Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1201/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X15 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsinin Şamaxı filialı və X8 cəlb olunmaqla) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-650/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsinin Şamaxı filialı və X8 cəlb olunmaqla) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1993-cü ildə Sumqayıt şəhərində vəfat etmiş anası X4 ilə xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X10 qohumluq münasibətinin, yəni onların bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-650/2024 nömrəli qərardadı ilə mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir (hakim Aynur Behbudova). İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-654/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin (dövlət rüsumu ödənilmədiyi üçün) ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil dövlət rüsumunun nəzərdə tutulmuş məbləğini ödəməklə, qeyd edilən qərardaddan şikayət vermiş, eyni zamanda vəsatət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-654/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdən görünür ki, faktın müəyyən olunması iddiaçıya mirasdan pay almaq üçün lazımdır. Ona görə də iş üzrə icraata xitam verilməsi qanunsuz və əsassızdır. Çünki “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarına əsasən məhkəmələrə tövsiyə olunub ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə belə nəticəyə gəlib və iddiaçıya izah edib ki, mirasdan pay almaq üçün miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri) notariat kontoruna təqdim etməklə, miras qoyanın müvafiq növbədə qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunması haqqında vərəsəlik şəhadətnaməsinin verilməsini tələb edə bilər. Notarius vərəsəlik şəhadətnaməsini verməkdən imtina etdiyi halda iddiaçı miras qoyanın müvafiq növbədə qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmənin belə nəticəyə gəlməsindən aydın olur ki, məhkəmə hələ də tam anlamayıb ki, həmin o notariat kontoruna təqdim edəcək sənədlər yoxdur, əgər olsaydı məhkəməyə müraciət etməyə nə gərək var idi. Digər vərəsə kimi onun da sənədləri qəbul olunardı. O məhz notariat kontoruna təqdim etmək üçün qohumluq münasibətini müəyyən etmək istəyir. Axı notariat kontoruna müraciət etmiş və ondan məhz qohumluq münasibətini müəyyən edən doğum haqqında şəhadətnamələr və ya qohumluq münaibətini müəyyən edən qətnamə tələb olunmuşdur. O da həmin sənədi təqdim edə bilmədiyi üçün bizə məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Həmin sənədlər olmadığı halda o mirasdan payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə nə dərəcədə haqlı olar və həmin iddia tələbi nə dərəcədə qanuni və əsaslı olar? Göründüyü kimi ilk öncə hazırkı iş üzrə qohumluq faktı müəyyən edilməlidir. Ondan sonra notariat kontoru imtina etdiyi halda mirasdan payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Normalda isə qohumluq münasibəti təsdiq olunduğu halda notariat kontoru imtina verməyəcək. Çünki notariat kontorunun imtinası məhz qohumluq münasibəti ilə bağlıdır. Yəni məhkəmənin tövsiyyəsi belə qanunsuz, əsassız və məntiqsizdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, hüquq barədə mübahisə olması əsası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xüsusi icraat qaydasında ərizə baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı iddia icraatı qaydasında eyni iddia tələbi ilə müraciət edərək qohumluq münasibətinin, yəni onların bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, hüquq barədə mübahisə olduqda eyni iddia tələbini ayrıca icraatda mübahisələndirilməsinə yol verilmir. Belə ki, iddiaçı əldə olunması hüquqi nəticə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli, həmçinin iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməlidir. Hazırki mübahisə predmeti ilə bağlı məhkəmə hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla “iddia ərizəsinin məhkəmədə baxılmalı olmaması” əsası ilə icraata xitam verilməlidir. Məhkəmənin bu mövqeyi ilə də razı deyl. Çünki hazırkı iş üzrə iddiaçı əvvəl xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Hüquqa dair mübahisə olduğundan mülki iş baxılmamış saxlanılmışdır. Ona görə də biz eyni tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Yəni burda hüquqa dair mübahisə olduğundan xüsusi icraat qaydasında baxılması mümkün olmamışdır. İddia icraatı qaydasında baxılmasına isə heç bir qadağa yoxdur. Çünki MPM-nin 306.4-cü maddəsinə görə Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ona görə də hesab edir ki, qərardad ləğv olunmalı və iş üzrə sonrakı prossesual hərəkətlər yerinə yetirilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-650/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-654/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməyərək şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-650/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xüsusi icraat qaydasında qohumluq faktın tanınmasına dair ərizə baxılmamış saxlanıldıqdan sonra iddiaçı iddia icraatı qaydasında eyni iddia tələbi ilə müraciət edərək qohumluq münasibətinin, yəni anası X1 xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X10 bacısı olması faktının müəyyən edilməsi təşkil edir. Şikayətçı hesab edir ki, həmin tələbə iddia icraatı qaydasında baxılmasına isə heç bir qadağa yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın məhkəmədə baxıla bilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarına əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras əmlakı vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə sonuncu ilə X1 bacısı olmasını təsdiq etmək üçün qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X12 məktubundan görünür ki, Şamaxı rayonu, Qeydiyyat şöbəsinin 1929-1945-ci illərin doğum haqqında bərpa kitablarında və Kirovka kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında X2 doğumu haqqında məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X16 tərəfindən verilmiş 173 nömrəli, 10 may 2022-ci il tarixli Rusiya Federasiyasının vətəndaşı X6 göndərilmiş Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab 442 nömrəli olan X9 təsərrüfatında ailə tərkibi – 1898-ci il təvəllüdlü ailə başçısı olan X13, 1935-ci il təvəllüdlü oğlu olan X11, xx.xx.1937-ci il təvəllüdlü qızı olan X14, 1940-cı il təvəllüdlü qızı olan X5 ibarətdir. X1 adı isə qeyd olunan sənəddə müəyyən olunmur. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini vəbaxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Mülki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Kollegiya izah edir ki, hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququnu (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn, şəxslərin qohumluq münasibətlərində olması faktını) sübuta yetirməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxmayaraq, iş üzrə icraata xitam vermişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunan Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-650/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1201/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1201/2024
03.07.2024 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver