Məhkəmə qərarları › İş №2(105)-1063/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1063/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1063/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsində BMW markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil, Saipa markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin avtomobildə fırlanaraq Volkswagen markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və həmin avtomobildə Mercedes E200 markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə Saipa markalı avtomobilin sürücüsü X3 xəsarət almışdır.

2. İşdə olan AC-№ 655814 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ““Volkswagen Passat CC” ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır.

3. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasına dair cinayət işinin başlanması rədd edilmişdir.

4. İşdə olan TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixində saat 17:00-da Yasamal rayonu, A.M.Şərifzadə küçəsində BMW X-5 minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 baş vermiş hadisə nəticəsində avtomobilinə dəyən ziyana görə 25539,4 (iyirmi beş min beş yüz otuz doqquz manat qırx qəpik) manat, evakuasiya xidmətinə ödəmiş olduğu 105 (bir yüz beş) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 (bir yüz altmış altı) manat, cəmi 30810,4 (otuz min səkkiz yüz on manat, qırx qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 may 2023-cü il tarixdə, saat 16:00 radələrində Cavabdeh3 idarə etmək hüququ olmadan Cavabdeh2 tərəfindən sürmək üçün Cavabdeh2 məxsus “BMW X5” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozmuş və “Saipa” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, zərbədən həmin avtomobil fırlanaraq yolun kənarında dayanmış ona məxsus “Volkswagen Passat CC” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və zərbənin nəticəsində onun avtomobili yolun kənarında dayanmış “Mercedes-Benz E200” markalı **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində ona məxsus “Volkswagen Passat CC” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi zərər yetirilmiş və avtomobili yararsız hala düşmüşdür. “Volkswagen” avtomobillərinin Azərbaycanda rəsmi servis mərkəzi olan "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilinə ümumilikdə 25539,4 manat zərər dəymişdir. Bununla yanaşı avtomobilin evakuasiyası üçün “156” evakusiya xidmətinə 105 manat vəsait ödəmişdir. Həmçinin, hadisə nəticəsində o, qorxu və stres keçirmiş, psixoloji sarsıntı yaşamış və hesab edir ki, ona mənəvi zərər dəymişdir. Mənəvi zərərin məbləğini 5000 manat qiymətləndirir. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılmış və cavabdehlər inzibati məsuliyyətə cəlb edilmişlər. Hadisə nəticəsində ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, onun öz adına avtomobil yoxdur. Qəza hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Oğlunun qaynı maşın alveri ilə məşğuldur. Onun və yoldaşının adına bir neçə dəfə etibarnamə alaraq avtomobil alqı-satqısı etmişdir. Bu səbəbdən iddia tələbini ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, o, avtomobili kreditə almışdır. Cavabdeh3 qohumu onun tanışıdır. Onun qohumu avtomobili idarə etmək üçün Cümşüdə verməyi xahiş etmişdir. O, Cümşüdə etibarnamə verməmişdir. Cümşüdün avtomobili sürücülük hüququ olmadan idarə etməsi barədə məlumatı olmamışdır. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. İşdə olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Volksvagen Passat CC” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə təmir bərpa xərcləri ümumilikdə 25539,4 manat təşkil edir.

10. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7212 saylı ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışlı “Volksvagen Passat CC” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9600 manat müəyyən edilir.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 9600 (doqquz min altı yüz) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 166 (bir yüz altmış altı) manat tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cümşud İsmayılzadənin qohumu ilə tanışdır. Məhz bu səbəbdən Cavabdeh3 qohumu avtomobili idarə etmək ücün ondan xahiş etmişdir. Avtomobili etibarnamə vermədən ona vermişdir. Ancaq Cavabdeh3 sürücülük hüququ olmadan idarə etməsi barədə heç bir məlumatı olmamışdır. Maraqlısı budur ki, hadisəni törədən Cavabdeh3 dəymiş ziyanın ödənilməsini hakim müştərək qaydada ödənilməsi qərarını hansı sübut və faktlara əsaslanır? Yəni qətnamə üzrə cavabdeh olsa da burda ona qarşı tələb tamamilə əsassızdır.

14. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olmuşdur. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinin tələblərindən görünür ki, hüquqa zidd olan əməlin təqsirli olaraq törədilməsindən danışılır. Baş verən hadisədə İddiaçı məxsus avtomobilə zərər dəyməsində onun heç bir təqsiri olmamışdır. Hazırki situasiyada dəymiş zərərlə hüquqa zidd əməl arasında hansı əlaqədən söhbət gedir bunu başa düşə bilmir. İkinci qrup əlil olan adamdır. Əlavə etdiyi xəstəlik vərəqələrindən görünür ki, “nevroik reaksiya” F43.0. özünə xəsarət yetirmələr diaqonuzu ilə Naxçıvan MR X1 müalicə alır. Bundan başqa Naxçıvan MR publik hüquqi şəxsin Travmatologiya şöbəsində “ambulator, stasionar” xəstə kimi qeydiyyatdadır. Məhkəmə iş materiallarında iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə mübahisənin həlli üçün zəruri olan subutlara qiymət verməmiş və bununla da real olmayan hallar müəyyən etmişdir. Məhkəmənin qətnaməsindən hansı hallara münasibət bildirməsi, hansı tələbə baxması heç bir şəkildə aydın olmur. İddia ərizəsinin məzmunundan görünür ki, tələb yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Lakin, məhkəmənin qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Göründüyü kimi iddiaçının evinə su sızmasının hazırki işlə hansı əlaqəsi vardır, bunu başa düşmək olmur. Hesab edirik ki, məhkəmə başqa iddiaçının iddia tələbi ilə hazırkı işin hallarını qarışdırmışdır. Bundan başqa su sızması ilə bağlı hansı ekspertizanın keçirilməsi də aydın deyildir. Cavabdehlərdən Cavabdeh2 məhkəmədə yalan izahat verir. O, avtomobillərin icarəyə verilməsi işi ilə məşğuldur. Onun heç bir qohumu ondan nə isə xahiş etməmişdir. O, çox yaxşı bilirdi ki, onun sürücülük hüququ yoxdur. İndi öz təqsirini onun üstünə atmaq istəyir. O, ikinci qrup əlil insandır, hər iki bud nahiyyəsi termiki yanıq nəticəsində pis gündədir. Onun məhkəmədən, qətnamədən məlumatı olmayıb. Naxçıvan MR-da yaşayır, ona icradan məlumat gəlib ki, qətnamə var. İki gün əvvəl bilmişdir ki, digər cavabdeh də apelyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən hesab edir ki, qətnamənin əsaslandırıcı hissəsi işin hallarını əks etdirmədiyindən, təsviri və əsaslandırıcı hissələr bir-birini tamlamadığından, təsviri hissədə başqa işin halları, əsaslandırıcı hissədə isə başqa işin hallarından danışıldığından hazırki qətnamə ləğv olunmalıdır. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassız qətnamə qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətlərini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

21. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

23. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

34. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən apellyasiya şikayətləri yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş, iddiaçı və Cavabdeh1 apellyasiya şikayəti verməmişlər.

35. Apellyasiya şikayətində mübahisələndirilən məsələlərdən biri də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıdır.

36. Belə ki, qətnamədə göstərilmişdir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir.

37. Lakin araşdırılan işdən görünür ki, tərəflər arasındakı mübahisə mənzilə su sızması ilə bağlı olmayıb yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə bağlıdır. Odur ki, kollegiya bu hissədə apellyasiya şikayətinin dəlili ilə razılaşır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində apellyantların təqsirli olmaları işdə olan və yuxarıda göstərilən sənədlərlə müəyyən olunur.

39. İşdən görünür ki, Cavabdeh2 öz istifadəsində olan avtomobili avtomobil idarə etmək hüququ olmayan Cavabdeh3 idarə etmək üçün vermiş və onun iştirakı ilə göstərilən yol-nəqliyyat hadisəsi baş vermişdir.

40. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

41. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7212 saylı ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışlı “Volksvagen Passat CC” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9600 manat müəyyən edilmişdir.

42. Rəydən həmçinin görünür ki, 2011-ci il buraxılışlı “Volksvagen Passat CC” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta pərakəndə satış qiyməti təxminən 16000 manat müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin göstərilən rəyi MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

44. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatı ilə həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 2500 manat məbləğində sığorta ödənişi alması müəyyən olunmuşdur.

46. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

48. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir...

49. Lakin birinci instansiya məhkəməsi baş vermiş hadisə nəticəsində sığorta şirkəti tərəfindən iddiaçı tərəfə ödənilmiş sığorta ödənişini nəzərə almamış və bu halı müəyyən etməmişdir.

50. Belə olan halda kollegiya hesab edir ki, həmin məbləğ vurulmuş maddi zərərə görə cavabdehlərdən tutulacaq məbləğdən çıxılmalı (9600-2500=7100) və zərərin məbləği 7100 (yeddi min yüz) manat həcmində müəyyən edilməlidir.

51. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

52. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarına və iş üzrə tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsi qismən - cavabdehlərdən müştərək qaydada baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərərk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş maddi zərərə görə 7100 (yeddi min bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsi qismən - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş maddi zərərə görə 7100 (yeddi min bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar