Məhkəmə qərarları › İş №2(105)-103/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-103/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Mənzil müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-103/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2012-ci il tarixli, 03R000019647 saylı Kredit Razılaşması üzrə 2752.85 ABŞ dolları məbləğində kredit borcu, 481.74 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3284,59 (üç min iki yüz səksən dörd dollar əlli doqquz sent) ABŞ dolları məbləğində borc;

2. xx.xx.2013-cü il tarixli 03R000021851 saylı Kredit Razılaşması üzrə 1564.32 ABŞ dolları məbləğində kredit borcu, 309.47 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1923,79 (min doqquz yüz iyirmi üç dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində borc;

3. xx.xx.2014-ci il tarixli, 003R********** saylı Kredit Razılaşması üzrə 41303.25 ABŞ dolları məbləğində kredit borcu, 6153.12 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47556,37 (qırx yeddi min beş yüz əlli altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borc;

4. xx.xx.2015-ci il tarixli, 003R********** saylı Kredit Razılaşması üzrə 18733.35 ABŞ dolları məbləğində kredit borcu, 2871,21 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21704,56 (iyirmi bir min yeddi yüz dörd dollar əlli altı sent) ABŞ dolları məbləğində borc; Ümumilikdə dörd Kredit Razılaşması üzrə cəmi 74469,31 (yetmiş dörd min dörd yüz altmış doqquz dollar otuz bir sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı QSCnin xeyrinə tutulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır.

6. Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5753/2021 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır.

7. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılmasını diqqətinə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almasını xahiş etmişdir.

8. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201.11 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

9. İddiaçı QSC ilə X2 arasında xx.xx.2011-ci il tarixli, 03M000000947 nömrəli İpoteka müqaviləsindən görünür ki, X2 öz mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi, 0.10 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 124.27 kv.m yaşayış sahəsi, 76.84 kv.m yardımçı sahə, 201.11 kv.m ümumi sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 37 nömrəli fərdi yaşayış evi İddiaçı QSC ilə X2 arasında 27 aprel 2009cu il tarixli 03L000002801 saylı Kredit Xətti Müqaviləsi (bundan sonra «Kredit Xətti Müqaviləsi») və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir.

10. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 95.688 (doxsan beş min altı yüz səksən səkkiz yeni manat) manat.

11. “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin bazar dəyəri 400000 (dörd yüz min) manat, likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 300 (üç yüz) manat)

12. “X7” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə Hesabatından görünür ki, X1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin likvid dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 350 (üç yüz əlli) manat)

13. İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 210000 (iki yüz on min) manat, likvid dəyəri 180000 (yüz səksən min) manat təşkil edir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 300 (üç yüz) manat)

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatında qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərardadda qeyd edilən əmlaka ekspert baxışının keçirilməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixli, 9/502-10/636/2024№li vəsatət göndərilmiş,baxışın kçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Vəsatətə cavab olaraq Mərkəzə xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktub daxil olmuşdur. Mobil telefon vasitəsilə məktubda göstərilən cavabdehlərə məxsus nömrələrlə əlaqə saxlanılmış, qeyd edilən şəxslər əmlakı ekspert baxışına təqdim etməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ Dolları 31 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4 kredit razılaşması üzrə ümumilikdə cəmi 74469.31 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)- 5753/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)- 232/2020 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 03M000000947 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, M. Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu, Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X4 notariat kontoruna ərizə təqdim edərək həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə və satıldıqda onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür.

17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ Dolları 31 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması,, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcu ödənilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 180 000 manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək 960 manat məhkəmə xərci İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Cəmilə Səfiyeva)..

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317, 319.1, 319.6-cı maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 59.3, 59.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-130/2023 saylı qətnaməsini ləğv edib, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 320.000 (üç yüz iyirmi min) manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iş məhkəmədə baxılarkən əmlakın qiymətləndirilməsi barədə fərqli məbləğlərdə bir mütəxəssis rəyinin olmasına baxmayaraq işə baxan məhkəmə həmin fərqli rəylərə hüquqi qiymət verməyərək sonuncu hansı ki, evin dəyərindən daha ucuz qiymətləndirilməsində marağı olan AccessBank» QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023- cü il tarixli rəyinə əsaslanaraq evinin likvid dəyəri 180 000 manat müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. İlkin qiymətləndirmə rəyi ilə evin likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat, digər X7” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə rəyinə əsasən evin likvid dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edildiyi halda işə baxan məhkəmə yuxarıda qeyd edildiyi kimi hansı ki, evin ucuz qiymətləndirilib satılmasında marağı olan İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək əvvəlki qiymətləndirmə rəyindən 140.000 manat aşağı qiymətə evin likvid dəyərini müəyyən edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmışdır. Hazırkı mübahisəli mənzilin real qiyməti 350.000-400.000 manat arasında dəyişir. Göründüyü kimi “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli ilkin qiymətlədirmə rəyinə əsasən də evin bazar dəyəri 400.000 manat, likvid dəyəri 320.000 manat müəyyən edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

30. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

31. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

32. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, o ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) mübahisələndirmişdir.

46. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-ci il tarixli, xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə 74469,31 ABŞ dolları məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəsində saxlanmışdır. İddiaçı QSC ilə X2 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli İpoteka müqaviləsinə əsasən, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi, 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 95688 manat müəyyən edilmişdir.

49. “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin bazar dəyəri 400000 manat, likvid dəyəri 320000 manat müəyyən edilmişdir. “X7” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə Hesabatından görünür ki, X1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin likvid dəyəri 280000 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 210000 manat, likvid dəyəri 180000 manat təşkil edir.

50. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) hissəsində mübahisələndirmişdir. Bu mübahisənin aradan qaldırılması üçün apellyasiya icraatı zamanı iş üzrə təkrar ekspertiza təyin edilmişdir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatında qeyd edilmişdir ki, cavabdehlərə məxsus nömrələrlə əlaqə saxlanılmış, qeyd edilən şəxslər əmlakı ekspert baxışına təqdim etməkdən imtina etmişdir.

52. Beləliklə, apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı ipoteka predmetinin likvid dəyərini müəyyən edilməsi üçün ekpertizanın keçirilməsinə dair qərardad qəbul edilmiş, lakin cavabdehlər tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır, qərardadın icrası mümkünsüz olmuşdur.

53. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

54. Kollegiya hesab edir ki, iş üzrə mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspert rəyi əhəmiyyətli sübut olduğundan, cavabdehlər tərəfindən ekspertizanın keçirilməsi üçün şərait yaradılmadığından, nəticədə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsinə maneə törətdiyindən, apellyasiya şikayəti təmin edilməməlidir, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

56. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-130/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar