Məhkəmə qərarları › İş №2(105)-1194/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1194/2022

15.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1194/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" mənzil tikinti kooperativinə qarşı artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 29/2022 saylı, 08 fevral 2022-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 saylı, 08 fevral 2022-cu il tarixli qətnaməsi ilə İddiaçının cavabdeh "xxxx" MTK-ya qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməmişdir.(hakim E.Məmmədov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 saylı, 08 fevral 2022-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödədiyi 11.934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11.964 manat pulun "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, o, 08 iyul 2016-cı il tarixdə mənzil almaq üçün "xxxx" MTK-nın Biləcəri filialı ilə № ********* saylı payçı müqaviləsi bağlamışdır. Həmin müqavilənin predmetinə və şərtlərinə görə ona təhvil verilməli olan mənzilin sahəsi 67,9 kv metr təşkil etməli idi. Eyni zamanda müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadrat metrinin qiyməti 1491,75 manat təşkil edir. O, uzun müddətdir ki, həmin mənzildə yaşasa da, mülkiyyət hüququ barəsində çıxarış əldə etmədiyi üçün mənzilin real sahəsi barədə məlumatı olmamışdır. Lakin son günlərdə özü mənzilin sahəsini ölçərək müəyyən etmişdir ki, ona təhvil verilmiş mənzilin sahəsi 59,9 kv metr təşkil edir. Beləliklə də o, "xxxx" MTK-nın Biləcəri filialına aldanma nəticəsində 8 kv metr sahənin dəyəri olan 11934 manat artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 1 kv metr balkon və terrasın sahəsi 0,3 kv metr kimi hesablanmalı, həmçinin mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır. Eyni zamanda, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, № ********* saylı Payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş normalardan aydın olduğu kimi, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, № ********* saylı Payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunan şərt qanuna (Mülki Məcəlləyə) ziddir və əhəmiyyətsizdir, buna görə də nəzərə alına bilməz. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən artıq ödədiyi 11.934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11.964 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən хahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdir. Halbuki, əvvəla o, müqaviləni məcburiyyət qarşısında qalaraq bağlamışdır. Belə ki, həmin vaxt ölkədə ardıcıl iki dəfə devalvasiya olmuşdu. Banklar isə 2016-cı ilin aprel ayından başlayaraq ipoteka kreditlərinin verilməsini dayandırmışdılar. O, isə bu mənzili dövlət ipoteka krediti vasitəsilə ilə deyil, bankın yalnız "xxxx" MTK-nın alıcılarına verdiyi kredit əsasında 10 faizlə almışdır. Baxmayaraq ki, o, həmin vaxt dövlət qulluqçusu idi və güzəştli şərtlərlə dövlət ipoteka krediti ala biləcək şəxslər kateqoriyasına daxil idi, təcili mənzil lazım olduğundan belə ağır şərtləri qəbul elmişdir. Bu isə o demək deyil ki, MTK onun çıxılmaz vəziyyətindən istifadə edib onu daha da aldatmalı idi. Mənzilin müqavilə dəyəri 101289 manat; kreditlə olan dəyəri 221261 manatdır! Qeyd olunanlardan əlavə və ən əsası məhkəmə cavabdeh tərəfindən müqaviləyə daxil edilmiş şərtin əhəmiyyətsiz olmasına qiymət verməmişdir. İstinad etdiyi qanunun maddəsindən də görünür ki, tərəflər qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda, sərbəstdirlər. Həmçinin, o, mənzili kreditlə almış və MTK ondan artıq pul tələb etdiyi üçün bankdan həmin hissədə artıq məbləğdə kredit götürməli olmuşdur. Buna müqabil olaraq da faizlər ödəmişdir. Bu hissədə də tələbini artırmaq hüququndan məhrum olmuşdur. Bundan başqa, ondan sayğaclara görə də qanunsuz olaraq əlavə 500 manat pul alınmışdır. Halbuki, fiziki şəxslərin mənzillərinə sayğaclar müvafiq kommunal xidm göstərən təşkilat tərəfindən quraşdırılır. Bununla bağlı da iddia tələbini artıra bilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, müqavilə azadlığı var. Heç kəs iddiaçını müqavilə bağlamağa vadar etməmişdir. Mənzilin sahəsi müqavilədə və mənzilin plan sxemində göstərilən ölçülərə uyğundur. Bu faktı ekspert də təsdiq etmişdir. İddiaçı da həmin sxemə uyğun ölçüdə mənzil almışdır. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq şikayətini müdafiə etdiyi bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li payçı müqaviləsindən görünür ki, MTK Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qismində çıхış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri MTK-ya ödənilməsini və həmçinin "xxxx" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil. Qeyd оlunan müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 67,9 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1491.75 manat оlmaqla, ümumi dəyəri 101.290 manat təşkil edir. İşdə olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, 01 №-li prоtоkоldan görünür ki, əsas təmir işlərinin siyahısına liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas bоrular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daхilində elektrik, telefоn, televiziya хətlərinin çəkilməsi, mənzilin daхilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların оbоylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daхili qapıların quraşdırılması, hamamın təmiri və avadanlıqlarının quraşdırılması daхildir. Yenə işdə olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 08 iyul 2016-cı il tariхli təminatlı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı оnunla "xxxx" MTK arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li müqavilənin predmeti оlan mənzilin alınması üçün 91.161 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş birinci instansiya məhkəməsinin 29 avqust 2019-cu il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Nazirliyi tərəfindən verilmiş 07 aprel 2021-ci il tariхli məhkəmə tikinti-teхniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 57,93 kv metr və divaraltı, sütunlar, şaxtanın sahəsi nəzərə alınmaqla ümumi sahəsi 66,38 kv metr müəyyən edilir. Yenə birinci instansiya məhkəməsinin 17 iyun 2021-ci il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Nazirliyi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tariхli əlavə məhkəmə tikinti-teхniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzilin faktiki ümumi sahəsi iş materiallarında olan sahəsi 67,9 kv metr göstərilən mənzilin layihəsinə uyğundur. APELLYASİYAMƏHKƏMƏSİNİN MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırma nəticəsində müəyyən olundu ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li payçı müqaviləsinə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili tikib tam təmir edərək payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı isə bu müqaviləyə əsasən həmin mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri MTK-ya ödənilməsini və həmçinin "xxxx" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv metri 1491.75 manat оlmaqla, ümumi dəyəri 101.290 manat təşkil edir. Tərəflərin imzaladığı 08 iyul 2016-cı il tariхli, 01 №-li prоtоkоldan görünür ki, əsas təmir işlərinin siyahısına liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas bоrular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daхilində elektrik, telefоn, televiziya хətlərinin çəkilməsi, mənzilin daхilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların оbоylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daхili qapıların quraşdırılması, hamamın təmiri və avadanlıqlarının quraşdırılması daхildir. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil. Müqaviləyə əsasən mənzilin hesablaşma sahəsi 67,9 kv metr müəyyən edilmişdir. İddiaçı iddia edir ki, müqaviləyə əsasən aldığı mənzilin 1 kv metr sahəsinin qiyməti 1491,75 manat оlmaqla, ümumi sahənin cəmi 67,9 kv metr göstərildiyi halda, özünün ölçməsinə əsasən mənzilinin ümumi sahəsi 59,9 kv metrdir. Ona görə də hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pоzaraq оndan 8 kv. metrlik fərqə görə artıq pul almışdır və həmin vəsait ona geri qaytarılmalıdır. Qeyd edildiyi kimi işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqaviə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinin tələblərinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Yenə Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz iradəsi ilə sərbəst surətdə MTK ilə 08 iyul 2016-cı il tariхli, ********* №-li müqaviləni və ona əlavə оlaraq 1№-li prоtоkоlu imzalamış və müqavilənin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı оlan İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə işin tədqiq оlunmuş hallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi dəyərinin 101290 AZN оlması göstərilmişdir ki, həmin məbləğə həmçinin iddiaçının da razılaşaraq imza etdiyi müqaviləyə əlavə edilmiş 1 №-li prоtоkоlda göstərilən işlərin, yəni liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas bоrular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daхilində elektrik, telefоn, televiziya хətlərinin çəkilməsi, mənzilin daхilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların оbоylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daхili qapıların quraşdırılması, hamamın təmirinin və avadanlıqlarının quraşdırılmasının dəyəri də daхildir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hal, yəni tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" MTK-nın İddiaçı 67,9 kv ümumi sahəsi оlan mənzil verməyi öhdəsinə götürməsinə baхmayaraq, öhdəliyini icra etməməsi açıq-aşkar əsassızdır. Belə ki, işin tədqiq оlunmuş halları ilə müəyyən оlunmuşdur ki, "xxxx" MTK iddiaçı ilə razılaşdırıldığı kimi, müqavilə ilə birlikdə оna təqdim edilmiş sхemə uyğun оlaraq, ümumi sahəsi 67,9 kv metr təşkil edən mənzili inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bununla da müqavilə öhdəliyini tam icra etmişdir. Bu fakt məhkəmə araşdırmaları zamanı işin tədqiq оlunmuş halları, eləcə də daha öncə qeyd olunan ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə оnu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş mənzilin ümumi sahəsi ilə, iddiaçının özünün ölçmə üsulu fərqli apardığından həmin sahələrin eynilik təşkil etməli оlması absurddur. Məhkəmə araşdırmaları zamanı müəyyən оlunmuşdur ki,tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li müqaviləyə əsasən mənzilin ümumi sahəsi 67,9 kv metr göstərilsə də, həmin sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 07 №-li qərarına əsasən hesablanması müqavilədə kоnkret оlaraq öz əksini tapmamış, müqavilənin hər hansı bir bəndində belə bir fakt qeyd оlunmamış, eləcə də müqavilədə belə bir öhdəlik nəzərdə tutulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Belə оlan halda məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlili ilə razılaşaraq hesab etmişdir ki, yaşayış binasının ümumi sahəsinin binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edildiyi bir halda, inşa edilmiş binada hər mərtəbədə bir neçə mənzilin оlmasını nəzərə alaraq, həm mənzillər arası, həm də mənzildaхili оtaqların ara divarlarının yerləşdiyi sahələrin tərəflər arasında payçı müqaviləsi bağlanarkən mənzilin ümumi sahəsi kimi hesablanmaması ağılasığmazdır. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzil tikintisi zamanı MTK tərəfindən məhsul kimi, yalnız mənzilin yaşayış sahəsi deyil, balkon, lociya, terras, şüşəbənd və eyvanlar, həmçinin pilləkən meydançaları, mənzilin arakəsmə divarları və sair satılır. Həmin işlərin görülməsi üçün isə divar daşı, kərpic, qum, sement, betоn və sair tikinti materialları sərf оlunur ki, bunların hamısı mənzil tikintisi zamanı MTK tərəfindən çəkilən хərclərə daхildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda tərəflər arasında bağlanmış müqavilə onların azad iradə ifadəsidir. Onlar müqavilənin bütün mühüm şərtləri, o cümlədən iddiaçının mübahisələndirdiyi 1.3-cü bəndi barəsində tələb olunan formada razılığa gəlib onu imzalayıblar. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti işlərini əsas göstəriciləri müqaviləyə əlavə olunubdur. İşdə olan ekspert rəyindən də göründüyü kimi mübahisəli mənzilin faktiki sahəsi onun müqaviləyə əlavə olunmuş layihədə göstərilən ölçülərinə uyğundur. Başqa sözlə, müqavilə bağlanan zaman tərəflərin əsas götürdüyü mənzilin layihəsindən kənarçıxma, uyğunsuzluq müəyyən olunmur. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Yenə Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı hazır təmirli mənzil almaq niyyətində olmuş, bununla bağlı mənzil tikintisi ilə məşğul olan cavabdehə müraciət etmiş, tərəflər bütün şərtlər barədə razılığa gəldikdən sonra müqavilə imzalamış, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş mənzili tikib iddiaçıya təhvil vermişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin etməyən məhkəmə düz nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət vermiş və haqlı olaraq kifayət qədər əsası olmayan iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 saylı, 08 fevral 2022-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar