Məhkəmə qərarları › İş №2(105)-1061/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1061/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1061/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-121/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 16600 manat, mənəvi zərərə görə 4000 manat pul və 100 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı 16600 manat maddi, 25000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayır və əsasən kənd təsərrüfatı ilə məşğul olur. Ona görə də rayonunun kəndlərində əkinə yararlı pay torpaq sahələri alır. 2008-ci ildə Qobustan rayonunun Xilmilli kənd sakini Cavabdeh torpaq sahəsi satdığına görə onunla görüşüb razılaşdıqdan sonra Ənvər və ailəsinin mülkiyyətində olan 11 ha 64 sot torpaq sahəsinin 4 ha 76 sotunu alqı-satqı yolu ilə almış və həmin torpağa dair çıxarış almışdır. 2016-cı ildə Ənvər ona qalan 6 ha 9 sot torpağını da satmaq istədiyini dediyinə görə həmin torpağın da dəyərini, yəni 4500 manat pul və iki Kamaz hər-birində 800 ədəd mişar daşı olmaqla cəmi 1600 ədəd mişar daşı verməklə Cavabdeh 6 ha 09 sot torpaq sahəsini də almışdır. Ənvərin həmin torpağı satması üçün ailə üzvləri ona notariat qaydasında təsdiq olunmuş etibarnamə vermişlər. Sonradan aldığı 6 ha 9 sot torpaq sahəsinə çıxarış almamış, buna səbəb isə Ənvərin uşaqlarından birinin xəstə olması olmuşdur. 2021-ci ildə torpağın adına keçirilməsi üçün sənədlərin toplanması üçün yenidən Ənvərə 1000 manat pul vermişdir. 2023-cü ildə Ənvər verdiyi pulları danaraq torpağı satmadığını bildirmişdir. O da məcbur olub Ənvərin hərəkətlərindən Qobustan rayon polis şöbəsinə şikayət etmiş və iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ənvərdən aldığı 6 ha 9 sot torpaq sahəsinin pulunu versə də, Ənvər ona həmin torpaqdan istifadə etməyə imkan vermir və əkin-biçin üçün dövlət tərəfindən ödənilən subsidiyaları 2016-cı ildən özü alır. Ona görə də məsələnin məhkəmə müstəvisində həll olunması zərurətində qalmışdır. Bundan başqa Cavabdeh hərəkətlərinin nəticəsində güclü sarsıntı keçirmiş və şəkər xəstəliyinə tutulmuşdur. Hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Cavabdeh təqsiri üzündən keçirdiyi sarsıntılara görə ona dəymiş mənəvi ziyanı 25000 manat qiymətləndirir. Bundan başqa Cavabdeh ona satdığı, lakin dövlət tərəfindən əkin-biçin üçün verilən aldığı subsidiyalar 2016-2020-ci illər üçün hər hektara 200 manat olmaqla torpağa verilən subsidiyanın dəyəri 200 manatdan cəmi 600 manat, 2021-ci il üçün 2010 manatdan 1260 manat, 2022-2023-cü illər üçün isə hər hektarı 220 manatdan olmaqla 2640 manat, cəmi 9900 manat təşkil edir. Ona görə də 16600 manat maddi və 25000 manat mənəvi zərərin Cavabdeh alınıb ona verilməsini istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qobustan Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lakin o, iddiaçıya onun iddia etdiyi və hazırda onun mülkiyyətində olan torpaq sahəsini satmamış və bu torpaq sahəsi onun, ailə üzvlərinin mülkiyyətindədir, əgər o yalan desəydi, onda alqı-satqı əsasında iddiaçıya satdığı torpaqdan başqa hər hansı bir torpaq sahəsi də satdığını bildirməzdi, lakin ona və ailə üzvlərinə dövlət aktına əsasən 20 ha torpaq sahəsi ayrılmış, onun bir hissəsini alqısatqı və bir hissəsini etibarnamə ilə iddiaçıya satmış, lakin onun və ailə üzvlərinin adında qalan 6,09 ha sahədir ki, o bu sahədə əkin işlərini həyata keçirir. Dövlət tərəfindən verilmiş subsidiyalara gəldikdə isə ona yalnız 3 il - 2021, 2022 və 2023-cü illərdə bu torpaq sahəsinə görə subsidiyalar verilmişdir. Qarşı tərəfin hazırda faktiki istifadəsində 11 ha torpaq sahəsi vardır ki, o da həmin torpaq sahəsini ondan almışdır. Onun mülkiyyətində qalan və əkdiyi 5 ha torpaq sahəsi həmin torpaq sahəsi ilə bitişikdir. Lakin məhkəmə bu halları nəzərə almamış və yetərincə araşdırma aparmadan ədalətsiz bir qətnamə çıxarmışdır. Belə hesab edir ki, iddiaçıya hər hansı bir maddi ziyan vurmamış və iddiaçı ona mənəvi ziyanın vurulmasını da məhkəmədə mötəbər sübut və dəlillərlə təsdiq edə bilmədiyi üçün onun bu hissədə də iddiası rədd edilməlidir. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə yalnız qarşı tərəfin izahatına istinad etməklə hazırki qətnaməni qəbul etmiş, iddiaçının faktiki istifadəsində olan yerlə bağlı müvafiq qurumlara sorğu göndərməmiş, qarşı tərəfin iddiada qeyd etdiyi, lakin hər hansı bir mötəbər sübuta əsaslanmayan hesablanması əsasında ondan 16600 manat vəsaitin tutulması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə hətta onun məhkəmə prosesində verdiyi izahatını da qarşı tərəfin xeyrinə dəyişməklə birtərəfli mövqe nümayiş etdirmişdir. Bu da sonda onun əsassız olaraq maddi yüklənməyinə səbəb olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələdirərək həmin hissədə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin cavabdeh tərəfindən iddia tələbinin təmin edilməyən hissədə mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın tutulması barədədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-0614 KOD 30712018 saylı dövlət aktının surətinə əsasən, ailə başçısı X1 göstərilməklə 6 nəfər ailə üzvlərinə 11,54 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin verilməsi işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halına görə Qobustan rayon notariat kontorunun 01 iyul 2008-ci il tarixli torpağın alqı-satqısı barədə müqaviləsinin surətinə əsasən Cavabdeh Qobustan rayonunun Xilmilli kəndində yerləşən ona və ailəsinə məxsus 47620,87 ha torpaq sahəsini İddiaçı satmışdır. İşdən görünür ki, iddiaçı 6 ha 09 sot torpaq sahəsinə görə Cavabdeh 4500 manat və iki Kamaz hər-birində 800 ədəd mişar daşı olmaqla cəmi 1600 ədəd mişar daşı, 2021-ci ildə torpağın sənədləşdirilməsi üçün yenidən 1000 manat pul verərək aldığını iddia etmiş, buna baxmayaraq torpağın onun adına rəsmiləşdirilməsindən yayınaraq, torpağı satmadığını bildirmişdir. Cavabdeh isə iddiaçının qeyd etdiyi torpaq sahəsini ona satmadığını və həmin torpaq sahəsində onun tərəfindən əkin işləri aparılmaqla 2021- 2023-cü illər üzrə subsidiyalar aldığını bildirərək iddiaya etiraz etmişdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə Soltanğaşa Məlikov mübahisəli əmlakı aldığını, alqı-satqısı üçün pulun cavabdehə verildiyini və müqavilənin notariat qaydasında rəsmiləşdirməsindən onun deyil, cavabdehin yayındığını sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin işin araşdırılmış hallarına əsasən iddiaçı tərəfindən mübahisəli torpaq sahəsini alması və bu məqsədlə cavabdehə pul verməsi öz təsdiqini tapmır. Məlum olduğu kimi, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 394-cü maddəsi). Nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar ilə bağlı müqavilə notariat qaydada təsdiq edildikdən sonra həmin əmlak üzərində hüquqlar yaranır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin hazırkı iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanması və həmin müqavilənin notarial qaydada təsdiq olunması barədə sənədlər iş materiallarında mövcud deyil. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Qeyd olunmalıdır ki, iddiaçı cavabdehin əməli nəticəsində ona torpağın dəyəri olaraq 4500 manat pul, iki Kamaz hər-birində 800 ədəd mişar daşı olmaqla cəmi 1600 ədəd mişar daşının dəyəri təxmini olaraq 1200 manat, sənədlərin toplanması üçün 1000 manat, torpağa verilən subsidiyanın cəmi olaraq 9900 manat, ümumilikdə 16600 (4500+1000+9900+1200=16600) manat məbləğində maddi zərərin vurulduğunu qeyd etsə də, qeyd olunan halları təsdiq edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Göründüyü kimi mübahisəli 6 ha 09 sot torpaq sahəsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanması öz təsdiqini tapmadığından, iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən ona vurulmuş 16.600 manat zərərin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinə mübahisə predmetini təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair subsidiyaların 2015-ci ildən hazırki vaxtadək verilməsi, həmin torpaq sahələrinin əkin sahəsi olaraq kimin tərəfindən istifadə edilməsi barədə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2 avqust 2024-cü il tarixli 3-22-2/2-1559/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra - EKTİS) olan məlumatlara əsasən İddiaçı 4,7621 ha torpaq sahəsində həyata keçirilən əkinlərə görə 2020-ci ildə 952,42 (doqquz yüz əlli iki manat qırx iki qəpik) manat, 2021-ci ildə 857,16 (səkkiz yüz əlli yeddi manat on altı qəpik) manat, 2022-ci ildə 1000,04 (bir min manat dörd qəpik) manat, 2023-cü ildə 1047,66 (bir min qırx yeddi manat altmış altı qəpik) manat və 2024-cü ildə isə 1047,20 (bir min qırx yeddi manat iyirmi qəpik) manat subsidiya ödənilmişdir. EKTİS-də olan məlumatlara əsasən Cavabdeh 6,0974 ha torpaq sahəsində həyata keçirilən əkinlərə görə 2021-ci ildə 1440 (bir min dörd yüz qırx) manat, 2022-ci ildə 1280,45 (bir min iki yüz səksən manat qırx beş qəpik) manat, 2023-cü ildə 1341,43 (bir min üç yüz qırx bir manat qırx üç qəpik) manat və 2024-cü ildə isə 1341,43 (bir min üç yüz qırx bir manat qırx üç qəpik) manat subsidiya ödənilmişdir. Müraciətdə qeyd olunan digər 0,6855 ha torpaq sahəsinin EKTİS-də qeydiyyatı aşkar edilməmişdir. Belə olan halda Cavabdeh xüsusi mülkiyyətində olan Qobustan rayonun Xilmilli kəndində yerləşən 6,0974 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 2021-2024-cü illər ərzində həyata keçirilən əkinlərə görə cavabdehin 5403,31 manat məbləğində subsidiya alması qanuni olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 4000 manat məbləğində mənəvi zərərin təmin edilən hissəsinə gəldikdə isə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətlər nəticəsində baş verməsini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar