Məhkəmə qərarları › İş №2(105)-1189/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1189/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1189/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-793/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı Cavabdeh adına olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa olunmuş bir mərtəbəli, mansartlı, üç otaqlı yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan və Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı yaşayış evinə istifadə hüququnun tanınması və tikiliyə qoyulmuş 45000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh adına olan və Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa olunmuş bir mərtəbəli, mansartlı, üç otaqlı yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 03.11.1995-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində nikah bağlamaqla evlənmişlər. Birgə nikahdan anadan olmuş 10.08.1996-cı il təvəllüdlü X3 və 18.07.1997-ci il təvəllüdlü X4 uşaqları vardır. Uzun müddətdir ki, Naxçıvandan köçüb Bakı şəhərinə yaşamaq üçün gəlmişlər və burada məskunlaşdıqlarından 2007-ci ildə Abşeron rayonu Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsini alaraq orada yaşayış evi tikmişdir. Torpaq sahəsini yoldaşının qardaşı X1 pul ilə almışdır. Lakin sənədləşmə bəxşiş qismində sonradan cavabdehin adına rəsmiləşdirilmişdir. İllərdir ki, o torpaqda öz zəhmətiylə yaşayış evi tikərək təmir etmiş və yaşamışdır. Lakin cavabdehlə münasibətləri pisləmiş və ayrılmışlar. Münasibətləri pisləşdiyindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-766/2018 saylı 17 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. O, mübahisəli torpaq sahəsini öz vəsaitiylə sotu 2500 manata qaynanasından almış və torpağın üzərində tikilmiş yaşayış evinə tərəfindən 45000 manat xərc çəkilmişdir. 23 avqust 2012-ci il tarixli 270372 saylı alğı-satqı müqaviləsi ilə özünə məxsus olan və Naxçıvan şəhəri, V.Qasımov küçəsi, ev 38-də yerləşən beş otaqlı, 0,1098 ha torpaq sahəsinin üzərində yerləşən evini satmış və xərci evin təmirinə qoymuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən 17.07.2013-cü il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********18 olan torpaq sahəsinin planına görə Abşeron rayonu Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh adına aldığı torpaqda yaşayış evi tikmiş və yaşamışdır. Buna görə həmin əmlakda onun da payı vardır. O, mübahisə predmeti olan evə tez-tez gedib-gəlir, lakin həmin evdə yaşamağa icazə vermirlər və onun başqa yaşayış yeri yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddiadan imtina barədə ərizəsinin təmin edilməsi, Abşeron rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yaşayış evinə istifadə hüququnun tanınması və tikiliyə qoyulmuş 45000 manat məbləğində pulun alınaraq ona qaytarılması hissəsində iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 23 oktyabr 2020ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini İddiaçı Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı fərdi yaşayış evinə köçürülməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin etdiyini, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiq olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə cavabdehin apellyasiya şikayətində göstərdiyi mübahisəli evə iddiaçının çəkdiyi xərci sübut edə bilməməsi və torpaq sahəsində tikilmiş yaşayış evinə heç bir hüququ olması barədə dəlilinə gəldikdə qeyd edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələblərinin bu hissəsindən imtina etdiyindən həmin hissədə qiymət verilməsinə zərurət qalmır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (Mülki Məcəllənin 180.1. və 180.2. maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır, Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikilidir və o həmin mənzildə 2007-ci ildən cavabdehlə Naxçıvandan Bakıya köçərək yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh adına olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa olunmuş bir mərtəbəli, mansartlı, üç otaqlı yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar