Məhkəmə qərarları › İş №2(105)-1205/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1205/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1205/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Georgiyeviçin, cavabdeh X11, onun vəkili Vəkil1, tərcüməçi X2 iştirakı ilə, İddiaçı Georgiyeviçin cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, X14 və X9rşı notariat əməliyyatının, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(067)-1946/2020 saylı qətnaməsindən cavadbeh X17 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının, 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 17.06.2020-ci il tarixdə X17 və X18 arasında bağlanmış alqı-satqı müqaviləsinin və X11 adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı 02.07.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir (hakim İ.Xəlilov) Qətnamədən narazı qalan cavabdeh X17 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(105)-924/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(067)-1946/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. X1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1541/2022 nömrəli qərarı ilə cavabdeh X17 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22.09.2021-ci il tarixli, 2(105)924/2021 nömrəli qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X14 və X9rşı “notariat əməliyyatının, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 miras qalmış Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsinə münasibətdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının düzgün hesab edilməməsi və X12 adına miras qalmış əmlaka mülkiyyət hüquqların qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının, 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 17.06.2020-ci il tarixdə X17 və X18 arasında bağlanmış alqı-satqı müqaviləsinin və X11 adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı 02.07.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında cavabdeh X17 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qeyd edilən razılıq ərizəsi üçün iddiaçı ilə birlikdə özü notariat ofisinə getmiş, orada ərizənin mətni iddiaçıya oxunmuş, iddiaçı tərəfindən imzalanmışdır. Bundan sonra miras əmak iddiaçının bacısının adına qeydiyyata alınmış, sonra isə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə ona satılmışdır. O, vicdanlı alıcıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 vəkili Vəkil1apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, mriasqoyan 2011-ci ildə ölüb, 2001-ciildə qızına vəsiyyətnamə verib. Qızı müddət ötürmədən mirasın qəbulu üçün müraciət etsə də, iddiaçı müraciət etməyib. İddiaçı ərizəni imzalayan zaman notariat ofisində tərcüməçi ilə təmin edilmədiyini bildirir, lakin ərizənin mətni ona izah edilib. İddiaçı mübahisəki evin yerləşdiyi ünvanda yaşamayıb. 4 il sonra mirasla bağlı ərizə verib. Hazırki işdən də görünür ki, iddia ərizəsi latın qrafikası ilə, azərbaycan dilində yazılıb. İddiaçı nə faktiki, nə də notariat orqanına müraciət etməklə mirası qəbul etməyib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Georgiyeviç apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, bacısı onu aldadıb, ona deyib ki, ərizəni imzalasa evi onun adına keçirəcək. Buna görə notariat kontorunda ərizəni imzalayıb. Sonradan bilib ki, ev satılıb. Son 2 ildə həmin evdə yaşayıb. O evdə böyüyüb, o evi təmir edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, X15 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(067)- 1946/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15.04.2015-ci il və 30.04.2015-ci il tarixli arayışlardan müəyyən olunur ki, X7 X8 birgə nikahlarından xx.xx.1948-ci il təvəllüdlü İddiaçı və 10.03.1953-cü il təvəllüdlü X5 anadan olmuşlar. İş materiallarında olan AZ-T seriyalı, 000669 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1948-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan 07.08.2018-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X16 ilə X13 10.10.1976-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ seriyalı 502411 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X16 21.10.1989-cu il tarixdə vəfat etmişdir. V-İK 543442 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 30 may 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 20.08.2019-cu il tarixli, ********** saylı çıxarışının surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X10 məxsus olmuşdur. İş materiallarında olan 28.08.2001-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X3 mxsus olan bütün əmlaklarını, o cümlədən ünvan 2 ünvanda yerləşən mənzilini qızı X15 vəsiyyət etmişdir. İş materiallarında olan 14.11.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlakları X15 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı 29.11.2019-cu il tarixli çıxarışının müəyyən olunur ki, Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X15 məxsus olmuşdur. İş materiallarında olan 12.04.2015-ci il tarixli ərizədən müəyyən olnur ki, İddiaçı Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə yazmış və həmin ərizəyə imza etmişdir. Notariat işi aparılan zaman o, tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. İş materiallarında olan 17.06.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini X18 17 iyun 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alqı- satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirmişdir. İş materiallarında olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi alandan sonra miras qalmış Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini X18 öz adına rəsmiləşdirmiş, sonra da həmin evi Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış 17 iyun 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirmişdir. ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı 02.07.2020-ci il tarixli çıxarışa əsasən Xaçmaz şəhəri, X22 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi X14 məxsusdur. İş materiallarında olan 26.08.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Georgi Dmitriyeviçin vəfatından sonra onun vəsiyyət üzrə vərəsəsi Marina Georgiyevna ondan miras qalmış əmlaka vəsiyyətnamə üzrə şəhadətnamə almış, iddiaçı da 12.04.2015-ci il tarixli ərizəyə əsasən Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə vermiş, lakin bu zaman o rus dilli olduğu üçün tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. İddiaçı öz tələbinin əsası kimi bacısı tərəfindən ona mirasdan pay veriləcəyi adı altında aldadılaraq notariusa getməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı 12.04.2015-ci il tarixli ərizəyə əsasən Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə versə də, notariat işi aparılan zaman onun tərcüməçi ilə təmin edilməməsi və ərizənin hüquqi nəticələrinin ona izah edilməməsi, bununla da iddiaçı mirasda məcburi pay hüququndan məhrum olmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1193, 1203.1, 1203.2, 1203.3, 1166, Notariat haqqında Qanunun 9-cu və 13-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi 12.04.2015-ci il tarixli ərizəyə əsasən Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə verməsini, lakin bu zaman o rus dilli olduğu üçün tərcüməçi ilə təmin edilməməsini, ərizənin hüquqi nəticələrinin ona izah edilməməsini, bacısı tərəfindən ona mirasdan pay veriləcəyi adı altında aldadılaraq notariusa getməsini qeyd etmiş, birinci instansiya məhkəməsi də iddiaçıya tərcüməçi təyin edilməməsini əsas götürərək iddia tələbini təmin etmişdir. Lakin ilk öncə qeyd edilməlidir ki, “Notariat haqqında” qanunda kargüzarlığın aparıldığı dili bilməyən şəxsin tərcüməçi ilə təmin edilməsi notariusun üzərində öhdəlik kimi müəyyən edilməmişdir. Belə ki, «Notariat haqqında» Qanunun 13-cü maddəsində göstərilmişdir ki, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətlərinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. İş materiallarından və iddia tələbindən isə görünür ki, iddiaçı özü notariat ofisində ona tərcüməçi təyin edilməsini xahiş etməmiş, özünün bildirməsinə görə, sənədə imza etmək istəmədikdə bacısının sözünə inanıb imza etmişdir. Digər tərəfdən iddiaçı iddia tələbində bacısı Marina ilə notariat ofisinə getdiyini, orada bacısının sözü ilə ərizəyə imza etdiyini göstərsə də, birinci instansiya məhkəməsi iddiaçının bacısı ilə deyil, X17 ilə notariat orqanına getdiyini müəyyən etmişdir. 2015-ci ildə iddiaçı tərəfindən qeyd edilən ərizə verilərkən iddiaçının bacısı olan Marina Azərbaycan Respublikasında olmamışdır. Qeyd edilən ziddiyyət məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki bu hal göstərir ki, iddiaçı tələbini bacısı tərəfindən aldadılmaya məruz qalmaqla ərizəni imzaladığını göstərib tələbində göstərdiyi sənədlərin etibarsız hesab etməsini xahiş etmişdir. Lakin sənəd imzalanan zaman bacısı iddiaçının yanında olmamış, ona ərizəni imzalaması üçün hər hansı formada təzyiq göstərməmiş və ya aldatma hərəkətinə yol verməmişdir. Ərizə verilərkən onunla notariat orqanına getmiş X17 tərəfindən də hər hansı aldatma və ya təzyiqə məruz qalmasını iddiaçı tələbində göstərməmiş, yalnız miras əmlak X11 mülkiyyətinə keçdiyi üçün onu cavabdeh kimi göstərmiş və onunla bağlanmış alqı-satqı müqaviləsini də mübahisələndirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçnın iş materiallarında olan izahatından da görünür ki, 2015-ci ildə notariusa gedərkən cavabdeh Fateh Soltanov da onunla birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə komputerdə tərtib edilmiş mirasdan imtina barədə ərizənin imza edilməsinə nail olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçının atası Qeorqi 29.05.2011-ci ildə ölmüş, miras əmlakı Marina idarə etmiş (İ cild, səh 69, 10.10.11ci il tarixli arayış), 09.10.2014-cü ildə isə o, notairat orqanına ərizə ilə müraciət edib miras əmlakı qəbul etmişdir. İddiaçı Vladimir isə mirasın qəbulu ilə bağlı nə notariat orqanına müraciət etmiş, nə orada yaşamamış, nə də mirası faktiki qəbul etməmişdir. Marina və Vladimirin atası olan Qeorqi sağlığında Moskva şəhərinə getməmişdən əvvəl hazırda mübahisə predmeti olan evi boş qalmasın deyə Nəsirovlar ailəsini həmin evə yerləşdirmişdir və hazırda da həmin ailə o, evdə yaşayır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina barədə ərizə isə 12.04.2015-ci il tarixində rəsmiləşdirilmişdir ki, həmin zaman da artıq o, mirası qəbul etmə müddətini ötürmüşdü. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarına əsasən, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin qərarda göstərilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Qeyd olunan Qərarda göstərilən mirasın vərəsə tərəfindən faktiki qəbulunun iki formasından biri olan miras əmlakı faktiki idarə etməyin anlayışı aydın şəkildə izah edilmişdir ki, həmin anlayışda da vərəsənin (vərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsi ehtiva olunmuşdur. İşdən görünür ki, iddiaçı miras əmlak olmuş evdə atasının vəfatından əvvəl və sonra da yaşamasını göstərsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Əksinə iş materiallarında olan Xaçmaz İnzibati ərazi İdarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan (İ cild səh 113) və mübahisə predmeti olan əmlaka qonşuluqda yaşayan şəxslər tərəfindən tərtib edilmiş və nümayəndəlik tərəfindən təsdiq edilmiş aktda (İ cild səh 115) iddiaçının həmin evdə yaşamadığı, Xaçmaz rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan (İ cild səh 112) və iddiaçının özü tərəfindən notariat orqanına mirası qəbul etməməsi barədə 12.04.2015-ci il tarixli ərizə ilə ünvan 3 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı mirası qəbul etməməsi barədə 12.04.2015-ci il tarixli ərizəsində də mirası faktiki qəbul etmədiyini də göstərmişdir. Belə olan halda da iddiaçının qeyd edilən ərizəsi artıq həmin zaman hər hansı əhəmiyyətə malik deyildi. Birinci instansiya məhkəməsi isə bu hala da hər hansı əhəmiyyət verməmiş və münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli ev Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış 17 iyun 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alğı-satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirmişdir. Bununla da müəyyən edilir ki, evin dəyəri cavabdeh tərəfindən ödənilərək əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X17 vicdanlı əldə edən olduğundan alğı-satqı müqaviləsi həm də bu əsasla etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarını pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 3851.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd ekdilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apeldlyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(067)-1946/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar