Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1174/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Sumqayıt şəhər Vətəndaşlara Xidmət İdarəsi cəlb olunmaqla) nəşlərin ailə məzarlığından çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: nəşlərin ailə məzarlığından çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1359/2023 nömrəli qətnaməsindən İddiaçı qız tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nikahın bağlanması haqında şəhadətnamənin surətinə əsasən iddiaçı X5 ilə xx.xx.1978-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur.
2. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2000-ci ildə ölmüşdür.
3. 15.11.2021-ci il tarixli məktuba əsasən, iddiaçı qeyd edilən məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə şikayət etmiş, Polis bölməsi tərəfindən iddiaçıya məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər qəbirstanlığında ailə məzarlıqlarında dəfn edilmiş X1 və X4 nəşlərinin cavabdeh tərəfindən ailə məzarlıqlarıdan çıxarılmasını, cavabdehə onların ailə məzarlıqlarına nəşlərini basdırılmasının qadağan edilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X5 xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı ərini dəfn etmək məqsədilə Maraqlı şəxsnə müraciət edərək dəfn üçün ailə vəziyyətlərinə uyğun olaraq torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Həmin idarə tərəfindən ona qəbiristanlıqda dəfn üçün uyğun torpaq sahəsi ayrılmışdır. Əri xx.xx.2000-ci ildə onlara ayrılan torpaq sahəsində dəfn edilmişdir. Ərinin dəfn olunduğu ailə məzarlıqları ətrafdakı məzarlıqlar kimi tərəflərindən daş hasarla əhatəyə alınmışdır. Onlar dəfndən sonra onlara ayrılmış məzarlığa daim qulluq edərək abadlıq işləri aparmışlar. Onların ailələrinin xəbəri və icazəsi olmadan 2003-cü ilin aprel ayında Cavabdeh anası X2 onların ailə məzarlıqlarında dəfn etmişdir. Bundan xəbər tutan kimi ona etirazlarını bildirmişlər. Cavabdeh onlara bilmədən bu hərəkətə yol verdiyini və anasının nəşini çıxarıb başqa yerdə dəfn edəcəyini bildirmişdir. Dəfələrlə müraciət və tələb etməklərinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirmiş, anasını qəbirstanlığın digər hissəsində dəfn etməkdən imtina etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1359/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər qəbirstanlığında ailə məzarlıqlarında dəfn edilmiş X1 və X4 nəşlərinin cavabdeh tərəfindən məzarlıqdan çıxarılması, cavabdehə onların ailə məzarlıqlarına nəşlərinin basdırılmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməmişdir. (hakim Emin Abdullayev)
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 157.1, 157.2, 157.4, Torpaq Məcəlləsinin 5.1, 48.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(060)-1359/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
9. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(060)-1359/2023 saylı qətnaməsindən narazıdır. Məhkəmə qətnamə qəbul edərkən hesab etmişdir ki, iddiaçının məzarlığın olduğu torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və qanuni istifadəsində olduğunu sübut etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin yaxınlarının dəfn edildiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya qanuni istifadə hüququ yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı subyektiv hüquqa malik deyil. Məhkəmənin gəldiyi bu nəticə yanlış olub, torpaq üzərində mülkiyyət hüququna əsaslanmır. Belə ki, 3-cü şəxsin nümayəndəsi məhkəmədə izahat verərək bildirmişdir ki, həmin yer 2000-ci ildə iddiaçının ailəsinə ayrılmışdır. Maraqlı şəxs məhkəmədə bildirmişdir ki, məzarlıqda yer ayrılan zaman heç bir sənəd verilmir. Yer ayrılandan sonra mərhumun ailəsi həmin yeri hasarlayır, abadlaşdırır və ailə üzvlərini dəfn edir. Həmçinin o qeyd etmişdir ki, qəbirstanlığın torpaqları dövlət mülkiyyətindədir və fiziki şəxslərə verilmir. Məhkəmə nəzərə almalı idi ki, AR-da xüsusi qəbirstanlıq mövcud deyil. Qəbirstanlıqdakı torpaqlar dövlət və ya bələdiyyə mülkiyyətindədir, istifadə etmək üçün vətəndaşlara verilir. İddia etdiyi torpaq sahəsi də ona və ailəsin verilmişdir və onların istifadəsindədir. Cavabdeh heç bir əsas olmadan ailə məzarlığına girərək oranı zəbt etmişdir. Məhkəmə tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
13. Üçüncü şəxs Sumqayıt şəhər Vətəndaşlara Xidmət İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
16. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
19. Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
20. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(060)-1359/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
33. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
34. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
35. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ona və ailəsinə 2000-ci ildə qəbirstanlıqda torpaq sahəsi ayrılmışdır. Lakin məzarlıqda yer ayrılan zaman ona heç bir sənəd verilməmişdir. İddia etdiyi torpaq sahəsi onun və ailəsinin istifadəsindədir. Cavabdeh isə heç bir əsas olmadan ailə məzarlığına girərək oranı zəbt etmişdir.
36. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı mübahisəli ərazinin mülkiyyətçisi və ya qanuni sahibi olmadığından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
37. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
39. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
40. Göründüyü kimi iddiaçı cavabdehin öz yaxınlarını dəfn etdiyi torpaq sahəsinin onun ailə məzarlığı olmasına əsaslanaraq həmin şəxslərin nəşlərinin dəfn edildikləri yerdən çıxarılmasını istəyir. Bunun üçün o, həmin məzarların olduğu torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olduğunu sübut etməlidir. Lakin işdən göründüyü kimi cavabdehin yaxınlarının dəfn edildiyi torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya qanuni istifadə hüququ yoxdur. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının cavabdehin yaxınlarının məzarlarının həmin torpaq sahəsindən çıxarılmasını tələb etməyə subyektiv hüququ mövcud deyildir.
41. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Şərh olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1359/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.