Məhkəmə qərarları › İş №2(105)-1017/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1017/2023

07.06.2023 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1017/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılaraq mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının mənzildən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4129/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Nikah haqqında şəhadətnamənin surətinə əsasən, X6 ilə X2 arasında xx.xx.2021ci ildə rəsmi nikah bağlanmış, X1 Murquzova soyadı verilmişdir.

3. Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1421 nömrəli arayışa əsasən, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində qeydiyyatsız yaşayır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılaraq mənzilin boşaldılması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində olan fərdi yaşayış evindən Cavabdeh məxsus iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən cehiz əşyaların cavabdehin hesabina çıxarılaraq mənzilimin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinə əlavə edilmiş siyahıda cehiz əşyaları aşağıdakılardır: Künc divanı - 1 ədəd, Masa - 1 ədəd; Stul - 8 ədəd, Jurnal masası - 1 ədəd: Samsung markalı TV - 1 ədəd; TV altlığı - 1 ədəd; Qab üçün şüşəli şkaf - 1 ədəd, Güzgülü böyük dolab - 1 ədəd; Xalça (3 5 x 2,5 ölçüdə) - 1 ədəd; Divar saatı - 1 ədəd; Stolüstü saat - 1 ədəd, Taxt - 1 ədəd: Güzgülü kiçik dolab - 1 ədəd; Taxt yanında qoyulan kiçik dolab 2 ədəd; Paltar şkafı - 1 ədəd; Çilçıraq - 2 ədəd; Gecə işığı - 2 ədəd; Mətbəx masası - 1 ədəd; Mətbəx stulu - 4 ədəd; Mətbəx üçün künc divanı - 1 ədəd, Masa süfrəsi - 7 ədəd; Meyvə qabı - 4 ədəd: Çərəz qabı - 4 ədəd: Şirniyyat qabı - 2 ədəd; Gül qabı - 1 ədəd; Üç pilləli qab - 1 ədəd; Boşqab - 32 ədəd; Kasa - 12 ədəd: Nəlbəki - 17 ədəd: Mürəbbə üçün nəlbəki - 12 ədəd: Armudu stəkan və nəlbəki - 12 ədəd (hərəsindən); Plastik tefal qaşığı - 5 ədəd; Tərəvəz soyan - 1 ədəd; Çay və xörək qaşığı, yağ bıçağı, kiçik və böyük çəngəl dəsti - 6 ədəd (hərəsindən), Maqqaş - 2 ədəd; Çay süzgəci - 1 ədəd; Taxta çaydan altlığı - 1 ədəd; Nerj qazan - 2 ədəd; Dəmir podnos - 3 ədəd; Plastik podnos - 1 ədəd; Qaşıq sandığı – Yağ bıçağı - 24 ədəd; Xörək və çay qaşığı, böyük çəngəl, kiçik çəngəl, balaca çay qaşığı 12 ədəd (hərəsindən), Kəfkir - 1 ədəd; Çömçə 1 ədəd, Tort götürən 1 ədəd, Böyük xörək qaşığı 1 ədəd, Böyük qızartma çəngəli 1 ədəd, Uzunsov meyvə qabı 2 ədəd, Yemək dəsti - Xörək boşqabı balaca dayaz boşqab böyük davaz boşqab, kasa - 12 ədəd (hərəsindən) Ümumi boyük xörək boşqabı 2 ədəd (biri qapaqlı, biri qapaqsız); Bulud - 4 ədəd (biri böyük, üçü balaca), Yağ qabı - 1 ədəd; Salfet qabı - 1 ədəd; Diş çöpu qabı - 1 ədəd; Duz qabı - 4 ədəd; Çay fincanı, nəlbəki - 6 ədəd (hərəsindən); Kofe fincanı, nəlbəki - 6 ədəd (hərəsindən); Konfet qabı - 2 ədəd: Mürəbbə qabı - 2 ədəd; Qrafin - 1 ədəd: Qrafin bokalı - 6 ədəd; Araq rumkası - 6 ədəd; Çay stəkanı - 12 ədəd; Şamdan - 2 ədəd; Qaşlı bokal - 12 ədəd: Bokal - 12 ədəd: Zalın qalın pərdəsi - 1 ədəd (iki tərəfli): Zalın tül pərdəsi - 1 ədəd, Mətbəxin tül pərdəsi - 1 ədəd: Yataq otağının qalın pərdəsi - 1 ədəd (iki tərəfli), Yataq otağının tül pərdəsi - 1 ədəd: Samsung tozsoran - 1 ədəd: Ütü masası -1 ədəd. Oxlov və yuxa yayan - 1 ədəd (hərəsindən): Elektrik ət çəkən maşın - 1 ədəd. Soyuducu LG - 1 ədəd, Paltaryuyan LG - 1 ədəd, Mikser - 1 ədəd, Ədviyyat qabı - 7 ədəd (üç boyuk, dörd balaca): Termos - 1 ədəd, Elektrik çaydan-termos - 1 ədəd, Kiçik nerj qazan - 2 ədəd, Aşsüzən - 1 ədəd, Plastik qablar - 5 ədəd: Doğramaq üçün taxta - 1 ədəd: Plastik qapaqlı qab - 3 ədəd: Toster - 1 ədəd: Əl ilə firlanan doğrayıcı - 1 ədəd: Kokteyl aparatı - 1 ədəd: Blender - 1 ədəd: Odadavamlı şüşə qab - 1 ədəd: Pizza doğrayan - 1 ədəd. Fiqurlu kartof kəsən - 1 ədəd: Tort bıçağı - 1 ədəd: Tort götürən - 1 ədəd: Böyük bulud - 3 ədəd: Saxsı qapaqlı qab - 3 ədəd: Boşqab dəsti - Böyük və balaca boşqab - 6 ədəd (hərəsindən): Yumurta qabı - 6 ədəd; Nəlbəki - 6 ədəd, Fincan - 6 ədəd; Salfet qabı – 1 ədad, Balaca Kasa 4 ədad, saxsı qaşıq - 6 adəd, şəkər tozu qabı- 2 ədəd, Dəm saydanı - 2 ədəd, Plastik yağ-pendir qabı-2 ədəd, Dəmir un ələyən – 1 ədəd; Rezin yuxayayan – 1 ədəd; Rezin fırça – 1 ədəd; Su qrafinkası – 1 ədəd; Sadə çay stəkanı – 6 ədəd; Bokal – 10 ədəd; Qab şampunu qabı – 2 ədəd; Qab fırçası – 1 ədəd; Bıçaq dəsti – 5 ədəd; Bıçaq – 1 ədəd; Tefal qazan dəsti – 7 ədəd; Düşbərə kəsən – 1 ədəd; Mətbəx rəndəsi – 1 ədəd; Mantı qazanı – 4 hissəli; Qazan dəsti – 3 ədəd; Cam – 1 ədəd; Fit çalan çaydan – 1 ədəd; Dəmir tort çərçivəsi – 1 ədəd; Çörək qabı – 1 ədəd; Böyük düyü qabı – 3 ədəd; Ləyən – 1 ədəd; Tutacaq – 2 ədəd; Plastik ədviyyat qabı – 3 ədəd; Uşaq çimizdirmək üçün vanna – 1 ədəd; Uşaq qorşoku – 1 ədəd; Paltar vannası- 1 ədəd; Döşəmə silən və vedrəsi – 1 ədəd (hərəsindən); Döşəmə silən əski – 1 ədəd; Zibilyığan və süpürgə - 1 ədəd (hərəsindən); Ütü Braun – 1 ədəd; İynə-sap qabı – 1 ədəd; Gün eynəyi – 2 ədəd; Daraq – 2 ədəd; Paltar şotkası – 1 ədəd; Qadın çantası – 5 ədəd; Qadın çəkməsi – 4 cüt; Qadın ayaqqabısı – 6 cüt; Taxt döşəyi və yorğanı – 1 ədəd (hərəsindən); Taxt matrası – 1 ədəd; Günlük ağ pərdə - 3 ədəd; Sintefon yastıq – 2 ədəd; Yastıq – 4 ədəd; Döşək – 2 ədəd; Yorğan – 2 ədəd; Qadın çəkələyi – 2 cüt; Əl-üz dəsmalı – 27 ədəd; Hamam dəsmalı – 10 ədəd; Taxt yorğandöşək ağı – 7 dəst; Yorğan-döşək ağı – 3 dəst; Çay dəsmalı – 13 ədəd; Taxt örtüyü – 2 ədəd; Taxt döşək ağı və yastıq üzü – 1 dəst; Sintefon yorğan – 2 ədəd; Kiçik ölçülü ayaqaltı xalça – 4 ədəd; Mətbəx əl dəsmalı – 1 ədəd.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dilbazi küçəsində yerləşən fərdi yaşayış evi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatı rəhbərinin təsdiq etdiyi eskiz layihəsi əsasında inşa edilməklə ona məxsus olmaqla ailə üzvləri ilə həmin evdə yaşayır. Evin yerləşdiyi torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına Seriya MA ******* nömrə ilə xx.xx.2009-cu il tarixli Çıxarış verilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr kitabının 109 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh ilə oğlu X6 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və mülkiyyətində olan qeyd edilən ünvanda müvəqqəti yaşamışlar. Cavabdeh gəlin köçən vaxt gətirdiyi cehiz əşyaları da həmin ünvandadır. 2022-ci ilin aprel ayında cavabdehin valideynləri, qardaşı və dayısı yaşadıqları evə gələrək qızlarının ailə içində yaşamaq istəmədiyini bildirərək onu özləri ilə aparmaq istədiklərini bildirmişdirlər. Onlar əksinə bildirsələr də, valideynləri razılaşmayıb qızlarının ayrı yaşamaq istəyində qərarlı oldular. Cavabdeh də onlarla razılaşaraq cehiz əşyalarını mənzildə qoyub özünə və uşağa aid geyim əşyalarını, qızıllarını da götürüb valideynləri ilə getmişdir. Onunla bir neçə dəfə əlaqə saxlayıb qayıtmasını bildirsələr də onlarla birlikdə yaşamaq istəmədiyini və bir daha onun evinə qayıtmaq istəmədiyini bildirmişdir. Cehiz əşyaları isə hazırda onun evindədir. Evdə onunla bərabər ailə üzvləri yaşayır. Cavabdehin cehiz əşyalarının evində olması onun mənzilindən sərbəst istifadə və sərəncam hüququnu pozur. Cavabdehin əşyalarının işlənib xarab olmaması üçün istifadə etmir. Özünə aid əşyalarını isə evinə yerləşdirib istifadə edə bilmir. Cavabdehin cehiz əşyalarının mənzilində olması onun öz mənzilindan istifadə hüququnu demək olarki, tam məhdudlaşdırmaqla pozur. Bu səbəbdən də əşyalarını götürməsini və mənzilinin boşaldılmasını tələb etsə də cavabdeh bunu könüllü etmir. Ona görə də məcbur olub pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4129/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Cəmilə Səfiyeva)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi, Mülki Məcəlləsinin 152.1-ci maddəsi və Mənzil Məcəlləsinin 30.1-ci maddəsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

10. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cehiz əşyaların çıxarılmasını tələb etmişdir. Cavabdeh iddiaçının evinə gəlin köçmüşdür və hal-hazırda iddiaçının oğlu ilə bağlanmış nikahı pozulmamışdır. Cavabdehin nikahdan bir övladı da var. Cavabdehin bəhs edilən fərdi yaşayış evinə istifadə hüququ var. Cavabdehin iddia tələbində sadalanan əşyaları saxlamaq üçün hal-hazırda yeri yoxdur, lakin həmin əşyaları sahibsiz də qoymamışdır. Qətnamə qəbul olunan zaman birinci instansiya məhkəməsi cavabdehin fərdi yaşayış evinə istifadə hüququnun olduğunu və həmin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatda olmadığını nəzərə almamışdır.

11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil və bu səbəbdən də fərdi yaşayış evinə istifadə hüququ yoxdur və həmin səbəbdən də öz əşyalarını evdən çıxarmağa borcludur. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən digər qohumları (həmçinin gəlini), mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar (yetkinlik yaşına çatmamış övlada baxan gəlin və nəvə) mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Beləliklə, cavabdeh ailə üzvü hesab edilir və nikah pozulmayana qədər fərdi yaşayış evindən istifadə hüququna malikdir. Birinci instansiya məhkəməsi bu halı nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, bu maddi hüquq normasının pozulması (düzgün tətbiq edilməməsi) qətnamənin ləğvi üçün əsasdır.

12. Qətnamədən görünür ki, iddiaçının oğlu ilə cavabdehin nikahda olması faktı, cavabdehin fərdi yaşayış evinə istifadə hüququnun olması faktı, sadalanan əşyaların cehiz kimi iddiaçının öz razılığı ilə iddiaçının evinə gətirilməsini və hal-hazırda onları yerləşdirmək üçün boş sahəsinin olub-olmaması məsələsini araşdırmamışdır. Bununla da birinci instansiyası məhkəməsi prosessual hüquq normasını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolu

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən görünür ki, tərəflər arasında hazırkı mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri xx.xx.2021-ci il tarixdə (iddiaçının oğlu ilə cavabdeh arasında rəsmi nikahın bağlandığı və mübahisəli fərdi yaşayış evinə iddiaçının gəlin köçməsi tarixi) yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilməli norma kimi 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları əsas götürülməlidir.

38. İşin tədqiq olunan faktiki hallarından aydın olur ki, hazırkı mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla, İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş və ona məxsus olmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzildən gözlənilən mülkiyyət hüququ olduğundan, o, hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

40. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

41. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh iddiaçının oğlu ilə ailə qurarkən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi cavabdehin həmin evə gəlin köçməsindən əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur.

42. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.

43. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

44. Digər tərəfdən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər.

45. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cehiz əmlakları çıxarmaq istədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində olan fərdi yaşayış evi İddiaçı məxsus olan 4 sot torpaq sahəsində tikilmiş mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da İddiaçı istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki halları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun digər müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi də nəzərə alınmalıdır.

48. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

50. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdeh mübahisəli evə qanuni gözlənti hüququ olan şəxsin gəlini olmuş və hazırkı sahibin ailə üzvü hesab olunmur.

51. Belə ki, cavabdeh iddiaçıya münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir.

52. Cavabdehin mübahisə predmetini təşkil edən daşınmaz əmlaka dair heç bir hüquqi bağlılığı qalmadığından və mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən istifadə hüququ yaranmadığından məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının cehiz əşyalarının çıxarılaraq mənzilin boşaldılması barədə iddia tələbi əsaslı və qanunidir.

53. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)- 4129/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4129/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar