Məhkəmə qərarları › İş №2(105)-1200/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1200/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1200/2023 02.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(012)-473/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ- 3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddiası rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019ci il tarixində Bərdə regional “ASAN xidmət” mərkəzində kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh 14000 manat pul vəsaitini iddiaçıya verməli, iddiaçı isə həmin pul vəsaitini xx.xx.2020-ci il tarixinədək qaytarmalı olmuşdur. Əslində həmin tarixdə iddiaçının 3000 manat pul vəsaitinə ehtiyacı olmuş cavabdeh isə pul vəsaitini yalnız 14000 manat rəsmi qaydada yazıldıqdan sonra verə biləcəyini bildirmiş və həmin gün 11000 manat pul vəsaitini geri götürmüşdür. Onuda qeyd etmək lazımdır ki, kredit müqaviləsinin 3-cü bəndində kreditin faizsiz verilməsi nəzərdə tutulsa da, qalan 3000 manat pul vəsaiti üçün cavabdeh iddiaçıdan aylıq olaraq faiz məbləğ tələb etmiş və 3000 manat pulu yalnız bu şərtlərlə verə biləcəyini bildirmişdir. Cavabdeh bu hallarla razı olmasa belə təcili pula ehtiyacı olduğundan razılaşmaq məcburiyyətində qalmışdır. Bundan sonra iddiaçı mütəmadi olaraq cavabdehə ödənişlər etmiş (təxminən 9000 manatdan çox) və hal-hazırda da ödəməkdədir. Lakin son günlərdə iddiaçı Ağayev X1 Rayon İcra və Probasiya şöbəsinə çağırılmış və məlumat verilmişdir ki, barəsində 14025 manat pul vəsaitinin tutulması barədə icra qeydi şöbənin icraatına daxil olmuşdur və ona tələbi könüllü icra etməsi barədə 10 gün könüllü icra müddəti verilir. Halbuki, iddiaçının belə bir icra qeydinin verilə biləcəyi barədə məlumatı olmamış, nə Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən, nə də Cavabdeh1 tərəfindən ona belə bir məlumat verilməmişdir. İddiaçı belə bir tələbin olduğu barədə xx.xx.2022-ci il tarixdə məlumatılı olmuşdur. Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydi tam əsassız və qanunvericiliyin normaları kobud şəkildə pozuldumaqla açılmış və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Hesab edir ki, icra qeydi məhkəmə qaydasında ləğv olunmalıdır. 1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bildirir ki, cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli “İcra qeydi” tərtib olunan zaman qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunda imperativ qayda da göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin Cavabdeh1 tərəfindən belə bir məktub iddiaçıya göndərilməmiş, iddiaçı tərəfindən belə bir məktub qəbul edilməmişdir. Həmçinin iddiaçı icra qeydi tərtib olunan zaman cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən nə poçt, nə də zəng vasitəsilə məlumatlandırılmamış icra qeydinin tərtibindən xəbərsiz olmuşdur. Qeyd edilən hal cavabdehlər tərəfindən nəzərə alınmamış və bu hallar qanunvericiliyin normalarının pozulması ilə xarakterizə olunmaqdadır. 2. Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Təlimatın 162-ci bəndində İcra qeydinin 2 halda aparılması göstərilmişdir: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Qanunvericilikdə icra qeydi institut tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, cavabdeh xüsusi notarius borcun ödənilməsi barədə iddiaçıya (borcalana) yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Həmçinin Təlimatda göstərilmişdir ki, müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Bundan əlavə müqavilənin 6-cı bəndində “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təstiq etməli olduğu göstərilsədə Cavabdeh1 cavabdeh notariusa icra qeydinin verilməsi barədə müraciət etdiyi zaman borc verdiyi pul vəsaitinin qaytarılması barədə hər hansı bir məlumat verməmiş, bununlada 14000 manat pul vəsaitinin iddiaçıdan tutulaması barədə icra qeydinin açılmasına nail olmuşdur. 3. Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra-Təlimat) 161-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Təlimatda göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Daha sonra göstərilir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmçinin təlimatda tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olduğu göstərilir. Lakin cavabdehin belə bir müraciəti iddiaçıya olmamış, hər hansı bir xəbərdarlıq edilməmiş, 20 gün müddət verilməmiş, pul vəsaitinin hissə-hissə ödənilməsinə baxmayaraq əsassız olaraq Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusuna müraciət etmiş, notarius tərəfindən isə icra qeydi açılmışdır. Bununla da iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ağayev X1 Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub işi tam, obyektiv və hərtərəfli araşdırmayıb və nəticədə qanunazidd qətnamə qəbul etmişdir. Cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-3672 nömrəli, xx.xx.2022- ci il tarixli “İcra qeydi” tərtib olunan zaman Qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmə baxışı zamanı borcun mübahisəli olduğu müəyyən edilmiş, bununla bağlı zəruri qəbzlər və hesabdan çıxarışlar məhkəməyə təqdim olunmuş, hətta vəsatət qaldırılaraq cavabdehin təqdim etdiyi kart hesabına köcürmələrə dair sübut belə əldə olunmuşdur. Nəticə etibarilə rəsmi olaraq iddiaçı tərəfindən 3995 manat pul vəsaitinin cavabdehin təqdim etdiyi kart hesabına köçdüyü müəyyən edilmiş və cavabdeh məhkəmə zalında bu halı etiraf belə etmişdir. Yəni borcun mübahisəli olduğunu elə məhkəmə özü müəyyən etmişdir. Buna baxmayaraq məhkəmə iddia tələbini təmin etməmiş və əsassız qərar qəbul etmişdir. Bundan əlavə qanunda imperativ qayda da göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin Cavabdeh1 tərəfindən nə icra qeydi açılmamışdan əvvəl, nə də icra qeydi açıldıqdan sonra hər hansı bir məktub, pretenziya iddiaçıya göndərilməmiş, onun tərəfindən belə bir sənədlər qəbul edilməmişdir. Həmçinin o icra qeydi tərtib olunan zaman cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən nə poçt, nə də zəng vasitəsilə məlumatlandırılmamış, icra qeydinin tərtibindən xəbərsiz olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Abşeron rayon 2 saylı Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni İddiaçı icra qeydi üzrə aparılmış tələbi məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğundan, iddiaçı tərəfindən icra qeydi üzrə müəyyən ödənişlərin aparılmasının 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğvi üçün də əsas sayıla bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı bu nəticəni mübahisələndirərək, qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-ci il tarixində Bərdə regional “ASAN xidmət” mərkəzində kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin aparılması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi icra qeydinin ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76 və 79-cu maddələri təşkil edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə olan borcunu hissə-hissə cavabdehə ödədiyinə istinad edərək buna dair sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, işin 16-20 və 133 səhifəsində sənədlərdən görünür ki, iddiaçı tərəfindən borc məbləğindən müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. Bu hal Cavabdeh1 xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında da öz təsdiqini tapmışdır (səhifə 127, 140). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən iddiaçının icra qeydinin ləğvi barədə ərizəsində göstərdiyi halı təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etdiyindən, iddia tələbi təmin edilməli, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ- 3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı qızının apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar