Məhkəmə qərarları › İş №2(105)-1149/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1149/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1149/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: X2, İddiaçının vəkili: X3, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 47.000 manat maddi və 30.000 manat mənəvi ziyana görə pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2749/2008ci il tarixli qətnaməsi ilə Cavabdeh T.R.Ağabalayevə, İddiaçı, üçüncü şəxslər Sumqayıt şəhəri, 1 saylı DNK-na və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə qarşı mənzilə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə ilk iddia ərizəsi, həmçinin T.R.Ağabalayevin Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-749/2008ci il tarixli qətnaməsi ilə Cavabdeh T.R.Ağabalayev və ona qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair ilk iddia, həmçinin T.R.Ağabalayevin Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə qarşılıqlı iddia rədd edilmişdir. Bu işlə bağlı uzun sürən məhkəmə çəkişmələri olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı ilə yuxarıda göstərilən mülki iş üzrə bir sıra məsələlər həll olunmuşdur. Nəhayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-115/2016 saylı qətnaməsi müəyyən etmişdir ki, X4 adından T.R.Ağabalayev ilə onun arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun T.R.Ağabalayevdən onun xeyrinə tutulması qət edilmişdir. Müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını qət edilmişdir. Göstərilən məbləğdə pulun onun xeyrinə tutulması ilə qeyri-yaşayış sahəsinin T.R.Ağabalayevə və Cavabdeh qaytarılması eyni vaxtda icra olunması qət edilmişdir. Məhkəmə qətnaməsi hal-hazırda qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsindən sonra daşınmaz əmlakın alqı-satqısını həyata keçirən Cavabdeh onun və Cavabdeh mülkiyyətində olan 2/1 hissəsinin alqı-satqısını həyata keçirtmişdir. xx.xx.2019-cu il tarixdə onun hüquqları qeydiyyatdan keçmişdir. Hal-hazırda əmlakın 2/1 hissəsinin mülkiyyətçisi onun, 2/1 hissəsinin mülkiyyətçisi isə Cavabdehdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, vaxtikən 1 otaqlı mənzil olmuş daşınmaz əmlakın təyinatı dəyişdirilmiş və onun vəsaiti hesabına tam təmir olunmuşdur. Əvvəllər 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 1 otaqlı mənzil tam təmirli qeyri-yaşayış sahəsinə çevrilmişdir. Cavabdeh heç bir vəsait sərf etmədən əmlakın 2/1 hissəsinin mülkiyyətçisidir. O zaman mənzilin dəyəri alqı-satqı müqaviləsində göstərildiyi 14137,20 manat olmuşdur. Deməli hal-hazırki cavabdehin payının dəyəri 7068 manat olmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, qeyri-yaşayış obyektinin bazar dəyəri 120.000 manatdır. Deməli cavabdehin 2/1 payının qiyməti hal-hazırda 60.000 manatdır. Halbuki 1 otaqlı mənzilin 2/1 payı 7068 manat olmuşdur. Cavabdeh mülkiyyətçi kimi öz mülkiyyətinə sahib olarsa, heç bir maddi vəsait hesab etmədən payının dəyəri 8,5 dəfə artmışdır. Məhkəmə qətnaməsi ilə mənzilin yaxşılaşdırılması ilə bağlı 13.000 manat pulun tutulması qət edilmişdir. 60.000 manatdan 13.000 manat çıxdıqda hal-hazırki real dəyərə görə cavabdeh ona 47.000 manat pul ödəməlidir. O, 1-ci qrup Qarabağ müharibəsinin əlilidir. 2008-ci ildən məhkəmələrə cəlb olunmuşdur. Bu illər ərzində kifayət qədər stres keçirtmişdir. Bütün bunlar onun səhhətinə mənfi təsir göstərmişdir. O, vurulmuş mənəvi ziyanı 30.000 manat dəyərləndirir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2006-cı ildən bu günə qədər məhkəmə prosesləri zamanı aldığı mənfi emossiyalar onun səhhətini tam məhv etmişdir. Məhkəmənin digər qətnamələri ilə ona maddi və mənəvi zərərin dəyməsi sübuta yetirilmişdir. O, Qarabağ Müharibəsinin əlilidir. 2008-ci ildən məhkəmə iclaslarında iştirak edir və hər bir məhkəmə iclasında mənfi emosiya alır. Bu da onun səhhətinin tam pozulmasına gətirib çıxarmışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)- 2994/2020 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyanın vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 saylı evin, 17 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdir. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, T.R.Ağabalayev Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 saylı evin, 17 saylı mənzilini İddiaçı 51.500 manata satmışdır. İşə əlavə olan “AİS” Konsaltinq və Qiymətləndirmə şirkətinin AİS-309 saylı xx.xx.2012-ci il tarixli verdiyi rəyinə əsasən Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 saylı evin, 17 saylı mənzilinin xx.xx.2012-ci il tarixinə olan bazar dəyəri 120.000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 88 saylı reyester kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən, 17 saylı mənzilin mülkiyyətçisi Cavabdeh və İddiaçıdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-07/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2749/2008 saylı qətnaməsi qismən-ilk iddia ərizəsi üzrə Cavabdeh T.R.Ağabalayevə və İddiaçı qarşı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsinin təmin edilməməsinə aid hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddia ərizəsinin təmin olunması, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 1/22 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,12 kv.metr, köməkçi sahəsi 12,77 k.metr olan 17-ci mənzilinə dair T.R.Ağabalayev ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış, Sumqayıt şəhəri, 1 saylı X6 təsdiq edilmiş, 4Ə/1-34 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin mənzilə dair İddiaçı adına verilmiş xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına, real zərər də nəzərə alınmaqla T.R.Ağabalayevdən 120.000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, 120.000 manat məbləğində pulun ödənilməsi ilə Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 nömrəli evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (gözəllik salonu və valyuta dəyişmə məntəqəsinin) T.R.Ağabalayevə qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X4 adından T.R.Ağabalayev ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli, 4Ə/134 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pul T.R.Ağabalayevdən İddiaçı xeyrinə tutulmuşdur. Həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26.000 manat məbləğində vəsait T.R.Ağabalayevdən və Cavabdeh bərabər hissədə tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddiaçının 2008-ci ildən məhkəmə iclaslarında iştirak etməsi və hər bir məhkəmə iclasında mənfi emosiya alması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan 7912/16 saylı icra işindəki İddiaçı xx xxxxxxxx 2016-cı il tarixli ərizəsindən görünür ki, Cavabdeh ona ödəməli olduğu 27269,2 manat pulu istəmir. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan maddi və mənəvi zərər tələbi ilə bağlı xüsusatların olması, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)- 2994/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar