Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-105/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 nümayəndəsi X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il il tarixli, 2(012)-201/2019 saylı qətnaməsindən Cavabdeh1 direktoru B.Ə.Şabiyevin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı3 dəymiş ziyana görə 68000 manat, mənəvi zərərə görə 6000 manat, cəmi 74 000manat, İddiaçı1 dəymiş ziyana görə 47000 manat, mənəvi zərərə görə 4000 manat, cəmi 51.000 manat, İddiaçı2 dəymiş ziyana görə 46000 manat, mənəvi zərərə görə 4000 manat, cəmi 50.000 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb iddiaçılara verilməsi, qalan hissədə iddianın əsassız olduğundan təmin edilməməsi və iş üzrə məhkəmə inşaat-tikinti ekspertizalar üzrə cəmi 200 manat məhkəmə xərcinin "xxxx" MMC-dən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Abşeron Rayon İcra Hakmiyyəti başçısının 693 saylı 08 noyabr 2013-cü il tarixli Sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş 17360 saylı 03 fevral 2014-cü il tarixli rəyin ləğv olunması hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh1 direktoru B.Ə.Şabiyev apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(012)-201/2019 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Abşeron Rayon İcra Hakmiyyətinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakmiyyəti başçısının 693 saylı 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş 17360 saylı, 03 fevral 2014-cü il tarixli rəyin ləğv olunması, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə "xxxx" MMC tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının sökülməsi, "xxxx" MMC-nin apardığı inşaat işləri nəticəsində İddiaçı1, İddiaçı2 və İddiaçı3 dəymiş zərərin müvafiq qurumların ekspertləri tərəfindən araşdırılması, zərər dəymiş mənzillərin bazar dəyəri məbləğində sakinlərə kompensasiya ödənilməsi, sərhədi pozmuş mülkiyyətçinin sərhədi pozulan mülkiyyətçiyə hər il kompensasiya ödənilməsi, dəymiş mənəvi zərərin kompensasiya şəklində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsalandırılmışdır ki, Abşeron Rayon İcra Hakmiyyəti başçısının 693 saylı, 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş 17360 saylı, 03 fevral 2014-cü il tarixli rəyi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının tikintisinə başlamışdır. İnşaat zamanı təməlqazma, betonlama, tikintini ucaltma işləri nəticəsində ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə ciddi zərər dəymişdir. Belə ki, çoxmərtəbəli bina tikilərkən ətrafdakı fərdi yaşayış evləri ilə ara saxlanılmalı olan normativ məsafə tikinti şirkəti tərəfindən gözlənilməmişdir. Tikintinin ilkin fəsadlarını (məhəllədəki ağacların kəsilməsi binanın təməlinin evlərə çox yaxın məsafədə) gördükdən sonra 2014-cü ilin mart ayında Azərbaycan Respublikası Prezident Aparatına edilmiş müraciət Abşeron Rayon İcra Hakmiyyətinə yönəldilmiş və Abşeron Rayon İcra Hakmiyyətində Xırdalan şəhərinin baş planını göstərilərək narahatçılığa heç bir əsasın olmadığı, həmin ərazidə yerləşən evlərin söküləcəyi və sakinlərin yəşayış evlərinin kv.metrinə uyğun olaraq "xxxx" MMC tərəfindən inşaat etdirilən 16 mərtəbəli yaşayış binasında təmirli mənzillər veriləcəkdir. Lakin, 16 mərtəbəli yaşayış binası tam başa çatdığına və mənzillərin çoxu satılmasına baxmayaraq onlara vəd olunan alqı-satqıdan, evlərin sökülməsindən və yeni mənzillərdən heç bır xəbər yoxdur. Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 fərdi yaşayış evi İddiaçı1, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-cı məhəllədə yerləşən 60 fərdi yaşayış evi İddiaçı3 mülkiyyətindədir, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 52 fərdi yaşayış evi İddiaçı2 məxsus özbaşına tikilidir. Qeyd edilən fərdi yaşayış evlərində hazırki vəziyyətdə yaşayış ev sahibləri olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin ailə üzvlərinin həyatı üçün təhlükəli olmaqla bərabər, evlərə dəymiş zərər (əsas divarlardakı dərin çatlar, uçuqlar) əmlakın bazar qiymətinə də mənfi təsir edir. Odur ki, İddiaçı1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 fərdi yaşayış evinin bazar qiyməti 85000 manat, mənəvi zərər kimi 20000 manat, İddiaçı2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 52 fərdi yaşayış evinin bazar qiyməti 75000 manat, mənəvi zərər kimi 20000 manat, İddiaçı3 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 60 fərdi yaşayış evinin bazar qiyməti 120000 manat, mənəvi zərər kimi 20000 manat ödənilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron Rayon İcra Hakmiyyəti başçısının 693 saylı, 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razilaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş 17360 saylı 03 fevral 2014-cü il tarixli rəyin ləğv olunması, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə "xxxx" MMC tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının sökülməsi, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu Xırdalann şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə 51 (16.08.2013-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış), ünvanında yerləşən mənzilin hasarında, evin daxili və xarici divarlarında evin təməllərində çatlar, uçuqlar yaranması, evin təməlindən damına qədər olan divarlarında, həyətyanı sahənin hasarlarında yaranan dərin çatları xırda təmir işləri ilə aradan qaldırmaq mümkün olmadığından həyətyanı ərazinin binadan düşən hər hansı əşyanın sakinlərin həyatında yarada biləcək təhlükəni aradan qaldırmaq üçün xüsusi çardağın tikilməsi, evinin özünün və hasarlarının tamamilə sökülüb yenidən tikilməsi və digər xərclər üçün 85000 manat, mənəvi zərər üçün 20000 manat dəyərində kompensasiyanın "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin daxili və çöl divarlarında çatlar və hörgü daşlarının bir-birindən aralanmasını, divarların deformasiya uyğramasını, dəfələrlə əsaslı təmir edilməsinə baxmayaraq yenidən çatların yaranmasını nəzərə alaraq evin tamamilə sökülərək yenidən tikilməsi üçün 75000 manat, mənəvi zərər üçün 20000 manat dəyərində kompensasiyanın "xxxx" MMC-dən tutularaq İddiaçı2, İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə 60 (16.08.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış), ünvanında yerləşən evin həyətyanı ərazinin binadan düşən hər hansı əşyanın sakinlərin həyatında yarada biləcək təhlükənin qarşısını almaq üçün çardağın hazırlanması, daxili və çöl divarlarında, birinci və ikinci mərtəbələrdə dəfələrlə edilmiş əsaslı təmirdən sonra belə yenidən əmələ gələn, evin təməlindən damına qədər əhatə edən divar çatlamaları, günəş işığının və havalanmanın olmamasına görə yaranan nəmişlik və digər işləri nəzərə alaraq 2 mərtəbəli evin tamamilə sökülərək yenidən tikilməsi üçün 120000 manat, mənəvi zərər üçün 20000 manat dəyərində kompensasiyanın "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, sərhədi pozmuş mülkiyyətçi "xxxx" MMC şirkəti sərhədi pozulan İddiaçı1, İddiaçı2 və İddiaçı3 yaşayış normalarını, bina ilə evlər arasında olan sərhəddi pozduğuna görə birdəfəlik kompensasiya kəsilməsi və bu kompensasiyanı pul vəsaiti şəklində "xxxx" MMC tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək iddia tələlərinin 1-ci bəndindən, yəni Abşeron Rayon İcra Hakmiyyəti başçısının 693 saylı 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş 17360 saylı 03 fevral 2014- cü il tarixli rəyin ləğv olunması, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə "xxxx" MMC tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının sökülməsi hissəsindən imtina etdiklərini bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 direktoru B.Ə.Şabiyev verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 03 dekabr 2019-cu il il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi yaşayıç evlərinin özüllü olmadığı araşdırılmamış və hazırkı mübahisəli hüquq münasibətlərinə cavab vermək üçün bu olduqca vacib nüansdır. X3 MMC-nin yaşayış evlərinə dəymiş ziyanla əlaqədar gəldiyi nəticə əsaslı deyildir və rəydə göstərilən rəqəmlər əslində reallığı əks etdirmir. Mübahisələndirilən rəy və ya hesabat mübahisəli olduğundan ixtisaslı mütəxəssislər tərəfindən bu məsələyə dair yenidən rəy verilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi mənəvi zərər tələbi hissəsində də iddianı qismən təmin etsə də, iddiaçıların nədən mənəvi zərər çəkmələrini, mənəvi zərərin nədən ibarət olmasını və mübahisələndirilən məsələ ilə bunun səbəbli əlaqəsinin olması əsaslandırılmamışdır. İddia həmin hissədə rədd edilməli olduğu halda buna əməl edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3, İddiaçı1 nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakin dövlət reyestrində 22 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində **********97-10301 reyestr nömrəsi ilə 16.08.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 60 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakin dövlət reyestrində 35 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində **********26-10301 reyestr nömrəsi ilə 01.12.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarından müəyyən edilir ki, iddiaçı Məmmədov Mikayıl Məmməd oğluna məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 52 saylı ev DƏDRX-də qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2019-cu il tarixli, 31969 saylı rəyi ilə müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən İddiaçı1 və İddiaçı2 məxsus 51 və 52 saylı fərdi yaşayış evlərinin otaqlarında tavan və divarların üzərində şaquli və üfüqi istiqamətlərdə çatlar əmələ gəldiyi, yükdaşıyan divarlarda və arakəsmələrdə 1-10 mm ölçülü keçici çatlar yarandığı, divar kağızlarının qopduğu, divarla tavanın birləşmə yerlərinin uzununa istiqamətdə çatladığı, eləcə də həyətyanı sahədə sərhəd hasarının üzərində iri həcmli çatlar əmələ gəldiyi, hörgü daşlarının bir-birindən aralandığı müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evlərinin ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud olan əlamətlər nəzərə alınmaqla, həmin zədələr hər hansı təsir zamanı, yəni torpaq sürüşməsi, zəlzələ, eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterikdir. Tədqiq olunan mübahisəli yaşayış evlərinin yaxınlığında "xxxx" MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama, tikintini-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir ki, bu halda həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçılara məxsus fərdi yaşayış evlərindəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. İddiaçı3 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 60 fərdi yaşayış evinin qapısı bağlı olduğundan həmin ev üzrə baxış keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli, 18378 saylı rəyi ilə müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus 51,52 və 60 saylı otaqlarında tavan və divarların üzərində şaquli və üfüqi istiqamətlərdə çatlar əmələ gəldiyi, yükdaşıyan divarlarda və arakəsmələrdə 1-10 mm ölçülü keçici çatlar yarandığı, divar kağızlarının qopduğu, divarla tavanın birləşmə yerlərinin uzununa istiqamətdə çatladığı, eləcə də həyətyanı sahədə sərhəd hasarının üzərində iri həcmli çatlar əmələ gəldiyi, hörgü daşlarının bir-birindən aralandığı müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evlərinin ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud olan əlamətlər nəzərə alınmaqla, həmin zədələr hər hansı təsir zamanı, yəni torpaq sürüşməsi, zəlzələ, eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterikdir. Tədqiq olunan mübahisəli yaşayış evlərinin yaxınlığında "xxxx" MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama, tikintini-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir ki, bu halda həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçılara məxsus fərdi yaşayış evlərindəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Tədqiq olunan yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində həmin evlərin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, yaşayış evi və torpaq sahəsi üzrə tikinti konsruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerin yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Tədqiq olunan yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində həmin evlərin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, yaşayış evi və torpaq sahəsi üzrə tikinti konsruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerin yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. "xxxx" Konsaltinq MMC-nin 22 iyul 2019-cu il tarixli, M149/19 saylı qiymətləndirmə hesabatından müəyyən edilir ki, İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 62 saylı fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 27000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 95000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 68000 manat,İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 28000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 75000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 47000 manat, İddiaçı2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 24000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 70000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 46000 manat təşkil edir. "xxxx" MMC-nin 23 dekabr 2021-ci il tarixli, 165 saylı qiymətləndirmə hesabatından müəyyən edilir ki, 21 dekabr 2021-ci il tarixə İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 60 saylı fərdi yaşayış evinin kompensasiya təyinatı ilə bazar dəyəri 87.000 (səksən yeddi min) manat, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı fərdi yaşayış evinin kompensasiya təyinatı ilə bazar dəyəri 73.000 (yetmiş üç min) manat, İddiaçı2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 52 saylı fərdi yaşayış evinin kompensasiya təyinatı ilə bazar dəyəri 63.000 (altmış üç) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin araşdırlan halları ilə müəyyən edilir ki, iddiaçılara məxsus yuxarıda qeyd edilən yaşayış evlərinə dəyən ziyan məhz mübahisəli yaşayış evlərinin yaxınlığında "xxxx" MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama, tikintini-quraşdırma işlərinin aparılması ilə əlaqədar olmuşdur ki, bu iddiaçıların izahatlarından başqa, məhkəmə ekspertizasının rəyləri və işin materialları ilə tam sübut olunur. Qeyd edilən hal işin mübahisəsiz halıdır və cavabdeh "xxxx" MMC tikinti şirkəti tərəfindən iddiaçılara məxsus yaşayış evinə ziyanın məhz MMC tərəfindən vurulması halı mübahisələndirilmir. Sadacə apellasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamə qəbul dərkən iş materiallarında olan sübutların sadalanması ilə kifayətləndiryini və sübutların analiz edilmədən gəlinmiş nəticənin maddi hüquq normaları ilə əsaslandırılmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini maddi ziyan tələbinə dair hissədə qismən təmin etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, "xxxx" Konsaltinq MMC-nin 22 iyul 2019-cu il tarixli, M149/19 saylı qiymətləndirmə hesabatına uyğun olaraq İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 62 saylı fərdi yaşayış evinə dəymiş ziyana görə 68000 manat,İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı fərdi yaşayış evinə dəymiş ziyana görə 47000 manat, İddiaçı2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı tikiliyə dəymiş ziyana görə 46000 manat müəyyən olunmaqla cavabdeh "xxxx" MMC tikinti şirkətindən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instsnsiya məhkəməsi iddia ərizəsini maddi ziyan tələbinə dair hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddia tələbindən görünür ki, yaşayış ev sahibləri olaraq yaşayış evlərinin yararsız vəziyyətə gətirilməsi nəticəsində mənəvi iztirab keçirmələri nəticədində cavabdeh "xxxx" MMC tikinti şirkətindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər biri ayrı-ayrılıqda 20000 manat pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərər hissəsində iddia tələbini qismən təmin etdikdə göstərmişdir ki, İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 62 saylı fərdi yaşayış evinə dəymiş ziyana görə mənəvi zərərin məbləği 6000 manat, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı fərdi yaşayış evinə dəymiş ziyana görə 4000 manat, İddiaçı2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27-ci məhəllədə yerləşən 51 saylı tikiliyə dəymiş ziyana görə 4000 manat məbəğində müəyyən edilmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası vurulmuş ziyan məbləği ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini nəzərə alaraq iddiaçılara məxsus yaşayış evlərinə vurlmuş ziyan məbləğlərinin müəyyən edilməsi üçün təkrar məhkəmə qiymətləndirmə ekspetizası təyin edilmiş və "xxxx" MMC-nin 23 dekabr 2021-ci il tarixli, 165 saylı qiymətləndirmə hesabatı ilə ziyan məbləğinin "xxxx" Konsaltinq MMC-nin 22 iyul 2019-cu il tarixli, M149/19 saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş məbləğdən artıq olması müəyyən edilmişdir. Ziyan məbləğinə qiymət verərək məhkəmə kollegiyası rəyin və birinci instansiya məhkəməsinin müəyyən etdiyi ziyan məbləği ilə müqayisəli təhlil edib nəzərə alır ki, təkrar qiymətləndirmə zamanı ekspertin müəyyən etdiyi məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçılar qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün əsas borc dəyişdirilmədən birinci instansiya məhkəməsinin qəbul etdiyi məbləğdə müəyyən edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini maddi ziyan hissəsində qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddia ərizəsinin digər hissəsi cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan tələbidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsi halını iddiaçılar sübuta yetirə bilmədiklərindən iddia tələbi bu hissədə təmin oluna bilməz. Ona görə də, birinci instansiya məhkəməsi mənəvi zərər məbləği hissədə iddianı qismən təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin «mənəvi zərər» hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «iddiaçılar İddiaçı3 mənəvi zərərə görə 6000 manat, İddiaçı1 dəymiş mənəvi zərərə görə 4000 manat və İddiaçı2 dəymiş mənəvi zərərə görə 4000 manat pulun cavabdeh"xxxx" MMC-dən alınıb onlara verilsin» hissəsində ləğv edilib iddia həmin hissədə təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti əsasında təkrar məhkəmə titinti ekspertizası təyin edilmişdir ki, "xxxx" MMC-nin 23 dekabr 2021-ci il tarixli, 165 saylı qiymətləndirmə hesabatından görünür ki, hər bir ev üçün xidmət haqqı 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi ziyan tələbinə dair hissədə təmin edilmədiyindən hər bir ev üçün xidmət haqqı 300 manat olmaqla, ümumilikdə 900 manat cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-nin müvafiq hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 direktoru B.Ə.Şabiyevin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il il tarixli, 2(012)-201/2019 saylı qətnaməsi qismən – «iddiaçılar İddiaçı3 mənəvi zərərə görə 6000 manat, İddiaçı1 dəymiş mənəvi zərərə görə 4000 manat və İddiaçı2 dəymiş mənəvi zərərə görə 4000 manat pulun cavabdeh"xxxx" MMC-dən alınıb onlara verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «iddiaçılar İddiaçı3 dəymiş ziyana görə 68000 manat, İddiaçı1 dəymiş ziyana görə 47000 manat, İddiaçı2 dəymiş ziyana görə 46000 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat "xxxx" MMCdən alınıb onlara verilsin, iddia qalan hissədə təmin edilməsin və iş üzrə məhkəmə inşaat-tikinti ekspertizalar üzrə cəmi 200 manat məhkəmə xərci "xxxx" MMC-dən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün» hissəsində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 900 (doqquz yüz) manat Cavabdeh1dən tutulub "xxxx" MMC-nin müvafiq hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-105/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-105/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver