Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1142/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, “X8” PHŞ və “X10 Lab” MMC olmaqla) mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, “X8” PHŞ və “X10 Lab” MMC olmaqla) həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-291/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı Kliniki Mərkəz tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 259 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində klinikaya müraciət etmişdir. Müraciət zamanı şikayətləri üzündə estetik prosedurdan sonra əmələ gəlmiş ləkələr olmuşdur. Obyektiv dəri sahəsinin müayinəsindən sonra yanaqlarında hiperpiqmentasiya (ləkələr) aşkarlanmış, yerli və lazer müalicəsi təyin olunmuşdur. Pasient xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində lazer prosedurlarına gəlmişdir.
2. İş materiallarında olan İddiaçı verilmiş SN 00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir.
3. İş materiallarında olan vatsap sosial platformasında iddiaçı ilə cavabdeh arasında olan yazışmalardan görünür ki, cavabdeh ona bu aralar onun da borcu olduğunu, uşağın təhsil pulunu kredit götürərək ödədiyini, hələ yarsının da ödənilmədiyini, onun pulunun olmadığını, ona da bu vəziyyətin xoş olmadığını yazmışdır.
4. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının sağ və sol yanaqlarında ləkələr vardır.
5. İş materiallarında olan Soul Psixologiya və nitq inkişaf mərkəzinin klinik psixoloqu X2 tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli psixoloji rəydən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Soul Psixologiya nə nitq inkişaf mərkəzinə müraciət etmişdir. İlkin konsultasiya əsnasında xanımın travma sonrası stress pozuntusu (TSSP) və depressiya diaqnozu qoyulmuşdur. Xanım kosmetoloji prosedurdan sonra üzündə yaranmış ləkələrə görə güclü stress keçirtmiş və komplex keçirdərək özünə qapanmışdır. İddiaçı (ödənişli) psixoloji terapiya təyin olunmuş, seanslar keçirilmiş, bir müddət fasilə verildikdən sonra müəyyən aralıqlarda yenidən davam etmişdir.
6. Bakı Kliniki Mərkəz tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 284 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində klinikaya müraciət etmişdir. Müraciət zamanı şikayətləri üzündə estetik prosedurdan sonra əmələ gəlmiş ləkələrdən olmuşdur. Obyektiv dəri sahəsinin müayinəsindən sonra yanaqlarında hiperpiqmentasiya (ləkələr) aşkarlanmış, yerli və lazer müalicəsi təyin olunmuşdur. Pasient xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində lazer prosedurlarına gəlmiş və ümumillikdə 320 manat məbləğində ödəniş etmişdir.
7. “X10 Lab” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 070-24 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə klinikaya müraciət etmişdir. Müraciət zamanı şikayəti üzündə estetik prosedurdan sonra əmələ gəlmiş ləkələr olmuşdur. Lazer müalicəsi təyin edilmiş və xx.xx.2024, xx.xx.2024 tarixlərində lazer prosedurlarına gəlmişdir. Ümumillikdə 1000 manat məbləğində ödəniş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərin ödənilməsi üçün 2000 manat pul və maddi ziyana görə 1500 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2023- cü ilin fevral ayında Sumqayıt şəhəri, 5 mikrorayon ərazisində fəaliyyət göstərən “Nərmin” gözəllik salonuna kosmetoloji prosedur keçirtmək üçün yaxınlaşmışdır. Orada çoxdan tanıdığı Ülkər adlı kosmetoloqdan etmək istədiyi kosmetoloji prosedurla əlaqədar məsləhət aldıqdan sonra o mənə istədiyi kosmetoloji proseduru edə biləcəyini bildirmişdir. Elə həmin gün “SPARK” adlanan aparat ilə üz nahiyəsinə prosedur etmişdir. Lakin cavabdeh həmin cihazla işləyə bilmədiyindən üz nahiyəsində qızartılar yaranmağa başlamışdır. Bir neçə saatdan sonra keçib gedəcəyini bildirsə də, həmin qızartılar getdikcə suluqlanmağa başlamışdır. Dərhal cavabdehə üzünün şəklini çəkərək bu barədə məlumat vermişdir. O belə nəticə verəcəyindən xəbərsiz olmuşdur. Gecə saatlarında səhhətində bir sıra problemlər yaranmağa başlamış, qızdırma səbəbindən səhər işə gedə bilməmişdir. Elə həmin günün səhərisi cavabdehin vasitəçiliyi ilə xəstəlik vərəqəsi açdıraraq bir neçə gün evdə qalmışdır. Həkim müayinəsindən sonra ona ikinci dərəcəli yanıq diaqnozu qoyulmuş və yanaqlarında hiperpiqmentasiya ləkələri aşkarlanmışdır. Üzünün yanıq şəkillərini cavabdehə dəfələrlə göstərərək sağalması üçün ona kömək etməsini, edə bilməyəcəyi halda digər mütəxəssis tərəfindən müalicə üçün lazım olan vəsaitin qarşılamağını təklif etmişdir. Onunla bu barədə dəfələrlə söhbətlərinin olmasına baxmayaraq üzündə yaranan yanıq ləkələrini məsuliyyətsizliyi ucbatından etdiyini etiraf etmiş, bu işi bilərəkdən etmədiyini bildirmiş, müalicəsi üçün isə lazım olan ödənişi etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Hətta bu barədə telefon danışıqları zamanı ona hədə-qorxu gəlmişdir. Sonradan aldığı məlumata görə cavabdeh Sumqayıt şəhər 2 nömrəli poliklinikada həkim kimi işləyir. Kosmetoloji prosedurları isə kurslar üzrə əldə etdiyi sertifikatlara əsasən həyata keçirir. Cavabdehin səriştəsizliyinin tək qurbanı o deyildir. Qeyd edir ki, üzündə yaranan bu ləkələrə görə o, mənəvi stresslər keçirtmiş, bir neçə ay depressiya yaşamışdır. Bu müddət ərzində ona kömək etməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Üzündəki ləkələrin getdikcə rəngi tündləşirdi. Həmin ləkələrin müalicəsi üçün Bakı Klinik Mərkəzinə müraciət etmişdir. Üzündə aşkarlanmış hiperpiqmentasiya ləkələrinin müalicəsi üçün ona yerli və lazer müalicəsi təyin olunmuşdur. Təyin olunmuş yerli və lazer müayinələrinin zaman ayarlığına görə verdiyi nəticələrə uyğun hər prosedurun ayrı-ayrılıqda xidmət haqqısı təklif edilmişdir. O, maddi durumuma uyğun olan məbləğində olan lazer müalicəsini seçmişdir. Belə ki, o, xx.xx.2023, 14.10.223, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində lazer prosedurlarına getmişdir. Hal-hazırda da tam sağalma müşahidə edilmir. Həmin ləkələrin tam təmizlənməsi üçün hələ də prosedurlara ehtiyac var. Göründüyü kimi cavabdehin məsuliyyətsizliyi ucbatından ona maddi və mənəvi zərər dəymişdir. Onun üzündə bu hadisələrdən öncə heç bir ləkə yox olmamışdır. Özü uzun illərdir ki, müəllimə işləyir, gündəlik heç bir kosmetikdan istifadə etməyinə zərurət yox olmamışdır. Lakin bu ləkələrədən sonra stres yaşamış, bütün bunlar ona psixoloji olaraq da mənfi təsirlər göstərmişdir, ümidsizliyə qapılmış, insanlarla ünsiyyətdə, özünə güvən, inamda problemlər yaşamışdır. İşin faktiki halları ilə bağlı yuxarıda qeyd olunanların sübutu, daha dəqiq desə onunla arasında olan yazışmalar, onun atdığı səs yazıları, digər klinikada etdiyi müayinə və müalicəylə bağlı arayış da mövcuddur. Göründüyü kimi onun hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, o, özü ali savadlı müəllimədir, himayəsində azyaşlı qızı var. İsti yay günlərində günəşə, dənizə getməyi həkim tərəfindən qadağan edilmişdir. Bu həmçinin azyaşlı qızının da yay tətilində istirahət etməsinə maneçilik törətmişdir. Habelə bundan başqa müalicəsi ilə bağlı dərmanlar, üz kremləri, SPF lər almışdır. Bütün bunlar da ona cavabdeh tərəfindən vurulan maddi və mənəvi ziyanın əyani sübutudur. Cavabdeh onun psixoloji durumunun zəif olmasından istifadə edərək öncə inam, etibarını qazanmış, sonradan ona qarşı bu dələduzluğu etmişdir. Hesab edir ki, qeyd olunanlar və təqdim edəcəkləri həmin şəxsin cinayət törətməsinin əyani sübutdur. Göstərilənlərə əsasən Cavabdeh mənəvi zərərin ödənilməsi üçün 2000 manat pul və madd ziyana görə 1500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, X10 Lab” MMC-yə 1000 manat, digər hüquqi şəxsə isə təxminən 300 manat civarında ödəniş etmişdir. Ceyhun müəllim bəzən də prosedur etmiş, lakin pul almamışdır. Payız ayında Ceyhun həkimin yanında getdikdən sonra səs atmışdır. Cavabdehin 60 manat məbləğində ödəniş etdiyi barədə qəbzi də iddiaçıya atdığını demişdir. Cavabdehin gördüyü proses onun üzündə olan ləkəni daha pisləşdirmişdir. Zamanında üzərinə düşsə idi, belə bir ləkə əmələ gəlməzdi.
11. Məhkəmə tərəfindən təyin edilmiş 85/KEŞ saylı, xx.xx.2025-ci il tarixli məhkəmətibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticələrə gəlmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hər iki yanaq nahiyəsində piqmentasiya sahələrinin olduğu müəyyən edilmişdir. İddiaçı adına aparılmış kosmetik prosedurlarla bağlı tibbi sənəd tərtib edilməli olduğu halda bu, tərtib edilməmişdir. Bu səbəbdən də hal-hazırda müəyyən edilən piqmentasiya sahələrinin nəyin təsirindən baş verməsi barədə fikir söylənilməsi mümkün olmamışdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-291/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1260 (min iki yüz altmış) manat maddi ziyanın, 200 (iki yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 34.60 (otuz dörd manat altmış qəpik) manat, cəmi 1494.6 (bir min dörd yüz doxsan dörd manat altmış qəpik) manat pul tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış estetik prosedurlar nəticəsində, iddiaçının dərisində yanıqlar və bunun nəticəsində ləkələr əmələ gəlmişdir. Məhkəmə tibbi Ekspertizasının rəyinə əsasən İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hər iki yanaq nahiyəsində piqmentasiya sahələrinin olduğu müəyyən edilmişdir. İddiaçı adına aparılmış kosmetik prosedurlarla bağlı tibbi sənəd tərtib edilməli olduğu halda bu, tərtib edilməmişdir. Qeyd olunan xüsusat cavabdehin hərəkət və hərəkətsizliyinin həkim səhvi kimi qiymətləndirilməsi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə, elecədə işin məhkəmə tərəfindən araşdırlan halları ilə təsdiq olunduğundan, iddia tələbi əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir.
14. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən düzgün əməliyyatın aparılmaması nəticəsində iddiaçının keçirtdiyi stress və həyacanın, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzabının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 200 (iki yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 459.1, 1096.1, 1096.2, 1112-ci, Mülki Prosesual Məcəllənin 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarının tələbləri barədə Praktiki Qaydaları”nın tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, piqmentasiya sahələrinin nəyin təsirindən baş verməsini müəyyən etmək mümkün olmasa da, məhkəmə iş üzrə qəbul etdiyi yekun qətnaməsində bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış estetik prosedurlar nəticəsində iddiaçının dərisində yanıqlar və bunun nəticəsində ləkələr əmələ gəlmişdir. Məhkəmə Tibbi Ekspertizasının rəyinə əsasən İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hər iki yanaq nahiyəsində piqmentasiya sahələrinin olduğu müəyyən edilmişdir. İddiaçı adına aparılmış kosmetik prosedurlarla bağlı tibbi sənəd tərtib edilməli olduğu halda bu, tərtib edilməmişdir. Qeyd olunan xüsusat cavabdehin hərəkət və hərəkətsizliyinin həkim səhvi kimi qiymətləndirilməsi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə, elecə də işin məhkəmə tərəfindən araşdırlan halları ilə təsdiq olunduğundan, iddia tələbi əsaslı olması qənaətinə gəlməsinə gəlməsinə əsas vermişdir. Göründüyü kimi məhkəmə xüsusi bilik tələb edən məsələ üzrə öz mülahizəsinə uyğun qənaətə gəlmişdir. Bundan başqa məhkəmə iddianın mənəvi ziyana dair hissəsinə münasibətdə isə bildirmişdir ki, cavabdeh tərəfindən düzgün əməliyyatın aparılmaması nəticəsində iddiaçının keçirtdiyi stress və həyacanın, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzabının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 200 (iki yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Məhkəmənin bu mövqeyi ilə də razı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı keçirdiyi mənəvi sarsıntının nədən ibarət olmasını və nədə ifadə olunbmasını sübut edə bilməsə də məhkəmə 200 manat mənəvi sarsıntıya münasibətdə pul tutulub iddiaçıya verilməsini qət etmişdir. İddiaçının üzərində olan piqmentasiya ləkələrinin məhz cavabdehin təqsiri nəticəsində əmələ gəlməsini sübut edən heç bir mötəbər dəlil iş materiallarında yoxdur və iş üçün əhəmiyyət kəsb etsə də sübuta yetirilməmişdir. Eyni zamanda 200 manat mənəvi ziyanın tutulması ilə bağlı nəticələr işin hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 459. İlkin vəziyyəti bərpa etmək vəzifəsi 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. (...)
24. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
26. Maddə 1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. İş materiallarından müəyyən olunur ki, iddiaçı kosmetoloji prosedur keçmək ilə əlaqədar Cavabdeh müraciət etmiş və 2023-cü ilin fevral ayında iddiaçı üzərində prosedur aparılmışdır. Lakin prosedurdan sonra iddiaçının hər iki yanaq nahiyəsində şişkinliklər və piqmentasiya əmələ gəlmişdir. Daha sonra iddiaçı müxtəlif klinikalara müraciət etmiş və müalicə üçün 1000 manat və 320 manat məbləğlərində ödənişlər etmişdir.
39. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 85/KEŞ saylı, xx.xx.2025ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hər iki yanaq nahiyəsində piqmentasiya sahələrinin olduğu müəyyən edilmişdir. İddiaçı adına aparılmış kosmetik prosedurlarla bağlı tibbi sənəd tərtib edilməli olduğu halda bu, tərtib edilməmişdir. Bu səbəbdən də hal-hazırda müəyyən edilən piqmentasiya sahələrinin nəyin təsirindən baş verməsi barədə fikir söylənilməsi mümkün olmamışdır.
40. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya müalicəsi üçün 60 manat ödəniş edilmişdir.
41. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
42. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
44. Göründüyü kimi cavabdeh iddiaçı üzərində apardığı kosmetik prosedurlarla bağlı tibbi sənəd tərtib etməmiş, işdə olan Bakı Kliniki Mərkəz tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 284 nömrəli və “X10 Lab” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 070-24 nömrəli arayışlardan isə görünür ki, iddiaçı üzündə estetik prosedurdan sonra əmələ gəlmiş ləkələrin müalicəsi üçün ümumillikdə 1320 manat məbləğində ödəniş etmişdir.
45. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış estetik prosedurdan sonra onun hər iki yanaq nahiyəsində əmələ gəlmiş piqmentasiya sahələrinin müalicəsi üçün xərclənmiş pul vəsaitinin maddi ziyan (1320-60=1260) olaraq cavabdehdən tutulması əsaslıdır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
47. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
48. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
49. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
51. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçının zahiri görünüşünə, onun sağlamlığına zərər vurulması və bununla əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgün olmuşdur.
52. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
53. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-291/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin maddi zərərlə bağlı mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən həmin hissədə kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-291/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin mənəvi zərərə dair hissəsindən qətnamə cavabdehə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.