Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1115/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-1091/2020 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-1091/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Etibar Hümbətov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Şamaxı rayon İcra və probasiya şöbəsinə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçıların iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçılar qərardaddan şikayət vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şamaxı rayon İcra və probasiya şöbəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünün onlara aid olan hissədə icra edilməməsinin qanunsuz hesab edilməsi və həmin hökmün onlara aid olan hissədə icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçılar şikayəti onunla əsaslandırmışlar ki, qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iş üzrə bütün faktiki və hüquqi halları nəzərə almamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 233 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 34B ünvanında hündürmərtəbəli binanın tikintisi üçün torpaq sahəsi “Şaiq” mənzil tikinti kooperativinə ayrılmışdır. “Şaiq” mənzil tikinti kooperativi Bakı şəhərində onlarla binanın tikintisi ilə məşğul olmuşdur və hazırda da məşğuldur. xx xxxxxx 2008-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti” haqqında müqaviləyə əsasən binanın tikintisi “Kamran-B.Ə” məhdud məsuliyyətli cəmiyyətinə tapşırılmışdır. Onlar müxtəlif məbləğlərdə pul vəsaiti ödəyərək tikilən hündürmərtəbəli binadan mənzillər almışdılar. Mənzilin alqı-satqısı müqavilə əsasında həyata keçirilmişdir. Onların bəziləri müqavilə üzrə ödəməli olduqları məbləği tam bağlamış, bəziləri isə mütəmadi ödənişlər edərək borclarını ödəmişdilər. Onlarla müqavilə “Kamran-B.Ə” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılırdı və ödənişi təsdiq edən qəbzlər məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilirdi. 2012-ci ildə “Kamran-B.Ə” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərləri həbs edilmişlər. “Kamran-B.Ə” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərləri müxtəlif şəxslərlə, həmçinin onlarla saxta müqavilələr imzalamaqla mənzil üçün ödənilmiş pulları mənimsəmişdilər. Onlar başlanılmış cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdılar. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə “Kamran-B.Ə” məhdud məsuliyyətli cəmiyyətinin prezidenti və digər yüksək vəzifəli 3 şəxsi ittiham olunan əməllərdə təqsirli bilinmiş və müxtəlif cəzalara məhkum edilmişdilər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün onların ziyanına icra edilməməsi ədalətli məhkəməsi araşdırması hüquqlarının pozuntusu ilə nəticələnir. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün onların ziyanına uzun müddət icra edilməməsi hüquqlarının pozuntusu ilə yanaşı, onlara maddi və mənəvi ziyanın dəyməsi ilə də nəticələnir. Bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə hökmünün onlara aid olan hissədə dərhal icra edilməsi tələbinə dair ərizə ilə cavabdehlərə müraciət etmişlər. Qanunvericiliyə müvafiq addımlar atılmadığı təqdirdə İcra idarələrinə qarşı məhkəmədə iddia qaldırılacağı və hökmün uzun müddət icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələb ediləcəyi barədə tələbləri qeyd etmişlər. Cavabdeh hökmün onlara aid olan hissəsini qanunsuz olaraq uzun müddətdir icra etmir. Yalnız müraciətlərindən sonra onlara məlum olmuşdur ki, cavabdeh hökmün onlara aid olan hissəsində icra edilməməsi üçün qanunsuz və əsassız əməllərə əl atmışdır. Belə ki, cavabdeh icra sənədini icra edilmədən hökmü qəbul etmiş məhkəməyə geri qaytarmış, icra sənədinin icra edilməməsi üçün isə qanunsuz əsaslar gətirilmişdir. Hökmün onlara aid hissəsində icra sənədinin uzun müddət qanunsuz olaraq icra edilməməsi onların Konstitusion hüquqlarının kobud pozuntusudur. Şikayətdə qərardadın ləğv edilməsi və işi məhkəmə icraatına götürülməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 şikayətdə göstərilənlərə uyğun izahatlar verdilər. Cavabdeh Şamaxı rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən hazırki tələbə məhkəmədə qaydasında baxılmalı olmamasına istinad etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edə bilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünün onlara aid olan hissədə icra edilməməsini mübahisələndirirlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünün onlara aid olan hissəsinin konkret olaraq nədən ibarət olmasını iddia ərizəsində qeyd etməmiş, hökmün surətini də iddia ərizəsinə əlavə etməmişlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində və qərardaddan şikayətdə icra sənədinin icra edilmədən məhkəməyə qaytarıldığını göstərmiş, lakin icra məmurunun bu barədə olan qərarını iddia ərizəsinə əlavə etməmişlər. “İcra haqqında” qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” qanunun tələbinə görə icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarından şikayət verə bilər. Belə ki, “İcra haqqında” qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından iddia icraatı qaydasında deyil, şikayətlə məhkəməyə müraciət edilməlidir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İddiaçıların şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-1091/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1115/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1115/2021
08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver