Məhkəmə qərarları › İş №2(3-8)-154/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-154/2026

03.03.2026 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-154/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qanunsuz istifadəsindən alınması, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X24 və X12 ibarət tərkibdə, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh3 nümayəndə və vəkili Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qanunsuz istifadəsindən alınması, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlər və digər şəxslərin qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınması, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən öz hesablarına əşyaları ilə birlikdə boşaldılaraq çıxarılması, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinin xahiş edirəm hissəsində cavabdehlərlə yanaşı digər şəxslərin də çıxarılması göstərilmişdir. Ona görə də hazırda iddianın həmin hissədə həcmini azaldaraq digər şəxslərə qarşı tələbin iddia ərizəsindən çıxarılması kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evini X3ndan 50.000 manata almışdır. Ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********60 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Evi aldıqdan sonra orada yaşaya bilməmiş, başqa evi olduğundan digər evində yaşamış, evi aldıqdan sonra iki dəfə evə getmişdir. Övladı da sümük xərçəngi xəstəliyi olduğundan 14 noyabr-18 noyabr 2023-cü il tarixlərində ailəsiylə Türkiyə Respublikasına getmiş, daha sonra isə anası dünyasını dəyişmiş və bu səbəblə həmin müddətlərdə də evə gedib-gələ bilməmişdir. Sonradan isə aldığı evə dair mübahisənin olduğunu bilmiş, ya evini, ya da pulunun qaytarılmasını istəmiş, ona bir az səbirli olmağı, evin əvvəlki sahibləri ilə əvvəlki alıcıları arasında mübahisənin olmasını və onlara heç bir aidiyyatının olmaması deyilərək məhkəmə araşdırmalarının nəticələrini gözləməyini tövsiyə edilmişdir. Bakı Apellyasiya Məhkəməsində də üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Bu yaxın vaxtlarda da mübahisə üzrə Ali Məhkəmə tərəfindən qərar qəbul edilərək evi və torpaq sahəsini ona satan şəxs X13 vicdanlı alıcı hesab edilmişdir və iddiaçıların iddiası ona qarşı təmin edilməmişdir. Lakin hal-hazırda da evinə və torpaq sahəsinə sahib ola bilmir, oranı zəbt edən cavabdehlər evini və torpağını boşaltmırlar.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ünvan 1 saylı fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınması, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən öz hesablarına əşyaları ilə birlikdə boşaldılaraq çıxarılması, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 157.2, 157.4, 139.1, 139.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq işin faktiki halları qismində müəyyən edilmişdir ki, guya iddiaçının onların yaşadığı evə dair mülkiyyət hüquqları vardır. İddiaçı qeyd etmişdir ki, guya onun tikdiyi fərdi yaşayış evini almış və ora cavabdehlər tərəfindən sonradan zəbt edilmişdir. Halbuki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı onun tikdiyi və yaşadığı evi deyil, X3ndan Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,03 ha torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********60 reyestr nömrəsi ilə xx.xx.2023cü il tarixində qeydiyyata alınmışdır. Yəni, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilməklə bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********60 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi onun tərəfindən qeyd edilən alqı-satqı müqaviləsindən 10 il əvvəl 2013-cü ildə aşağıdakı sənədlərə əsasən tikilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən sözügedən 0.06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında tikintisinə razılıq verilmiş, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Şöbəsi ilə razılaşdırılmış "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsi ilə sözügedən torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə tikintisi planlaşdırılmışdır. Fərdi yaşayış evi tikiləndən ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Hər hansı şəxsə nə fərdi yaşayış evini, nə də torpaq sahəsini satmamışdır. İddiaçının onun tikdiyi və ailəsi ilə 13 ildir ki, yaşadığı fərdi yaşayış evinə hər hansı mülkiyyət hüququ olmadığı halda, məhkəmə istinad edilən maddi hüquq normalarını işə səhv tətbiq etmişdir. Həmin fərdi yaşayış evi üzərində onun və ailəsinin sahiblik və istifadə hüquqları vardır, mülkiyyət hüququ gözləntiləri vardır. Evi tikinti norma və qaydalarına uyğun, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz və sərəncam əsasında inşa etmişlər. Azərbaycan Republikasının Konstutusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” 15 yanvar 2010-cu il tarixli qərarında belə bir mövqe ortaya qoymuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Hazırk halda əmlak – yəni yaşayış evi şəxsi vəsaitim hesabına inşa edilməklə mənim və ailəm üçün faktiki mövcud olmaqla maddi dəyər ifadə edir və onu qanunvericiliyə uyğun olaraq özəlləşdirmək və digər hüquqları həyata keçirmək gözləntiləri yaratmışdır. İddiaçı isə həmin fərdi yaşayış evinə hər hansı vəsait sərf etmədən və alqı-satqı etmədən hansısa hüququnun olmasını iddia edir, məhkəmə də bunu təmin edir ki, işin bu faktiki halında iddiaçı ilə cavabdehlərin həmin fərdi yaşayış evinə eyni hüququnun (bərabərlik hüququnun) olmasından söhbət gedə bilməz və bu nətucə absurddur. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 139-cu maddələrinə istinad etsə də, hazırkı halda iddiaçının fərdi yaşayış evinə hansı əsasla mülkiyyət hüququna malik olması barədə heç bir əsaslı dəlilə və sübuta istinad etməmişdir. Lakin məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla iddia təmin edilmişdir. Məhkəmə tərəfindən iddiaçının onun müvafiq icra hakimiyyəti orqanının razılığı və sərəncamı ilə tikdiyi fərdi yaşayış evinə iddiaçının hər hansı hüququnun olmasının təsdiq edilmədiyini və sübuta yetirilmədiyini nəzərə almadan iddianın təmini üçün qanuni əsasların olmaması nəzərə alınmamış, işin faktiki halları düzgün qiymətləndirilmədən iddia təmin edilmişdir. Məhkəmə həmin sübutu sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmaqla, heç bir qiymət vermədən rədd etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmə iddianı təmin etməsi ilə bağlı iddiaçının təqdim etdiyi hallara istinad etmiş, formal qətnamə çıxarmışdır. İşin düzgün həlli ücü̧n mühüm əhəmiyyət kəsb edən yuxarıdakı obyektiv və qanuni nəticə üçün əhəmiyyətli olan əsas hallar ilə bağlı bütün faktiki halları araşdırmamışdır. Məhkəmənin guya iddiaçının fərdi yaşayış evinə hüququnun olması və bu hüququn cavabdehlər tərəfindən pozulması barədə gəldiyi nəticələr sübut edilməmiş, heç bir mötəbər dəlilə əsaslanmır.

10. Cavabdeh2 apellyasiya şikayəti Cavabdeh3 apellyasiya şikayəti ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd etmişdir ki, satıcı X21 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi satıcı tərəfindən alıcıya 20.000 manata satılmışdır. Sözügedən müqavilə üzrə Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən sözügedən 0.06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında tikintisinə razılıq verilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Şöbəsi ilə razılaşdırılmış "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsi ilə sözügedən torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə tikintisi planlaşdırılmışdır. Həmin evlərdən biri – hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evi Cavabdeh2 oğlu, bu iş üzrə digər cavabdeh Akif Bayramov tərəfindən inşa edilmiş, digərini isə o, inşa etmişdir. O, xx.xx.2015-ci il tarixli etibarnamə ilə oğulları Cavabdeh3 və Cavabdeh1 xx.xx.2065-ci il tarixinədək bütün əmlakını idarə etməyi, o cümlədən: satmaq, bağışlamaq və s. səlahiyyətləri etibar etmişdir. O, (etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 vasitəsilə) ilə alıcı X17 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi 12.000 manata alıcı tərəfindən satıcıya satılmışdır. X10 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X5 ilə alıcı X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən sözügedən 0.06 ha torpaq sahəsi satıcı tərəfindən alıcıya 70.000 manata satılmışdır. X7 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X3 ilə (etibarnamə əsasında nümayəndəsi X18 vasitəsilə) alıcı X19 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən sözügedən 0.06 ha torpaq sahəsinin 0.03 hissəsi satıcı tərəfindən alıcıya 48.000 manata satılmışdır. X11 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. X3 ilə (etibarnamə əsasında nümayəndəsi X20 vasitəsilə) alıcı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən sözügedən 0.06 ha torpaq sahəsinin 0.03 hissəsi satıcı tərəfindən alıcıya 50.000 manata satılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Prokurorluğunun 2-2-303-xid-224 nömrəli məktubunda müəyyən edilmişdir ki, Cavabdeh2 24-174-xx-xx-002242 nömrəli müraciəti Bakı şəhər prokurorluğuna xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixdə müraciət qanunamüvafıq qaydada baxılmasının təmin edilməsi üçün aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin 4/2- 3192 nömrəli xx.xx.2024- cü il tarixl məktubunda bildirilmişdir ki, vətəndaş Cavabdeh2 müraciəti əsasında 15-ci PB-də toplanmış material araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin 52/2-39841/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubu və qoşmasına əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iş üzrə cavabdeh X17 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 barəsində ********* saylı cinayət işinin istintaqı aparılır, vətəndaş Cavabdeh2 əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də toplanmış HK-1/1957 saylı material 24 aprel 2024cü il tarixli qərarla qeyd edilən cinayət işinə əlavə edilməklə araşdırma davam etdirilir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, X22 xx.xx.2023-cü il tarixindən və X17 xx.xx.2024-cü il tarixindən ölkə hüdudlarından kənara çıxmış və Azərbaycana Respublikasına qayıtmamışlar. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evini X3ndan 50.000 manata almış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********60 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Lakin evinə və torpaq sahəsinə sahib ola bilmir, oranı zəbt edən cavabdehlər evini və torpağını boşaltmırlar. Məhkəmə düzgün olaraq hüquqi dəyərləndirmə apararaq qeyd etmişdir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndə və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli əmlak cavabdehlər tərəfindən inşa etdirilib və həmin evdə ailələri ilə birgə yaşayırlar. İddiaçı yalnız torpaq sahəsinə dair alqı-satqı müqaviləsini təqdim edir, torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə münasibətdə isə hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmənin iddia tələbini təmin etməsi təmsil etdiyi şəxsin sahiblik və istifadə hüququnu pozmuşdur. İddiaçı fərdi yaşayış evinin onun müıkiyyətində olmasına dair hər hansı sübut təqdim etməyib. Apellyasiya şikayətinin əsas dəlili məhz bundan ibarətdir. Cavabdehlər evi heç vaxt tərk etməmiş, öz tikdikləri evdə özləri yaşamışlar. İş materiallarından da görünür ki, fərdi yaşayış evini mülkiyyətçi Cavabdeh2 özü satmamış, oğluna etibarnamə vermiş, ev barədə dəfələrlə alqı-satqı müqaviləsi bağlanmışdır, ona görə də hazırda dələduzluqla bağlı istintaqda araşdırma gedir. İddiaçının nümayəndə və vəkilini zaman qazanmaq üçün apellyasiya şikayəti vermə barədə dedikləri həqiqəti əks etdirmir. Alqı-satqı predmeti yalnız torpaq sahəsi olmuş, fərdi yaşayış evinə münasibətdə alqı-satqı müqaviləsi bağlanmamış, iddiaçının evə dair rəsmi sənədi yoxdur. Apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, iş materiallarında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var, təmsil etiyi şəxs vicdanlı alıcı hesab edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş, fərdi yaşayış evinin bazar dəyəri müəyyən edilmişdir. Məhəmmədi kəndində heç kəs 50000 manata torpaq sahəsi almazdı. Təmsil etdiyi şəxs torpaq sahəsini evlə birgə alıb, ev torpaq sahəsi alındıqdan sonra tikilməyib. Cavabdehlər fərdi yaşayış evində yaşamamış, iddiaçının bir müddət həmin ünvanda olmamasından istifadə edərək evə girmişlər. Hazırda isə evdən çıxmaq niyyətləri yoxdur. Cavabdehlər mübahisəli əmlakda yaşasa idilər, fərdi yaşayış evi alqı-satqı vasitəçisi tərəfindən satılanda ən azından öz etirazlarını bildirərdilər. Belə hal isə baş verməmişdir. Eyni zamanda, həmin əmlakla bağlı hər hansı mübahisənin olduğunu görən heç kəs 50000 manat məbləğində pul vəsaitini verərək əmlak satın almaz. Evin alıq-satqısı zamanı Cavabdeh2 Türkiyədə olmuş, baş verənlərdən xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında ona izah edilmişdir ki, evin satıldığı şəxsə, yəni Mübarizə qarşı iddia qaldırmaq hüququ var, lakin ondan sonrakı alıcılar vicdanlı alıcılardır, hüquqlarını müdafiə etdiyi şəxs isə sonuncu alıcıdır, cavabdehlərlə heç bir tanışlığı, əlaqəsi olmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,03 ha torpaq sahəsini alıcı İddiaçı 50000 manata satmışdır.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********60 reyestr nömrəsi ilə xx.xx.2023cü il tarixində qeydiyyata alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 1172/2025 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X17, X13, X18, X14, (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, X22 və İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinə dair Bakı şəhər 11 saylı Notariat Ofisində bağlanmış 4Ə-947 reyestri nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq sahibinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddiaçı, tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət ədərək, Cavabdeh1 ilə X17 arasında Bakı şəhəri 11 nömrəli Notariat Ofisində bağlanmış 4Ə-947 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; X17 ilə X13 arasında Bakı şəhəri, 18 nömrəli Notariat Ofisində bağlanmış 4Ə- 155 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; X13 ilə X19 arasında Bakı şəhəri, 15 nömrəli Notariat Ofisində bağlanmış 4Ə- 243 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, 11 nömrəli Notariat Ofisində bağlanmış 4Ə-947 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi əsasında X15 verilmiş çıxarışın ləğv edilməsi; Bakı şəhəri, 18 nömrəli Notariat Ofisində bağlanmış 4Ə-155 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 adına verilmiş çıxarışın ləğv edilməsi; Bakı şəhəri, 15 nömrəli Notariat Ofisində bağlanmış 4Ə-243 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X11 adına verilmiş çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-460/2024 saylı 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim R. Mirzəliyev) iddia təmin edilmiş, Cavabdeh1 ilə X17 arasında Bakı şəhəri, 11 saylı Notariat Ofisində bağlanmış 4Ə947 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X17 ilə X13 arasında Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanmış 4Ə-155 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X13 ilə X19 arasında Bakı şəhəri, 15 saylı Notariat Ofisində bağlanmış 4Ə-243 reyestr nömrəli xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanmış 4Ə-947 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X10 adına Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-də aparılmış qeydiyyat və onun adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, 18 saylı Notariat Ofisində bağlanmış 4Ə-155 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X7 adına Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-də aparılmış qeydiyyat və onun adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhər 15 saylı Notariat Ofisində bağlanmış 4Ə243 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X11 adına Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsinə dair DƏDRX-də aparılmış qeydiyyat və onun adına verilmiş çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, cavabdeh Səbuhi Abbasovun istifadəsində olan 0,06 ha torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 qaytarılması, Cavabdeh2 12.000 manatın alınaraq X15, X8 70.000 manatın alınaraq X9, X4 48.000 manatın alınaraq X14 verilməsi qət edilmişdir. Cavabdehlər X19 və X13 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5705/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - X17 ilə X13 arasında 4Ə-155 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X13 ilə X19 arasında 4Ə-243 reyestr nömrəli, xx.xx.2023ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 4Ə-155 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X7 adına Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRdə aparılmış qeydiyyat və onun adına verilmiş çıxarışın ləğv edilməsi, 4Ə-243 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli alqısatqı müqaviləsi əsasında X11 adına Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsinə dair DƏDR-də aparılmış qeydiyyat və onun adına verilmiş çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, cavabdeh Səbuhi Abbasovun istifadəsində olan 0,06 ha torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 qaytarılması, X8 70.000 manatın alınaraq X9, X4 48.000 manatın alınaraq X14 verilməsi hissələrində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 1172/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5705/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu

13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

21. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiaysı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən sözügedən 0.06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında tikintisinə razılıq verilmişdir. Cavabdeh2 xx.xx.2015-ci il tarixli etibarnamə ilə oğulları Cavabdeh3 və Cavabdeh1 xx.xx.2065-ci il tarixinədək bütün əmlakını idarə etməyi, o cümlədən satmaq, bağışlamaq və s. səlahiyyətləri etibar etmişdir. Etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 ilə X17 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi 12.000 manata alıcı tərəfindən satıcıya satılmışdır. X10 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X5 ilə alıcı X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən sözügedən 0.06 ha torpaq sahəsi satıcı tərəfindən alıcıya 70.000 manata satılmışdır. X7 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X3 ilə (etibarnamə əsasında nümayəndəsi X18 vasitəsilə) alıcı X19 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən sözügedən 0.06 ha torpaq sahəsinin 0.03 hissəsi satıcı tərəfindən alıcıya 48.000 manata satılmışdır. Torpağın digər 0,03 ha hissəsi isə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavisi”nə əsasən 50.000 manata satılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X5 ilə alıcı X13 arasında bağlanmış alqı-satqı müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5705/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə X13 vicdanlı əldə edən hesab edilərək, iddia tələbi təmin edilməmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının yalnız torpaq sahəsini alması və cavabdehin torpaq sahəsi üzərində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Göründüyü kimi qanuna əsasən torpaq sahəsi və üzərindəki evlə birlikdə vahid daşınmaz əmlak obyekti sayıldığından, xüsusi bir istisna nəzərdə tutulmadığı halda, mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması səbəbindən onun altında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan torpaq sahəsinin alqı-satqısının evə şamil olunmaması əsaslı və ağılabatan hesab olunmur.

26. Bundan başqa iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5705/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsinin 61-ci bəndindən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsi onun üzərində yerləşən evlərlə birlikdə Cavabdeh2 oğlu Cavabdeh1 tərəfindən X15, X17 tərəfindən isə X1 ki, bununla da İddiaçı da torpaq sahəsini evlə birlikdə X6 alması müyyən olunur. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4652/2025 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar