh xəbərləri olmadan, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X20 ilə sövdələşməyə getmiş və qanun üzrə yeganə vərəsə kimi tanınmışdır. Cavabdeh bildirir ki, aralarında yaranmış mübahisə zamanı 2016-cı ildə mərhum atası Habili həmin torpaq sahəsindən çıxarmış, həmçinin mərhum anası Habili 2016-cı ildə evdən də çıxarmışdır. Valideynlərinin yanında Cəmilə qalmış, valideynləri vəfat edəndən sonra miras əmlakı faktiki olaraq o qəbul etmişdir. Vərəsəliklə əlaqədar Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən Cavabdeh 27 avqust 2020-ci il tarixli 3655 və 3656 saylı arayışlar verilmiş, həmin arayışlarda qeyd edilmişdir ki, mərhum atası X16 xx.xx.2020-ci il tarixdə, mərhum anası X17 xx.xx.2019-cu ildə vəfat etmişlər, vəfat edən günə kimi ünvan 1 ünvanında qeydiyyatda olmuşlar və yaşamışlar, ölümlərindən sonra onların təsərrüfatına qızı Cavabdeh Əlifşa qızı baxmış və idarə etmişdir. İlk növbədə yaddan çıxarılmamalıdır ki, 2,49 ha kənd təsərrüfatı təyinatlı qeyd olunan torpaq sahəsi Cavabdeh və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olmuşdur. Belə olan halda valideynləri vəfat edəndən sonra həmin torpaq sahəsinə qızı Cavabdeh baxması və idarə etməsi daha real görünməlidir, nəinki, JN0044 saylı 30401004 kodlu Dövlət Aktında adı mülkiyyətçilərdən biri olaraq belə qeyd olunmayan İddiaçı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə Şabran rayon notariat ofisinə ərizə müraciət etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 28 avqust 2020-ci il tarixli, 2V-307 və 2V308 nömrəli şəhadətnamələrlə seriya nömrəsi JN-0044, kod 30401004 olan dövlət aktına əsasən 2.49 ha torpaq sahəsinin mərhum X8 düşən hissəsindən və X12 düşən hissəsindən Cəmilə 1/1 hissədə pay almışdır. Cəmilə qardaşı Fizulinin payını ayırıb ona verdiyindən 2.07773 ha torpaq sahəsi qalmışdır ki, həmin torpaq sahəsinə dair Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarii çıxarış verilmişdir. Göründüyü kimi Şabran rayon notariat ofisində araşdırılmaqla notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrin qanuniliyini şübhə altına almaq əsassızdır. Belə ki, İddiaçı Baş Prokurorluğa ünvanladığı müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq tərtib edilmiş “cinayət işinin başlanmsının rədd edilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli qərarda qeyd olunur ki, 28 avqust 2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi və 2.0773 ha torpaq sahəsinin Maraqlı şəxs2 satılması faktlarında cinayət məcəlləsində ictimai təhlükəli əməl kimi nəzərdə tutulmuş hər hansı bir cinayətin əlamətlərini özündə əks etdirən hadisənin cinayət hadisəsinin olmadığı, vərəsəlik işi materialllarına əlavə edilmiş sənədlərin qanuna müvafiq şəkildə verildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı vərəsəlik hüququnun tanınması üçün Şabran rayon notariat ofisinə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəfindən mahiyyəti üzrə ayrı-ayrı tələblər bir iddiada birləşdirilmişdir. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarii çıxarış mübahisələndirilmədən həmin çıxarış əsasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinin qoyulması və məhkəmənin həmin tələbi də təmin etməsi növbəti hüquq pozuntusudur. Qeyd olunanlardan əlavə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin qismən etibarsız hesab olunması belə əsassız olduğu halda, məhkəmə həmin sənədləri tam şəkildə etibarsız hesab etmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

15. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 2.07773 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli müqavilə əsasında ona satmışdır. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarış mübahisələndirilmədən həmin çıxarış əsasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinin qoyulması və məhkəmənin həmin tələbi də təmin etməsi hüquq pozuntusudur. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan mövcud olmayan əmlak hüquqların dövlət qeydiyyatının ləğvi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)

Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)

Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Maddə 1300. Vərəsənin olduğu yeri müəyyənləşdirmək vəzifəsi Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.

21. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

addə 55. Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 60. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.

25. Belə ki, İddiaçı Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun qanun üzrə vərəsə kimi tanınması, mirasın qəbul edilməsi üçün müddətin uzadılması, Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilmələri, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alqı-satqısı barəsində xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı qanun üzrə vərəsə kimi tanınması və mirasın qəbul edilməsi üçün müddətin uzadılması, Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməli olduğu, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış 2.0773 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması qət edilmişdir.

27. Məhkəmə qətnamədə yalnız iş materiallarını və qanunvericilik aktları normalarını sadalamaqla göstərmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş, digər vərəsələr nəzərə alınmamış, yalnız Cavabdeh ərizəsinə əsasən yeganə varisin onun olması müəyyən edilməklə, ona vərəsəlik şəhadətnaməsi verilmişdir ki, bununla da digər vərəsələrin hüquqları da pozulmuşdur.

28. Lakin, mirasın qəbul edilməsi üçün müddətin hansı səbəblərə görə uzadılması, miras əmlakın mübahisəli torpaq sahəsinin nə qədər hissəsini təşkil etməsi qətnamədə göstərilməmiş, iddiaçının miras əmlakdakı payını ümumiyyətlə müəyyən etməmiş, bu tələbə münasibətdə isə qətnamənin nəticə hissəsində “Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras payları müəyyən edilməli” göstərmişdir.

29. Göründüyü kimi, iddia tələbləri tam təmin edilmiş, lakin qətnamədən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığı, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi görünmür.

30. Halbuki, MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

31. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia bir neçə tələbdən ibarətdir: 1) iddiaçının qanun üzrə vərəsə kimi tanınması; 2) mirasın qəbul edilməsi üçün müddətin uzadılması; 3) “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi; 4) Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; 5) Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alqı-satqısı barəsində xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması.

33. İddiaçı qanun üzrə vərəsə kimi tanınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir.

34. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X14 ilə X9 birgə nikahlarından 04 yanvar 1973-cü ildə Habil adlı uşaqları olmuşdur.

35. İddiaçının qanun üzrə vərəsə olmaq hüququ onun miras qoyanların ailə üzvü (övladı) olması ilə yaranmışdır və bu fakt işin mübahisəsiz halıdır. Mülki qanunvericilik miras qoyanın övladını qanun üzrə vərəsə sayılan şəxslərin dairəsinə aid etdiyindən, kollegiya hesab edir ki, iddiaçının məhkəmə qətnaməsi ilə qanun üzrə vərəsə kimi tanınmasına lüzum yoxdur.

36. İddia tələbinin miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur.

37. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

38. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

39. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

40. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq valideynlərindən miras qalmış evdə yaşayır. Bundan başqa o, mübahisəli torpaq sahəsindən istifadə etmiş və su pulunu ödəmişdir. Həmin torpaq sahəsindən biçdiyi otu aparmaq istədikdə ona bildirilmişdir ki, torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir.

41. Məhkəmə kollegiyası iddia tələbini Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində əsaslı sayaraq qeyd edir ki, iddiaçının valideynləri vəfat etdikdən sonra pay torpaq sahəsi onun tərəfindən faktiki sahiblik həyata keçirilməklə qəbul edilmişdir. Lakin Şabran rayon notariat ofisində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X4 və X9 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir.

42. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

43. Notariat işindən isə notariat orqanının digər vərəsələrin vərəsəliyə çağırılması və ya onların lazımi qaydada məlumatlandırılması üçün heç bir zəruri tədbirlərin görülmədiyi müəyyən olunur. Belə olan halda isə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi əsaslı olar.

44. Bundan başqa, cavabdeh tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizələrdə qeyd olunmuşdur ki, mərhum anasının və atasının ondan başqa vərəsəsi yoxdur. Bununla da, cavabdeh notariat orqanına miras əmlakı faktiki qəbul etmiş vərəsə haqqında məlumat verməməklə, miras əmlaka dair şəhadətnamələr almışdır.

45. Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.

46. Vərəsə olan cavabdeh isə qeyd olunan normanın əksinə digər vərəsənin olduğu yeri bildiyi halda onun vərəsəliyə çağrılması üçün hər hansı tədbir görməmişdir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında hər iki şəhadətnamədə göstərilmişdir ki, miras əmlak Şabran şəhərində yerləşən ümumi sahəsi 2,49 ha olan torpaq sahəsinin mərhum X12 və mərhum X13 düşən hissəsindən ibarətdir.

48. Göründüyü kimi şəhadətnamələrdə miras əmlakın konkret olaraq torpaq sahəsinin hansı hissəsindən ibarət olması, torpaq sahəsinin dəqiq ölçüsü göstərilməmiş və bununla da miras əmlakın həcminə dair qeyri-müəyyənliyə yol verilmişdir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir.

50. İddia tələbinin Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alqı-satqısı barəsində xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə Maraqlı şəxs2 vicdanlı olmadığını sübuta yetirmək yükü iddia tərəfinin üzərinə düşür.

51. İşdən görünür ki, Cavabdeh mülkiyyətində olan 2.0773 ha torpaq sahəsini 19 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs2 satmışdır.

52. Beləliklə, müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçi (cavabdeh) notarial qaydada təsdiqlənmiş müqavilə əsasında əşyaya sərəncam verməklə onun hüquqi müqəddəratını həll etmişdir. Bu sərəncamın da əvəzli olması iş materiallarından müəyyən edilmişdir.

53. Mübahisəli əşyanı alan şəxsin-satıcının (cavabdehin) mülkiyyət hüquqlarına dair dövlət reyestrindəki qeydinin əsassız olmasını bilməsi, yaxud həmin qeydlərə dair etirazın reyestrə daxil edildiyi mötəbər sübutlarla təsdiqlənmir.

54. Belə olan halda, Maraqlı şəxs2 vicdanlı əldə edən şəxs olduğundan satıcının vərəsəlik şəhadətnaməsi etibarsız olsa belə əşyanı vicdanlı əldə edənin bağladığı müqavilə etibarsız sayıla bilməz.

55. İddia tələbinin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin apellyasiya şikayətindən müəyyən olunur ki, torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, həmin qeydin ləğvinin mübahisələndirilməsi əsassızdır.

56. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

57. Bu qayda ona dəlalət edir ki, əşya hüquqları əldə olunarkən hətta daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsassız olsa (həqiqi hüquqi vəziyyətə görə əşyaya sərəncam verənin buna səlahiyyəti olmasa) belə, əgər əldə edən bunu bilmirsə, yaxud qeydə dair etiraz reyestrə daxil edilməyibsə hüququ əldə etmiş şəxs vicdanlı sayılır.

58. Vicdanlı əldə edən üçüncü şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının əsassızlığı onun həmin qeydin qeyri-dəqiq olmasını bildiyi halda mümkündür. Hazırkı halda isə şəxsin vicdanlı alıcı olması müəyyən olunur.

59. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. ...əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

60. Mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında vicdanlı alıcı olaraq Maraqlı şəxs2 aldığından həmin torpaq sahəsi üzərində vərəsələrin paylarının müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən, iddia tələbi “Torpağa mülkiyyət hüququna dair” JN- 0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi hissəsində də təmin edilməməlidir.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı miras əmlakdan ona çatmalı olan pay həcmində onun satılması nəticəsində əldə edilmiş pul vəsaitinə tələb irəli sürə bilər.

62. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-307 və 2V-308 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(031)-81/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestrdə 2V- 307 və 2V-308 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar