Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1180/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(012)-283/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 200 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1830 manat məbləğində əsas vəsaitin, qapıların demontaji zamanı yeni təmir olunan əmlaka dəyəcək maddi zərərin qarşılanması üçün 845 manat, mənəvi zərərin kompensasiyası üçün 5000 manat, ilkin mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat, iddia ərizələrinin cavabdehin ünvanına çatdırılması üçün ödənilən 55 manat olmaqla, ümumilikdə 7780 manat pulun və 97,80 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 noyabr 2021-ci il tarixində mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9A saylı evin yeni təmir olunmuş 62 saylı mənzili üçün yeni otaqlararası qapıları sifariş etmək məqsədi ilə Tağıyev Şirkətinə məxsus, AZ1069 ünvan 1 ünvanında fəaliyyat göstərən TS adı: Avropa Qapıları sərgi salonuna getmişdir. Mal çeşidləri ilə tanış olduqdan sonra, rəngini bəyəndiyi bir qapı nümunəsinin materialı, üzlüyü və hazırlanma müddəti haqqında məlumat verilməsini istəmişdir. Şirkətin satış meneceri Rəhman Kərimov tərəfindən görünüşünü bəyəndiyi qapının materialı şam ağacı, üzlüyü şpon olduğunu və qapıların 15 günə hazır olacağını bildirildi. Rəhman Kərimovla aparılan danışıqlardan sonra, 5 ədəd qapı sifariş etməyə qərar vermiş və buna görə ödəniləcək ümumi məbləğin çatdırılma və quraşdırılma daxil 1718,7 manat olacağını və məbləğin 50 faizini öncədən, pulun qalıq hissəsini isə mal hazır olanda fabrikdə baxılıb tam ödəndikdən sonra ünvana çatdırılacağını bildirmişlər. 03 dekabr 2021-ci il tarixində cavabdeh tərəfindən göndərilən Rahib adlı usta ilə görüşmüş, qapıların quraşdırılması üçün mənzilin açarını təhvil vermiş, Rahib usta tərəfindən qapıların 4-cü mərtəbəyə qaldırılması üçün əlavə 30 manat pulu da ödəmişdir. Ümumilikdə qapıların quraşdırılması üçün o, şirkətə 1830 manat vəsait ödəmişdir. 05 dekabr 2021-ci il tarixində Rahib usta quraşdırma işlələrinin bitməsini bildirmişdir. Təhvil-təslim zamanı ustaya qapılarda olan qüsurları göstərsə də, cavab olaraq Rahib usta bu məsələ ilə bağlı şirkətə müraciət etmək lazım olduğunu bildirmişdir. Sifariş edilmiş qapılar qüsurlu olduğundan, bunun nəticəsində isə ona ziyan dəydiyindən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamədən göründüyü kimi, məhkəmə iddianı təmin etməməklə gəldiyi yekun nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Əvvəla bildirir ki, məhkəməyə tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından da görünür ki, qüsurların aradan qaldırılması üçün əlavə icra tələbi ilə dəfələrlə səlahiyyətli şəxslərə müraciət etmişdir. Lakin bütün müraciətləri cavabsız qalmışdır. Məhkəmə qətnamədə sübut kimi tərəfindən təqdim edilmiş whatsapp yazışmalarına qiymət verməmiş, hər hansı araşdırma aparmamışdır. Eləcə də, məhkəmə tərəfimdən cavabdehə ünvanlanmış mediasiya təklifinə belə nəzər yetirməmiş, yaranmış məsələnin mediasiya vasitəsilə həlli yolunda göstərdiyi cəhd də nədənsə cavabdehə müraciət kimi qiymətləndirməmişdir. Halbuki, açıq-aşkar göründüyü kimi, tərəfindən atılmış addımlar məhz qüsurların aradan qaldırılması üçün əlavə icra tələbləri ilə bağlı olmuşdur. Cavabdehin mediasiya sessiyasında iştirak etməməsi belə özlüyündə təklifinin, müraciətlərinin cavabsız qalmasının daha bir göstəricisidir. Yalnız bütün bu addımları atdıqdan sonra yaranmış mübahisənin həlli, hüquq və azadlıqlarımın qorunması üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Hətta tərəfindən qüsurların aradan qaldırılması üçün əlavə icra tələbi ilə şirkətə müraciət etmiş olmasaydı belə, məhkəmə iddianın təmin edilməməsi əsası kimi istinad etdiyi maddi hüquq norması olan Mülki Məcəllənin 763.1-ci maddəsini düzgün tətbiq etməmişdir. 763.1-ci maddədən görünür ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Göründüyü kimi, norma imperativ deyil. Şəxsin əlavə icra üçün podratçıya müraciət etməsinin mütləqliyi nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün sübutlara hərtərəfli, qərəzsiz, obyektiv və tam baxılmamaqla lazımı araşdırma aparılmamış, bu isə özlüyündə qəbul edilmiş aktın əsaslı olmasını şübhə altına almış olur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarının 6.4-cü bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Həmin Qərarın 6.3-cü bəndinə əsasən isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Bununla belə, birinci instansiya məhkəməsi öz qətnaməsində onun tələbinin əsasını təşkil edən ziyanın olması faktını təsdiq etsə də, məsələnin hansı istiqamətdə həll edilməli olması ilə bağlı gəlmiş olduğu nəticədə belə qeyri-müəyyənlik yaratmışdır. Yəni faktiki olaraq mövcud zərəri onun nə şəkildə və hansı əsaslarla kimdən tələb edəcəyi barədə hər hansı şərh, izah verməmiş, bununla da məhkəmə müdafiəsi hüququnu heçə endirmişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə faktiki olaraq yalnız cavabdehin mövqeyindən çıxış etmiş, iddiaçı tərəf olaraq təqdim etdiyi sübutlarla maraqlanmamışdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində 5 ədəd qapıda qüsurlar olduğunu, qüsurların aşkar edildiyini qeyd etmiş, lakin nədənsə yekunda cavabdehin öz hərəkətləri ilə iddiaçıya maddi və mənəvi zərər vurmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 1830 manat məbləğində əsas vəsaitin, 97,80 manat dövlət rüsumunun əvəzinin, mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni tərəflər arasında podrat münasibətləri yarandığından və qüsurlu sifarişin aradan qaldırılması üçün əlavə icra tələb edilmədiyindən, bununla da hazırki mərhələdə cavabdeh öz hərəkətləri ilə iddiaçıya maddi və mənəvi zərər vurmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında podrat müqaviləsi bağlandığı və həm də müqavilənin şərtlərinə əsasən sifarişçi olaraq iddiaçı cavabdehə 5 ədəd qapı sifariş etməsi və əvəzində podratçıya muzd müqabilində pul ödəməyi öhdəsinə götürməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1., 762.1, 767.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin 752, 762.1, 767.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarı). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Birinci instansiya məhkəməsində icraat zamanı mülki iş üzrə ekspertiza keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 3/1730, 10/8099 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qapıların üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik çatlayıb, sınma zədələridir. Məhkəmə Ekspertizası Mərkəzinin 7/1393 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əli Əliyev küçəsi 9A saylı ev, 62 nömrəli mənzildə 5 ədəd qapının üst və alt səthinin MDF, taxta materialı isə şam ağacındandır. Tədqiqata təqdim edilmiş 5 ədəd qapının üzlüyü şpon olmayıb, alt səthində yapışdırıcısı olan kağız materialı üzlükdür. İşdən göründüyü kimi podratçı işi öz materialları ilə icra etmiş və bu zaman tərəflərin razılaşdıqları materiallardan hazırlamamış, nəticədə də sifarişçinin hazırlanmış material keyfiyyətsiz həm də razılaşdıqları məhsuldan olmadığından, marağı qalmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu sübuta yetirmişdir. Lakin iddianı 1830 manat məbləğində əsas vəsaitin tutulması hissəsində rədd edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış və bununla da həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 1830 manat məbləğində əsas vəsaitin tutulması hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ilkin mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,80 manat (50+97,80=147,80) cavabdeh "xxxx" Şirkətindən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Məhkəmə kollegiyası qapıların demontaji zamanı yeni təmir olunan əmlaka dəyəcək maddi zərərin qarşılanması üçün 845 manat, mənəvi zərərin kompensasiyası üçün 5000 manat, iddia ərizələrinin cavabdehin ünvanına çatdırılması üçün ödənilən 55 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, iddiaçı bu hissədə iddia tələbinin təmin edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etmədiyindən, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi 1830 manat məbləğində əsas vəsaitin, 97,80 manat dövlət rüsumunun əvəzinin, mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsinə icraat zamanı keçirilmiş ekspertiza xərci 200 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına cavabdeh "xxxx" Şirkətindən tutularaq (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilən hissəsi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Lakin hazırkı iş üzrə iddia tələbinin təmin edilməyən hissəsi 5000 manatdan çox olduğundan, iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi iddia tələbinin 1830 manat məbləğində əsas vəsaitin, 97,80 manat dövlət rüsumunun əvəzinin, mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" Şirkətindən 1830 (min səkkiz yüz otuz) manat məbləğində əsas vəsait, ilkin mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 (əlli) manat, ödənilmiş iddia qaldırılması üçün dövlət rüsumu 97 (doxsan yeddi) manat 80 (səksən) qəpik tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" Şirkətindən ekspertiza xərci 200 (iki yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1180/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1180/2023
31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver