Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1172/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair (Açar sözlər: əməliyyat nəticəsində sağlamlığa dəymiş ziyan və mənəvi zərər tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(060)-60/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı 16 may 2022-ci il tarixli “İmplant” klinikasının doktoru Cavabdeh ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı ilk dəfə 2012-ci ildə, daha sonra 2021-ci ilə kimi dörd burun əməliyyatı keçirmişdir. Bu əməliyyatların hamısını Dr.Cavabdeh tərəfindən uğursuz icra edildiyindən iddiaçı sonuncudan 1700 manat dəymiş zərər və dəymiş təzminat tələb etmişdir.
2. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan 31 may 2022-ci il tarixli, Ş-643 nömrəli məktubda iddiaçıya Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur.
3. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 13130 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır.
4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 114B məktubundan görünür ki, İddiaçı Unikal Klinika MMC tibb müəssisəsində heç bir cərrahi əməliyyat keçirməmişdir.
5. 658/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən edilir ki,. Liman klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2012-ci il tarixdə klinikanın cərrahiyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona xarici burunun postravmatik deformasiyası, burun çəpərinin əyriliyi diaqnozu təyin edilmiş və üzərində Septorinoplastika cərrahiyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə Qərb klinikasına daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası diaqnozu təyin edilmiş və üzərində burun korreksiyası cərrahiyə əməliyyatı icra edilmişdir. İş materialına əlavə edilmiş X5 İmanovanın üzərində hər hansı bir cərrahiyə əməliyyatı icra edilməmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun nahiyəsində icra edilmiş cərrahiyə əməliyatından sonra estetik qüsurun olduğu müəyyən edilmişdir. Aparılmış ilkin cərrahiyə əməliyyatı estetik olaraq xəstəni qane etmədiyindən, burun nahiyəsində sonradan korreksiya əməliyyatı icra edilmişdir. İddiaçı hazırda estetik görüntünü yaxşılaşdırmaq məqsədi ilə təkrar cərrahiyə əməliyyatında ehtiyacı vardır.
6. “Liman” Klinikasında tərtib edilmiş ******* saylı stasionar xəstənin tibbi kartasından görünür ki, xx.xx.2012-ci il tarixdə saat 10:00-da xarici burunun postravmatik deformasiyası. Burun çəpərinin əyriliyi diaqnozu ilə klinikanın cərrahiyə şöbəsinə qəbul edilmişdir. Daxil olarkən şikayətləri burunda olan deformasiyadan və burun tənəffüsünün çətinliyindəndir. Obyektiv müayinə zamanı xarici burunun postravmatik deformasiyası hesabına üz konfiqurasiyası dəyişilmişdir. Yan proyekasiyada burun donqarlığı, burun ucunun sallanması, ön proyeksiyada burun sümüklərinin asimmetriyası və rinoskopiyada burun çəpərinin əyriliyi müşahidə olunur. Deformasiya hesabına burun tənəffüsü pozulmuşdur. Çənəaltı limfa düyünləri böyüməmişdir. xx.xx.2012-ci il tarixdə ümumi anesteziya altında septorinoplastika cərrahiyə əməliyyatı icra edilmişdir. Xəstəyə antibakterial, desensibilizəedici və ümumi qüvvətləndirici müalicə təyin olunmuşdur. Xəstədə yara birincili sağalır. Xəstə xx.xx.2012-ci il tarixdə yaxşılaşma ilə kafi vəziyyətdə evə yazılmışdır. Son kliniki diaqnoz xarici burunun postravmatik deformasiyası. Burun çəpərinin əyriliyi.
7. “Qərb” klinikasında tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 15:15-də xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası diqanozu ilə klinikanın cərrahiyə şöbəsinə qəbul edilmişdir. Daxil olarkən şikayətləri burunda olan deformasiyadan və burun tənəffüsünün çətinliyindəndir. Ümumi baxış zamanı xarici burunun anadangəlmə deformasiyası hesabına üz konfiqurasiyası dəyişilmiş, burun ucunun sallanması müşahidə olunur. Deformasiya hesabına burun tənəffüsü pozulmuşdur. Dəri və selikli qişanın rəngi normaldır. Çənəaltı limfa düyünləri böyüməmişdir. Müvafiq müayinə planı verilmişdir. xx.xx.2021-ci il tarixdə ümumi anesteziya altında burun korreksiyası cərrahiyə əməliyyatı icra edildi. Xəstəyə antibakterial, desensibilizəedici və ümumi qüvvətləndirici müayinə təyin olundu. Xəstədə yara birincili sağalır. Xəstə xx.xx.2021-ci il tarixdə yaxşılaşma kafi vəziyyətdə evə yazıldı. Son kliniki diaqnoz xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası.
8. “İmplant” X6 16 fevral 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı heç bir ödəniş etməmişdir. Məlumat son beş il tarixinə aiddir. Çünki “İmplant” X7 pasientlərin yalnız son beş illik məlumatları saxlanılmaqdadır.
9. “Liman Group” MMc tərəfindən 16 fevral 2023-cü il tarixli ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı əməliyyatı on il öncəyə aid olduğu üçün ödənişlə bağlı heç bir sənəd təqdim oluna bilmir. Ödənişlə bağlı çeklər beş il ərzində saxlanılır.
10. “Qərb” klinikasının xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, İddiaçı klinikada həkim-cərrah Cavabdeh xəstəsi kimi müraciət etmişdir. Xəstə üzərində həkimcərrah Cavabdeh tərəfindən burun deformasiyasının təkrar yaxşılaşdırılması əməliyyatı icra edilmişdir. Təkrar əməliyyat üçün Cavabdeh xahişi ilə anesteziya, dərmanlar və digər sərfiyyat üçün klinikaya 400 manat ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin səriştəsiz burun estetik əməliyyatları özünü doğrultmadığına görə müxtəlif vaxtlarda Dr. Cavabdeh ödədiyi 1700 manat, səhətində yaranmış fəsadları aradan qaldırmaq məqsədilə zəruri olan 2000 manat, mənəvi ziyana görə 2000 manat dəyərində pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödədiyi 77 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, səhhətində olan narahatçılıqla əlaqədar hazırkı iş üzrə cavabdeh burun cərrahı Cavabdeh müraciət etmişdir. İlk əməliyyatı cavabdeh tərəfindən “Liman” klinikasında olmuşdur. Lakin əməlliyyyat uğurlu olmamış, burnunun bir tərəfi uzun, bir tərəfi qısa qalmışdır. Həmin vaxt əməliyyata 1000 manat ödəmişdir. 2013-cü ildə yenidən cavabdeh tərəfindən əməliyyat olunmuş, yenə də əməliyyat yaxşı alınmamışdır. Beləlikə 4 dəfə əməliyyat keçirmiş və hamısı uğursuz alınmışdır. Sonuncu əməliyyatına da 700 manat ödəniş etmiş, lakin heç bir dəyişiklik olmamışdır. Onun hazırda da səhhətində problemlər mövcuddur, nəfəs ala bilmir, baş ağrıları olur. Bu barədə həkimə bildirdikdə həkim ona yenidən əməliyyat təklifi etmişdir. O isə razılıq verməmiş və pulunu geri tələb etmişdir ki, başqa yerdə əməliyyat olunsun. Cavabdeh əvvəl razılaşmış və 1000 manatı qaytaracağına söz vermişdir. O da pulu geri almaq üçün ərizə yazmışdır. Lakin bundan sonra cavabdeh bildirmiş ki, cəmi 500 manat qaytaracaqdır, o da razılaşmamışdır. Çünki cavabdeh özü də bildirmişdir ki, hazırda bu cür əməliyyatı 400 manata edirlər. Çapıqlığa, sallaqlığa, nəfəs almaya görə təkrar əməliyyata getməlidir. Cavabdehin səhlənkar və qeyri-peşəkar yanaşması nəticəsində o hazırda sağlamlığından narazıdır. Göstərilənlərə əsasən onun iddiası təmin edilməlidir.
13. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(060)-60/2023 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbi qimsən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 1400 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manatın alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan tibbi ekspert rəyinə görə, iddiaçıya edilmiş burun estetik əmaliyyatı ilə bağlı əməliyyatın uğurlu alınmaması, həkim səriştəsizliyi nəticəsində bir neçe dəfə əməliyyat olması işin mübahisə edilməyən halı olub, vurulmuş ziyanın məbləğinin qismən təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. Ekspert rəyində hazırki halda iddiaçının əməliyyata ehtiyacının olması aşkar olmaqla məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı tərəfin əməliyyatlar olması üçün analiz verməsi və bunun nəticəsində ödəniş etməsi verilmiş sorğuya “Qərb” klinikasının xx.xx.2023-cü il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, İddiaçı klinikaya həkim-cərrah Cavabdeh xəstəsi kimi müraciət etmiş, xəstə üzərində həkim-cərrah Cavabdeh tərəfindən burun deformasiyasının təkrar yaxşılaşdırılması əməliyyatı icra edilmiş, təkrar əməliyyat üçün Cavabdeh xahişi ilə anesteziya, dərmanlar və digər sərfiyyat üçün klinikaya 400 manat ödənilmişdir. İddia tələbinin birinci əməliyyat üçün İddiaçı min manat ödəniş etməsi sübut olunaraq, qeyd olunan halların təqzibi ilə bağlı hər hansı dəlil və mülahizə cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də məhkəmə vurulmuş maddi ziyana görə 1400 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəuyğun hesab etmişdir. Həmçinin məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində hesab etmişdir ki, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli, bu zaman zərərin qəsdən törədilmiş əməl nəticəsində yaranması, zərərçəkənin qadın olması, onun səhhəti və yaşı ilə əlaqədar mənəvi sarsıntıya və iztirablara dözüm həddi, iddiaçının dörd dəfə əməliyyat keçirməsi ilə nəticələnməsi, həmçinin hazırki vəziyyətdə sağlamlığının pozulması ilə bağlı təkrar əmliyyata ehtiyacı olması baxımından və digər hallar (ailəli olması, az yaşlı uşaqlarının olması,hazırda səhətində olan problemin onun şəxsi həyatına təsir göstərməsi baxımından) nəzərə almaqla iddiaçıya dəymiş mənəvi zərərin əvəzini 1000 manat həddində müəyyən etmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı qərarına, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1118.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14.2, 77.1, 89.1və 119.1, 124.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə heç bir maddi və prosessual hüquq normalarına əsaslanmadan, iddiaçı tərəfin qərəzli izahatlarına əsaslanaraq, heç bir mötəbər sübuta istinad etmədən əsassız qətnamə qəbul edilmişdir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçının sağlamlığına hansı formada zərər vurulmasını, zərərin konkret olaraq nədə ifadə olunmasını, habelə əgər hər hansı zərər dəymişsə onun məbləğinə dair mövqeyini qətnamədə əsaslandırmamışdır. Ümumiyyətlə məhkəmə tərəfindən zərərin hansı üsulla müəyyən edildiyi anlaşılan deyildir. İddia tələbi sağlamlığa vurulmuş zərərin müəyyən edilməsiylə bağlı da deyil, məhz pul tələbi ilə bağlıdır. Hansı ki, bu cür mübahisələrə dair iddia müddəti də qanunla məhz 3 ildir. Belə olan halda iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnu ötürmüşdür. Məhkəmə iddiaçının ifadələrindən başqa heç bir sübuta istinad etməmişdir. İş üzrə əldə edilmiş ekspert rəyi də cavabdehin zərərinə deyildir. Ekspert yekun rəyində bildirir ki iddiaçının özünü qane etmədiyi üçün korreksiya əməliyyatı edilmişdir. Lakin xəstə bundan da narazı qalmış və buna əsasən də hazırda estetik görüntüsünü yaxşılaşdırmaq məqsədi ilə təkrar cərrahiyə əməliyyatına ehtiyacı vardır. Göründüyü kimi ekspert rəyi ilə cavabdeh tərəfindən icra edilən əməliyyatın hər hansı formada qüsurlu olması anlaşılmır. Lakin işə baxan məhkəmə qeyd olunan halları nəzərə almamış və iş üzrə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. Əlavə etdi ki, şikayət tam əsaslıdır. Məhkəmə heç bir hüquqi əsası olmayan iddianı təmin etmişdir. Belə ki, iddiaçı ilk dəfə Cavabdeh əməliyyatla bağlı müraciət edərkən, onun burun nahiyəsi zədəli halda olmuşdur. Bu əməliyyatdan sonrakı əməliyyatlar isə iddiaçının sağlamlığı ilə bağlı deyil, məhz estetik görünüşlə əlaqədar olmuşdur. İlk əməliyyatla əlaqədar iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Lakin məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi sağlamlığın müdafiəsi ilə bağlı olduğundan qeyd edilən kateqoriya mübahisələrə iddia müddəti şamil edilmir. Qeyd edir ki, iddiaçı hazırkı mübahisə ilə əlaqədar onun sağlamlığına cavabdeh tərəfindən zərər vurulması ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət etmiş və həmin orqan tərəfindən iddiaçıya verilən məktubdan müəyyən edilmişdir ki, cavabdehin iddiaçının əməliyyatı ilə bağlı əməlində hər hansı cinayət əməlinin tərkibi mövcud olmamışdır. Habelə iş üzrə əldə edilmiş ekspert rəyində də iddiaçının keçirmiş olduğu əməliyyatlarda Cavabdeh konkret olaraq hər hansı həkim kimi nöqsanı olması qeyd olunmamışdır. Ekspert sadəcə iddiaçının istəyinə uyğun yenidən əməliyyata ehtiyacı olduğunu qeyd etmişdir. Belə olan halda Cavabdeh həkim kimi iddiaçının əməliyyatında heç bir nöqsanı olmadığı aşkardır. Cavabdeh peşəkar üz-çənə cərrahıdır. Plastik cərrah kimi təhsil almışdır. Məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur, şikayət formal xarakter daşıyır. O Cavabdeh tərəfindən 4 dəfə müxtəlif vaxtlarda burun əməliyyatı keçirmişdir. İlk əməliyyatdan qalan qüsurun aradan qaldırılması üçün həkimə müraciət etdikdə bir sonrakı əməliyyatda həmin qüsurun aradan qaldırılacağı bildirilmişdir. Beləcə hər dəfə müxtəlif vədlərlə əməliyyat olunmuşdur. Lakin hal-hazırdada o uğursuz əməliyyatın mənfi nəticəsini yaşayır. Burun nahiyəsində ağrılar olur, əməliyyatdan sonra yaranmış boşluq irinlə dolur və s. İş üzrə əldə edilmiş ekspert rəyi qeyd olunan halları təstiq etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ədalətli və qanunidir. Ona görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərinödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(060)-60/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Ona görə də kollegiya birinci instansiya qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
29. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir
30. İddiaçının bildirdiyi hallar, tələbin qanuni əsası olan MM-in 1096.1, 1097.1 və 1114.1 və 1118.1-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşır.
31. Mülki hüquq pozuntusuna (deliktə) aid həmin normalarının tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
32. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcuddur
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı səhhətində olan narahatçılıqla əlaqədar olaraq həkim-burun cərrahı Cavabdeh müraciət etmişdir. İlk əməliyyat “Liman” klinikasında olmuşdur. İddiaçının bildirdiyinə görə əməlliyyyat uğurlu olmamış, burnunun bir tərəfi uzun, bir tərəfi qısa qalmışdır. Həmin vaxt əməliyyata 1000 manat ödəmişdir. İşdən görünür ki, iddiaçı 2013-cü ildə yenidən cavabdeh tərəfindən əməliyyat olunmuş, yenə də əməliyyat yaxşı alınmamışdır. Beləlikə sonuncu 4 dəfə əməliyyat keçirmişdir.
34. İşin tam və obyektiv həlli məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertiza keçirilmiş və alınmış rəyə əsasən Liman klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2012-ci il tarixdə klinikanın cərrahiyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona xarici burunun postravmatik deformasiyası. Burun çəpərinin əyriliyi diaqnozu təyin edilmiş və üzərində Septorinoplastika cərrahiyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə Qərb klinikasına daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası diaqnozu təyin edilmiş və üzərində burun korreksiyası cərrahiyə əməliyyatı icra edilmişdir. İş materialına əlavə edilmiş “Unikal” Klinikada İddiaçı üzərində hər hansı bir cərrahiyə əməliyyatı icra edilməmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun nahiyəsində icra edilmiş cərrahiyə əməliyatından sonra estetik qüsurun olduğu müəyyən edilmişdir. Aparılmış ilkin cərrahiyə əməliyyatı estetik olaraq xəstəni qane etmədiyindən, burun nahiyəsində sonradan korreksiya əməliyyatı icra edilmişdir. İddiaçı hazırda estetik görüntünü yaxşılaşdırmaq məqsədi ilə təkrar cərrahiyə əməliyyatında ehtiyacı vardır.
35. Kollegiyanın araşdırması zamanı məyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhərində, yuxarıda qeyd olunmuş klinikada həkim kimi fəliyyət göstərməklə, iddiaçının əməliyyatını və müalicəni qüsurlu şəkildə aparmışdır ki, bunun da nəticəsində iddiaçı həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Mübahisənin bu hissəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4” X11 tərəfindən verilmiş 658/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi tam təsdiq olunur.
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməklə, bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.
37. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Rəyin əsaslılığı da hər hansı bir şübhə doğurmur. Buna görə də, ekspert rəyi ilə də məhkəmənin razılaşmaması üçün əsaslar da mövcud deyildir. Ona görə də, ekspert rəyi ilə müəyyən edilmiş hallar (cavabdeh tərəfindən vurulan zərərin həcmi və xarakteri) mötəbər sübut kimi qəbul edilməlidir.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə t e t d i:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(060)-60/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.