Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1120/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(060)-813/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, onun maaş kartından kiber cinayətkarlar vasitəsilə pul oğurlanıb. Belə ki, onlayn qaydada adına kredit xətti açılaraq pul çəkilib və o, heç bir pul vəsaiti görmədən "xxxx" ASC qarşısında əsassız olaraq borclanıb. Müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi qaldırılmış və xx.xx.2023-cü il tarixdə iş icraata qəbul olunmuşdur. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınıb. Yəni kiber cinayət yolu ilə onun kart hesabından vəsait oğurlanıb və bu əməldən zərər çəkib. "xxxx" ASC onunla kredit müqaviləsi olduğunu iddia etməklə əmək haqqına yönəltmə etməyə başlamış və onun 2 aylıq əmək haqqını əsassız olaraq tutmuşdur. Bundan sonra o, əmək haqqından tutmaların dayandırılması ilə bağlı Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)- 188/2024 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)-364/2024 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tutmalar dayandırıldığı halda "xxxx" ASC Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə müraciət etmiş xüsusi notariusu xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ondan 10884, 88 manat pulun tutulması qərara alınmışdır. İcra qeydi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmışdır. O, öz iradəsi ilə "xxxx" ASC-dən kredit götürməyib. Bu pulun ondan tutulması qanunsuz və əsassızdır. Çünki ortada cinayət əməli var və o, bu əməldən zərərçəkmiş şəxsdir. Artıq cinayət işi üzrə ondan oğurlanan pulun kimlərin hesabına köçürülməsi də müəyyən edilmişdir. Ona görə də hesab edir ki, icra qeydi ləğv edilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt şəhət ŞPİ-nin İŞ –nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır.
5. "xxxx" ASC-ninn xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək haqqından akseptsiz qaydada aparılan tutmalar “ABB" ASC tərəfindən dayandırılmışdır.
6. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı 10884.88 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Tələb olunan 10884.88 manat ödənilənədək borclu İddiaçı əmək haqqından hər ay 50 % tutulub "xxxx" ASC-nin hesabına köçürülməsi məqsədi ilə məhkəmənin icra sənədi icra olunması üçün göndərilir. Eyni zamanda bildirilir ki, borclu şəxs qanunda nəzərdə tutulmuş qaydada könüllü icra müddəti ərzində icranı təmin etmədiyi üçün tələb olunan 10884.88 manat manat məbləğ 7% həcmində icra ödənişi, yəni 761.94 manatı Sumqayıt Şəhəri üzrə icra İdarəsinin xüsu fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra tutulmalar haqqında qeydiyyat aparılmalı və idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır.
7. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı 761.94 manat pulun tutulması və icra ödənişinin "xxxx" ASC-də Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməsi qərara alınmışdır.
8. Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə Sumqayit şəhəri, yat-15, Baki küçəsi, məhəllə 15, ev 5ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1975) TL-EE002029919 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixi müddət üçün vaxtında ödənilməmiş 10859 manat 88 qəpik (on min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) tutulması, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10884 manat 88 qəpik (on min səkkiz yüz səksən dörd manat səksən səkkiz qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)- 188/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiasına əsasən mülki işdə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək İddiaçı əmək haqqından "xxxx" ASC tərəfindən akseptsiz qaydada tutulmaların həyata keçirilməsi "xxxx" ASC-yə qadağan edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınını 16(103)-364/2024 saylı, xx.xx.2024-cü il tarikli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2756/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.
12. xx.xx.2023-cü il tarixli TL-EE002029919 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən İddiaçı illik 24 faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 10000 manat məbləğində kredit xətti açılmışdır.
13. Notariat icra qeydi haqqında ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli TLEE002029919 nömrəli müqavilə üzrə 10000 manat əsas, 589.48 manat faiz borcu olmaqla, ümümilikdə 10859.88 manat borcu vardır.
14. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.
15. 213705 nömrəli qaimədən görünür ki, "xxxx" ASC tərəfindən yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydlərinin aparılacağı barədə bildiriş Sumqayıt şəhəri, yataqxana 15, ünvan 2 ünvanına göndərilmiş və “Bağırova” adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(060)-813/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(060)-813/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Ona görə də adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Onun maaş kartından kiber cinayətkarlar vasitəsilə pul oğurlanıb. Belə ki, onlayn qaydada adına kredit xətti açılaraq pul çəkilib və o, heç bir pul vəsaiti görmədən "xxxx" ASC qarşısında əsassız olaraq borclanmışdır. Mürcaiəti əsasında Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi qaldırılmış və xx.xx.2023-cü il tarixdə iş icraata qəbul olunmuşdur. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Yəni kiber cinayət yolu ilə onun kart hesabından vəsait oğurlanıb və bu əməldən zərər çəkmişdir. "xxxx" ASC onunla kredit müqaviləsi olduğunu iddia etməklə əmək haqqına yönəltmə etməyə başlamış və onun 2 aylıq əmək haqqı əsassız olaraq tutulmuşdur. Bundan sonra o, əmək haqqından tutmaların dayandırılması ilə bağlı Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)- 364/2024 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 16(006)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tutmalar dayandırıldığı halda "xxxx" ASC Sumqayıt şəhər 1 saylı Notaria Ofisinə müraciət etmiş, xüsusi notarius xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ondan 10884,88 manat pulun tutulmasını qərara alınmışdır. İcra qeydi ilə əlaqədar Sumqayıt şəhər üzrə İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmışdır. O, öz iradəsi ilə "xxxx" ASC-dən kredit götürməmişdir. Bu pulun ondan tutulması qanunsuz və əsassızdır. Çünki ortada cinayət əməli var və o, bu əməldən zərərçəkmiş şəxsdir. Artıq cinayət işi üzrə ondan oğurlanan pulun kimlərin hesabına köçürülməsi də müəyyən edilmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, onun kredit müqaviləsi bağlanarkən cinayətkar tərəfindən aldadılmağı icra qeydinin ləğvi üçün əsaslı ola bilməz. Məhkəmə iş materiallarında olan digər məhkəmə aktlarına istinad edərək müqavilənin etibarlı olmasını qeyd etmişdir. Həmin məhkəmə aktı ilə bağlı bildirir ki, orada iddia tələbi müqavilənin etibarlılığı ilə deyil, ümumi pul tələbi olmuşdur. Bununla bağlı da artıq kifayət qədər hüquqi yardım almışdır. Belə ki, həmin iddia tələbi düzgün olmamış və yenidən sözügedən kredit müqaviləsinin ona aid edilməməsinə dair iddia tələbi ilə cavabdehə qarşı iddia qaldırmağa hazırlaşır. Yəni məhkəmənin qeyd etdiyi kimi o, həmin müqavilənin ona aid olan hissədə etibarsız olması ilə bağlı məhkəmə işini başladır. Artıq həmin iddia tələbi ilə bağlı mövcud işlər üzrə cinayət əməllərindən zərər çəkmiş onun kimi vətəndaşların xeyrinə məhkəmə təcrübəsi formalaşmaqdadır. Belə ki, AR Ali Məhkəməsinin 2(102)-1159/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə bu məsələdə müəyyən təcrübə foramalşdırılmışdır. Bu baxımdan da həmçinin hesab edir ki, onun qeyd etdiyi tələb ilə qaldıracağı mülki işə baxılıb yekunlaşana qədər bu iş üzrə icraat da dayandırılmalıdır. Çünki Sumqayıt şəhər Məhkəməsi yalnız bu əsasla onun iddiasını rədd etmişdir ki, cavabdehlə aralarında etibarlılığı məhkəmə tərəfindən guya təsdiq olunmuş kredit müqaviləsi var. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Maddənin tələbindən də göründüyü kimi notarius tərəfindən icra qeydi borc mübahisəsiz olduğu təqdirdə verilə bilər. Bu iş üzrə isə göründüyü kimi borc tələbi onun tərəfindən mübahisələndirilir, çünki o, cinayət əməllərinə qurban olunmuş və bununla bağlı cinayət işi başlanılmışdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddənin tələbindən də göründüyü kimi iradə ifadəsinin təqsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağılabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi məhkəmə yalnız cavabdehin təqdim etdiyi formal sənədlər əsasında hərfi məzmunda mühakimə aparmışdır. Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlardan eyni zamanda bir neçəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə isə bu məsələyə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən təqdim edilmiş və sözügedən müqavilə üzrə onun iradə ifadəsinin olmadığını sübut edən halları və sübutları düzgün qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
22. İş üzrə İddiaçı, Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
25. Azərbaycan Respublikası “Notariat haqqında” qanunu: Maddə 17. Bənd 15. İcra qeydləri dövlət notariusu tərəfindən aparılır. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı "xxxx" ASC ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli TLEE002029919 nömrəli müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə İddiaçı üzərinə düşən öhədlikləri yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə "xxxx" ASC-nin notariat icra qeydi haqqında ərizəsinə əsasən Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən 8İ-7402 saylı xx.xx.2024cü il tarixli icra qeydi aparılmışdır. İddiaçı kredit götürmədiyini, ona qarşı cinayət əməli törədiliyini iddia edərək həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
30. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.
31. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni onun kredit müqaviləsi bağlanarkən cinayətkarlar tərəfindən aldadılması icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarlı olması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cinayət işinin istintaqı zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapsa belə, bu cinayət hadisəsi bankın hər hansı hərəkət və ya hərəkətsizliği nəticəsində baş vermədiyindən bu hal tərəflər arasında bağlanmış və hal-hazırda qüvvədə olan kredit müqaviləsi üzrə yaranmış borcun iddiaçı tərəfindən ödənilməməsinə səbəb ola bilməz.
32. Eyni zamanda məhkəmə iddiaçıya izah etmişdir ki, cinayət hadisəsi məhkəmə hökmü ilə təsdiqini tapdığı və iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığı halda, iddiaçının kredit müqaviləsi üzrə banka ödədiyi məbləği ona vurulmuş ziyan qismində təqsirləndirilən şəxsdən tələb etmək hüququ olacaqdır.
33. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(060)-813/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə araşdırma aparılaraq qiymət verilmişdir, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
35. Beləliklə, məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(060)-813/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.