Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1068/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının nümayəndəsi X2 və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahibliyində olması faktının müəyyən edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış sayılması, plan və ölçünün verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 57 saylı iclas protokolu qərarı ilə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan 295 saylı həyətyanı torpaq sahəsinə dair Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı müqaviləsi torpaq sahəsinin dəyəri Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı tərəfindən 2005-ci ildə mövcüd olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kv.metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının qanuni sahibliyində olması faktının tanınması, qətnamənin sözügedən torpaq sahəsinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına verilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanaraq Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına verilməsi üçün əsas hesab edilməsi qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 27.09.2012-ci il tarixdə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı Sumqayıt bələdiyyəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli (protokol №57) qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan 295 saylı həyətyanı torpaq sahəsinə dair onunla Sumqayıt bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin torpaq sahəsinin dəyəri onun tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kv metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahibliyində olması faktının tanınması və sözügedən torpaq sahəsinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək ona verilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanaraq ona verilməsi üçün əsas olması barədə qətnamə cıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2005-ci ilin əvvəllərində Sumqayıt şəhər bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdi. Onun müraciəti əsasında Sumqayıt bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli (protokol №57) qərarı ilə 20-ci mikrorayon ərazisində sahəsi 700 kvadrat metr olan 295 saylı həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Mülkiyyətinə verilən torpaq sahəsi məişət tullantıları ilə örtülən, çirkab, qrunt suları ilə bataqlığa çevrilən sahə idi. Həmin əraziyə 6-7 min manat xərc çəkərək məişət tullantılarını təmizləmiş, çirkab, qrunt sularını xüsusi texnika ilə çəkib bataqlığı qurutmuş, satın alaraq oraya maşınlarla münbit torpaq töküb yararlı hala salmışdı. Lakin Sumqayıt şəhər bələdiyyəsi tərəfindən həmin qərarın 2-ci bəndi məlum olmayan səbəblərə görə yerinə yetirilməmişdir. Belə ki, həmin bənddə qeyd olunmuşdur ki, “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair akt tərtib olunmalı və həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınmalıdır. Həmin aktın tərtib edilməsinin və onun tərəfindən alqı-satqı haqqının ödənilməsinin zəruriliyi nə bələdiyyə, nə də torpaq şöbəsi tərəfindən ona bildirilməmişdir. Alqı-satqı aktının lazım olması ona bir müddət əvvəl məlum olmuşdur ki, bunu da torpaq sahəsini mülkiyyət hüququ üzrə dövlət qeydiyyatından keçirmək istəyərkən öyrənmişdir. O, bununla bağlı Sumqayıt şəhər bələdiyyəsinə müraciət etmiş və torpaq sahəsinin bələdiyyə qərarı verilərkən qüvvədə olmuş normativ-hüquqi aktlar əsasında müəyyən olunmuş dəyərini bələdiyyənin hesabına keçirməyə hazır olduğunu bildirmiş, ancaq bələdiyyədə onun hazırda qüvvədə olan qanun normaları əsasında torpağın hər 100 kv. metrinə görə 560 manat məbləğində ödənişi həyata keçirməli olduğu, yaxud da torpağı hərrac, yaxud müsabiqə yolu ilə əldə etməli olduğu bildirilmişdir. Bu isə tamamilə əsassız bir tələbdir. Ona torpaq sahəsi 2005-ci ildə bələdiyyə tərəfindən ayrılmışdır. Bələdiyyənin həmin qərarı hazırda qüvvədədir və hər hansı orqan, o cümlədən Sumqayıt şəhər bələdiyyəsi tərəfindən bu günədək mübahisələndirilməmişdir. Tələb olunan ödənişin vaxtında ödənilməməsi və alqı-satqı aktının bağlanmaması isə onun deyil, bələdiyyənin təqsiri üzündən baş vermişdir. O, hüquqi təhsilə malik deyildir və qanun normalarını lazımi şəkildə bilmir. Bu səbəbdən ondan əlavə ödənişin tələb edilməsi əsassızdır və qanun normaları ona münasibətdə tətbiq oluna və yeni qiymətlərlə torpağın ödənişi həyata keçirilə bilməz. Belə ki, onunla Sumqayıt şəhər bələdiyyəsi arasında torpaq sahəsinə dair hüquq münasibətləri hazırda qüvvədə olan qanun normaları qəbul edilməmişdən xeyli əvvəl yaranmışdır. Bütün bu haqsızlıqlar səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməlidir. İddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı ilə Sumqayıt bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüququn dövlət qeydiyyatının aparılması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Belə ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının özünün laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Hazırda da alqı-satqının rəsmiləşdirilməsi ilə əlaqədar iddiaçının Sumqayıt bələdiyyəsinə müraciət etmək hüququ vardır. Alqı-satqının rəsmiləşdirilməsi imkanı da itirilməmişdir. Belə olan halda, iddiaçı torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar Sumqayıt bələdiyyəsinə rəsmi müraciət etməlidir. Əgər onun müraciəti müsbət həll olunmazsa, o zaman iddiaçı bələdiyyəyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Həmçinin, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə, hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir, yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı hər-hansı mübahisə yoxdur. Buna görə də hazırki tələb və iş üzrə qəbul edilmiş qətnamə qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. İlkin olaraq iddiaçı Sumqayıt bələdiyyəsinə müraciət etməli, qanunla müəyyən edilmiş sənədləri əldə etdikdən sonra, həmin sənədlərlə birlikdə idarəyə müraciət etməlidir. Əgər onun müraciətinin icrasından hansısa inzibati orqan tərəfindən imtina olunarsa, aidiyyəti üzrə həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı və cavabdeh Sumqayıt bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 57 saylı qərarının surətindən görünür ki, Qurbanova Şəhla Əbdüləzim qızına Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün 700 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdən görünür ki, iddiaçının tələbləri Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli (protokol №57) qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan 295 saylı həyətyanı torpaq sahəsinə dair onunla Sumqayıt bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin torpaq sahəsinin dəyəri onun tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kv metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahibliyində olması faktının tanınması və həmin torpaq sahəsinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək ona verilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanaraq oba verilməsi üçün əsas olması barədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq (şərh) etmədiyindən iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddi hüquq normaları mübahisələndirilən torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas vermir. Həmin normalar torpaq üzərində hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası iş materiallarına əsasən Sumqayıt bələdiyyəsinin iddiaçı ilə torpaq sahəsinin alqı-satqısına dair akt və ya müqavilə bağlamaqdan boyun qaçırmasını, bundan hər hansı şəkildə imtina etməsini müəyyən etmədi. Göründüyü kimi, hazırki işdə torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, bağlanmış hesab olunması xahiş edilən əqd yuxarıda göstərilən tələblərə cavab vermir, iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında yazılı formada əqd bağlanmamış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Sumqayıt bələdiyyəsinə ödənilməmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahibliyində olması faktının müəyyən edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış sayılması, plan və ölçünün verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1068/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1068/2021
22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver