Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1155/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh Yarməmmədov Dəmir Rzabala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(027)-167/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(027)-167/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim R.Həsənov) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(027)-167/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “simmental cins sarı-ala inəkdən 1800 (1500+300) manat, 5 aylıq sarı-qonur cöngədən 900 manat, 23 aylıq sarıqonur düyədən 950 manat dəyərində əldən çıxmış faydanın, ona vurduğu mənəvi zərərin əvəzi 1000 manat pulun alınaraq ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh dəyəri 2100 manat olan 1 baş körpə balalı “simmental” cins inək, dəyəri 1500 manat olan il yarımlıq cöngə, dəyəri 1350 manat olan düyə və dəyəri 1200 manat olan 1 baş dana və ya onların dəyəri, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(105)- 1528/2020 saylı Qətnamə ilə, Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(027)-266/2020 saylı qətnaməsi “Cavabdeh dəyəri 1200 manat olan 1 baş dana və ya onun dəyəri alınıb İddiaçı verilsin” hissəsində ləğv edilmiş və həmin hissədə təmin iddia təmin edilməmişdir. Qətnamə - Cavabdeh dəyəri 2100 manat olan il yarımlıq cöngə və dəyəri 1350 manat olan düyə və ya onların dəyəri alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (105)-1528/2020 saylı iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1400/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, sübut olunmuşdur ki, Cavabdeh tərəfindən ona məxsus əmlak mənimsənilib və onun hüquqları pozulduğundan zərər çəkmişdir. Buna görə də ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edir. Pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərcləri, əmlakından məhrum olmağını, cavabdeh tərəfindən malqarasının mənimsənilməsi nəticəsində mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda) tələb edir. AR Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydanı cavabdehdən tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X1 Mərkəzi Heyvandarlıq sektorundan məhkəməyə təqdim etmək üçün ona məxsus mal-qaradan əlavə olaraq əldə etməli olduğu gəlirlər barədə mütəxəssis rəyini ərizəsinə əlavə edir: Birincisi: Simmenlal cins sarı-ala inəkdən cəmisi 18 ay ərzində birinci bala - 1500 (bir min beş yüz) manat, ikinci bala - 300 (üç yüz) manat; İkincisi: Cavanlar qrupundan 5 aylıq sarıqonur cöngənin dəyər artımı - 900 (doqquz yüz) manat; Üçüncüsü: 23 aylıq sarı - qonur düyənin 18 ayda dəyər artımı - 950 (doqquz yüz əlli) manat; olmaqla ona dəymiş zərərin əvəzi - əldən çıxmış fayda 3650 (1800+900+950) manat miqdarındadır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində şəxsi əmlakına bu günə qədər qeyri-qanuni vicdansız sahiblik edərək gəlir əldə etdiyinə görə hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş və bu hal indiyədək davam etməkdədir. Cavabdeh tərəfindən ona zərərçəkən qismində birbaşa maddi ziyan vurmaqla bərabər mənəvi zərərin ödənilməsi barədə iddia tələbi fiziki və mənəvi sarsıntılar keçirməyi cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuranın təqsiri müəyyən edildiyindən iddiası təmin olunmalıdır. Vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul cavabdehdən tələb edir. Göstərilənlər əsasında iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, cavabdehin atası onun qoyunlarına baxmış, sonradan aralarında yaxşı münasibət olmuş, və onlar qohum olmuşlar. Bundan əlavə o, öz yaylaqlarını cavabdeh və onun atasına vermişdir. Münasibətləri yaxşı olduğu üçün aralarındakı razılaşmaya əsasən iddiaçı heyvanlarını da saxlamaq üçün onlara verib. Razılaşmaya əsasən iddiaçının heyvanlarına 10 il ərzində baxmalı idi. Beləliklə 2015-ci ilin payızında heyvanları cavabdehə verib. 2018ci ildə cavabdeh və iddiaçının qohumları arasında münasibətlər pozulduğu üçün ona zəng edərək 10 illik saxlamalı olduğu heyvanları gəlib aparmağını bildirib. İddiaçı ona danışığın bu formada olmadığını, heyvanları 10 il müddətinə saxlamalı olduğunu bildirmişdir. Lakin cavabdehin təkid etdiyini görüb, saxlamağa yeri olmadığı üçün bir aya saxlamağa yer düzəldib, gəlib heyvanları aparacığını bildirmişdir. Bundan sonra sentyabr ayında heyvanları almağa gedəndə cavabdeh heyvanları verməmiş, iddiaçı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Ona mübahisənin mülki xarakterli olduğu bildirilmiş və o da məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-266/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1258/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin 1200 manat dəyəri olan bir baş dananın verilməsi hissəsində qətnamə ləğv edilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, cavabdeh yenə də ona məxsus heyvanları verməmiş, iddiaçı məcbur qalaraq 12 oktaybr 2021-ci il tarixdə əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyd olunan tələbə dair mülki iş üzrə lazımi qaydada araşdırma aparmamış, əsaslı olan iddia tələbinin rədd edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının əsaslı olaraq sübutla məhkəməyə təqdim etdiyi mütəxəssis rəyini nəzərə almamış, cavabdehin qanunsuz hərəkəti nəticəsində, iddiaçıya 18 ay müddətində əsəb sarsıntı yaşatması ilə bağlı məsələlərə düzgün dügün hüquqi qiymət verməmiş, nəticədə. iddianı rədd etmişdir. Odur ki, göstərilən xüsusatlar apellyasiya kollegiyası tərəfindən yenidən araşdırılmalı, qətnamə ləğv edilərək, idia tələbinin təmin edilməsi barədə yeni və qanuni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iddiaçı Şahin Əmirxanov izahatında şikayətin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dəmir Yarməmmədov izahatında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, yaranmış mübahisə ilə əlaqədar məhkəmə qətnaməsinin mövcudluğunu, həmin qətnamə ilə müəyyən edilmiş zərərin atası tərəfindən iddiaçıya ödənildiyini, bununla da hazırkı tələbi qəbul etmədiyini, bu səbəbdən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1528/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh D.R.Yarməmmədovun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(027)-266/2020 nömrəli qətnaməsi qismən – «cavabdeh Yarməmmədov Dəmir Rzabala oğlundan dəyəri 1200 (min iki yüz) manat olan 1 baş dana və ya onun dəyəri alınıb İddiaçı verilsin» hissəsində ləğv edilmiş, və həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1400/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı və cavabdeh Yarməmmədov Dəmir Rzabala oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Quba Rayonu Aqrar İnkişaf Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, bir baş inək qrupundan olan iribuynuzludan 19 dekabr 2019-cu il tarixində 3 aylıq boğaz ola biləcəyini nəzərə alsaq 18 ay müddətində 2 (iki) baş bala əldə etmək mümkündür. Həmin balalardan biri 18 ay yetişdirilərək (340 kq diri çəkidə) bazarda 1500 manata satmaq mümkün ola bilər. İkinci bala 3-4 aylıq ola biləcəyindən indiki bazar qiyməti ilə 300 manat dəyərində ola bilər. Beləliklə: Sarı-ala inəkdən 1-ci bala - 1500 manat 2-ci bala - 300 manat Cəmi: 1800 ( 1500+300) manat dəyərində əlavə gəlir gətirə bilər. Cavanlar qrupundan 5 aylıq sarı-qonur cöngəni 18 aylığına qədər yetişdirib (diri çəkisi 340 kq) bazarda 1500 manat dəyərində satmaq olar. Əvvəlki dəyəri 600 manat olduğunu nəzərə alsdaq son 18 ayda 900 (1500-900) manat dəyərində artım verə bilər. Beləliklə: 5 aylıq sarı-qonur cöngənin son 18 aylıq dəyər artımı 900 manat. 23 aylıq sarıqonur cöngə qrupundan olan iribuynuzlu artıq saxlanılması iqtisadi səmərə vermədiyindən əvvəlki dəyərindən artıq heç bir dəyərə malik deyildir. Beləliklə: 23 aylıq sarı-qonur cöngənin 18 ayda dəyər artımı 0 (sıfır) qiymətləndirilir. 23 aylıq sarı-qonur düyə cütləşməyə buraxılaraq son 18 ayda 8-9 aylıq bala əldə etmək mümkündür. Həmin balanın orta bazar qiytməti 950 manat dəyərində ola bilər. Beləliklə: 23 aylıq sarı-qonur düyə 18 ayda dəyər artımı: 1 bala - 950 manat. Yekun olaraq son 18 ayda 4 baş müxtəlif cinsiyyət və yaş qrupundan olan iribuynuzlu heyvanların dəyər artımı: 3650 (1800+900+0+950) manat ola bilər. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(027)-167/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdehin atası işgüzar münasibətdə olmuşlar. İddiaçı özünə məxsus heyvanları saxlamaq üçün cavabdehgilə vermişdir. Sonradan bu zəmində onlar arasında məhkəmə mübahisələri olmuş, son nəticədə 4950 manat dəyərində iri buynuzlu heyvanın, yaxud onların dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Hazırda o, həmin heyvanlara görə real zərər və əldən çıxmış fayda tələb edir. Cavabdeh məhkəmə qətnaməsilə müəyyən edilmiş həmin məbləğin atası tərəfindən cavabdehə ödənildiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, daha öncə də qeyd olunduğu kimi İddiaçı bundan əvvəl cavabdeh Yarməmmədov Dəmir Rzabala oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi qismən təmin edilmiş, vurulmuş ziyan ödənilmişdir. Hazırda o, cavabdehdən alınaraq, ona verilməsini tələb etdiyi malqaranın onda olmadığı dövr üçün əldə edəcəyi gəlirin cavabdehdən alınıb ona verilməsini tələb edir. Məhkəmə kollegiyası, ona məxsus olan mal-qaranın zamanında qaytarılmaması və bu səbəbdən də ona zərər dəyməsi barədə iddiaçı Şahin Əmirxanovun iddia tələbini əsaslı və ağlabatan hesab etmir. Onun dəymiş ziyanla bağlı dəlilləri real olmayıb, ehtimala söykənir. O, bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər, əsaslı şübhələrdən kənar sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi Quba Rayonu Aqrar İnkişaf Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə tənqidi yanaşır. Adi dövriyyə şəraitində əldə edilə biləcək gəlirlər barədə olan bu rəy idianın təmini üçün yetərli sayıla bilməz. İddiaçı vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Xırda sahibkarlıq fəaliyyəti zəmnində vurulmuş 4950 manat dəyərində zərərə görə mənəvi ziyanın 1000 manat qiymətləndirilməsi adekvat hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qeyd edilən mülki hüquq normalarını, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı tərəfindən maddi və mənəvi ziyan iddia tələbinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Qeyd edildiyi kimi hazırkı iş üzrə iddiaçı Şahin Əmirxanov cavabdeh tərəfindən ona dəymiş zərərin mövcudluğu, yaxud həmin zərərin konkret olaraq nədən ibarət olması barədə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(027)- 167/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 34 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə qətidir, dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1155/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1155/2022
19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver