Məhkəmə qərarları › İş №2(105)-1047/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1047/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1047/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, öhdəliyin tam icra edilməli olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 30 aylıq müddət üçün əldən çıxmış faydaya görə 5172.5 manat pulun birdəfəlik, xx.xx.2022-ci il tarixdən öhdəliyin tam icra ediləcəyi günə kimi hər ay Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla 22989 manata görə əldən çıxmış fayda olan zərərin hesablanmış məbləği olan pulun aylıq və mənəvi zərərə görə 7500 manat pulun birdəfəlik cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

3. İddiaçı Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)- 3979/2022 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qərardadına əsasən, İddiaçı Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır.

5. İddiaçı Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)- 3979/2022 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qərardadına əsasən, İddiaçı Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır.

7. İddiaçı Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli e-2(012)- 3979/2022 nömrəli qərardadından xx.xx.2022-ci il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(012)- 3979/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron Rayon məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Hakim qərardadını belə əsaslandırmışdır: “hazırki mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e- 2(012)-3979/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə iddiaçı tərəfindən tərtib olunmuş şikayətdə şikayət verən şəxsin ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməmiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir”. Bu mülki iş üzrə iki dəfə apellyasiya şikayəti verilmişdir. Hazırda mübahisələndirilən qərardad xx.xx.2022-ci il tarixdə göndərilmiş sonuncu apellyasiya şikayətinin geri qaytarılması barədədir. Həmin apellyasiya şikayəti elektron məhkəmə sistemində AP(012)-31431/2022 nömrəsi ilə qeydə alınmışdır. Bu apellyasiya şikayətinə baxdıqda məlum olur ki, şikayətdə şikayət verən şəxsin ünvanı və əlaqə nömrəsi müvafiq olaraq şikayətin 1.5 və 1.7-ci bəndlərində yazılmışdır, şikayəti verən şəxsin elektron poçtu olmadığından isə şikayətin 1.6-cı bəndində “yoxdur“ yazılmışdır. Başqa sözlə, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində şikayət verən şəxsin ünvanının, elektron poçt ünvanının və əlaqə nömrəsinin göstərilməməsi barədə hakimin qənaəti həqiqətə uyğun deyil. Apellyasiya şikayətində MPM-in 361-ci maddəsinin tələblərinə tam riayət olunduğundan, apellyasiya şikayətinin geri qaytarılması barədə hakimin qənaəti qanunsuz və əsassızdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

13. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

15. Belə ki, birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2(012)-3979/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə iddiaçı tərəfindən tərtib olunmuş şikayətdə şikayət verən şəxsin ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməmiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)- 3979/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarıldığından həmin qətnamədən apellyasiya şikayətinin verilməsinin üzrlü hesab edilməsinə dair ərizəyə də mahiyyəti üzrə baxılmasına lüzum qalmır.

16. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, şikayətdə həm iddiaçının, həm də onun nümayəndəsi və vəkilinin məlumatları (ünvan, əlaqə nömrəsi) göstərilmişdir. İddiaçının elektron poçt ünvanının isə olmadığı qeyd olunmuşdur.

17. Birinci instansiya məhkəməsi isə yalnız apellyasiya şikayətinin “1. apellyasiya şikayəti verən şəxs” bəndində iddiaçının ünvanının, elektron poçt ünvanının və əlaqə nömrəsinin göstərilmədiyinə istinad etmiş, apellyasiya şikayətinin 5-ci bəndində qeyd edilən məlumatların daxil edildiyini nəzərə almamışdır.

18. Apellyasiya şikayətinin 5-ci bəndində iddiaçının iddiaçının ünvanı və əlaqə nömrəsi qeyd edilmişdir. Elektron poçt ünvanının qeyd edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəfin elektron poçt ünvanının olması və apellyasiya şikayətində qeyd edilməsi ilə bağlı hər hansı məcburedici norma yoxdur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya və kassasiya şikayətlərinin vahid formada tərtib edilərək məhkəmələrə təqdim edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş məhkəməyə müraciət etmək hüququnun, eyni zamanda hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik və çəkişmə prinsiplərinin təmin edilməsinə xidmət edir.

20. Şikayətdə tərəflərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanların göstərilməsi onlara məhkəmə bildirişlərinin, qəbul edilən məhkəmə aktlarının və digər sənədlərin çatdırılmasının təmin olunması üçün göstərilməlidir.

21. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Nümayəndə iddiaçının yalnız vəkili kimi deyil, həm də nümayəndəsi qismində çıxış edir və apellyasiya şikayəti həm vəkil, həm də nümayəndə kimi onun tərəfindən imzalanmışdır.

22. MPM-in 74-cü maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini, eləcə də məhkəmə aktından apellyasiya şikayəti verilməsini özündə birləşdirir.

23. Apellyasiya şikayətindən isə görünür ki, nümayəndə və vəkil Nümayəndə ünvanı, mobil telefon nömrəsi, elektron poçt ünvanı və digər məlumatları apellyasiya şikayətində qeyd edilmişdir.

24. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararaq düzgün nəticəyə gəlməmişdir.

25. Apellyasiya şikayəti yuxarıda qeyd edilən səbəblərə görə geri qaytarıldığından həmin qətnamədən apellyasiya şikayətinin verilməsinin üzrlü hesab edilməsinə dair ərizəyə birinci instansiya məhkəməsi mahiyyəti üzrə baxmamışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qaytarılması səbəbləri əsassız olduğundan, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılmalıdır.

27. Odur ki, şikayət təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar