Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1079/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-120/2023 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 30000 manat məbləğində qiymətləndirilmişdir.
3. xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir.
4. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 30000 manat məbləğində qiymətləndirilmişdir.
5. İddiaçı ASC-nin 12 iyul 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə 7194,89 manat əsas, 1603,42 manat faiz, 242,57 manat cərimə borcu, cəmi 9040,88 manat borcu vardır.
6. İddiaçı ASC-nin 12 iyul 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə 4405,30 manat əsas borcun, 1270,69 manat faiz borcun, 118,50 manat cərimə borcun, cəmi 5794,49 manat borcu vardır.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/5306 saylı rəyinə əsasən, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 7194,37 manat faiz borcu üzrə 2264,03 manat; xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan xx.xx.2021-ci il tarixə əsas borc üzrə 4405,80 manat, faiz borcu üzrə 1268,14 manat müəyyən edilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, YDQM № 012-066/2022 saylı ekspert rəyinə əsasən, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilin dəyəri 65900 manat, likvid dəyəri isə 60000 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinin ləğv olunması, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borcun, 1270,69 manat faiz borcun, 118,50 manat cərimə borcun, cəmi 5794,49 manat pulun, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 7194,89 manat əsas, 1603,42 manat faiz, 242,57 manat cərimə borcu, cəmi 9040,88 manat pulun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh Ləğv Prossesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Ləğv Prossesində olan xeyrinə tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş xx.xx.2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ Cavabdeh məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-ci məhəllə, ev 59, mənzil 140 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, RX saylı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********460 saylı xx.xx.2021-ci il tarixli, **********459 saylı, xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-120/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 7194,37 manat əsas, 1603,42 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 8817,79 manat borc, xx.xx.2019ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borc, 1268,14 manat faiz borc, 10 manat cərimə borcu olmaqla, cəmi 5683,44 manat borc, 136 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın xx.xx.2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması və ipoteka predmetinin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində rədd edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/5306 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Elman Məmmədov)
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385.1, 421.1 421.2, 442, 443.1, 445, 448.1, 448.2,462.1-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 59.3 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)- 120/2023 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə razı deyillər. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir.
14. Məhkəmənin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə ümumiyyətlə anlaşılan deyil. Əvvəla ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti olan daşınmaz əmlakın dəyəri 30000 manat müəyyən edilmişdir. Tərəflər məhz bu qiymətin ipoteka predmetinin ilkin satış qiyməti olması ilə bağlı razılığa gəlmiş və bunun da əsasında Cavabdeh kredit ayrılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 13-cü maddəsi ekspertin vəzifələrini təsbit edir. Həmin vəzifələrdən ən önəmlisi odur ki, ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmalı və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməlidir. Necə ola bilər ki, 2018-ci ildə bazar dəyəri 30000 manat olmuş daşınmaz əmlakın likvid dəyəri cəmi 5 il sonra 60000 manat olsun?! İş materillarından da, qətnamədən də göründüyü kimi, ipoteka predmetində heç bir yaxşılaşdırma aparılmamış, onun konstruksiyasında hər hansı əhəmiyyətli dəyişiklik aparılmamışdır. Aydın məsələdir ki, “İpoteka haqqında” qanunun 1.0.9-cu bəndinə görə, ipoteka predmetinin ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir və adətən əmlakın likvid qiyməti onun bazar qiymətindən bir qədər aşağı olur. Hətta bu halı və 5 il ərzində baş vermiş inflyasiya faizlərini nəzərə alsaq belə ipoteka predmetinə qoyulmuş 60000 manat qiymət belə absurd görünür. Ekspert rəyi məntiqdən kənardır və məhkəmə bu hala formal yanaşmamalı, ciddi araşdırma aparmalı idi.
15. İş materillarından görünür ki, ipoteka müqaviləsində göstərilən qiymətlə qiymətləndirmə rəyində qeyd edilən qiymət arasında kifayət qədər böyük fərq var. İpoteka predmetinin ilkin satış qiymətləri arasındakı fərq isə ümumiyyətlə ekspertin öz vəzifələrinə qeyri-ciddi yanaşmasına işarədir. Belə olan məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün alternativ rəylər almalı, təkrar ekspertiza keçirməli idi.
16. Yuxarıda da qeyd edildiyi kimi, ekspert rəyinin ağlabatan olmaması aşkardır və belə olan məhkəmə toplanmış sübutları öz mülahizəsinə əsasən qiymətləndirə bilərdi. Bəzi məsələlərdə ümumiyyətlə ekspertizanın təyin olunmasına lüzum olmamışdır. Məsələn, ipoteka predmetinin ilkin satış qiyməti məsələsində ziddiyyət mövcuddur. İpoteka müqaviləsindəki qiymət də daxil olmaqla ipoteka predmetinə ümumilikdə 2 dəfə bir-birindən kəskin şəkildə fərqlənən qiymət qoyulmuşdur. Birinci instansiya məhkəməsi isə yalnız sonuncu qiymətləndirmə rəyini əsas götürmüşdür. Nə “İpoteka haqqında” qanunda, nə də prosessual qanunvericilikdə məhz “sonuncu ekspert rəyi daha mötəbər sübutdur” deyə bir norma yoxdur. “Məhkəmələr və hakimlər haqqında” qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin qərar çıxararkən sərbəst daxili inamı ona əsaslanır ki, iş materiallarında eyni məsələ ilə bağlı bir neçə bir-birini təkzib edən sübut varsa, hakim həmin sübutları ümumiləşdirib azad surətdə qiymətləndirməli və yekun qərar qəbul etməlidir. Abşeron rayon Məhkəməsinin sübutların tədqiqinə formal yanaşmışdır.
17. Əmlakın qiymətləndirilməsi aparılarkən iddiaçı tərəf olaraq LPO İddiaçı ASC-yə ümumiyyətlə məlumat verilməmişdir. Halbuki işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Nəticə etibarilə belə təəssürat yaranır ki, ekspert ümumiyyətlə ipoteka predmetinə baxış keçirməmiş və yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də internetdəki elan saytları vasitəsilə əmlaka qiymət qoymuşdur. Bu da peşəkar qiymətləndirmə fəaliyyətinə ziddir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
22. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
27. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
28. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
30. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
31. Maddə 39.3.3. Məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-120/2023 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsini mübahisələndirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız həmin hissədə apellyasiya baxışının predmeti olmalıdır.
42. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsinin yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Apellyasiya şikayətin dəlillərindən görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(012)-120/2023 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsini mübahisələndirmişdir.
45. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə, ev 59, mənzil 140 nömrəli mənzil 30000 manat qiymətləndirilmişdir.
46. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid satış qiymətini qiymətləndirmə rəyi əsasında 60000 manat müəyyən etmişdir. İddiaçı isə apellyasiya şikayətində bundan narazılığını ifadə edərək, rəylə razı olmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə əmtəəşünaslıqqiymətləndirmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 10/3896-9/4112 nömrəli ekspert rəyinə əsasən Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 31-ci məhəllədə yerləşən 59 saylı evin 140 nömrəli mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 83000 manat məbləğində, likvid dəyəri təqribən 75000 manat məbləğində müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsini apellyasiya şikayətinin dəlilləri həcmində yoxladığından, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-120/2023 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Eyni zamanda ekspertiza xərcinin dəyəri 100 manat İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-120/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul vəsaiti İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.