Məhkəmə qərarları › İş №2(105)-1086/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1086/2024

18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1086/2024 18.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndələri Vəkil3 və Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(012)- 473/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X8 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X8 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189,53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsinə mütənasib olaraq 461/500 hissəsinə, həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsinə mütənasib olaraq ½ hissə və həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsinə mütənasib olaraq 567/2000 pay hissəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X8 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X8 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsi, həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsi üzərində və həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsi üzərində onun-İddiaçı pay hüququ tanınmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2023cü il tarixli 2(102)-1117/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin icra edilməsi üçün bəhs edilən ünvanda yerləşən daşınmaz əmlaklara dair pay hüququnu təsdiq edəcək ilkin hüquqmüəyyənedici sənədlər, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarış, pay hissəsinin yaranmasına əsas olan və məhkəmə qətnaməsində göstərilən pul məbləğinin ödənilmiş olmasını təsdiq edən maliyyə arayışının verilməsini xahiş etsə də, Cavabdeh tərəfindən sənədlərin verilməsindən imtina edilmişdir. Daşınmaz əmlaka dair pay hüquqlarının analoji sənədləşmələrdə qəbul olunmuş pay nisbətində qeyd edilməsi praktikasına uyğun olaraq göstərilməsini doğru sayır. Belə ki, bəhs edilən mənzilə pay hüququnun 461/5000 hissəsinə, 58 saylı qaraja olan pay hüququnun ½ pay hissəsinə, 59 saylı qaraja olan pay hüququ 567/2000 hissəsinə uyğundur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(012)-473/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X8 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X8 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189,53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsinə, eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsinə və eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsinə mütənasib olaraq, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışlarının verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi, Cavabdeh MTK-dan ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(012)-473/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin öz qətnaməsinin əsası kimi istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı sözügedən daşınmaz əmlaklar üzərində pay hüququ müəyyən edilməmişdir. Onun pay hüququ yalnız həmin əmlakların alınmasına sərf olunmuş pul vəsaiti üzərində tanınmışdır. Qeyd olunan daşınmaz əmlakların alınmasına sərf olunan pul vəsaiti üzərində pay hüququnun tanınması, həmin əmlakların üzərində pay hüququnun tanınmasına əsas ola bilməz. Buna görə də həmin daşınmaz əmlaklar üzərində iddiaçının pay hüququna dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışın və buna uyğun olaraq maliyyə arayışının verilməsini tələb etmək qanuni və əsaslı deyildir. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi Cavabdeh MTK-nın üzərinə sözü gedən daşınmaz əmlaklar üzərində paya dair İddiaçı adına ümumi yığıncağın protokolundan çıxarış və maliyyə arayışı vermək vəzifəsi qoymuş, lakin MTK-nın üzərinə belə bir vəzifənin qoyulmasının mümkünlüyünü hüquqi baxımdan əsaslandırmamışdır. Halbuki, qanunla MTK-lara belə bir səlahiyyət verilməmişdir və onların üzərinə belə bir vəzifə də qoyulmamışdır. Daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatını aparmaq və buna dair çıxarışların verilməsi yalnız daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarının səlahiyyətinə aiddir. Qətnamədə qeyd olunan daşınmaz əmlakların alınmasına sərf olunan pul vəsaiti üzərində iddiaçının pay hüququna dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışın və buna uyğun olaraq maliyyə arayışının verilməsinin iddiaçı üçün hansı hüquqi nəticələr yaradacağı qətnamədə izah edilməmişdir. Yəni, qeyd olunan protokoldan çıxarışın və maliyyə arayışının iddiaçı üçün hansı əlavə hüquqlar müəyyən etdiyi və həmin sənədlərin iddiaçıya hansı məqsəd üçün lazım olduğu da məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının qeyd olunan pul vəsaiti üzərində pay hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi halda, MTK tərəfindən əlavə olaraq buna dair hər hansı protokoldan çıxarışın və maliyyə arayışının verilməsi iddiaçı üçün hansı əlavə hüquqi nəticələr yarada bilməsi və MTK tərəfindən həmin sənədlərin verilməməsinin iddiaçının hansı hüquqlarını pozmasına dair suallara məhkəmə qətnaməsində cavab verilməmiş və MTK-ın üzərinə belə bir vəzifənin qoyulmasının zərurliyi qətnamədə izah edilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, hazırki mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilən X2 qeyd olunan əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına müvafiq çıxarış verilmişdir. Belə olan halda, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan əmlaka dair MTK -nın üzərinə ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının verilməsi vəzifəsinin qoyulması da qanuni və əsaslı hesab edilə bilməz. Lakin, Abşeron Rayon Məhkəməsi işin qeyd olunan faktiki hallarını da müəyyən etməmiş və nəticədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırki mübahisə üzrə iddiaçı olan - İddiaçı ilə cavabdeh - Cavabdeh MTK arasında heç bir müqavilə bağlanılmamış və MTK iddiaçı qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Müqavilə münasibətləri MTK ilə hazırki mübahisə üzrə üçüncü şəxs olan X7 arasında yaranmışdır və MTK yalnız onun qarşısında müəyyən öhdəliklər daşıyır. Belə olan halda, X7 ilə İddiaçı arasında yaranmış mübahisə ilə əlaqədar olaraq, həmin münasibətlərin iştirakçısı olmayan digər şəxsin, yəni MTK-nın üzərinə hər hansı öhdəliyin qoyulması Mülki Məcəllənin 386.1-ci maddəsinin tələblərinə ziddir. Buna görə də məhkəmə hazırki mübahisəyə Mülki Məcəllənin 386.1-cimaddəsini tətbiq etməli və iddia tələbini rədd etməli idi. İddiaçı ilə cavabdeh MTK arasında heç bir müqavilə öhdəlikləri yaranmadığına görə hazırki mülki mübahisə üzrə Mülki Məcəllənin 385.1-ci maddəsi tətbiq edilməklə MTK-nın üzərinə iddiaçıya münasibətdə müəyyən öhdəliklərin qoyulması qanuni və əsaslı sayıla bilməz. İşdən göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı Cavabdeh MTK-nın üzvü deyildir, onunla heç bir müqavilə bağlamamış, MTK-ya üzvlük haqqı, pay haqqı və digər hər hansı ödəniş etməmiş və aralarında heç bir qarşılıqlı öhdəlik yaranmamışdır. İddiaçı - İddiaçı MTK-nın üzvü olan üçüncü şəxs – X7 ilə aralarında yaranan mübahisə üzrə MTK heç bir öhdəlik və məsuliyyət daşımır. Buna görə də məhkəmənin Mülki Məcəllənin 109-cu maddəsinə əsaslanaraq MTK-nın üzərinə müəyyən öhdəlikləri qoyması da qanuni və əsaslı deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Vəkil3 və Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4364/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1562/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X8 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X8 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan X7 tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri Hüseyn Cavid prospekti, X8 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və 59 nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat pul vəsaitinin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququnun tanınması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X8 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 333138 manat və mənzilin təmirinə sərf edilən 28000 manat, cəmi 361138 manat məbləğində pul vəsaitinin cavabdeh X1 alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ödənilməsi, X3 iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə X7 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahları Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə olduqları müddətdə, yəni Cavabdeh MTK-nın Elmlər Akademiyası filialı ilə X7 arasında bağlanmış 24 iyul 2018ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X8 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8ci mərtəbə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzili, həmçinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən, həmin binanın zirzəmi hissəsində yerləşən 59 saylı və 58 saylı avtomobil dayanacaqlarını əldə etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1562/2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı X5 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi barədə ilk iddia tələbi rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X8 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X8 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan X7 tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və həmin ünvanda yerləşən binadakı 58 saylı və 59 saylı qarajların alınmasına sərf edilmiş 47000 manat pul vəsaitinin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququ tanınmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2023- cü il tarixli 2(102)-1117/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı sözügedən əmlaklara görə birgə nikah dövründə ödənilmiş pul vəsaiti üzərində ½ hissədə pay hüququ olduğundan pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlaklara görə ödənilmiş pul vəsaitinin ½ hissəsi üzərində iddiaçının pay hüququ tanınmışdır. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzil və qarajlara ödənilmiş pula münasibətdə ½ hissədə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülkiyyət hüququ” da istisna edilmir. X7 Cavabdeh MTK-nın pay hüququ ilə üzvü olmuş, məhkəmə qətnaməsi ilə iddiaçının pul ödəməklə həmin payda ödədiyi pul həcmində hüququnun olması qüvvəyə minmiş məhkəmə qətnaməsində öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.2-ci maddələrinə əsasən, kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Qeyd olunan maddənin ümumi məzmunundan görünür ki, kooperativ üzvü kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan şəxslərdir. Maliyyə arayışı isə kooperativ üzvünün pay haqqının ödənilməsini və borcun olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pay hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzilin və qarajların alınmasına sərf edilmiş pula münasibətdə müəyyən edildiyindən, iddiaçının qeyd edilən mənzilə və qarajlara dair Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin apellyasiya qaydasında araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs qismində işə cəlb olunmuş X2 artıq qeyd olunan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına müvafiq çıxarış verilmişdir. Hazırda mənzil özgəninkiləşdirilmişdir. Beləliklə kollegiya hesab edir ki, yuxarıda qeyd ounan daşınmaz əmlak obyektləri ilə bağlı MTK-nın üzərinə iddiaçıya ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının verilməsi vəzifəsinin qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Sadalananlara və işin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(012)-473/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar