Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1095/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh x və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət reyestrindən çıxarışın ləğv edilməsi) X21 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Qafari və X16 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh x və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı (X8, X26, X27 və X11 üçüncü şəxslər qismində cəlb edilməklə) “etibarnamənin və onun əsasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyatına dair hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(067)-51/2022 nömrəli qətnaməsindən cavabdeh x tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə mərhum anası X7 adından X8 ilə cavabdeh X18 arasında Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinin bağışlaması müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cavabdeh X9 adına işlənmiş **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onun doğma anası X14 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Yas mərasimindən dərhal sonra cavabdeh X18, onun anası X22 ona və ailə üzvlərinə bildirmişlər ki, anası Fatma Əliyevadan miras qalmış Xaçmaz rayonun Arzu kəndində yerləşən bir mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X18, onun anası X15 məxsusdur, onlar oranı təcili boşaltmalıdırlar. Səbəbini soruşduqda Xəyalə Qasımova bildirmişdir ki, onun mərhum anası Əliyeva Fatma sağlığında həmin mülki ona bağışlamışdır. O, buna inanmasa da, sonradan müvafiq sənədlərin surətlərini əldə etdikdə məlum olmuşdur ki, cavabdehin adına həqiqətən də həmin mülkə 2014-cü ildə alınmış çıxarış mövcuddur. Sənədlərə görə mərhum anası X14 xx.xx.2014-cü il tarixdə üçüncü şəxslərdən bacısı X5 mülki etibarnamə vermiş və xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında anasının adından çıxış edən bacısı X8 mülki cavabdeh X12 bağışlamışdır. Bundan sonra cavabdeh X18 öz adına həmin mülkə, yəni Xaçmaz rayonunun Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. Bütün bu işlərdən onun xəbəri olmamış, yalnız anasının ölümündən sonra bunu bilmişdir. Dərhal bacısı X5 müraciət edərək soruşmuşdur ki, həqiqətənmi ananın adından ona etibarnamə verilmiş və bağışlama müqaviləsi ilə anasının əmlakını cavabdehə bağışlamışdırmı. X8 bildirmişdir ki, nə etibarnamədən, nə də ki, bağışlama müqaviləsindən xəbəri yoxdur, həmin sənədlərə imza atmamışdır, belə bir sənədlərin mövcudluğunu ondan eşidir. Yuxarıda göstərildiyi kimi bağışlama müqaviləsindəki imza mərhum anasının adından edilsə də, imza və “Əliyeva Fatma” sözləri onun tərəfindən icra edilməmiş, habelə bacısı X8 tərəfindən icra edilməmişdir. Həmin bağışlama müqaviləsi qanunun tələbləri pozulmaqla anasının adından tərtib edilmişdir. O, qeyd edir ki, anası 1934-cü il təvəllüdlü olmaqla vəfat edərkən 86 yaşı olmuşdur və təbii ki, bu yaşda adamı aldadaraq hansısa sənədlərə imza etdirmək elədə çətin məsələ deyildir. Ona görə də qeyd olunan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
3. İddiaçı vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək iddia tələbinin təmin olunmasını, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamənin və xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunmasına və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına dair Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X27 ifadəsində bildirmişdir ki, onun anasına kim baxıbsa, anasının evi də onun olmalıdır. Sağlığında anasına cavabdeh Xəyalə Qasımova qulluq göstərib, onun dərmanlarını alıb, anasının dəfn və yas xərclərini Xəyalə çəkib, baş daşını qoydurub, 3 və 40 mərasimlərini öz pulu ilə verib. Qardaşı olan iddiaçı isə kişilərin yas mərasiminə yazdırdıqları pulları alıb xərcləmişdir. O, Bakı şəhərində yaşayır. Anası vəfat edən gün sonuncu dəfə onunla mobil telefonla əlaqə saxlamışdır. Anası üçün hər dəfə telefonu Xəyalə yığmışdır və o, anası ilə telefonla danışmışdır. Anası hər dəfə Xəyalədən razılıq etmişdir.
6. xx.xx.2014-cü il tarixli AR-İ №317506 nömrəli etibarnamənin surətindən görünür ki, X14 ona məxsus bütün əmlakının idarə edilməsi və sərəncam verilməsi ilə bağlı səlahiyyətləri X5 versə də, etibarnaməni X6 adında olan bir şəxs imzalamışdır. Buna səbəb kimi, X7 oxuma və yazma qabiliyyətinin olmaması barədə qeyd göstərilmişdir.
7. X8 ilə X18 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli Bağışlama müqaviləsindən görünür ki, X3 Fatma Feyzulla qızı tərəfindən ona verilmiş etibarnamə əsasında, X10 məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini X12 bağışlamışdır.
8. Seriya RX № ******* nörməli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X9 tam payla xüsusi mülkiyyətində qeydə alınmışdır.
9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin xx.xx.2022ci il tarixli 05/3402-11 saylı məktubundan görünür ki, X7 xx.xx.2014-cü il tarixdə qızı X5 etibarnamənin və onun əsasında müqavilənin rəsmiləşdirilməsi zamanı notarius F.Məmmədov tərəfindən qüsurlara yol verilmişdir. Belə ki, etibarnaməni mülkiyyətçinin əqdi imzalaya bilməməsi səbəbi göstərilməklə başqa şəxs imzalasa da, həmin şəxs sənəddə həmçinin mülkiyətçinin adından da imza çəkmiş və onun inisalları yazılmışdır. Habelə, müqavilə nümayəndə S.Allahverdyvanın adından tərtib olunsa da, imzanın qarşısında yenə F.Əliyevanın inisalları qeyd olunmuşdur. Xaçmaz şəhəri 1 saylı Notariat Ofisinin notariusu Firdovsi X1 adından X4 adına etibarnaməni rəsmiləşdirərkən nöqasanlara yol vermilş və buna görə də ona yazılı xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/551 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 72-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli Bağışlama müqavilsəində (kserosurəti /v 9-da) “İmzalar qrafası qarşısındakı imza və “Əliyeva Fatma” əlyazmaları - X8 tərəfindən icra olunmuşdur. Ekspert tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat təşkil etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1244 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 72ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli Bağışlama müqaviləsində “İmzalar:” qrafasındak 1-ci sıradakı imza və “Əliyeva Fatma” əlyazmaları – X8 tərəfindən icra olunmuşdur. Ekspert tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə 7E-1472 reyestrli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən X9 adına verilmiş Seriya RX N0369874 nömrəli Çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmə X7 xüsusi mülkiyyətində olan əmlakını X12 xx.xx.2010-cu il tarixdə vəsiyyət etməsi və vəsiyyətnaməni şahidlərin iştirakı ilə özünün şəxsən imza etməsi barədə Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnaməyə əsasən belə nəticəyə gəlmişdir ki, X7 yazı yazmaq qabiliyyəti olmuşdur.
15. Məhkəmənin iddia müddətinin tətbiqi ilə ərizənin təmin olunmaması ilə bağlı mövqeyi belə olmuşdur ki, həqiqətən də, iddiaçının 7 il ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi və yalnız mərhumun yas mərasimindən sonra mübahisələndirməsi onun bu müqavilə barədə məlumatsız olması ilə bağlı olmuşdur. Onun bağışlama müqaviləsinin və bunun əsasında verilmiş müvafiq Çıxarışın mövcudluğun bilməli olması qeyri-mümkün hesab edilir. Ona görə ki, o, həmin proseslərdə iştirak etməmişdir. İştirak etmədiyi halda isə bu barədə heç cür məlumatlandırıla bilməzdi.
16. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmaması barədə dəlillərinə münasibətdə hesab etmişdir ki, İddiaçı qeyd olunan iddia tələbinin irəli sürməsinə dair birbaşa subyektiv hüququ mövcuddur. Çünki, mübahisəli daşınmaz əmlak onun mərhum anasına məxsus olmuşdur, o isə mərhumun oğlu olduğundan birinci dərəcəli vərəsəsi hesab edilir və hazırki bağışlama müqaviləsi birbaşa onun hüquqlarına təsir edir.
17. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi barədə nəticəyə gələrkən mövqeyi ondan ibarət olmuşdur ki, etibarnamə rəsmiləşdirilərkən nöqsanlara yol verildiyindən, onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi də etibarsız hesab edilməli və müqavilə əsasında alınmış çıxarış da ləğv edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1, 334.2, 355.1, 372, 377.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 108, 119.1, 217.4-cü, “Notariat haqqında” Qanununun 27-ci və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməsi üçün əsaslar mövcud deyildir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(102)-854/2023 nömrəli Qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmələr tərəfindən istinad olunan vəsiyyətnamə kserosurətdir. Belə olan halda, həmin vəsiyyətnaməni sübut qismində qiymətləndirən məhkəmələr ilk növbədə onun mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalı idi. Məhkəmələr tərəfindən yazılı sübut qismində qəbul olunaraq iddia tələbinin təmin əsası kimi istinad olunan vəsiyyətnaməyə prosessual baxımdan düzgün hüquqi qiymət verilməmişdir. Digər tərəfdən istinad olunan vəsiyyətnamədə olan imzanın mərhum X10 məxsus olması ehtimal olunsa belə, bu onun yazı yazmaq qabiliyyətinin olmasının göstəricisi kimi qəbul oluna bilməz. Belə ki, həmin vəsiyyətnamədəki yazı xəttindən aşkar olaraq görünür ki, mərhum X2, ad və ata adının inisialı ilə imza eyni şəxs tərəfindən icra olunmamışdır. İmza özü isə, kiril əlifbası ilə yazılmış F (F) hərfindən və əyri xətlərdən ibarətdir. İmzanın mərhuma aid olduğu ehtimal olunarsa belə, bu yazı yazmaq qabiliyyətinə dəlalət edən hal hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, yazı – səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. Ona görə də imzada olan bir hərfə görə şəxsin yazı yazmaq qabiliyyətinə malik olması barədə halın müəyyən edilməsi əsaslı və qəbuledilən sayıla bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab etmişdir ki, ümumiyyətlə, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evin cavabdehə bağışlanması barədə yalnız mərhum anasının yas mərasimində məlumatlı olduğundan, iddia tələbini 7 il ərzində irəli sürməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini də əsassız və qanunsuz hesab edərək qeyd etmişdir ki, evin bağışlanması müqaviləsini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yalnız anası vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi qismində yaranmışdır. Anasının sağlığında isə müqaviləni mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Müqavilə bağlandığı vaxtdan mərhum Fatma Əliyevanın vəfatına qədər olan müddətdə isə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olmuşdur. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi iddia tələbinə iddia müddətini (Mülki Məcəllənin 377.1-ci maddəsi) tətbiq etmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan, iddia müddətinin deyil, kəsici müddətin (Mülki Məcəllənin 354.2-ci maddəsi) tətbiq olunması müzakirə olunmalı idi.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
24. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaradır. Əvvəla etibarnamə vermiş şəxs vəfat edib. Etibarnaməni həmin şəxs və ya onun hüquqi varisləri, yəni vərəsəliklə bağlı hüquqları müəyyən olunan şəxslər mübahisələndirə bilərdilər, hazırkı iş üzrə iddiaçı belə bir subyektiv hüquqa malik deyil. Mərhumun övladlarının heç biri vərəsəliklə bağlı notariat kontoruna müraciət etməyiblər və vərəsəliyi ümumiyyətlə qəbul etməyiblər. Bundan başqa əqdin etibarsızlığına dair iddia müddəti ötürülüb. Əqdin etibarsız sayılması ilə bağlı MM-nin 372-ci maddəsində nəzərdə tutulan iddia müddəti 1 il müəyyən edilmişdir. İddiaçı əqdin mövcudluğundan, yəni bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı anasının ölümündən və anasının miras əmlakından və ona 2014-cü ildə bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından xəbərdar olmuş, əqdin etibarsızlığının mübahisələndirilməsinə dair prosessual müddətləri üzrsüz səbəblərdən ötürmüşdür. Həmçinin, ilkin olaraq etibarnamənin ləğv olunması ilə bağlı İnzibati Məhkəməyə müraciət edilməli idi. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə səhv mövqe tutmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən vərəsəlik hüququnun qəbul edilməsi ilə bağlı iddia müddətinin ötürülməsi məsələsinə diqqət yetirməmişdir. Bu da məhkəmənin kobud pozuntuya yol verərək qeyri obyektiv qərar qəbul etməsinə gətirmişdir. Məhkəmə cavabdehin adına verilmiş bağışlama müqaviləsi və mülkiyyətdən çıxarışı etibarsız sayılmasına əsas olaraq mərhum F.F.Əliyevanın etibarnamə vermiş şəxs vəfat etmiş, etibarnaməni, onun əsasında verilmiş bağışlama müqaviləsi və mülkiyyətdən çıxarışı mərhum F.Əliyeva və ya onun etibarnamə verdiyi S.Allahverdiyeva mübahisələndirə və iddiaçı qismində çıxış edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
28. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdil və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
29. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
30. İddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
31. İş üzrə üçüncü şəxslər X8, X26, X27 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(067)- 51/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
36. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələblərini pozmuş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.
37. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X3 Fatma Feyzulla qızı tərəfindən ona verilmiş etibarnamə əsasında, X10 məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi X12 bağışlamışdır. Həmin fərdi yaşayış evi üzərində xx.xx.2014-cü il tarixdə X9 tam payla xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. X14 xx.xx.2014-cü il tarixli AR-İ №317506 nömrəli etibarnamə əsasında ona məxsus bütün əmlakına dair geniş səlahiyyətləri X5 versə də, etibarnaməni X6 adında olan bir şəxs imzalamışdır. Buna səbəb kimi, X7 oxuma və yazma qabiliyyətinin olmaması göstərilmişdir. İddiaçı bağışlama müqaviləsinin qanunun tələbləri pozulmaqla anasının adından tərtib və icra edildiyini göstərərək etibarsız hesab edilməsini iddia etmişdir.
38. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
39. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasının əsası olaraq iki hala istinad etmişdir: iş materiallarında olan Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnaməyə əsasən X7 xüsusi mülkiyyətində olan əmlakını X12 xx.xx.2010-cu ildə vəsiyyət etməsinə dar Vəsiyyətnaməni şahidlərin iştirakı ilə özü şəxsən imza etməsinin X7 yazı yazmaq qabiliyyəti olmasına dəlalət etməsinə və notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən nöqsanlara yol verilməsi.
40. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinin əsası olaraq – vəsiyyətnamənin mərhum X7 yazı yazmaq qabiliyyəti olmasına dəlalət etməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir:
42. Araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
44. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan sübut-vəsiyyətnamə kserosurətdir.
45. MPM-nin 89.1-ci maddəsin əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
46. MPM-nin 89.3-cü maddəsinə əsaən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
47. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, iş üçün əhəmiyyətli olan yazılı sənədlərin sübut əhəmiyyəti daşıması üçün başlıca şərt olaraq həmin sənədərin əsli və ya notariat qaydada təsdiq edilmiş sürətinin təqdim edilməsidir. Məhkəmələr tərəfindən yazılı sübutlara qeyd olunan şərtlərə əsasən prosessual baxımdan düzgün hüquqi qiymət verilməlidir.
48. Lakin müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi istinad olunan vəsiyyətnaməni sübut qismində qiymətləndirərkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq düzgün dəyərləndirmə aparmamışdır.
49. Eləcə də qeyd olunmalıdır ki, istinad olunan vəsiyyətnamədəki imzanın mərhum X10 məxsus olması ehtimaldır. Bu ehtimal araşdırılmamış, X25 məxsus olması mötəbər sübutlarla müəyyən edilməmişdir. X25 məxsus olmasını ehtimal etsək belə bu onun yazı yazmaq qabiliyyətinin olması kimi bir nəticəyə gəlinməsinə əsas vermir. Nəzərə almaq lazımdır ki, yazı – səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. Bir adamın şəxsi yazılı işarətini ifadə edən imza şəxsin yazı yazmaq qabiliyyətinə malik olması barədə halın müəyyən edilməsi üçün əsaslı sayıla bilməz.
50. Qeyd edilməlidir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşsə də təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
51. Sübutların qiymətləndirilməsi hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir və məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında yekun hüquqi qiymət verilir.
52. Birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsinin ikinci əsası - notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən nöqsanlara yol verilməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası bu mövqelə də razılaşmır.
53. Məhkəmə kollegiyası notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən yol verilmiş nöqsanlarla bağlı qeyd edir ki, həmin nöqsanlar formal xarakter daşıyır. Notarius notarial sənədin tərtibatında yanlışlığa yol vermiş, etibarnaməni Fatma Əliyevanın adından imzalamış Mirzəxan Vəliyevin imzasının qarşısına Fatma Əliyeva yazmışdır. Lakin notarius tərəfindən etibarnamənin arxa hissəsinə dəqiqləşdirici qeyd aparılmış, Fatma Əliyevanın oxuma-yazma qabiliyyəti olmadığından, imzanın onun adından Mirzəxan Vəliyev tərəfindən icra olunması göstərilmiş, qeyd hissə də etibarnamə verilən tarixdə notarial qaydada təsdiqlənmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulmasına yol verildiyi işin müəyyən edilmiş aşkar halıdır. Lakin məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir, bu hal müqavilənin bağlanmasında tərəflərin iradə ifadəsini aradan qaldıran və müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas kimi çıxış edə bilməz.
55. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
57. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri üzrə də hüquqi qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
58. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
60. Apellyasiya şikayətinin dəlilləri olaraq apellyator iddiaçının subyektiv hüquqa malik olmamasını və əqdin etibarsızlığına dair iddia müddətinin ötürüldüyünü göstərmişdir.
61. Məhkəmə kollegiyası iddiaçının subyektiv hüquqa malik olmaması barədə şikayətin dəlili ilə bağlı qeyd edir:
62. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
63. İşin hallarından göründüyü kimi iddiaçı mərhum Fatma Əlieyavanın oğlu olmaqla qanun üzrə birinci növbə vərəsələr sırasına aiddir. Mübahisələndirilən bağışlama müqaviləsinin predmetinin təşkil edən əmlak iddiaçının anasına məxsus olmaqla, birinci növbə vərəsə olaraq əmlak mənafelərinə toxunduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı araşdırılan iddia ilə bağlı subyektiv hüquqa malikdir.
64. Şikayətin iddia müddətinin ötürülməsi barədə dəillini də məhkəmə əsaslı hesab etmir.
65. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, araşdırılan iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan, iddia müddətinin deyil, kəsici müddətin tətbiqi məsələsinə qiymət verilməlidir.
66. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
67. Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.
68. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.
69. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
70. İşin hallarından görünür ki, iddiaçıya mübahisələndirdiyi hallar, anasının ölümündən yəni, xx.xx.2020-ci il tarixdən sonra məlum olmuş və iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
71. Qeyd olunanlara əsasən məhkəmə kollegyiası Mülki Məcəllənin 354-cü maddəsi baxımından əqdin mübahisələndirilmə müddətinin iddiaçı tərəfindən ötürülməməsi qənaətinə gəlir.
72. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(067)-51/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh x tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(067)-51/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X12 və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı «etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.