Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1041/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddiaçı «Nəqliyyat-2012" MMC-nin cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən iddiaçıya vurduğu maddi zərərə görə 17.841 manat, işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5.000 manat olmaqla, cəmi 22.841 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən iddiaçıya vurduğu maddi zərərə görə 17.841 manat, işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5.000 manat olmaqla, cəmi 22.841 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə verərək, cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Sumqayıt Şəhər Polis İdarəsi ilə əvəzlənməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Nəqliyyat-2012" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. MMC-yə məxsus İsuzu Ekobus markalı **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus marşrutda olarkən cavabdeh təşkilatda işləyən inspektor X11 tərəfindən saxlanmaqla, sürücü X8 barəsində 10.07.2016-cı il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə qərar qəbul edilmişdir. Həmin protokoldan narazı qalan sürücü A.Rzayev məhkəməyə şikayət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30.12.2016-cı tarixli qərarı ilə inspektorun qərarı ləğv edilmiş və qərar qanuni qüvvəsini alaraq icra olunmasından ötrü Sumqayıt şəhər DYPŞ-nə göndərilmişdir. 05.02.2017-ci il tarixdə həmin inspektor həmin maşını başqa sürücü, X9 idarə edərkən saxlamış, protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmin vaxt inspektor özünün tərtib etdiyi 10.07.2016-cı il tarixli qərarına əsasən borcun ödənməməsini əsas gətirərək avtomaşını cərimə meydançasına apararaq orada saxlamışdır. Həmin vaxt təşkilat tərəfindən inspektora bildirilmişdir ki, onun istinad etdiyi qərar məhkəmə qərarı ilə ləğv edilmişdir və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş, amma inspektor bu qanuni tələbə baxmayaraq, özbaşınalıq edərək avtomaşının cərimə meydançasında qalmasına nail olmuş, təşkilatın rəhbərliyə olan müraciətləri də nəticəsiz qalmışdır. Bundan sonra sürücü inspektorun həmin qərarından məhkəməyə şikayət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2017-ci il tarixli qərarına əsasən inspektorun həmin qərarı da ləğv edilmişdir. Cavabdeh təşkilatın bu qanunsuz hərəkətləri nəticəsində onlara məxsus avtomaşın qanunsuz olaraq 05.02.2017ci il tarixdən 28.03.2017-ci il tarixədək cavabdehin cərimə meydançasında qanunsuz saxlanmış, həmin saxlanma müddətinə görə cərimə meydançasına iddiaçı tərəfindən 102 manat ödənmişdir. Bundan əlavə, inspektorun qanunsuz qərarı ilə təyin edilmiş cəriməni də ödəməyə onlara məcbur edilmiş və onlar 160 manat ödəniş etmişdir. Bundan əlavə, avtobusun 52 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində onlara maddi ziyan da dəymişdir. Belə ki, həmin avtomaşın hər gün onlara 90 manat plan vermiş və cavabdehin qanunsuz qərar və hərəkətləri nəticəsində onların həmin avtobusdan əldə edəcəyi 4.680 manat (52x90=4.680) gəlirdən məhrum olmuşdur. Ona görə də həmin maddi ziyanlar cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin həm qəbul etdiyi qərar, həm də hərəkətləri qanunsuz olmuş və onlara maddi ziyan çəkmişdir. Əvvəla cavabdehin istinad etdiyi qərar bundan əvvəl artıq məhkəmə tərəfindən ləğv edilmiş, inzibati xətanı sürücü törətdiyi halda, cavabdehin mülkiyyət hüququ əsasında onlara məxsus avtomaşını cərimə meydançasına yerləşdirməyə hüquqi əsası olmamışdır, əgər sürücü cəriməni ödəməyəcəkdisə, cavabdeh həmin sürücüyə qarşı ərizə ilə məhkəməyə müraciət edib müvafiq qərarlar qəbul edilməsinə nail ola bilərdi. Cavabdehin bu hərəkətləri qanunsuzluq kimi qiymətləndirilməli və bu səbəbdən dəymiş maddi ziyan- 4.942 manat (4.680+102+160) cavabdehdən alınaraq onlara verilməlidir. Onlara məxsus İsuzu Ekobus markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus marşrutda olarkən 13.02.2017-ci il tarixdə sürücü xırda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra cavabdehin inspektoru qanunsuz olaraq avtobusu marşrutdan çıxararaq cərimə meydançasına yerləşdirmişdir. Onların şikayət və tələblərinə baxmayaraq cavabdeh avtobusu cərimə meydançasından buraxmamışdır. Müvafiq orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdikdən sonra cavabdeh qanunsuz olaraq artıq iddiaçı təşkilatdan işdən çıxarılmış və həmin avtobusu idarə etməyə heç bir hüququ olmayan sürücünü şöbəyə dəvət edərək avtobusu cərimə meydançasında ona təhvil vermiş, sürücü də avtobusu onların qarajına qədər sürərək qarajın qarşısında atıb qaçmışdır. Avtobusu qarajın qarşısında görərkən aydın olmuşdur ki, cavabdeh onların şikayətləri üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün bu hərəkətləri etmişdir. Avtobusu idarə edib qaraja salmaq istədikdə avtobus işə düşməmiş və servizə müraciət etdikdən məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Bununla əlaqədar qüsur aktı tərtib edilmiş və həmin akta əsasən mühərrikin təmir və bərpa edilməsi üçün 1713 manat xərc tələb edilir. Cavabdehin bu hərəkətlərə yol vermiş inspektorunun qanunsuz hərəkətləri barədə vermiş oduqları şikayət üzrə araşdırma aparılmış və onun əməlində qanun pozuntuları aşkar edilərək ona inzibati cəza verilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara məxsus avtomaşın qanunsuz olaraq 13.02.2017-ci il tarixdən 28.02.2017-ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə onlar tərəfindən dayanacağa 28 manat ödənmişdir. Ondan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşın 16 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində onlara maddi ziyan dəymişdir. Həmin avtomaşın hər gün onlara 90 manat plan vermiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar həmin avtomaşından əldə edəcəyi 1.440 manat (16x90=1440) xeyirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar cavabdehdən alınaraq onlara ödənilməlidir. 24.10.2017-ci il tarixdə cavabdeh ona məxsus **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı İsuzu Ekobus markalı avtobusu cərimə meydançasına qoymuş və səbəbini onunla izah etmişdir ki, həmin avtobusu idarə edən sürücü X4 10.07.2017-ci il tarixli protokol üzrə ödənilməmiş cəriməsi vardır. Sürücü isə bildirmişdir ki, onun barəsində belə bir protokol tərtib edilməmiş və ona bu protokol təqdim edilməmişdir. Təşkilat cavabdehə bildirmişdir ki, hətta belə olsa da onların avtobusu cərimə meydançasına qoymağa hüquqi əsasları yoxdur. Lakin cavabdeh öz qanunsuz hərəkətinə son qoymamışdır. Sonradan bir neçə gün qəbul edilmiş protokol-qərarı tələb etsə də, cavabdeh həmin protoklu verməmişdir. Bu azmış kimi, cavabdeh avtobus cərimə meydançasında olan dövrdə həmin avtobusa ikinci qərar qəbul etmişdir. Təşkilat hər iki qərarı əldə edib, məhkəmyə şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 09.01.2018-ci il tarixli qərarı ilə hər iki qərar qanunsuz olduğu üçün ləğv edilmişdir. 17.01.2018-ci il tarixdə iddiaçı nəhayət ki, avtobusu cərimə meydançasından çıxarmağa nail olmuşdur. Bu müddət ərzində avtobus 24.10.2017-ci il tarixdən 17.01.2018-ci il tarixə kimi, yəni 86 gün cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanmaya görə onlar tərəfindən 258 manat ödənmişdir. Ondan əlavə, həmin 86 gün ərzində onlar hər gün maddi ziyan çəkmişdir. Belə ki, həmin avtobus hər gün onlara 110 manat plan vermiş, 86 gün ərzində avtobusun qanunsuz olaraq cərimə meydançasında saxlanmasına görə onlar 9460 manat (86x110) ziyan çəkmişdir. Bu epizodda cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 9718 manat (9460+258) ziyan dəymişdir. Cavabdehin bu hərəkətləri onların təşkilatın işgüzar nüfuzuna da xələl gətirmişdir. Bütün şəhərdə avtobus sürücüləri arasında məlumat yayılmışdır ki, cavabdeh onlara məxsus avtobusları izləyərək qanunsuz protokol və qərarlar yazaraq sürücüləri 100 manat cərimə edir, avtomaşınları cərimə meydançasına apararaq sürücülərə pul qazanmağa imkan vermir. Bu da sürücülərin iddiaçı təşkilatdan qaçmasına, uzaqlaşmasına, onların işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olmuşdur. Həqiqətən də cavabdeh tərəfindən 5-6 qanunsuz protokol yazılaraq sürücülər haqsız yerə cərimələnmiş və onların məhkəməyə müraciətləri nəticəsində qərarlar ləğv edilmişdir. Bütün bunlar həm sübut edir ki, cavabdeh onlara qarşı qərəzli mövqe tutmuş, hərəkətlər nəticəsində onların işgüzar nüfuzuna ziyan dəymiş və buna görə maddi zərərlərə məruz qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehin qanunsuz əməllərinə düzgün qiymət verməmiş, cavabdehin nümayəndəsinin, qanunsuz qərarlar qəbul etmiş inspektorların iştirakını təmin etməklə onlardan işlər barədə məlumat almamış, qanunsuz cərimə meydançasında saxlanan avtobusun kənar şəxsə verilib qarajın qabagına kimin və nəyə görə sürməsini və avtobusun mühərrikinin dağılması səbəblərini araşdırmamışdır. Bundan əlavə, əldən çıxmış faydanın guya sübut olunmaması qənaətinə gələn məhkəmə ən azından MMC tərəfindən qanunsuz məcburiyyət nəticəsində ödədiyi cərimə, saxlanc pulu və mühərrikin təmiri üçün pul ödənməsi hallarını da tam və düzgün araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəfin ona dəymiş zərərin ödənilməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-19/2018 saylı, 09.01.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhəri Pİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X10 tərəfindən X12 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP 901599 saylı, 10.07.2017-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş, R.R.Fərəcov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-20/2018 saylı, 09.01.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhəri Pİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X2 tərəfindən X12 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı, 08.12.2017ci il tarixli inzibati xəta haqqında ləğv edilmiş, R.R.Fərəcov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarından olan Birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 13.02.2017ci il tarixdə 28.28 manat ödəniş edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 13.02.2017-ci və 28.02.2017-ci il tarixlərdə duracaqda saxlanılmışdır. İş materiallarında olan birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 05.02.2017-ci il tarixdə 102 manat ödəniş edilmişdir. İşə əlavə olan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin 28.03.2017-ci il tarixli arayışından görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun saxlanma səbəbi aradan qaldırıldığından onun vətəndaş Əzimov Fərid tərəfindən mühafizə olunan duracaqdan götürülməsinə etiraz edilməmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 05.02.2017-ci və 28.03.2017ci il tarixlərdə duracaqda saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1661/2016 saylı, 30.12.2016-cı il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X5 İnzibati xəta haqqında İXP 368485 saylı qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə baxılaraq, Sumqayıt Şəhər Məhkəməsinin X9 barəsində Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X13 tərəfindən qəbul edilmiş İXP 790082 saylı 05 fevral 2017-ci il tarixli inzibati xəta qərarının ləğv edilməsi və X9 barəsindəki inzibati işin icraatına xitam verilməsinə dair 28 fevral 2017-ci il tarixli qərarı X9 barəsindəki inzibati işin icraatına xitam verilməsinə dair hissəsi ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-143/2017 saylı, 11.08.2017-ci il tarixli qərarından görünür ki, Z.M.Rəsulov barəsində Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX-nin inspektoru X13 tərəfindən qəbul edilmiş İXP 790082 saylı 05.02.2017-ci il tarixli inzibati qərar ləğv edilmişdir. - 05.02.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Z.M.Rəsulov ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus İsuzu Ekobus markalı, **-AE-*** və **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobuslarla bağlı Sumqayıt Şəhər Polisi İdarəsinin əməkdaşları tərəfindən İXP 790082 saylı və İXP 790083 saylı protokollar tərtib olunmuş, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 13.02.2017-ci və 28.02.2017-ci il tarixlərdə və İsuzu Ekobus markalı, **- AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 13.02.2017-ci və 28.02.2017-ci il tarixlərdə duracaqda saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 11.08.2017-ci il və 09.01.2018-ci il tarixli qərarları ilə həmin inzibati tənbeh vermə haqqında qərarları ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müxtəlif vaxtlarda avtomobilləri cərimə meydancasından çıxarmaq üçün 28 manat, 102 manat və 258 manat ( i.v.6, 15və 71). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia təmin edilməlidir və cavabdehdən qanunsuz saxlanılması ilə əlaqədar ödənilmiş cərimələr iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, maddi və işgüzar nüfuza vurulmuş ziyan tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən cavabdehdən dəymiş ziyan tələb etməsi əsassızdır. Belə ki, iddiaçı, sözügedən nəqliyyat vasitələrinə gündəlik 90 və 110 manat plan qoyulmasını bildirsə də, həmin avtobusların konkret nə qədər qazanc gətirməsini, bu gəlirin mədaxilini, o cümlədən onlardan birinin mühərrikinin xarab olmasını və bunda cavabdehin təqsirini, habelə işgüzar nüfuzuna sonuncu tərəfindən ziyan dəyməsini və bununla bağlı məbləğin formalaşmasını, eləcə də iddiasında göstərdiyi digər halları təsdiqləyən, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu xüsusatlar onun tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə, ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, iddia qismən təmin edilməliir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 27 yanvar 2022-ci il tarixli 2(060)-87/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsindən 388 (üç yüz səksən səkkiz) manat tutulub İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1041/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1041/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver