Məhkəmə qərarları › İş №2(105)-1149/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1149/2023

20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1149/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsindən cavabdeh Bakı Mühəndislik Universiteti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmrinin qismən, yəni iddiaçıya aid hissəsi olan 2-ci bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı universitetin həyətində olan zaman tələbələr söhbət edərkən tanımadığı şəxs ona yaxınlaşaraq ondan tələbə biletinin təqdim olunmasını tələb etmiş, lakin o həmin şəxsi tanımadığı üçün bundan imtina edərək həmin şəxsin kim olduğunu aydınlaşdırmağa çalışmışdır. Bu zaman iddiaçı ilə həmin şəxs arasında söz mübahisəsi yaranmışdır. Daha sonra məlum olmuşdur ki, tələbə biletinin təqdim olunmasını tələb edən şəxs universitetin müəllimidir. Bundan sonra Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, tələbə Ələsgərov X3 üçün X1 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan intizam pozuntusu xarakterli əməllər törəmişdir. Hesab edir ki, məlum məsələ ilə bağlı tələbə İddiaçı özünü müdafiə etməsi və əvvəlcədən tanımadığı müəllimin dərsdən kənar lazımsız tələbinə (tələbə biletinin əsassız olaraq tələb etməsi) cavab verməsi, eləcə də özünü qoruması əmrdə qeyd edilən qaydaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz və həmin qaydaların müvafiq bəndlərində göstərilən tələblər isə yalnız hüquq pozuntusu zamanı tətbiq edilə bilər. Belə ki, tələbə İddiaçı öz hüquq və azadlıqlarından istifadə etməsi başqalarına qarşı hörmətsizlik kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə də hər kəsin fikir və söz azadlığı vardır. Eləcə də konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bundan başqa İV kurs tələbəsi İddiaçı bir müəllimin sifarişi ilə “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi alması onun təhsilini davam etdirməsinin qarşısını alır. Bir təhsil müəssisəinin rəhbəri olaraq belə halların qarşısını almaq, gənclərə təhsili sevdirmək, ədalətli olmağı öyrətmək, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssislər yetişdirmək əvəzinə onların təhsil almasına mane olmaq təhsilin əsas məqsədlərinə ziddir. Heç kim bu və digər şəkildə təhsil almaqdan məhrum edilə bilməz. İddiaçı əmrdə qeyd olunan hərəkətləri etmədiyindən haqlı olaraq həmin əməli törətməsini qəbul etmir. Əmrdən də göründüyü kimi, əmrdə göstərilən hallarla bağlı obyektiv araşdırma aparılmamış və sözügedən əmr yalnız prorektor B.Ə.Hüseynzadənin sifariş xarakterli təqdimatı əsasında qəbul edilmişdir. Əmrin ləğv edilməsi üçün Bakı Mühəndislik Universitetinə xx.xx.2023-cü il tarixli pretenziya bildirişi göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 03/00009 nömrəli cavab məktubu ilə əmrin ləğv edilməsindən imtina etmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmr əsassız olduğundan qismən, yəni iddiaçıya aid olan hissədə ləğv edilməlidir. Cavabdeh Bakı Mühəndislik Universiteti tərəfindən iddia tələbinə etiraz olunaraq əsassız olduğu üçün təmin edilməməsi xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri qismən, yəni İddiaçı aid hissəsi olan 2-ci bəndinin ləğv edilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə istinad edərək iddianı təmin etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “15” noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 3-cü maddəsi Tələbələr sırasından xaric edilmə hallarını tənizmləyir. Qaydaların 3.1.3. bəndində də ali təhsil müəssisəsindən xaric edilmə əsaslarından biri kimi ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozması nəzərdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsində tələbənin təhsil almaq hüququ əsas kimi qiymətləndirilmiş, ancaq Müəssisədaxili intizam qaydalarının pozulması zamanı tələbələr sırasından xaric etmənin bir tədbir olaraq nəzərdə tutulduğu və zəruri hallarda tətbiq edilməsinin tələbənin təhsil hüququndan məhrum edilməsi kimi qiymətləndirilməsinin düzgün olmadığı nəzərə alınmamışdır. Digər bir məsələ də iddiaçının nümayəndəsi tələbənin təhsil hüquqlarının pozulduğunu, təhsildən məhrum edildiyini və bunun müxtəlif normativ hüquqi sənədlərin tələblərinə zidd olduğunu qeyd etmişdir. Hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququ vardır. Ancaq Təhsil müəssisələri də təhsil sahəsində qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstliyə sahib qurumlardır. Bakı Mühəndislik Universiteti də publik hüququ şəxs statusuna sahib bir təhsil müəssisəsi kimi bu fəaliyyətləri həyata keçirərkən dövlət tərəfindən qəbul edilən normativ hüqqi aktlara və onlara uyğun olaraq hazırladığı universitetdaxili Qaydalara əsasən fəaliyyətlərini həyata keçirmək hüququna malikdir. Ali təhsil müəssisəsi də kiçik bir cəmiyyətdir və o cəmiyyət daxilində də münasibətləri tənzimləyən Qaydalar mövcuddur. Cəmiyyətin üzvləri də o Qaydalara riayət etməlidirlər və Qaydalara riayət etməyənlərə qarşı da nəzərdə tutulan tənbeh tədbirlərinin tətbiqi fərdin hüququnun pozulması deyildir, cəmiyyətin mənfəəti naminə bir zərurətdir. Nümunə kimi qeyd edilir ki, hər bir vətəndaşın cəmiyyətdə azad yaşamaq hüququ vardır. Ancaq cəmiyyət daxilində yaşamaq üçün riayət edilməsi icbari olan Qaydalar vardır və bu qaydaları pozanların müvafiq Qaydada azad yaşamaq hüquqları məhdudlaşdırılır və bu konstitutsiyada nəzərdə tutulan hüququn pozulması hesab edilə bilməz. Eyni Qaydada kiçik cəmiyyətdə də mövcud ola bilmək üçün zəruri olan Qaydalara da riayət etmədikdə tədbir görülməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir. İddiaçı da Tələbələr üçün X1 aşağıdakı təqdim olunan maddə və bəndlərinin tələblərini pozmuşdur: - 3.2.a. Universitetin səlahiyyətli şəxsləri tərəfindən tələb olunan məlumatları onlara məqsədli şəkildə natamam və yalnış vermək - 3.2.c. Universitet daxilində ictimai yerlərdə narahat edəcək şəkildə ucadan danışmaq, qışqırmaq (hadisə zamanı tələbələr ucadan və qeyri-etik ifadələrlə müşaiyət olunacaq şəkildə danışırdılar) - 3.2.d. başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək - 3.2.i. başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək 3.3.a. intizam qaydalarının pozulması ilə bağlı aparılan təhqiqata mane olmaq (hadisə zamanı universitet ərazisində söyüş söyən birini müəyyən etmək üçün səlahiyyətləri çərçivəsində müdaxilə edən prorektora mane olunmuşdur) - 3.4.h. universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək. Yuxarıda da izah olunduğu kimi iddiaçı Qaydaların birdən çox maddəsini pozmuşdur. Məhkəmə iddiaçının qısa müddət içərisində ilkin intizam tnbehindən nəticə çıxarmayaraq təkrar intizam pozuntusuna yol verməsi kimi iş üçün birbaşa əhəmiyyətli olan faktı yetərincə araşdırmamış və ona heç bir hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı Mühəndislik Universitetinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı tələbə universitetdən xx.xx.2022-ci il tarixdə xaric edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əmrin ləğvinə dair iddia təmin olunub. Hesab edir ki, məhkəmə sübutları tam qiymətləndirməmişdir. Belə ki, iddiaçı tələbə 2022-ci il də universitetdən xaric olmazdan 6 ay əvvəl bir qrup müəllimin şərəf və ləyaqətini alçaltmış, onlara “şərəfsizlər” formasında müraciət etmişdir. Semestrin sonu olmasını nəzərə alaraq tələbəyə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbeh tədbiri tətbiq olundu. Birinci instansiya məhkəməsində fakultənin dekan müavini (o da təhqir olunan müəllimlərin sırasında idi) şahid qismində dindirilmişdir. Tələbənin xarakteristikası barədə məlumat vermiş, tələbənin təhsil aldığı 3-4 il ərzində müəllimlərlə münasibətində qeyri-etik davranışlar sərgilədiyini bildirmişdir. Bu ifadə qətnamədə qeyd olunmamışdır. Məhkəmə iddianı təmin edərkən iddiaçının tələbə yoldaşlarının ifadəsinə əsaslansa da nəzərə almamışdır ki, onların arasında dostluq münasibətləri var. Tərbiyə işləri üzrə prorektorla tələbə arasında mübahisə olanda onun yanında ümumi işlər üzrə prorektor Vüqar Həsənov olmuşdur. O, Dövlət Təhlükəsizlik Xidmətinin universitetlərdəki nümayəndəsidir. O, şahidlik etmək üçün məhkəmənin inzibati binasına gəlmişdi. İlk gəlişində məhkəmə onu dindirmədi, sadəcə şahidlərin siyahısını müəyyənləşdirdi, sonrakı iclaslarda da Xidmətin işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmədi. Nəticə olaraq şahid dindirilmədi. Müəssisədaxili intizam qaydaları da məhkəməyə təqdim edilmişdi. Tələblərə də bütün şərtlər elan edilib. Məhkəmə onların sübutlarını tədqiq etmədən qərar qəbul etmiş və nəzərə almamışdır ki, xaric edilmə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbeh tədbirinin davamıdır. Bu gün tədris ili başa çatır. Hər bir tələbənin xaric olma səbəbindən asılı olmayaraq 1 semestr sonra univeristetə müraciət edərək bərpa olunmaq hüququ var. Məhkəməyə müraciətdə məqsəd prorektorun cəzalandırılmasıdır. Bunu birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəkili də qeyd edib. Cari iş üzrə yekun akt çıxmadan, mübahisə getdiyi vaxtda tələbəni universitetə bərpa etmək mümkün deyil. Amma mübahisə olmasa, tələbə sentyabr ayından universitetə bərpa oluna bilər. Daha sonra qeyd etdi ki, iddia olmasa, tələbənin universitetə bərpa olunmaq hüququ var. Şəxs hüququnu itirmir, amma bərpa üçün məhkəmə işi mütləq yekunlaşmalıdır. Məhkəmə iddianı təmin edərsə, məhkəmə qərarı əsasında universitetə bərpa olunacaqdır. Bərpaya dair əmr istənilən tarixdə verilə bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qarşı tərəfin fikri ilə razı deyil. Birinci instansiya məhkəməsində şahidlər dindiriləndə ümumi işlər üzrə prorektor gəlməmişdi. Apellyasiya şikayətinin məqsədi vaxtın uzadılmasıdır. Ona hərbi xidmətə çağırışa dair bildiriş də gəlib. Möhlət hüququ ala bilməyib. Mübahisə anının kamera görüntüləri var, amma kameranı açmadılar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq Azərbaycan Respublikasında təhsilin əsas məqsədləridir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarıı dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin rektoru, professor H.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3798 nömrəli “İntizam cəzasının tətbiq edilməsi barədə” Əmrin təsdiq olunmuş surətindən görünür ki, 1. Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi’ ixtisasının digər İİİ kurs tələbəsi İddiaçı (tələbə nömrəsi: 1********) «Tələbələr üçün Universitetdaxili intizam Qaydaları»nın 3.2-ci maddəsinin “b” və “d” bəndində, 3.3-cü maddəsinin “c” və “m” bəndində nəzərdə tutulan (hərəkətləri və davranışı ilə tədris və təlim-tərbiyə prosesini pozmaq, başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, universitet daxilində və xaricində şəxslərin şərəf və ləyaqətini alçaldan şifahi və yazılı fəaliyyətlər göstərmək, universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gəlmək) ntizam pozuntusu xarakterli əməllər törətmişdir. Tələbənin səmimi peşmanlığı nəzərə alınaraq ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin rektoru, professor H.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4202 nömrəli “İntizam cəzasının tətbiq edilməsi barədə” Əmrin təsdiq olunmuş surətindən görünür ki: Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi X2 (tələbə nömrəsi: 1********) “Tələbələr üçün Universitetdaxili intizam Qaydaları”nın 3.2-ci maddəsinin “i” bəndində nəzərdə tutulan (başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək) intizam pozuntusu xarakterli əməl törətdiyi üçün ona “töhmət” intizam tənbehi verilsin. Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının digər İV kurs tələbəsi İddiaçı (tələbə nömrəsi: 1********) «Tələbələr üçün Universitetdaxili intizam Qaydaları»nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan (başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək, ictimai əxlaqa sığmayan davranışlara yol vermək, universitet əməkdaşları və tələbələrinə hədəqorxu gəlmək, universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək) intizam pozuntusu xarakterli əməllər törətmişdir. Tələbəyə bənzər xarakterli davranışları ilə bağlı xx.xx.2022-ci il tarixində “şiddətli töhmət” intizam tənbehinin tətbiq edildiyini də nəzərə alaraq Qaydaların 3.4-cü bəndinə əsasən ona “tələbələr sırasından xaricetmə" intizam tənbehi tətbiq edilmişdir. Əsas: Tərbiyə işləri üzrə prorektor B.Ə.Hüseynzadənin xx.xx.2022-ci il tarixli 05/161 nömrəli təqdimatı. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Bakı Mühəndislik Universitetinə ünvanlanmış Pretenziyadan görünür ki, bu bildirişi aldıqları gündən 3 gün ərzində Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmrini ləğv edərək “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı Universitetə bərpa edilməsi və onlara yazılı məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti Akademik Transkript görünür ki, həmin universitetin Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan xx.xx.2001-ci il təvəllüdlü İddiaçı tamamlanmamış kredit toplamı 164 təşkil edir. Müəyyən edilmişdir ki, iddiaçı Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsidir. Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, tələbə Ələsgərov X3 üçün X1 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan intizam pozuntusu xarakterli əməllər törəmişdir. Hazırda iddiaçı həmin əmrin ona aid hissəsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq Azərbaycan Respublikasında təhsilin əsas məqsədləridir. Bakı Mühəndislik Universitetinin tələbələri üçün X1: 1.1. bəndinə əsasən X1 pozulmasına görə tələbələrə qarşı aşağıdakı intizam tənbehi tədbirlərindən biri tətbiq edilir: töhmət; sonuncu xəbərdarlıqla şiddətli töhmət; universitetdən xaric edilmə 1.2. Töhmət tələbəyə hərəkət və davranışlarında yol verdiyi pozuntuların yazılı şəkildə bildirilməsidir və bu, aşağıdakı hallarda verilir: d) başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək; i) başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək; 3.3. Sonuncu xəbərdarlıqla şiddətli töhmət tələbəyə yol verdiyi intizam pozuntusu qeyd olunmaqla yazılı şəkildə bildirilir və bu, aşağıdakı hallarda verilir: d) ictimai əxlaqa sığmayan davranışlara yol vermək m) universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gəlmək; 3.4. Universitetdən xaric edilmə tələbəyə universitetdən xaric edilməsinin və tələbəlik hüquqlarından məhrum edilməsinin yazılı şəkildə bildirilməsidir. Universitetdən xaricetmə tətbiq edildiyi hallar: h) universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək; Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini və işin materiallarını müqayisəli tədqiq edərək müəyyən etmişdir ki, iddiaçı tələbə yoldaşları ilə tənəffüs zamanı həyətdə söhbət edərkən X2 nalayiq söz işlətmiş, həmin vaxt Universitetin Tərbiyə işləri üzrə prorektoru onlara yaxınlamış və kimin nalayiq ifadə işlətdiyini soruşmuş, İddiaçı Elgün Fərmanlını göstərmiş, həmin vaxt şahid Elgün Fərmanlının ifadəsindən də göründüyü kimi o, özü qabağa çıxaraq nalayiq ifadəni özünün işlətdiyini bildirmişdir. Həmin vaxt İddiaçı davranışında qeyd edilən “Bayram müəllim hər ikisinin tələbə biletini tələb etmiş“ «vermirəm, sən kimsən ki və nəyə görə mən tələbə biletimi verməliyəm’'’ kimi cavablar isə onun özünin izahatından göründüyü kimi, tələb edən şəxsin kimliyinin ona sonradan məlum olması ilə əlaqədar olmuşdur. Cavabdehin etirazında qeyd edilən digər hallar isə şahidlərin ifadələri və iddiaçının izahatı ilə təsdiq edilməmişdir. Bununla belə məhkəmə iddiaçının qeyd edilən davranışına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, müvafiq əmrin verilməsi üçün əsas sayılmış hallar, iddiaçının barəsində verilmiş əmrin hüquqi əsasını təşkil edən universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz. Belə ki, təhqir şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdan ibarət təqsirli hərəkətdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində əmr verilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri qismən, yəni İddiaçı aid hissəsi olan 2-ci bəndinin ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin rektoru, professor H.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4202 nömrəli “İntizam cəzasının tətbiq edilməsi barədə” Əmrin təsdiq olunmuş surətindən görünür ki: Universitetin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının digər İV kurs tələbəsi İddiaçı (tələbə nömrəsi: 1********) «Tələbələr üçün Universitetdaxili intizam Qaydaları»nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan (başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək, ictimai əxlaqa sığmayan davranışlara yol vermək, universitet əməkdaşları və tələbələrinə hədə-qorxu gəlmək, universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək) intizam pozuntusu xarakterli əməllər törətmişdir. Tələbəyə bənzər xarakterli davranışları ilə bağlı xx.xx.2022-ci il tarixində “şiddətli töhmət” intizam tənbehinin tətbiq edildiyini də nəzərə alaraq Qaydaların 3.4-cü bəndinə əsasən ona “tələbələr sırasından xaricetmə" intizam tənbehi tətbiq edilmişdir. Əsas: Tərbiyə işləri üzrə prorektor B.Ə.Hüseynzadənin xx.xx.2022-ci il tarixli 05/161 nömrəli təqdimatı. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq əmrin verilməsi üçün əsas sayılmış hallar, iddiaçının barəsində verilmiş əmrin hüquqi əsasını təşkil edən universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz. Belə ki, təhqir şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdan ibarət təqsirli hərəkətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə iddia tələbini təmin edərkən iddiaçının şahidlərinin ifadələrinə istinad etmiş, onların şahidlərini isə dindirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, iş üzrə dindirilmiş şahidlər cavabdeh Universitetin tələbələridir. Bundan başqa cavabdeh tərəf məhkəmə iclasında dindirilməsi üçün şahidləri təqdim etmək hüququna malik idi. Apellyant apellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının, ümumiyyətlə istənilən hər bir tələbənin xaric olma səbəbindən asılı olmayaraq 1 semestr sonra üniversitetə müraciət edərək bərpa olunmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Bakı Mühəndislik Universiteti tərəfindən verilmiş apellyasiya şiayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar