Məhkəmə qərarları › İş №2(105)-1036/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1036/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1036/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-292/2019 qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən satıcı 640 manat məlbəğində İMEİ kodu **********36614 olan Samsun Galaxy J7 Neo markalı telefonu alıcıya vermiş, alıcı isə onları qəbul dərək avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00200546 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı 2200 manat məbləğində “Hoffmann” markalı FAAC kondisioneri alıcıya vermiş, alıcı isə onu qəbul edərək avadanlığın qiymətini ilkin ödəniş 100 manat edərək 15 ay müddətinə hər ay 140 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

3. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 640 manat məbləğində almış olduğu avadanlığın qiymətini xx.xx.2017-ci il tarixdən başalayaraq hər ay 32 manat ödəniş etməklə xx.xx.2019-cu il tarixədək ödəməli idi.

4. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödənişi cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2200 manat məbləğində almış olduğu avadanlığın qiymətini xx.xx.2018-ci il tarixdən başalayaraq hər ay 140 manat ödəniş etməklə xx.xx.2019-cu il tarixədək ödəməli idi.

5. xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin xx.xx.2018ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1000 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1100 manat borcu və xx.xx.2017-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 236 manat, cərimə borcu üzrə 23 manat olmaq, cəmi 259 manat borcu vardır.

6. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 236 manat ödənilməmiş əsas borc, 23 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1000 manat ödənilməmiş əsas borc 100 manat cərimə borcu olmaqla ümumilikdə 1359 manat və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 289687 saylı nisyə satış müqaviləsinə əsasən satıcı 640 manat məbləğində İMEİ kodu **********36614 Samsung Galaxy J7 Neo markalı telefonu alıcıya vermiş, alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 20 ay müddətinə hər ay 32 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00200546 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı 2200 manat məbləğində “Hoffmann” markalı FAAC kondisioneri alıcıya vermişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1000 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1100 manat borcu və xx.xx.2017-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 236 manat, cərimə borcu üzrə 23 manat olmaq, cəmi 259 manat borcu vardır.

9. Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-292/2019 qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli 289687 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 236 manat əsas borc, 23 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli k00200546 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1000 manat əsas borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1359 manat borc və 30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Allahverən Həsənov).

10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 236.1, 425.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(011)-292/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Onun tərəfindən öhdəlik lazımınca icra olunmuşdur. Belə ki, götürmüş olduğu “Hofmann” markalı FAAC kondisionerini iddiaçıya təhvil vermişdir. Digər əşya yəni mobil telefonun pulu isə tam ödənilmişdir. Qeyd etdiyi elektrik avadanlığı artıq iddiaçı tələbi ilə gəlib olduğu yerdən aparmışlar. O, tələbi lazımınca yerinə yetirmişdir. Bu barədə mülki iş materiallarında məlumat da mövcuddur. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-292/2019 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Bu səbəbdən kollegiya Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

38. İddiaçının iddiasına görə, cavabdeh nisyə alqı-satqı müqavilələr üzrə öhdəliyini icra etməmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1000 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1100 manat borcu və xx.xx.2017-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 236 manat, cərimə borcu üzrə 23 manat olmaq, cəmi 259 manat borcu vardır. İddianı təmin edən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, borclu sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayətinin dəlillərində kondisionerin iddiaçıya qaytardığını, telefona görə borcun tam ödədiyini bildirmiş, iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığına istinad etmişdir.

39. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir.

40. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına əsasən işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən kondisioner qüsurlu olduğundan iddiaçıya geri qaytarılmış, telefona görə ödənilməli olan pul məbləği isə tam ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında kondisionerin alıcı tərəfindən geri qaytarıldıqdan sonra yeni razılaşmanın bağlanıldığına istinad etsə də buna dair sübutu təqdim etməmiş, cavabdeh isə belə bir razılaşmanın olmadığını bildirmişdir.

41. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hanısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür.

43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-292/2019 qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-292/2019 qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar