Məhkəmə qərarları › İş №2(105)-1042/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1042/2025

04.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1042/2025 04.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İtirilmiş icra icraatının bərpa edilməsi tələbinə dair Ərizəçi tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nin 1MK-122/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədi üzrə itirilmiş icra icraatının bərpa edilməsi və Sumqayıt şəhəri Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi 27/50 «A» saylı evin 1/14 pay müqabilində cavabdehlər Ərizəçi və X1 hər birinə 5.987.953 ( beş milyon doqquz yüz səksən yeddi min doqquz yüz əlli üç) manat kompensasiya verilməsi hissəsinin, yəni onların hər birinə düşən payın indiki bazar dəyəri ilə indeksasiya edilməsi nəticəsində – hər birinə 12 000 (on iki min) manatın ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni araşdıraraq, qeyd edir ki, ərizə qanunvericiliyin tələbinə uyğun olmadığından, geri qaytarılmalıdır. Məlum olduğu kimi, Mülki-Prosessual Məcəllənin “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə” dair 1 saylı əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Həmin Əlavənin 4-cü bəndində ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə, müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir. Həmin Əlavənin 10-cu bəndinə əsasən itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. İşdən görünür ki, Ərizəçi iddia ərizəsində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1MK-122/2003 saylı məktubuna istinadən həmin məhkəmənin xx.xx.2003-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin dublikatının icra edilməsi üçün icraya yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 12008 nömrəli məktubda xx.xx.2024-cü il tarixdə sözügedən mülki işin Bakı Apellyasiya Məhkəməsinin arxivində olub-olmaması ilə bağlı həmin məhkəməyə sorğu göndərildiyi, sorğuya cavabda 1MK-122/2003 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müraciətin araşdırılması zaman həmçinin 1MK-122/2003 saylı mülki işin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verildiyi müəyyən edilmişdir (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 20 sentyabr 2024-cu il tarixli məktubu). Göründüyü kimi ərizəçi Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məktubunu iddia ərizəsində qeyd etsə də, həmin sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Digər tərəfdən ərizəçi bu tələbində qətnamənin Sumqayıt şəhəri Kotec qəsəbəsi, 22ci məhəllə, M.Qorki küçəsi 27/50 «A» saylı evin 1/14 pay müqabilində cavabdehlər Ərizəçi və X1 hər birinə 5.987.953 ( beş milyon doqquz yüz səksən yeddi min doqquz yüz əlli üç) manat kompensasiya verilməsi hissəsinin, yəni onların hər birinə düşən payın indiki bazar dəyəri ilə indeksasiya edilməsi nəticəsində – hər birinə 12 000 (on iki min) manatın ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı bir tərəfdən itirilmiş icra icraatının bərpasını, digər tərəfdən qətnamə ilə tutulmuş kompensasiya məbləğinin indeksasiyasını tələb etmişdir. Belə olan halda isə bu tip ərizələrə iddia icraatı qaydasında deyil, MPM-nin 232-ci maddəsinin tələbi baxımından qətnamənin icra qaydasında baxılmalıdır. Odur ki, bir-birindən fərqli qaydada baxılması nəzərdə tutulan icraat növünə aid tələblərə bir icraatda baxılması yolverilməzdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda qeyd olunan əlavənin 3-cü bəndinə əsasən itirilmiş icra icraatın bərpası barədə ərizəyə qətnamə və ya qərardad çıxarmış məhkəmədə deyil, icranın olduğu yer üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanları əsas gətirərək hesab edir ki, Ərizəçi itirilmiş icra icraatının bərpa edilməsi barədə ərizəsi ona geri qaytarılmalı və ərizəçiyə itirilmiş icra icraatının bərpası ilə bağlı icra orqanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149.2.3, 152.1.1, 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi ərizəsi geri qaytarılsın və ərizəçiyə itirilmiş icra icraatının bərpası ilə bağlı icra orqanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar