Məhkəmə qərarları › İş №2(105)-1077/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1077/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1077/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-205/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın təmin edilməsi, Cavabdeh sığorta ödənişi məbləğini təşkil edən 1736 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ile məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ödənilmiş 1736,00 (bir min yeddi yüz otuz altı) manat sığorta ödənişi məbləğini və ödənilmiş 30 (otuz) manat məhkəmə rüsumunun cəmi 1766,00 (bir min yeddi yüz altmış altı) manat pulun cavabdeh ondan tutularaq cəmiyyətlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyət ilə Sığortalı "xxxx" MMC arasmda bağlanmış M0030/13 saylı "Avtonəqliyyat vasitələrinin kompleks sığortası" müqaviləsinə əsasən "X7 1840" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətlərində sığortalanmışdır. xx.xx.2013-cü il tarixində X1 "X7 1840" markalı, **- JJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən Qusar şəhəri, Əzizbəyov küçəsində X2 məxsus, Cavabdeh idarə etdiyi "VAZ 21099" markalı, **-BR- *** dövlat qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq zədələnmişdir. xx.xx.2013cü il tarixli, BYP 347361 nömrəli AR DİN BDYP İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində AR İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən təqsirli bilinmişdir. Hadisə zamanı zərərçəkmiş "X7 1840" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Nəticədə, "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli "təmir-sifariş"-nə zərər 6136,00 manat məbləğində müəyyənləşdirilmişdir. Hesablanmış sığorta ödənişi 300 manat şərtsiz azadolma məbləği nəzərə almmaqla cəmi 5836 manat zərərçəkmiş "xxxx" MMC-yə ödənilmişdir. Sığorta ödənişi faktının təsdiqi MCL-003/14 saylı xx.xx.2014-cü il tarixli sığorta ödənişi aktında və 98 saylı xx.xx.2014-cü ü tarixli ödəniş tapşırığında öz əksini tapmışdır. "VAZ 21099" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası "AXA Mbask" sığorta şirkətində olduğunu nəzərə alaraq icbari sığorta haqqında qanunun 18-ci maddəsinə əsasən ödənilmiş məbləğ həmin şirkətdən tələb edilmiş və cəmi 4100 manat Cəmiyyətin hesabına ödənilmişdir. Beləliklə, İddiaçı-nin ödənilmiş sığorta ödənişi məbləğindən qalan 1736 manat Cavabdeh subroqasiya hüququ (geriyə tələb) qaydasında tələb etmək hüququ yaranmışdır. Hesab edir ki, Cavabdeh tərəflərindən ödənilmiş sığorta ödənişini geriyə qaytarmağa bocludur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisə edilən qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə işin hallarını ətraflı araşdırmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (Mülki Məcəllənin 1108.1. və 1108.2. maddələri). Subroqasiya hüququ bu Məcəllənin 936.6. maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). İşdən görünür ki, xx xxxxxxx 2013-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh X2 məxsus idarə etdiyi "VAZ 21099" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, X1 idarə etdiyi "X7 1840" markalı, **-JJ-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı xx.xx.2013-cü il tarixli, BYP 347361 nömrəli AR DİN BDYP İnzibati Xəta haqqmda protokola əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli təmir-sifarişinə əsasən zərər 6136,00 manat məbləğində müəyyənləşdirilmişdir. Hesablanmış sığorta ödənişi 300 manat şərtsiz azadolma məbləği nəzərə almmaqla cəmi 5836 manat zarərçəkmiş "xxxx" MMC-yə ödənilmişdir. "VAZ 21099" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası “AXA Mbask” sığorta şirkətində olduğunu nəzərə alaraq, “İcbari sığorta haqqında” Qanunun 18-ci maddəsinə əsasən ödənilmiş məbləğ həmin şirkətdən tələb edilərək 4100 manat iddiaçının hesabına ödənilmişdir. Həmin sığorta ödənişinə görə sığorta şirkəti cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş pulun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb qismən təmin edilmiş, Cavabdeh həmin nəticəni mübahisələndirmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Kollegiya qeyd edir ki, sığorta şirkəti olan iddiaçı dəymiş zərərin əvəzini zərərçəkən şəxsə ödəmiş, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçmiş, bununla da onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Cavabdeh ona qarşı subroqasiya qaydasında pulun tutulmasını tələbini mübahisələndirsə də, bununla bağlı hər hansı mötəbər və əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPMnin 14.2., 77.1. və 88-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin baş vermiş avtonəqliyyat hadisəsinə görə İddiaçı tərəfindən üçüncü şəxslərə ödəmiş olduğu pul vəsaiti həcmində subroqasiya hüququnun yaranması və buna görə də ödənişin məsuliyyət daşıyan cavabdehdən alınması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Mülki Məcəllənin 936.2. maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Subroqasiya zamanı iddia müddətinin hesablanması sığortaçının tələb hüququ yarandığı andan başlanır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar