Məhkəmə qərarları › İş №2(105)-1146/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1146/2021

05.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1146/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, İddiaçıların vəkili: X8, Cavabdeh: Cavabdeh, Üçüncü şəxslər: X15 və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilərək mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın təmin edilməsi, X10 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş ünvan 2ində yerləşən yaşayış evinin, JN130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X4, X14 və X5 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsinin və JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10 və X4 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən vərəsəlik qaydasında mirası əmlak şəklində qəbul etmələri faktı müəyyən edilməsi, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X4, X14 və X5 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X5 paylı mülkiyyətinə düşən 0,1033 ha torpaq sahəsinin - ½ hissəsinə İddiaçı1, ½ hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınması, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X4, X14 və X5 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X14 paylı mülkiyyətinəvə miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınması, JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10 və X4 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X14 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınması, mərhum X10 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş ünvan 2ində yerləşən yaşayış evindən mərhum X14 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə isə İddiaçı2 vərəsəlik hüququnun tanınması, qətnamənin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsas olması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideynləri X2 və X12, habelə mərhum baba və nənələri X9 və X3 miras qalmış ünvan 2ində yerləşən yaşayış evinə, 0.31 ha həyətyanı, habelə 0.83 ha pay torpaq sahəsinə münasibətdə mirasın tərəflərindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, ünvan 2ində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsi mərhum nənələri X11, mərhum ataları X19 və mərhum anaları X6 məxsus olmuşdur. Onların hüquqları torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa X13 və X7 0,83 ha pay torpaq sahəsi məxsus olmuş, hüquqları torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bundan başqa həyətyanı torpaq sahəsinin üzərində 1968-ci ildə tikilmiş yaşayış evi vardır və həmin ev mərhum babaları Ə.İ.Osmanovun adına qeydiyyata alınmış və adına qeydiyyat vəsiqəsi işlənmişdir. Həmin evdə hazırda cavabdeh yaşayır. Ə.İ.Osmanov xx.xx.2000-ci ildə, A.Ə.Osmanova xx.xx.2017-ci ildə, S.İddiaçı1 isə xx.xx.2009-cu ildə vəfat etmişlər. Ə.Osmanovun və İddiaçı1 vəfatından sonra birinci növbəli vərəsə olan ataları İ.Osmanov qeyd olunan mülkdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Valideynləri xx.xx.1997-ci ildə rəsmi nikah əsasında ailə qurmuşlar. Analarının vəfatından sonra miras onun 1-ci dərəcəli vərəsələri onlar tərəfindən və ataları tərəfindən qəbul edilmişdir. Analarının vəfatından sonra ataları Cavabdeh ilə evlənmiş və bu nikahdan 2012-ci ildə Zəhra adlı övladları olmuşdur. Atalarının xx.xx.2019-cu il tarixdə vəfatından sonra qanunda nəzərdə tutulmuş qaydada və müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına rəsmi müraciət etmişlər və miras tərəflərindən qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla göstərilən əmlakdan payları müəyyən edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar onun mərhum həyat yoldaşı İlqar Osmanovun birinci həyat yoldaşından olan uşaqlarıdır. Məhkəmə qətnamədə JN 130 LNs-li 30222018 kodlu torpaqın mülkiyyətə edilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1, İ.Osmanov və S.Osmanovanın mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsini paylı mülkiyyət hesab edərək həmin torpaq sahəsində S.İddiaçı1 payının 0,1033 ha olmasını müəyyən etmiş və iddiaçıların miras əmlaka vərəsəlik hüququnu tanımışdır. Halbuki həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Məhkəmə iddiaçıların mirası qəbul etmələrinə düzgün hüquqi qiymət verməmişdir. Mİrasın qəbulu üçün vərəsəlik açıldığı vaxtdan 3 ay müddətinə rəsmi qaydada notariusa müraciət etmək və ya mirası faktiki qəbul etmək tələb olunur. Lakin iddiaçılar vərəsəlik açıldıqdan sonra 3 ay müddətinə notariusa rəsmi qaydada müraciət etmələri və ya mirası faktiki idarə etmələri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişlər. Məhkəmə iddiaçıların mirası qəbul etmələrinə düzgün hüquqi qiymət verməmişdir. Mərhum İ.Osmanovun ölümündən sonra ondan miras qalmış əmlakın kütləsinə yalnız o, öldüyü günədək xüsusi mülkiyyətində olan əmlak aiddir. Belə olduğu halda mərhum Ə.Osmanovdan miras qalmış evə münasibətdə mərhum İ.Osmanovun adına vərəsəlik hüququ haqqında şəhadətnamə olmadan sonuncunun uşaqları olan iddiaçıların həmin evdən bir başa vərəsəlik üzrə paylarının müəyyən edilməsi qanunsuz haldır. Həmçinin, bunlardan başqa iddiaçıların ataları İ.Osmanovun ölümündən sonra mirası qəbul etmələri qeyri müəyyəndir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-1392/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Üçüncü şəxslər G.Ə.Daşdəmirova və E.Ə.Osmanov apellyasiya şikayətinin dəlillərini qəbul etdilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmasını bildirdilər və qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Üçünçü şəxslər S.Ə.Osmanova və G.Ə.Osmanova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi faktı və payın müəyyən edilməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 216 saylı 30222018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən Ə.İ.Osmanovun və A.Ə.Osmanovanın mülkiyyətinə 0,83 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə olan torpağın mülkiyyətə verilməsinə dair JN 130F saylı 30222018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən A.Ə.Osmanovanın, İ.Ə.Osmanovun və S.İddiaçı1 mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 1988-ci il tarixli, inventar nömrəsi 196, reyestr nömrəsi 269 olan texniki pasportdan və DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair Ə.İ.Osmanovun adına 269 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Ə.İ.Osmanov xx.xx.2000-ci ildə, A.Ə.Osmanova xx.xx.2017-ci ildə, S.İddiaçı1 xx.xx.2009-cu ildə, İ.Ə.Osmanov xx.xx.2019-cu ildə vəfat etmişlər. İşə əlavə olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37 nömrəli arayışından müəyyən olunur ki, Ə.İ.Osmanov 1940-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X20, qızı Gülxar Osmanova, oğlu E.Osmanov, qızı G.Osmanova, nəvəsi İddiaçı1, nəvəsi İddiaçı1, nəvəsi Z.Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu İ.Ə.Osmanovun həyat yoldaşı Cavabdeh idarə edir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/1 nömrəli arayışından müəyyən olunur ki, X19 1969-cu il tarixdən xx.xx.2019-cu ilədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Həyat yoldaşı Cavabdeh, qızı İddiaçı1, qızı İddiaçı1. Ölümündən sonra evi və təsərrüfatı mərhumun həyat yoldaşı Cavabdeh idarə etmişdir. İşə əlavə olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/2 nömrəli arayışından müəyyən olunur ki, S.İddiaçı1 1977-ci il tarixdən xx.xx.2009-cu ilədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2009cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızları İddiaçı1 və İddiaçı1. Ölümündən sonra evi və təsərrüfatı mərhumun qızları idarə etmişdir. İşdə olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/3 nömrəli arayışından müəyyən olunur ki, A.Ə.Osmanova 1960-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızı S.Osmanova, qızı G.Osmanova, oğlu E.Osmanov, qızı G.Osmanova, nəvəsi İddiaçı1, nəvəsi İddiaçı1, nəvəsi Z.Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu İ.Ə.Osmanovun həyat yoldaşı Cavabdeh idarə edir. İş materiallarında olan iddiaçıların notariat kontoruna yazdıqları ərizələrindən görünür ki, ünvan 2i ünvanında yerləşən torpaq sahələrinə və əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İşdə olan Xaçmaz rayon 1 saylı notariat ofisinin 33 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Ə.İ.Osmanov, A.Ə.Osmanova, S.İddiaçı1 və İ.Ə.Osmanovdan miras qalmış ünvan 2i ünvanında yerləşən torpaq sahələrinə və evə dair qanun üzrə vərəsəlik qaydasında adlarına rəsmiləşdirilməsi ilə əlaqədar müraciətə bildirilmişdir ki, vərəsəlik işi ilə əlaqədar təqdim olunmuş hüquq müəyyənedici sənədlər notariat ofisinə tam şəkildə təqdim edilməmişdir və bilavasitə vərəsəlik işi mübahisə xarakteri daşıdığı üçün notariat hərəkətinin aparılması mümkün olmamışdır. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi, iddianın predmeti olan miras əmlaklar ilk olaraq iddiaçıların ata və anası tərəfindən faktiki olaraq qəbul edilmiş, onların vəfatından sonra isə iddiaçıların özləri tərəfindən faktiki olaraq qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, mərhum X10 və X4 5 övladı olmuşdur. (Sədaqət Osmanova, Gülxar Osmanova, Etibar Osmanov, Gülbəniz Osmanova və İqrar Osmanov). İşə əlavə olunmuş şəhadətnamədən müəyyən olunur ki, İ.Ə.Osmanov xx.xx.2012-c il tarixdə Cavabdeh (Əliyeva) ilə nikaha daxil olmuş və nikahlarından xx.xx.2013-cü il tarixdə bir övladları (X16) anadan olmuşdur. Qeyd olunan sənədlərdən də göründüyü kimi, İ.Osmanov vəfat etdiyi zaman 1-ci növbə üzrə 4 vərəsəsi olmuşdur. (Aynur, Aidə, Nargilə və Zəhra). Həmçinin iş materiallarından görünür ki, Aynur və Aidə S.Osmanovanın övladlarıdırlar və 1-ci növbə üzrə vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh mərhum İ.Osmanovun ölümündən sonra ondan miras qalmış əmlakın kütləsinə yalnız o, öldüyü günədək xüsusi mülkiyyətində olan əmlakın aid olması və iddiaçıların həmin evdən bir başa vərəsəlik üzrə paylarının müəyyən edilməsi qanunsuz olması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(067)- 1392/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar