Məhkəmə qərarları › İş №2(105)-101/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-101/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-101/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X19 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçıoviçin (Əjdər oğlunun) Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(067)-291/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın təmin edilməsi, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X7 tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçıoviç (Əjdər oğlu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X7 tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsində tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan mərhum nənəsi X4 mülkiyyətində olan yaşayış evi 11 iyun 2015-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Vəsiyyətnamə Xaçmaz rayon notariat ofisi tərəfindən təsdiq edilmişdir. Həmin evdə 5-6 il o mərhum babası və nənəsi ilə yaşamışdır. Odur ki, babası da həmişə evi ona vəsiyyət edəcəyini şifahi bildirmişdir. Belə ki, həmin həyətdə 2 yaşayış evi vardır. Həmin evlərdən biri mərhum nənəsi ilə birlikdə cavabdehin mülkiyyətindədir. Ona vəsiyyət edilmiş ev yalnız mərhum nənəsinin mülkiyyətində olmaqla ona verilmişdir. Ona görə də həmin evin saxlanması və təmir işlərini onlar görmüşlər. X12 25 aprel 2021-ci ildə vəfat etmişdir. Nənəsi 88 yaşlı ağır xəstə qadın idi. Ona görə də cavabdeh və onun havadarı nənəsinin bu ağır vəziyyətindən istifadə edərək 2015-ci ildə ona vəsiyyət edilmiş evin cavabdehə vəsiyyət edilməsinə dair Yalama İƏV-də xx.xx.2019-cu il tarixdə yeni vəsiyyətnamə tərtib edilməsinə nail olmuşdur. Hesab edir ki, 2015-ci ildə Xaçmaz rayon notariat ofisinin təsdiqi ilə ona vəsiyyət edilmiş evin 2019-cu ildə yenidən cavabdehə vəsiyyət edilməsinə dair tərtib edilmiş vəsiyyətnamə nənəsi Memuranın iradəsindən asılı olmamışdır. 88 yaşında ağır xəstə olan və heç nə görməyən nənəsi öz hərəkətlərini sərbəst idarə edə bilməzdi. Həm də kor şəxsin 3 şahidin iştirakı ilə vəsiyyət sərəncamını notariusda tərtib edilməli idi. Xəbəri olmadan cavabdehin nənəsindən notariat ofisində yox, Yalama kənd İƏV-də vəsiyyətnamə tərtib edilməsi bir daha təsdiq edir ki, sonradan cavabdehin adına yazılmış vəsiyyətnamə etibarsızdır və nənəsinin iradəsinin ifadəsi deyildir. Hesab edir ki, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamə tamamilə qanunsuz tərtib edilmişdir. Qanuna əsasən kor şəxsin vəsiyyətnaməsi 3 şahidin iştirakı ilə notariat ofisində tərtib edilməli olduğu halda Yalama kənd İƏD-də 2 şahidin iştirakı ilə tərtib edilmişdir. Həmin şahidlərin şəxsiyyətinə, yaşayış yerinə dair məlumatlar tam yazılmamış və şəxsiyyət vəsiqəsi məlumatları yazılmamışdır. Hətta yoxlanılsa vəsiyyətnamə imza etmiş şəxslər nə üçün imza etdiyini belə bilmirlər. Bundan əlavə nənəsinin əsmə (parkinson) xəstəliyi olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq və qanunu səhv təfsir edərək, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyərək, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək maddi hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhv buraxılması müxtəlif formalarda təzahür edə bilər. Mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan qanunun aid olduğu subyektlərin, həmin qanunun tətbiq sahəsinin və onun tənzim etdiyi hüquq münasibətlərinin obyektinin düzgün müəyyən edilməməsi də maddi hüquq normalarının tətbiqində səhvlərə yol verilməsinə səbəb olur. Birinci instansiya məhkəməsi tam, obyektiv araşdırma aparmadığına, buna görə də işin faktiki hallarını düzgün müəyyən etmədiyinə və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmədiyinə və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyinə görə, öz qətnaməsində istinad etdiyi maddi hüquq normalarının (mülkiyyət hüququ və vərəsəliklə bağlı maddi hüquq normalarının) tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normalarını (Mülki Məcəllənin 375, 1180, 354-cü maddələri) tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını (Mülki Məcəllənin 337, 1183, 1225, 1231-ci maddələri) tətbiq etmiş və digər maddi hüquq normalarını səhv şərh etmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Mülki Məcəllənin 1180-ci maddəsini tətbiq etməmişdir. Məhkəmə miras qoyan X4 mülkiyyət hüququnu, mülkiyyəti ilə bağlı sərbəst iradə ifadəsini, o cümlədən vəsiyyətnamə qoymaq hüququnu məhdudlaşdırmışdır. Məhkəmə vəsiyyətnamənin formasının düzgün olmasını şübhə altına almaqla Mülki Məcəllənin müvafiq normalarının tələblərini pozmuşdur. Məhkəmə X1 olmasına əsas olmadan onu kor hesab edərək Mülki Məcəllənin 1183.2-ci maddəsinin düzgün olmayaraq istinad etmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi ilə ərizəni təmin etməməklə Mülki Məcəllənin 375-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, vəsiyyət edən şəxsin kor olması digər tibbi müəssisələrin tərtib etdiyi sənədlərlə təsdiq olunmur. Ayrıca məhkəmə X4 həqiqətən də vəsiyyətnamə qoyarkən kor olmasını araşdırmamışdır. Bunu ən əsası vəsiyyətnamə qoyarkən, həmin zaman prosesdə iştirak edən şahidlərin, nümayəndəliyin məsul işçilərinin dindirilməsi, eyni zamanda X4 həqiqətəndə həkim müayinəsindən məhz göz problemi ilə bağlı keçməsini araşdırılması ilə tamamlamaq olardı. Lakin iş materiallarından göründüyü kimi məhkəmə bu vəzifənin öhdəsindən layiqincə gəlməmişdir. Bundan başqa məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı ərizəni əsassız hesab etmiş və ərizəyə müvafiq qətnamədə düzgün münasibət bildirməmişdir. Əksinə məhkəmə iddia müddəti ilə bağlı maddələri qeyd etmiş, lakin həmin maddələrin hazırkı iddia tələbi ilə bağlı tətbiqini, o cümlədən hansı əsasla iddia müddətinin ötürülməməsini düzgün izah etməmişdir. Bütün bunlar isə öz növbəsində məhkəmənin mövqeyinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Məhkəmə prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilmədiyinə və onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyinə, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilmədiyinə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığına görə həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamış, həmin hissədə pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər qanunun tələblərinə uyğun olaraq düzgün göstərilməmiş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada düzgün və aydın şəkildə izah edilməmişdir. Məhkəmə iş üçün zəruri əhəmiyyət daşıyan halları araşdırmamaqla Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəməyə təqdim edilən sübutlar işə baxan məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Təqdim etdiyi sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün mühüm əhəmiyyəti olduğu halda, məhkəmə həmin sübutlarla bağlı mövqeyini qətnamədə düzgün əks etdirməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığının meyarlarından biri məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmasıdır. Buna görə də, qanunvericilik həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin etmək vəzifəsini qoyur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarına ilk növbədə mövcud olması və ya olmaması mübahisə tərəflərinin hüquq və vəzifələrinə təsir göstərən və ya göstərməyən hüquqi faktlar aiddir. İş üzrə sübutetmə predmetini təşkil edən hüquqi faktlar mübahisəli hüquq münasibətini tənzim edən hüquq normaları ilə müəyyən olunur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında mərhum Memura Sadullayevanın müqavilə ilə bağlı ona müraciət etdiyini, o isə işləri olduğuna görə 1-2 gün keçdikdən sonra onun yaşadığı evə getdiyini və özü ilə iki şahid də apardığını bildirmişdir. Vəsiyyətnamənin Memuranın evində hazırlandığını və sonuncu tərəfindən imzalandığını, lakin vəsiyyətnaməni Memura Sadullayeva özü deyil onun tərəfindən oxuduğunu bildirmişdir. O, həmçinin göstərmişdir ki, notarius mütəmadi seminarları keçirərək, onlar marifləndirilir, görmə qabiliyyəti olmayan şəxsin vəsiyyətnamələrinin təsdiqi zamanı 2 yox 3 şahid iştirakının təmin edildiyi, lakin Memura Sadullayeva gördüyü üçün vəsiyyətnamənin tərtibatı zamanı 2 şahidin iştirak etdiyini, Memuranın yaşadığı evə girərkən sonuncunun çarpayıda oturduğunu, sonradan gəlib stol arxasında əyləşdiyini bildirmişdir. Vəsiyyətnamədə yazılara məsul şəxs o olduğu üçün, eləcə də Memura yaşlı olduğundan özü tərtib etmişdir. Memura Sadullayevanın yaşı ilə əlaqədar əlləri əsdiyindən, yazı yaza bilmirdi. Lakin vəsiyyətnamənin məzmununu Memura Sadullayeva deyil, Reyhan Aslanova özü oxumuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X10 izahatında adı çəkilən əqdin bağlanması zamanı işdə olmadığından, vəsiyyətnamənin tərtibatı barədə ətraflı məlumata malik deyil. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X20 ifadəsində mərhum Memura Sadullayevanı əvvəllər tanımadığını, İnzibati Ərazi Dairəsinin əvvəlki rəhbərinin xahişi ilə işdən sonra Memura Sadullayevanın evinə getdiyini, sonuncunun yaşlı qadın olduğunu və onun verdiyi vəsiyyətnamənin tərtib edilməsində iştirak edərək şahid qismində əqdi oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X8 da ifadəsində Memuranın qızı Zemfira ilə birlikdə yaşadığını, sonuncunun anasına qulluq etdiyini, Memuranın vəfat edənə kimi səhhətinin, o cümlədən gözlərinin yaxşı gördüyünü, heç vaxt eynəkdən istifadə etmədiyini, son illərdə əllərinin əsdiyini, lakin Memurada parkinson xəstəliyinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X11 ifadəsində Memuranın vəfat edənə kimi səhhəti yaxşı olduğunu, gözlərinin yaxşı gördüyünü və heç vaxt eynəkdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X13 ifadəsində Memura Sadullayevanın gözləri yaxşı gördüyünü, hətta o, dərmanların üzərindəki balaca yazıları da özü oxuduğunu, son illər yataq xəstəsi olsa da, hafizəsi yerində olduğunu, icra nümayəndəliyinə getməsi ilə bağlı isə onda heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X15 ifadəsində anası Memuranın bacısı Zemfira ilə yaşadığını və anasına qulluq etdiyini, anası vəfat edənə kimi səhhətinin yaxşı olduğunu, gözlərinin yaxşı gördüyünü və eynəkdən heç vaxt istifadə etmədiyini, son illərdə əllərinin əsdiyini bildirmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia ərizəsində sadalanan əsaslar məhkəmə iclasında öz təsdiqini tapmaması və iddia müddətinin ötürülməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1183.1-1183.5., 1179.1, 1179.2, 1225.1-1225.3, 1231.1, 1231.2, 1243.2, 1243.3, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159, 1194, 1195, 1196-cı maddələrinə istinad etmiş, cavabdeh isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv olunaraq iddia tələbinin təmin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Lakin birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi qənaətinə gələrkən qeyd olunan maddi hüquq normalarının tətbiq edilməsini əsaslandırmamışdır. Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş ümumi sahəsi 124,8 kv.metr yaşayış evinin mülkiyyətçisi mərhum X5 məxsus olduğu və sonuncunun həmin əmlakı 11 iyun 2015-ci il tarixdə nəvəsi İddiaçıoviçə vəsiyyət etməsi, mərhum Memura Sadullayevanın 25 aprel 2021-ci ildə vəfat etməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1225.3-cü maddəsi təşkil edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.3. maddələri). İddiaçı vəsiyyətnamənin etibarsızlığının əsası kimi, vəsiyyətnamənin tərtib edilməsini nənəsinin iradəsindən asılı olmadan tərtib edilməsinə, 88 yaşında ağır xəstə olan və heç nə görməyən nənəsinin öz hərəkətlərini sərbəst idarə edə bilməməsi, həm də görmə qabiliyyəti olmayan şəxsin vəsiyyətnaməni 3 şahidin iştirakı ilə tərtib edilməli olmasına istinad etmişdir. Cavabdeh isə etirazında Memuranın görməsində heç bir problem olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, vəsiyyətnamə yalnız vəsiyyət edənin iradəsini ifadə edən birtərəfli əqddir. Buna görə də Mülki Məcəllənin 1225-ci maddəsində vəsiyyətnamənin, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda, etibarsızlığı nəzərdə tutulmuşdur. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş hərəkətdir. Göstərilən nəticələri doğurması üçün əqd qanuni olmalıdır. Əqdin qanuni olması onun Mülki Məcəllədə, habelə qanunlarda və qanun qüvvəli aktlarda əqdlərin bağlanılması üçün müəyyən olunmuş zəruri tələblərə cavab verməsini nəzərdə tutur. Əqdin həqiqiliyi üçün əqd bağlayan tərəflərin iradələri müəyyənedici əhəmiyyət kəsb edir. Şəxsin iradəsini ifadə etməyən əqd etibarsız hesab edilməlidir. Əqdin (müqavilənin) etibarsızlığı, əqdin (müqavilənin) qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığını, yəni müqavilənin bağlandığı andan qanunsuz olması deməkdir. Hazırkı mübahisə predmeti olan əqd mərhum Memura Sadullayevanın iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan əqddir. Mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi və nəhayət, müqavilə azadlığı prinsiplərinin kobud pozulması ilə bağlanmış əqd kimi dəyərləndirilməlidir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. İnsan Hüququları üzrə Avropa Məhkəməsi “ Hiro Balani İspaniya qarşı” üş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası cavabdeh bu hüququndan məhrum etməmək məqsədilə apellyasiya şikayətində vəsiyyətnamə ilə bağlı şəxslərin məhkəməyə dəvət edərək dindirilmələri barədə dəlilinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8, X15, X9 oxşar ifadələr verməklə Memura Sadullayevanın vəfat edənə kimi səhhətinin, o cümlədən gözlərinin yaxşı gördüyünü, heç vaxt eynəkdən istifadə etmədiyini, son illərdə əllərinin əsdiyini, lakin Memurada parkinson xəstəliyinin olmadığını, digər şahid X13 isə Memura Sadullayevanın gözünün yaxşı gördüyünü, lakin son illər yataq xəstəsi olsa da, hafizəsinin yerində olduğunu bildirmişlər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin işə əlavə edilmiş ambulator xəstənin tibbi kitabçasından çıxarışda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il. Diaqnoz: Hipertoniya xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, Xroniki pielonefrit QDÇ İİ dərəcə. xx.xx.2018-ci il. X2 evdə müayinəsi. Diaqnoz: OU terminal qlankoma. Fəsadlı kataratka. Hər iki gözün görməsi=0 (sıfır) xx.xx.2019-cu il. Diaqnoz: Hipertoniya xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, Xroniki pielonefrit. Eyni zamanda iş üzrə "xxxx" MMC-nin 05 fevral 2022-ci il tarixli 02 nömrəli məktubundan müəyyən olunur ki, xəstə Sadullayeva Memurada hipertoniya xəstəliyi İİ dərəcə yüksək riskli, beyin damarlarının sklerozu, parkinsonizm xəstəliyi, yəni beyin mənşəli bütün bədənin, ətraflarının əsmə xəstəliyi, qan dövranı çatışmamazlığı İİ dərəcə böyrəklərin iltihabı xəstəliyi terapevt tərəfindən aşkarlanmış, oftalmoloq tərəfindən terminal qlaukoma, fəsadlı kataratka, yəni göz təzyiqi fonunda fəsadlaşma verib. Hər iki gözün görməsi sıfıra bərabərdir. Xəstə özünü sərbəst idarə edə bilmir. Göründüyü kimi şahid ifadələrindən fərqli olaraq tibbi sənədlərdə mərhum X3 xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, yəni beyin mənşəli bütün bədənin, ətraflarının əsmə xəstəliyi, qan dövranı çatışmamazlığı İİ dərəcə böyrəklərin iltihabı xəstəliyi terapevt tərəfindən aşkarlanmış xroniki pielonefrit QDÇ İİ dərəcə. OU terminal qlankoma. Fəsadlı kataratka. Hər iki gözün görməsi=0 (sıfır). Xəstənin özünü sərbəst idarə edə bilməməsi göstərilmişdir. Bu mənada məhkəmə kollegiyası mərhum Memura Sadullayevanın barəsində tibbi sənədlərində öz əksini tapmış halları daha mötəbər sübut kimi qiymətləndirərək, yuxarıda qeyd olunan şahid ifadələrində əks olunanları isə inandırıcı hesab etmir. Başqa tibbi sənədlərlə kor olmasının təsdiq olunmadığı barədə cavabdehin nümayəndəsinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin istinad etdiyi həmin tibbi müəssisələr vəkil sorğusuna cavab olaraq mərhum Memura Sadullayevanın adları qeyd olunan tibbi müəssisələrə müraciət etmədiyini göstərmişdir. Bu isə sonuncunun həmin xəstəlikdən əziyyət çəkmədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məlumdur ki, görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır (Mülki Məcəllənin 1183.2. maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, mərhum Memura Sadullayeva görmə qabiliyyəti tam məhdud olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi vəsiyyətnamə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə tərtib edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən mübahisəli əqdin (vəsiyyətnamənin) mərhum Memura Sadullayeva tərəfindən icra edilməsi ilə bağlı rəyinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsiyyətnamə Memura Sadullayeva tərəfindən imzalanması həmin vəsiyyətnamənin mətninin onun iradə ifadəsinə uyğun olması demək deyildir. Çünki mülki qanunvericiliyin tələbi baxımından onun sözlərindən tərtib edilmiş vəsiyyətnaməni vəsiyyət edən oxumalı, şahidlərin iştirakı ilə imzalamalıdır. Həmçinin o da vurğulanmalıdır ki, mərhum Memura Sadullayevanın görmə qabiliyyəti məhdud olmasa belə vəsiyyətnamənin tərtibatı zamanı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar belə yenə də pozulmuşdur. Vəsiyyətnamə, bir qayda olaraq, vəsiyyət edən tərəfindən tərtib edilib imzalanmalıdır. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. (Mülki Məcəllənin Mülki Məcəllənin 1179.2., 1180.1., 1180.2. maddələri). Qeyd etmək lazımdır ki, qanunvericilik bu ümumi qaydadan belə bir istisna müəyyən etmişdir ki, vəsiyyətnaməni vəziyyət edənin sözlərindən notariusun yazmasına yol verilir. Belə halda vəsiyyətnamədə vəsiyyət edənin şəxsi iradə ifadəsinin düzgün əks etdirilməsinin təmin edilməsi üçün notarius vəsiyyətnaməni vəsiyyət edənin sözləri əsasında düzgün tərtib etdiyi barədə iki nəfər şahidin iştirakını təmin etməlidir. Notarius vəsiyyətnaməni vəsiyyət edənin sözləri əsasında iki nəfər şahidin yanında, yəni onların nəzarəti altında tərtib etməlidir. Notarius vəsiyətnaməni əlyazması ilə və ya hamılıqla qəbul olunmuş texniki vasitələrdən, məsələn, yazı makinasından, kompyuterdən istifadə etməklə tərtib edə bilər. Notariusun tərtib etdiyi vəsiyyətnamənin mətninin vəsiyyət edənin iradəsinə müvafiq olmasını yoxlamaq üçün o, vəsiyyətnaməni oxumalı, notariusun və şahidlərin yanında imzalanmalıdır. Vəsiyyətnamənin tərtibi zamanı göstərilən qaydalara əməl edilməməsi vəsiyyətnamənin etibarsızlığına əsas ola bilər. İşdən göründüyü kimi vəsiyyət edənin sözlərindən İnzibati Ərazi Dairəsi nümayəndəliyinin tərtib etdiyi vəsiyyətnamənin mətninin vəsiyyət edənin iradəsinə uyğun olmasını yoxlamaq üçün mərhum Memura Sadullayeva deyil, həmin əqdi onu tərtib etmiş Reyhan Aslanova oxumuşdur. Qeyd olunan hallar sonuncunun məhkəmə iclasında verdiyi izahatında da bir daha öz təsdiqini tapmışdır. Bununla yanaşı həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1188-ci maddəsinin məzmununa görə vəsiyyətnamənin tərtibatı zamanı vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Lakin 26 oktyabr 2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamənin tərtibatı zamanı şahidlər öz adlarını, soyadlarını qeyd edildiyi halda, yaşayış yerlərini əks etdirən məlumatları göstərməmişlər. Bununla da Mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsinin tələbləri pozulmuşdur. Həmçinin məhkəmə sorğusuna əsasən Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində tərtib olunmuş X4 vəsiyyətnaməsinin əsli, onun qeydiyyatdan keçdiyi reyestr jurnalının məhkəməyə təqdim edilməsi tələb edilmiş, məhkəməyə daxil olmuş reyestr jurnalında vəsiyyətnamənin verilməsində iştirak üçün dəvət olunmuş digər şahid Aminat Babayevanın imzası alınmamışdır. Halbuki bu həmin şahidin vəsiyyətnamənin tərtibatında iştirak üçün dəvət olunduğunu təsdiq edən əsas amillərdən biridir. O da nəzərə alınmalıdır ki, Aminat Babayeva dindirilmək üçün məhkəmə iclasına dəvət olunmuş, lakin iştirak etməmişdir. Reyhan Aslanova isə onun Dağıstanda yaşadığını bildirmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə isə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət (kəsici) ötürülməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mərhum Memura Sadullayeva mübahisəli vəsiyyətnaməni 26 oktyabr 2019-cu il tarixdə vermiş və 25 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə mübahisəli vəsiyyətnamənin mövcudluğundan Memura Sadullayeva vəfatından sonra miras əmlakın qəbulu zaman məlumatlı olmuş, hazırkı iddia tələbi ilə isə 18 noyabr 2021-ci il tarixdə, 1 illik müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası mövcud əqdi (vəsiyyətnaməni) təsvir edərək hesab edir ki, qeyd olunan əqd mülki qanunvericiliyin, o cümlədən mülki hüquq subyektinin bərabərliyi, onun iradə sərbəstliyi və nəhayət, müqavilə azadlığı prinsiplərinin kobud pozulması ilə bağlanmış əqd kimi dəyərləndirildiyindən, bu əqd mərhum Memura Sadullayevanın həqiqi iradə ifadəsini özündə əks etdirmədiyindən, iddia tələbi təmin edilməli, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X7 tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X7 tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar