Məhkəmə qərarları › İş №2(105)-1150/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1150/2022

21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1150/2022 21.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsinə dair Abşeron Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək hüquqlarının pozulmasına görə 150000 manat zərər məbləğinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2(006)-6697/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli, 2(012)-6970/2021 saylı qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını göstərdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 11.11.2021-ci il tarixli, 2(006)-6697/2021 saylı qərardadını onunla əsaslandırmışdır ki, iddianın predmeti Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,153134 ha torpaq sahəsinin üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik xəttinin çəkilməsi nəticəsində mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 39.1 və 44.2.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi mülki işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya ilə bağlı istənilən mübahisələrə deyil, yalnız daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında mübahisələrə müstəsna aidiyyət şamil olunur. İddiaçı iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması və daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə əlaqədar deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 11.11.2021-ci il tarixli, 2(006)-6697/2021 saylı qərardadını iddianın predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,153134 ha torpaq sahəsinin üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik xəttinin çəkilməsi nəticəsində mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulması ilə bağlı olması, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,153134 ha torpaq sahəsinin üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik xəttinin çəkilməsi nəticəsində mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulması və iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsi özlüyündə hazırki mübahisəyə müstəsna aidiyyəti üzrə baxılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin mənasına görə iddia tələbi həm də mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı hüquqlarının pozulmasının aradan qaldırılmasını deyil, ona dəymiş maddi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki işin materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1çıq Səhmdar Cəmiyyətinin ünvanının olduğu yer Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi düzgün olmayaraq Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsini əsas götürməklə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə istinad edərək işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsi nəticəsinə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar