Məhkəmə qərarları › İş №2(105)-102/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-102/2021

21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-102/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(012)-1713/2019 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(012)-1713/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şöbəsinə qarşı əşyaların qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(012)-1713/2019 saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, keçmiş əri X1 qarşı Abşeron rayonu, Saray qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia tələbi Abşeron Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli, 2(012)-903/2014 saylı qətnaməsi ilə təmin ediilmiş, həmin mənzilin açıq hərracdan satılması hesabına əldə edilmiş vəsaitin 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə X1 verilməsi qət edilmişdir. Qeyd edilən mənzil hərrac vasitəsi ilə Cavabdeh1 satılmış, lakin, Abşeron rayonu, Saray qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzili satıldıqdan sonra ona məxsus uzunluğu 3 metr olan döşəmə üçün 8 ədəd taxta, 10 ədəd şifer, 1 ədəd stenka mebel, 1 ədəd divan, 1 ədəd divan döşəyi, 2 ədəd çarpayı, 1 ədəd taxt, 1 ədəd çilçıraq, 1 ədəd mətbəx mebeli, 1 ədəd qaz sobası, 3 ədəd döşək, 1 ədəd qabyuyan, 3 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd palaz, 1 ədəd xalça, 3 ədəd ədyalı həmin mənzildə qalmışdır. Ona görə də, həmin əşyaların və ya onların dəyəri 9820 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 avqust 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 9.3, 14.2, 77.1, 217-ci madələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı və Cavabdeh2 şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh2 şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Abşron Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli, 2(102)-903/2014 saylı qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin X3 və Sevdimaliyeva Hürü Qərib qızı arasında paylarına mütanasib surətdə bölünməsi və pul vəsaitinin 2/3 hissəsinin İddiaçı Qərim qızına, 1/3 hissəsinin isə X1 verilməsi qət edilmişdir. “xxxx” MMC-nin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 22 yanvar 2016-cı il tarixli müqavilə və “xxxx” Hərracın nəticələri haqqında Y-14 saylı protokoldan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzil 27.000 manata Cavabdeh1 tərəfindən alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2(009)-1369/2016 saylı qətnaməsi ilə iddiaçı Sevdimaliyeva Hürü Qərib qızının iddiası təmin edilib, onun mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin qiymətləndirilməsinə dair “xxxx” MMC tərəfindən tərtib olunmuş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22 may 2015-ci il tarixli, 15-384 saylı hesabatın etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan “ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilinin satılması ilə əlaqədar “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” 22 yanvar 2016-cı il tarixli, Y-14 saylı protokolun etibarsız hesab edilməsi, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 saylı mənzilinin orta bazar qiymətinin 31500,0 manat olduğu əsas götürülməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-903/2015 saylı, 24 fevral 2015-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pulun cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-dən müştərək qaydada tutularaq, “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2016-cı il tarixli, 2(103)- 9127/2016 saylı qərardadı ilə iddiaçı Sevdimaliyeva Hürü Qərib qızının cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı iddiasından imtinası qəbul edilmiş, iddiaçı Sevdimaliyeva Hürü Qərib qızı və Cavabdeh1 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmişdir 1) İddiaçı mübahisə predmeti olan evi (ünvan 1, mənzil 1) 1(bir) ay müddətinə cavabdehdən 32,500 manat ödəməklə almağı öhdəsinə götürur; 2) cavabdeh həmin evi yuxarıda göstərilən şərtlərlə iddiaçıya satmağı öhdəsinə götürür; 3) alqı-satqı ilə bağlı xərclər qanuna əsasən ödənilir; 4) tərəflər bu saziş ilə mülki işin icraatına xitam verilməsini və mübahisəli mənzilin üzərinə qoyulmuş iddianın təmin tədbirinin ləğv olunmasını xahiş edirlər, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə 16 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iraata xitam verilməsi, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli qərardadı ilə iddianın təmin tədbirinin ləğv olunması və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2017-ci il tarixli, 2(102)-3407/2017 saylı qərarı ilə iddiaçı Sevdimaliyeva Hürü Qərib qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2016-cı il tarixli, 2(103)-9127/2016 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. İşin tədqiq edilən hallarından görünür ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzili satıldıqdan sonra həmin ünvanda qalmış ona məxsus uzunluğu 3 metr olan döşəmə üçün 8 ədəd taxta, 10 ədəd şifer, 1 ədəd stenka mebel, 1 ədəd divan, 1 ədəd divan döşəyi, 2 ədəd çarpayı, 1 ədəd taxt, 1 ədəd çilçıraq, 1 ədəd mətbəx mebeli, 1 ədəd qaz sobası, 3 ədəd döşək, 1 ədəd qabyuyan, 3 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd palaz, 1 ədəd xalça, 3 ədəd ədyalı tələb edir. İş materiallarında olan qəbzdən görünür ki, 28 sentyabr 2016-cı il tarixdə Yusifov X9 rayonu, Saray qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzildə yerləşən avadanlıqları və materialları X2 təhvil vermiş, tərəflər bu halı imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021ci il tarixli, 9/1437 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə 3 metr olan döşəmə üçün 1 ədəd taxta, 1 ədəd şifer, 1 ədəd stenka mebel, 1 ədəd divan döşəyi, 1 ədəd çilçıraq, 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd yastıq, 1 ədəd palaz, 1 ədəd xalça və 1 ədəd ədyal ekspertiza tədqiqatı aparılan zaman tədqiqata təqdim edilsə də, hazırki vəziyyətdə istifadəyə yararsız olması səbəbindən onların qiymətsiz olması hesab olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər. bu şərtlə ki, iddiaçı ona vurulmuş ziyanın əvəzinin cavabin təqsiri üzündən pozulması hallarını sübuta yetirə bilsin. Lakin iddiaçı H.Q.Sevdimalıyeva Cavabdeh1 və Cavabdeh2 şöbəsi tərəfindən zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021ci il tarixli, 9/1437 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(012)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. aQətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar