Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1019/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(012)-4735/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(012)-4735/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında 0.018 ha ölçülü torpaq sahəsində yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(012)-4735/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı ilə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.018 ha ölçülü torpaq sahəsində yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) əmlakda real dəyərinin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ünvan 2 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsində ½ hissə olan payını almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payının dəyəri olan 40 000 manat pul məbləğinin alınaraq ona ödənilməsi, payın dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsindən imtina edildiyi təqdirdə həmin əmlakın boşaldılaraq açıq hərracda satılması, əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddiaçının ünvan 2 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ yarandığı 02.06.2020-ci il tarixdən həmin evin açıq hərracda satılaraq payların mülkiyyətçilər arasında bölünən günədək aylıq 300 manatın mənzildən istifadə edən cavabdehdən tutularaq mənzildən istifadə edə bilməyən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, 2016-cı ildə atası ölmüş, atasının evini satmış, 2007-ci ildə iddiaçı ilə nikaha daxil olmuş, 2007-ci ildən 2016-cı ilə kimi iddiaçı həmin evdə qeydiyyatda olmayıb. Ev atasının vəfatından sonra anasının adına keçmişdi. Həmin evi satıb Masazırda 2 sot torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən evi almışdır. İddiaçını Masazırdakı evə qeydiyyata salmış, qeydiyyata saldıqdan 3 ay sonra aralarında yüngül ailədaxili münaqişə baş vermiş və iddiaçının anası gəlib onu aparmışdır. Bir ildən sonra boşanmışdır. İddiaçı ondan 40 min manat pul istədi, əks təqdirdə evdən pay verməyini dedi. Həmin evdə ondan başqa anası, bacısı və övladları qeydiyyatdadır. O, 25000 manat təklif etmiş, iddiaçı qəbul etməmişdir. İndi heç bir halda iddiaçı onunla razılaşmır. Ev hərracla satılsa ona 20000 manat pul veriləcək. Həmin pulla nə iddiaçı, nə özü ev ala bilməz. 800 manat əmək haqqı alır, onun 400 manatı aliment üçün tutulur. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(012)-4735/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində və izahatında görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli e- 2(012)-4080/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsinə İddiaçı pay hüququ müəyyən edilmiş, İddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 200 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla ümumilikdə cəmi 230 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsi Cavabdeh adına 27.02.2018-ci il tarixdə, ½ hissəsi isə İddiaçı adına 02.06.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli e- 2(012)-455/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin ona məxsus ½ hissəsi olan payın Cavabdeh məxsus ½ paydan naturada ayrılması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanlandığı 03.05.2021ci il tarixli təklifdən görünür ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin ½ hissədə müəyyən edilmiş payının əvəzinə, Cavabdeh tərəfindən ona 40000 manat ödənilməklə həmin payını almağı təklif etmiş, əks halda həmin payı başqa şəxsə satmasının və ya açıq hərracda satılması üçün məhkəməyə müraciət etməsinin mümkünlüyünü bildirmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əzizova X1 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Xaqani küçəsi döngə 3, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əzizov X2 rayonu, Masazır kəndi, Xəqani küçəsi, döngə 3, ev 7 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 03.08.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Şəki Rayon Məhkəməsinin 22.04.2019cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikaha xitam verilmiş, tərəflər birgə nikah dövründə ünvan 4 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsini əldə etmişlər. Abşeron Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli, e-2(012)-4080/2019 saylı qətnaməsi ilə həmin fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin tərəflərin hər birinin ½ hissəsinə payları müəyyən edilmiş, qeyd olunan daşınmaz əmlaka dair Abşeron Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, e-2(012)-455/2021 saylı qətnaməsi ilə iddiaçının ona məxsus ½ hissəsi olan payının cavabdehə məxsus ½ hissə paydan naturada ayrılması barədə iddia tələbi rədd edilmiş, iddiaçı ona məxsus payının cavabdeh tərəfindən 40 000 manata alınması, əks təqdirdə başqa şəxsə və ya açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi barədə cavabdehə təklif göndərmiş, lakin cavabdeh tərəfindən təklifə cavab verilmədiyindən iddiaçı həmin tələblə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədləri istinad edərək iddia tələbini ünvan 2 ünvanında 0.018 ha ölçülü torpaq sahəsində yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsində təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 32, Mülki Məcəllənin 213, 220, maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iş üzrə düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən umumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Həmçinin həmin Qərardan o da görünür ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 2 ünvanında 0.018 ha ölçülü torpaq sahəsində yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə gəldiyi nəticədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(012)-4735/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1019/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1019/2022
17.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver