Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-102/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X19 Cavabdeh qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: təmir-tikinti üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X37 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı X19 nümayəndəsi X15 (sonuncu məhkəmə iclasında gəlməmişdir), nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 (sonuncu məhkəmə iclasında gəlməmişdir) iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-78/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Qusar rayon qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X24 xx.xx.2014-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır.
2. Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X24 ilə İddiaçı arasındakı nikah Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Bundan sonra qadın “Əhmədova” soyadını qəbul etmişdir.
3. Qusar rayon İcra şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 2009/22 saylı icraata vərəsəlik və ya hüquq varisinin əvəz edilməsi haqqında qərardan görünür ki, icraat zamanı ölmüş X3 əvəzinə onun hüququ varisi həyat yoldaşı Cavabdeh müəyyən edilmişdir.
4. Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli X-1388 saylı məktubdan görünür ki, Qusar rayon Notariat ofisinə xx.xx.2022-ci il tarixində Cavabdeh, xx.xx.2022-ci il tarixində vəfat etmiş mərhum X3 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciəti daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə 349 reyestr nömrəli vərəsəlik işi açılmışdır və Cavabdeh tərəfindən mərhum X3 miras qalmış əmlak üzrə vərəsəliyi qəbul olunmuşdur.
5. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli ƏEV/Y 05-005/23 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısına qoyulmuş sualın birinci hissəsinə əsasən iddiaçı X19 Cavabdeh qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair 2(029)-871/2022 saylı iş üzrə Qusar rayonu Urva kəndində yerləşən yaşayış evinin halhazırkı vəziyyətdə 09 yanvar 2023-cü il tarixinə bazar dəyəri 29700 (iyirmi doqquz min yeddi yüz) manat təşkil edir. Ekspert qarşısına qoyulmuş sualın ikinci hissəsinə əsasən iddiaçı X19 Cavabdeh qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair 2(029)-871/2022 saylı iş üzrə Qusar rayonu Urva kəndində yerləşən yaşayış evinin təmir olunanadək olan vəziyyətdə 09 yanvar 2023-cü il tarixinə bazar dəyəri 26000 (iyirmi altı min) manat təşkil edir.
6. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli ƏEV/Y 05-005/23 saylı məktubundan görünür ki, xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 250 (iki yüz əlli) manat təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7728-9/7821 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu, Urva kəndində yerləşən fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma və təmir işlərinin 2018-2019-cu illər üzrə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 18571 manat məbləğində olduğu müəyyən olunur. İş həcmləri smetada ayrı-ayrılıqda ətraflı göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X33 Cavabdeh qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kimi 10696 (on min altı yüz doxsan altı) manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı X33 tələbini onunla əsaslandırmışdır ki, o, X3 və Cavabdeh oğlu X10 ilə 2013-cü ildə nikahı qeydiyyat orqanında qeyd etdiməklə ailə həyatı qurmuş, həmin nikahdan 10 aprel 2014-cü il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra Rasim Vəlibəyovla birlikdə bir müddət Rasimin valideynlərinə məxsus olmaqla Qusar rayonu Urva kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan Rasimin valideynləri ilə bir yerdə yaşamaqları çətinlik yaratdığına görə X3 adına olmaqla Qusar rayonu Urva kəndində yerləşən 10 ha həyətyanı torpaq sahəsində onun valideynlərinin maddi və fiziki köməyi ilə 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini tikmiş və 2019-cu ildən başlayaraq həmin evdə azyaşlı uşağı ilə birlikdə yaşamağa başlamışlar. Qeyd olunan və İlhanə Vəlibəyovanın adına olan torpaq sahəsində yaşayış evinin tikintisi qarşılıqlı razılıq əsasında valideynlərinin, xüsusilə atası Seymur Əhmədovun zəhməti və maddi köməkliyi sahəsində aparılmışdır. Evin tikintisi üçün vəsait olmadığına görə atası özünə məxsus pay torpaq sahəsini satmaqla əldə olunan vəsait hesabına qeyd olunan evin tikintisini başa çatdırmışlar. Sonradan ailə münasibətləri pozulmuş və onun ağır ürək xəstəliyinə görə Rasim Vəlibəyov aralarında olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, azyaşlı Yusif onun himayəsində saxlanılmışdır. Bundan başqa, Rasim Vəlibəyovdan azyaşlı Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat aliment alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin vaxtdan da Rasim Vəlibəyov valideynlərinə məxsus evə qayıdaraq orada yaşamağa başlamış, o, isə azyaşlı oğlu Yusiflə birlikdə birgə nikah dövründə inşa etdikləri bir mərtəbəli evdə yaşamışdır. X8 onun yuxarıda qeyd olunan, valideynlərinin köməyi sayəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmağı barədə iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onun Qusar rayonu Urva kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 28 aprel 2021- ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X5 məxsus fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsində məhkəmə qeyd etmişdir ki, “Qusar rayonu Urva kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi X17 Vəlibəyovun arvadı olmuş İddiaçı özünün ailə üzvü hesab etməklə mübahisəli evə köçürsə də, sonuncunun həmin evdən istifadə etməsi həmin şəxslə Rasim Vəlibəyovun arasında olan ailə hüquq münasibətlərindən asılı olmuşdur. Belə ki, İddiaçı ilə İlhanə Vəlibəyova arasında evdən istifadə hüququnun əmələ gəlməsi barədə heç bir yazılı müqavilə bağlanmamış və həmin şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sonradan İddiaçı ilə Rasim Vəlibəyovun arasında olan nikah pozulmuş və bununla da, İddiaçı mülkiyyətçi İlhanə Vəlibəyovanın ailə üzvləri sırasından çıxmışdır. Hazırda İddiaçı İlhanə Vəlibəyovanın keçmiş ailə üzvüdür. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə İddiaçı mübahisəli evə dair istifadə hüququ yaranmamış, ailə hüquq münasibətlərindən irəli gələn evdən istifadə etmək hüququ isə itirilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həqiqətən də, İddiaçı tərəfindən İlhanə Vəlibəyovanın mübahisəli evə dair mülkiyyət hüququna əsassız müdaxilə baş vermiş və ona görə də, həmin müdaxilə aradan qaldırılmalı, mülkiyyətçi İlhanə Vəlibəyovanın mülkiyyət hüququ müdafiə olunmaqla İddiaçı həmin evdən çıxarılmalıdır. Məhkəmə İddiaçı həmin evin onun valideynlərinin vəsaiti hesabına inşa edildiyi barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin hal evə dair mülkiyyət hüququnun, o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz, belə bir hal mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair İlhanə Vəlibəyovanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmiş, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmə İddiaçı həmin dəlillərini qəbul etmir”. Bununla da, məhkəmə qətnaməsi ilə onun Rasim Vəlibəyovla nikahda olduğu müddətdə yuxarıda qeyd etdiyi evin mülkiyyətçisi olan İlhanə Vəlibəyovanın ailə üzvü kimi həmin evin qanuni istifadəçisi və sahibi olduğu, orada qanuni şəkildə yaşadığı, lakin, Rasim Vəlibəyovla boşandıqdan sonra həmin istifadə hüququnun itirildiyi təsdiq olunmuşdur. Qusar rayon məhkəməsi onun istifadə hüququ itirildikdən sonra orada yaşamağının İlhanə Vəlibəyovanın mülkiyyət hüququnu pozduğu qənaətinə gəlmiş və həmin şəxsin mülkiyyət hüququnu müdafiə edərək onun həmin evdən çıxarılmağını qət etmişdir. O, aşağıda qeyd etdiyi xərcləri isə həmin evdə qanuni şəkildə yaşadığı və evin qanuni sahibi olduğu müddətdə çəkmişdir. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisinin başa çatdırılması və təmir edilməsi üçün onun tərəfindən aşağıdakı xərclər çəkilmişdir: Ustaya xərclənən pul - 2500 (iki min beş yüz) manat, qaz və işığın sayğacına verilən pul - 320 manat, ağdağ suvaq, divar kağızı,alcıpan, boya, emulsiyaya verilən pul - 1300 (min üç yüz) manat, fanerkaya, pol ağaclarına verilən pul 360 (üç yüz altmış) manat, taxtaya verilən pul - 1320 (min üç yüz iyirmi) manat, dam öıltiyünə verilən pul - 2200 (iki min iki yüz) manat, sement norm suvaq -646 (altı yüz qırx altı) manat, kabelə verilən pul - 200 (iki yüz) manat, elektrik ustaya - 50 ( əlli) manat, plastik pəncərəyə - 8 ədədinə - 1200 (min iki yüz) manat, əlavə təmir ücün verilən pul - 300 (üç yüz) manat, bakıdan maşına verilən pul – 300 (üç yüz) manat-cəmi 10696 (on min altı yüz doxsan altı) manat. Beləliklə qeyd olunan evin ümumilikdə tikintisi və təmiri üçün 10696 (on min altı yüz doxsan altı) manat məbləğində xərc çəkmişdir. Həmin xərcləri o, atasının maddi köməkliyi, həmçinin özünün qızıl-zinət əşyalarını satmaqla çəkmişdir. Həm də həmin xərcləri o, evin vicdanlı sahibi olaraq çəkmişdir. Çünki, həmin xərcləri çəkərkən o, İlhanə Vəlibəyovanın ailə üzvü olmuşdur, sonuncu həmin evin onların ailəsinə məxsus olduğunu, orada onların daimi yaşayacaqlarını, evin onunla Rasim Vəlibəyovun mülkiyyətinə keçəcəyini bildirmişdir. O, səhhətində yaranmış problemlərlə əlaqədar ümumiyyətlə işləyə bilmir, açıq ürək əməliyyatı keçirmiş və keçmiş həyat yoldaşı tərəfindən nikahın pozulmasının əsas səbəbi də bu olmuşdur. Hazırda cox ağır vəziyyətdə atasına məxsus evdə yaşayır. 10 aprel 2014-cü il təvəllüdlü oğlu Yusif də onun himayəsindədir. Bundan başqa, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bundan sonra Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsinin icrası məqsədi ilə Qusar Rayon İcra Şöbəsi tərəfindən vəfat etmiş şəxsi onun vərəsəsi ilə əvəz etmək məqsədi ilə ölüm faktının təsdiq edilməsi üçün Qusar Rayon Qeydiyyat Şöbəsinə, X3 ölümündən sonra miras qalmış əmlaklarına vərəsəliyin qəbul edilib-edilmədiyi barədə Qusar Rayon Notariat Ofisinə sorğular verilmişdir. Qusar Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/Q106-19 saylı sorğuya cavab məktubunda X3 xx.xx.2022- ci il tarixdə ölməsi və bununla bağlı 0208 saylı ölüm haqqında akt qeydi aparildığı bildirilmişdir. Qusar Rayon Notariat Ofisinin 17 iyul 2022-ci il tarixli X-829 saylı sorğuya cavab məktubunda mərhum X3 ölümündən sonra miras qalmış əmlaka dair sonuncunun əri Cavabdeh müraciətinə əsasən vərəsəlik işinin açıldığı bildirilmiş və bundan sonra Qusar rayon İcra və Probasiya şöbəsinin rəisi X21 xx.xx.2022-ci il tarixli Qərarı ilə X3 hüquqi varisi onun həyat yoldaşı Cavabdeh müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi X8 vəfat etdiyindən və onun ölümündən sonra miras qalmış əmlakı vərəsəsi olan əri Cavabdeh qəbul və idarə etdiyindən, İlhanə Vəlibəyovanın miras passivi, yəni üçüncü şəxslər qarşısında olan öhdəlikləri Cavabdeh keçmiş və bu səbəbdən də, həmin şəxs onun hazırkı iddiası üzrə cavabdehlik daşıyan şəxsdir. Halhazırda o, tikintisinə və təmirinə xərc çəkdiyi fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə İlhanə Vəlibəyovanın mülkiyyətindədir, həmin əmlaklar Cavabdeh tərəfindən vərəsəlik yolu ilə faktiki olaraq, həmçinin notariat orqanına ərizə verilməklə həmin şəxsə keçmiş, onun öz yaxşılaşdırmalarını isə həmin evdən ayırmaq mümkün deyildir. Belə olan halda, həmin yaxşılaşdırmaların dəyəri, yəni 10696 (on min altı yüz doxsan altı) manat məbləğində pul Cavabdeh tutularaq ona verilməlidir. Həmçinin, onun tərəfindən dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və mübahisəli evin dəyəri 29700 manat müəyyən edilmişdir. Bundan başqa, ilkin iddia ərizəsində iddiaçının atasının usta olması, usta kimi mübahisəli evin təmir-tikintisində birbaşa iştirak edərək gördüyü işlərin dəyəri qeyd olunmamışdır. İddiaçının atasının gördüyü işlərin dəyəri təxminən 4400 manat təşkil edir. Odur ki, hazırda idda tələbinin həcminin artırılmasına zərurət yaranmış və ona görə də, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmi artırılaraq Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkiləb xərcin əvəzi kimi 15000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, həmin iddianı qəbul etmir və aşağıdakı əsaslara görə hesab edir ki, iddia tamamilə qanunsuz və əsassızdır, rədd edilməlidir. Belə ki, Qusar rayonu Urva kəndində yeləşən 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə həyat yoldaşı İlhanə Vəlibəyovaya məxsus olmuşdur. Həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla **********70- 10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X33 onun keçmiş gəlinidir. Belə ki, həmin şəxs 11 iyul 2013-cü il tarixdə oğlum X10 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Qusar rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən onların aralarındakı nikah pozulmuşdur. İddiaçı onun oğlu ilə ailə həyatı qurduqdan sonra gəlin kimi onların yaşadıqları evə köçmüş, bir müddət keçdikdən sonra isə oğlu X25rdan ayrı, başqa bir evdə yaşamaq istəmişlər və özləri üçün ev əldə edənədək müvəqqəti olaraq onların başqa bir oğlu üçün özlərinə məxsus torpaq sahəsində inşa etdikləri və həyat yoldaşı İLhanə Vəlibəyovanın mülkiyyətində olan evə köçərək orada yaşamağa başlamışlar. Rena Əhmədova onun oğlundan ayrılandan sonra oğlu özünün əvvəl yaşadığı evə, yəni onların yanına qayıtmış, Rena Əhmədova isə həmin evdən çıxmayaraq orada yaşamaqda davam etmişdir. Dəfələrlə həmin şəxsdən həmin evdən çıxmasını tələb etsələr də, həmin şəxs həmin evdən çıxmayacağını bildirmişdir. Bu səbəbdən də, X1 Əhmədovanın onlar tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(029)-504/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X38 rayonu Urva kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 28 aprel 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həyat yoldaşı X11ma məxsus fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Sonradan həyat yoldaşı İlhanə Vəlibəyova vəfat etmiş və həmin fərdi yaşayış evi vərəslik yolu ilə onun mülkiyyətinə keçmişdir. Rena Əhmədovanın guya həmin evdə yaxşılaşdırma işlərini aparması tamamilə yalandır, onun atası 3 gün evin bünövrəsi tikilərkən, 3 gün isə evin damı qoyularkən sadəcə usta kimi köməklik göstərmiş, lakin evin tikintisinə hər hansı pul xərcləməmişdir. Odur ki, iddiaçının həmin evə görə hər hansı xərc çəkməsi əsası ilə ondan pul tələb etməsi qanunsuzdur. Odur ki, hesab edir ki, X19 iddiası əsassız və qanunsuz olduğundan tam rədd edilməlidir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, evi əvvəldən o tikmişdir, əvvəl iplər çəkilmiş, bünövrə atılmış, birinci çay daşı hörülmüş, sonra mişar daşından hörülmüşdür. Evin birinci mərtəbəsinin tikilməsi üçün usta pulu min manat təşkil etmişdir. Evin ikinci mərtəbəsinin tikintisində o, iştirak etməmiş, özləri tikmişlər. Evin tikintisində evin sahibləri özləri də iştirak etmişdir. Ev tikiləndə 80-100 kisə sement alınmışdır. Evin birinci mərtəbəsini tikdikdən sonra o, başqa iş tapıb orada işləmişdir. Həmin evə dam vurulmasında o, iştirak etmişdir. Evə tirləri özləri almışlar. Qalan dörd kub taxtanı o, almışdır. Dəmiri Bakı şəhərindən almışdır. Dam vurulanda mismardan başlayıb nə lazımdısa özü almışdır. Ona borclu olan iki nəfər ona dam vurmağa kömək etmişdir. O, dam vuranda cavabdeh tərəf orada olmayıb. Səkkiz pəncərəni o, sifariş verib almışdır. Pəncərələrə min manatdan yuxarı pul vermişdir. Qusarçaydan nə lazımdısa gətirib bir otağı təmir etmiş, divar kağızına kimi vurulmuş, sanitar qovşağı qoyulmuşdur. Yuxarıda göstərdiyi işləri, çəkdiyi xərcləri qızına hədiyyə etmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, mübahisəli evin dam örtüyünün vurulmasında iştirak etmişdir. Onu həmin evin dam örtüyünün vurulması üçün Əhmədov Seymur dəvət etmişdir. O, dam qurtarana kimi iştirak etmiş, təxminən bir həftə orada işləmişdir. Onun gördüyü işin dəyəri ***-**** manatdır. Dam vurduğuna görə cavabdeh tərəfindən ona pul ödənilməmiş, onun Seymura borcu olmuş, həmin borcun əvəzi olaraq o, pulsuz işləmişdir. Dam vurulanda o, Seymur, cavabdehin oğlanları olublar. O, dəqiq neçə kvadrat metr dam vurduğunu bilmir, təxminən 90 kvadrat metr olmuşdur. O, öz əmək haqqını 900 manat qiymətləndirmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Seymur onun dayısıdır. Onun qazel markalı maşını var, bir dəfə evin damını bağlamaq üçün Piral kəndindən dörd kub taxta gətirmişdir. Taxta gətirməyə Əhmədov Seymur və Tahir adlı şəxslə getmişdir. Tahiri onlara kömək etmək üçün aparmışdır. O vaxt taxtanın bir kubunun qiyməti 400 manat olardı. Taxtanın pulunu onun yanında Əhmədov Seymur ödəmişdir. Bir dəfə də Xaçmaz rayonu Qusarçay kəndində olan mağazadan üç min manatlıq material gətirmişdir. Qusarçaya onunla Rena, sonuncunun anası və atası gəlmişdir. Qusarçaydan ağdaş, giper, alçipan, reka almışlar. Qusarçayda aldığı malların pulunu Seymur ödəmişdir. Cavabdeh həmin vaxt onlarla olmamışdır, həmin malların pulunun cavabdeh tərəfindən ödənilməsi barədə məlumatı yoxdur.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cavabdeh onun qonşusudur, evlərinin arasında 50 metr məsafə var. İddiaçının atası evin bünövrəsi qoyulanda üç gün orada işləyib, qalan işlərin hamısını cavabdeh özü görüb. Orda iddiaçının atasından başqa gələn şəxslər də işləyib. Evin damını da iddiaçının atası bağlayıb.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Şirinbalanı o, həmin torpaq sahəsini alandan orda görmüşdür, onun həyətində günə 15 manat fəhlə kimi işləmişdir. Həmin torpaq sahəsində çiy kərpiçdən köhnə tikili olmuş, o, oranı söküb, torpağı öz həyətinə aparmışdır. Cavabdeh evin bünövrəsindən dam vurulana kimi orada işləyib. Seymur da orda işləyib. O, bünövrədə işləməmiş, ancaq kərpic gətirən vaxtı işləmişdir. Seymuru orda evin damını bağlayanda usta kimi işlədiyini görmüşdür. Evin bünövrəsindən o, fəhlə kimi işləmişdir. Seymurun evin bünövrəsində işlədiyini görməmişdir. O, həmin vaxt mühafizədə işləyirdi, evdə olan vaxtlarda kömək etmək üçün orda işləmişdir. O, orda Fərrux və Ramaldini görmüşdür.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Şirinbalanın həyətində usta işləmişdir, özü və oğlanları da işləyib, ona pulu Şirinbala vermişdir. O, evin bünövrəsində işləməmiş, evin şkaturkasını vurmuşdur.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Şirinbalanın həyətində usta işləmiş, bir mərtəbənin hörgü işini o görmüşdür. O, ora işləməyə gedəndə evin aşağı hissəsi tikilmiş hazır vəziyyətdə idi. O, evin birinci mərtəbəsini tikmişdir. Evin kürsüsü hazır idi, sonrasını o, payasaya kimi tikmişdir. Evin birinci mərtəbəsində və damın tikintisində iştirak etməmişdir. O, evin bünövrəsində işləməmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Şirinbala onun qonşusudur, Cavabdeh orda evi təzə tikib. Evinə lazım olan materialları cavabdeh öz həyətində yer olmadığına görə onun həyətinə töküb. Evin bünövrəsini cavabdehin qudası yəni Seymur tikdiyini görmüşdür.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, Şirinbalanın evində o, hörgü işi və suvaq işi görmüşdür. O, evin kürsüsünün tikintisində işləməmiş, evin birinci mərtəbəsində hörgü işini işləmişdir. O, evin damın tikintisində işləməmişdir. Evin damının kim tərəfindən vurulduğunu bilmir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, Seymuru üç gün evin bünövrəsi tikiləndə görmüş, altı gün isə evin damının quraşdırılması zamanı görmüşdür.
22. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-78/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kimi 9526 (doqquz min beş yüz iyirmi altı) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul vəsaitin tutularaq iddiaçı X22 verilməsi, iş üzrə 250 (iki yüz əlli) manat təşkil edən ekspertiza xərcinin Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov).
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rena Əhmədova sözügedən evə köçdüyü vaxtdan, yəni 2019-cu ildən Rasim Vəlibəyovla boşandığı vaxtadək həmin evdən qanuni şəkildə istifadə etmiş, həmçinin evin mülkiyyətçisi olmasa da, yaşadığı müddətdə keçmiş əri birlikdə həmin evin sahibi olmuşdur. Bundan başqa, qeyd olunan fərdi yaşayış evinin tikintisi və yaşayış üçün yaralı hala salınması 2019-cu ildə başa çatsa da və iddiaçı həmin evə köçüb yaşamağa başlasa da, həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmamışdı və yalnız Rena Əhmədova ilə Rasim Vəlibəyovun arasındakı nikah məhkəmə tərəfindən pozulduqdan sonra həmin ev mülkiyyət hüququ üzrə İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmışdır Bundan başqa, yuxarıda qeyd edildiyi kimi iddiaçı həmin evi keçmiş əri ilə birlikdə özününkü hesab etməklə həmin evin onun ərinin mülkiyyətinə keçəcəyini ümid etmiş və məhz bu məqsədlə atasının köməkliyi ilə qeyd olunan xərcləri çəkmişdir. Buna baxmayaraq, həmin ev xüsusi mülkiyyət hüququ üzrə iddiaçının və keçmiş ərinin deyil, mərhum qaynanası İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmış və iddiaçı çəkdiyi xərclərin müqabilində əldə edəcəyini ümid etdiyi əmlakdan məhrum olmuşdur. Odur ki, məhkəmə hüquqi dəyərləndirmə zamanı Mülki Məcəllənin 1091, 1092ci maddələrinin tətbiqini də zəruri hesab edir və belə qənaətə gəlir ki, işin faktiki halları ilə həmin maddələrin dispozisiya şərtləri də uzlaşmaqdadır. Çəkilmiş xərclərin məbləğinə gəldikdə isə məhkəmə tədqiqatı zamanı iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə həmin xərclərin 9526 manat olması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə xərcin məbləğinə dair hissədə iddiaçının dəlilləri ilə qismən razılaşır.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinnin 157.5, 157.6, 157.7, 385.1, 386.1, 1091.1, 1091.2, 1093.1, 225.2, 666.1-cı, Ailə Məcəlləsinin 34.1-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 117.1 və 118.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-78/2023 nömrəli qətnaməsinin qismən (iddia tələbinin təmin olunan hissəsində) ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qismən əsassız hesab edir. Belə ki, mübahisəli evin mülkiyyətçisi İlhanə Vəlibəyova olmuş və o, 2021-ci ildə ölmüşdür və məhkəmə onun əri – Cavabdeh onun vərəsəsi kimi qəbul edərək hazırkı iş üzrə cavabdeh qismində tanımışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh o halda cavabdeh kimi tanına bilərdi ki, o, arvadı, mübahisəli mənzilin mülkiyyətçisi İlhanə Vəlibəyovanın vərəsəsi kimi ondan miras qalan mübahisəli evi qəbul etmiş olardı. Bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 1243cü (mirasın qəbul edilməsi ilə bağlı) maddəsinin və 1307-ci (vərəsənin borclu qarşısında məsuliyyəti ilə bağlı) maddəsinin tələbləri pozulmuşdur. İş materillarında olan Qusar Rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, X-1388 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh tərəfindən mərhum X3 miras qalmış əmlak üzrə vərəsəliyi qəbul olunmamışdır. Buna baxmayaraq məhkəmə Cavabdeh qəbul etmədiyi miras əmlak üzrə miras passivi kimi qəbul etmiş və onu hazırkı iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməsi üçün 2 halı – şahid ifadələrini və evin tikintisi zamanı tikinti materiallarının alınmasına dair təqdim edilmiş sənədləri əsas götürmüş və hər iki hal üzrə müəyyən edilmiş məbləğləri hesablamaqla yekun olaraq 9526 manat müəyyən etmişdir. Halbuki, istər şahid ifadələri, istərsə də tikinti materiallarının alınmasına dair təqdim edilmiş 2 ədəd sənədlər (xx.xx.2019-cu il tarixli qaimə-faktura və tarixsiz qəbz) iş üzrə mötəbər sübutlar hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilən tikinti materiallarının alınmasına dair təqdim edilmiş 2 ədəd sənəddə konkret olaraq tikinti ilə bağlı xərclərin nə qədər təşkil etdiyi, həmin məbləğin kim tərəfindən ödənildiyi və həmin materialların məhz mübahisəli ev üçün alındığı müəyyən olunmur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən şahidlərin ifadələrində də mübahisəli ev üçün xərcin nə qədər təşkil etdiyi, konkret olaraq xərcin kim tərəfindən çəkildiyi təfsilatı ilə müəyyən olunmur. Həmçinin, məhkəmənin əsas sübut kimi qəbul etdiyi şahid ifadələrini verən şəxslər iddiaçının atası ilə yaxın münasibətdə olmaları diqqətdən qaçmır. Məhkəmənin mübahisəli qətnaməsində iddia tələbinin 9526 manat hissəsində təmin edilməsinə dair məhkəmənin konkret mövqeyi yoxdur. Belə ki, məhkəmə 9526 manat məbləği necə əldə etdiyini qətnamədə göstərməmiş, sadəcə şahid ifadələrinə və tikinti materiallarının alınmasına dair təqdim edilmiş 2 ədəd sənədlərə istinad etmişdir. Nəticədə məhkəmə, heç bir mötəbər sübuta əsaslanmayan, iddiaçı tərəfdən təqdim edilən şahid ifadələrində səslənən rəqəmləri və kim tərəfindən ödənilməsi və alınması şübhə altında olan sənədlərdə tam göstərilməyən rəqəmləri toplamaqla 9526 manat müəyyən etmiş və bu hissəsində iddia tələbini təmin etmişdir. Bu isə özlüyündə məhkəmənin mövqeyinin əsassız olduğuna dəlalət edir. Halbuki, cavabdeh tərəfin əldə etdiyi faydanın mümkünlüyü, həmin faydanın məhz iddiaçının vəsaiti hesabına əldə olunmasına dair kifayət qədər sübutun olmaması da Mülki Məcəllənin157.6 və 157.7-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir.
27. Məhkəmə iddiaçının hazırkı iddia ərizəsi üçün subyektiv hüququnun olması məsələsini diqqətdən qaçırtmışdır. Belə ki, istər iddia ərizəsindən, istərsə də iddiaçı tərəfin, iddiaçının atasının ifadəsindən müəyyən olunur ki, cavabdehdən tələb olunan pulun böyük hissəsi iddiaçının atasına məxsus olub, eyni zamanda usta pulu kimi tələb olunan pul iddiaçının atasına çatmalı olan puldur və ona aiddir. Belə olan halda cavabdehdən həmin pul vəsaitinin tələb edilməsi iddiaçı tərəfindən deyil, onun atası tərəfindən irəli sürülməliydi. Bu hal isə hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olmamasına dəlalət edir. Lakin məhkəmə tərəfindən bu hala diqqət yetirilməməsi özlüyündə MPM-in 2, 4, 5, 10, 14, 15, 46, 49, 50, 59, 60-cı maddələrinin tələblərinə əməl edilməməsi anlamına gəlir. İş materiallarından müəyyən olunur ki, mübahisəli evin mülkiyyətçisi İlhanə Vəlibəyova iddiaçının fərdi yaşayış evindən çıxarılmağı barədə iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının Qusar rayonu Urva kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 28 aprel 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İlhanə Vəlibəyovaya məxsus fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir.
28. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsində məhkəmə qeyd etmişdir ki, “...Qusar rayonu Urva kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi X17 Vəlibəyovun arvadı olmuş İddiaçı özünün ailə üzvü hesab etməklə mübahisəli evə köçürsə də, sonuncunun həmin evdən istifadə etməsi həmin şəxslə Rasim Vəlibəyovun arasında olan ailə hüquq münasibətlərindən asılı olmuşdur. Göründüyü kimi, iddiaçının mübahisəli evə münasibəti yalnız ailə hüquq münasibətlərindən asılı olmuş və bu hal sözügedən qətnamə ilə öz təsdiqini tapmışdır. Ailə hüquq münasibətlərindən çıxış edərək mübahisəli mənzildə yaşaması iddiaçının həmin mənzillə bağlı hər hansı bir hüquq, o cümlədən çəkilmiş xərclə bağlı pul tələb etmək hüququ vermir. Həmçinin, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 520/2021 saylı qətnaməsində müəyyən olunmuşdur ki, “...məhkəmə İddiaçı həmin evin onun valideynlərinin vəsaiti hesabına inşa edildiyi barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin hal evə dair mülkiyyət hüququnun, o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz, belə bir hal mülki qanunvericilikdə nəzərdə tutulmamışdır”. Göründüyü kimi, iddiaçı hələ məhkəmənin icraatında olan 2(029)-520/2021 saylı mülki iş üzrə hazırkı iddia tələbinin əsasını təşkil edən halları məhkəmədə irəli sürmüş və bu hallara işə baxan məhkəmə tərəfindən münasibət bildirilmişdir.
29. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tələb olunan pulun bir hissəsi ona məxsus qızılların satışından əldə olunmuş pulun xərclənməsinə aiddir. Lakin bununla bağlı sözügedən qızılların mövcudluğu, həqiqətən satılması və satışdan əldə olunan pulun tikinti işlərinə sərf edilməsi ilə bağlı hər hansı bir sübut müəyyən olunmur. Ümumiyyətlə istər iddia ərizəsində, istər iddiaçı tərəfin ifadəsində, istərsə də iddiaçının atasının ifadəsində tələb olunan pulun həqiqətən də iddiaçı tərəfə məxsusluğu, necə əldə olunması, necə xərclənməsi ilə bağlı müxtəlif fikir ayrılığı mövcuddur. Məhz bu fikir ayrılığına məhkəmə tərəfindən qiymətin verilməməsi iddia tələbinin təmin olunması hissəsində təəssüf doğurur.
30. Məhkəmə mübahisəli qətnaməsində göstərmişdir ki, “...iddiaçı həmin evi keçmiş əri ilə birlikdə özününkü hesab etməklə həmin evin onun ərinin mülkiyyətinə keçəcəyini ümid etmiş və məhz bu məqsədlə atasının köməkliyi ilə qeyd olunan xərcləri çəkmişdir. Buna baxmayaraq, həmin ev xüsusi mülkiyyət hüququ üzrə iddiaçının və keçmiş ərinin deyil, mərhum qayınanası İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmış və iddiaçı çəkdiyi xərclərin müqabilində əldə edəcəyini ümid etdiyi əmlakdan məhrum olmuşdur. Odur ki, məhkəmə hüquqi dəyərləndirmə zamanı Mülki Məcəllənin 1091,1092-ci maddələrinin tətbiqini də zəruri hesab edir və belə qənaətə gəlir ki, işin faktiki halları ilə həmin maddələrin dispozisiya şərtləri də uzlaşmaqdadır.” Göründüyü kimi, məhkəmə öz nəticəsini ehtimala əsaslandırmış və iddiaçının gələcəkdə mövcud olacaq niyyətini əsas götürərək iddianı əsaslı saymış və bu əsası Mülki Məcəllənin 1091 və 1092-ci maddələri ilə pərdələmişdir. Halbuki sözügedən normaların hazırkı mübahisə ilə bağlı hər hansı bir bağlılığı müəyyən edilmir və məhz bu səbəbdən məhkəmənin sözügedən normalara əsas kimi istinad etməsi həmin normaları tələblərinin məhkəmə tərəfindən pozulmasıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
31. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
32. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
33. Məhkəmə kollegiyasının iclasında işirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2-ci Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
39. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
40. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
41. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
42. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
46. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
50. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
52. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-78/2023 nömrəli qətnaməsini iddia tələbinin təmin edilən hissəsində mübahisələndirirək iddia tələbinin tamamilə təmin edilməməsini xahiş etmişdir.
53. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi evin təmir-tikintisinə çəkilən xərcin əvəzi olan tutulmalı pul məbləği hissəsində dəyişdirilməli, ekspertiza xərci cavabdehə aid edilməlidir.
55. Əvvəla qeyd edilməlidir ki, tərəflər arasındakı mübahisə İddiaçı ilə cavabdehin oğlu X7 birgə nikah dövründə iddiaçının qayınanası İlhanə Vəlibəyovaya məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş tikilli ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı Qusar rayonu Urva kəndində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş pul vəsaitinin yarısının cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
56. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin oğlu 2013cü ildə il tarixdə rəsmi nikaha daxil olmuş, 2022-ci ildə onların nikah münasibətlərinə xitam verilmişdir. Həmin müddətdə 2018-2019-cu illərdə Qusar rayonu Urva kəndində yerləşən torpaq sahəsi üzərində İddiaçı ilə X7 birgə nikah dövründə tikili inşa edilmişdir.
57. İş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Qusar rayonu Urva kəndində yerləşən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyərinin təqribən 18571 manat olması müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
60. Göründüyü ki, hazırkı iş üzrə mübahisəli əmlakın ər-arvadın birgə nikah dövründə tikilmiş sayılması üçün Konstitusiya Məhkəməsinin qərarlarında öz əksini tapmış hər iki şərti mövcuddur. Cavabdeh tərəf isə əksini sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
61. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
62. Apellyantın “İlhanə Vəlibəyovanın vərəsəsi kimi ondan miras qalan mübahisəli evin qəbul etməməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
63. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, lakin iddiaçı öz iddia tələbinin əsasını təşkil etdiyi halları sübuta yetirə bilmişdir.
64. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
65. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,
2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
66. Kollegiya hesab edir ki, tikiliyə sərf edilmiş 18571 manat pul vəsaiti bərabər bölünməli, 9285,5 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.
67. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 9285,5 manat Cavabdeh alınaraq iddiaçı X22 verilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-78/2023 nömrəli qətnaməsi çəkilmiş xərcin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kim 9285,5 (doqquz min iki yüz səksən beş manat əlli qəpik) manat alınaraq iddiaçı X22 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X9, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.