Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1209/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı X5, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4233/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4233/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim A.Süleymanova) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat məbləğində pulun, Cavabdeh2 məxsus olan “Nissan Sunny" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə sərf etdiyi 1500 manat məbləğində pulun, cəmi 9500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan o, iddia tələbinin həcmini artıraraq Cavabdeh1 8000 manat məbləğində pul, 1500 manat çəkilmiş xərc olmaqla, ümumilikdə 9500 manat və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 müştərək qaydada 4000 manat məbləğində əldən çıxmış faydanın, cəmi 13500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 8000 manat ödəyərək etibarnamə vermə yolu ilə ondan Cavabdeh2 məxsus olan 2001-ci il buraxılışlı, “Nissan Sunny" markalı, ** KA *** qeydiyyat nişanlı minik avtomobilini almışdır. Əslində bu alqısatqı müqaviləsi olub, sadəcə əməliyyat etibarnamə vermə yolu ilə həyata keçirilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat kontoru etibarnaməni versə də, ancaq faktiki olaraq o, pulunu ödəyib həmin avtomaşını almışdır. Etibarnamə ilə həmin avtomaşınla bağlı sərəncamvermə və istifadə hüquqları ona verilmişdir. O, avtomaşını Cavabdeh1 inanaraq vicdanlı yolla almış və təmirinə 1500 manatdan artıq pul xərcləmişdir. Belə ki, köhnəlmiş təkərlərinin dördünü də dəyişmiş, 4 təkərə 500 manat pul vermişdir. Avtomaşını hərəkətə gətirən avtomobil hissələrini dəyişmiş və yeniləmişdir. Buna görə 1000 manata qədər pul xərcləmişdir. Avtomobili alandan 2 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə onu idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və avtomaşın cərimə meydançasına yerləşdirmişlər. Məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən ona satılmış avtomaşın faktiki olaraq digər Cavabdeh2 mülkiyyətidir. xx.xx.2019-cu il tarixdə 6 saylı notariat kontoru vasitəsi ilə etibarnamə ilə bir il müddətinə Cavabdeh1 sərəncamına verilmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariat kontoruna müraciət edərək Cavabdeh1 verdiyi xx.xx.2019cu il tarixdə tərtib olunmuş həmin etibarnamənin ləğvini xahiş etmiş, onun xahişi təmin olunmuşdur. Bundan sonar, Cavabdeh2 polisə müraciət edərək avtomaşının saxlanılaraq ona təhvil verilməsini tələb etmişdir. Nəticədə vicdanlı yolla və dəyərini ödəyərək aldığı avtomaşın əlindən alınaraq cərimə meydançasına təhvil verilmişdir. Bununla da, avomaşına ödədiyi 8000 manat pul və təmirinə xərclədiyi 1500 manat, cəmi 9500 manat ziyan çəkmişdir. Cavabdeh1 və Cavabdeh2 tamah zəminində əlaqəyə girərək onu aldatmış, avtomaşını 8000 manata ona etibarnamə vermə yolu ilə satmış, sonra isə Könülün Rəşada verdiyi etibarnaməni ləğv etməklə avtomaşını polisin əli ilə ondan geri almışlar. Bu ehtimalı Cavabdeh2 həmin avtomaşının Cavabdeh1 verdiyi etibarnamənin tarixi xx.xx.2019 - xx.xx.2020-ci il tarix, yəni bir il bitməmiş etibarnaməni ləğv etməsi faktı da təsdiq edir. Belə ki, həmin etibarnamə verildikdən heç 3 ay ötməmiş Cavabdeh2 tərəfindən ləğv edilmişdir. Avtomaşını bir il müddətinə etibarnamə ilə alsa da, həmin il ərzində alqı-satqı edəcəklərini də Cavabdeh1la şərtləşdirmişdir. Hazırda avtomaşın Cavabdeh2 mülkiyyətində olsa da, ancaq faktiki olaraq həmin avtomaşın 8000 manat pula digər cavadeh Rəşad tərəfindən ona satılmışdır. O, vicdanlı əldə edən olduğundan bu avtomobil Cavabdeh2 mülkiyyətindən çıxarılıb ona verilməlidir, bu mümkün olmasa cavabdehlərdən həmin avtomaşına ödədiyi 8000 manat məbləğində pul və həmin avtomaşının təmirinə xərclədiyi 1500 manat alınıb ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh1 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə qətnaməsi işin faktiki hallarına uyğun deyildir və məhkəmə tərəflər arasındakı mübahisəni həll edərkən işin bütün hallarını nəzərə almamış, nəticədə maddi və prosessual normaları pozmuş, qanunsuz və əsassız nəticəyə gəlmişdir. xx.xx.2019-cu il tarixində ailəsinin ehtiyacları üçün avtomobil almaq fikrinə düşmüş, bunun üçün Bakı şəhəri, Badamdar deyilən ərazidə yerləşən maşın bazarına gəlmişdir. Araşdırma və müqayisə nəticəsində Səbuhi adlı bir şəxsdən “Nissan Sunny” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. Aralarında qiymətlə bağlı razılıq əldə olunarkən Səbuhi bildirdi ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2dır. Ona sonuncu zəng edərək avtomobilin dəyəri ilə bağlı məlumat verdi və razılıq əldə olundu. Bakı şəhəri Nərimanov rayonuna gələrək Cavabdeh2 ilə görüşmüşdür. Avtomobili 6300 manata alacağını ona da bildirmiş, o da razılıq verdikdən sonra, Bakı şəhəri, Xətai rayonunda yerləşən, 6 saylı X4 Könül Sovet qızı avtomobilə dair bütün hüquqları, o cümlədən sərəncam vermək hüququ barədə ona etibarnamə vermiş, o isə pulu mülkiyyətçiyə ödəmişdir. O, həmin avtomobili taksi fəaliyyəti göstərmək üçün almışdır. Maşının təmiri ilə bağlı 1500 manata qədər xərc çəkib onu normal vəziyyətə gətirmişdir. Lakin taksi fəaliyyəti ilə məşğul ola bilməmiş, xx.xx.2020-ci il tarixində Sumqayıt maşın bazarında əvvəllər tanımadığı İddiaçı 8000 manata həmin maşını satmışdır. Avtomobili satdığı müddətdən təxminən 4 ay sonra Sərvan ona zəng vuraraq bildirmişdir ki, avtomobilinin etibarnaməsi ləğv olunub. O, isə Sərvana bildirmişdir ki, bundan məlumatı yoxdur. Sonradan məlum oldu ki, X7 avtomobilə dair ona verdiyi etibarnaməni ləğv edib, avtomobilin alınması ilə bağlı X12 müraciət etmişdir. X11 əməkdaşları məhkəmə qərarı olmadan, işi araşdırmadan avtomobili Cavabdeh2 vermişlər. Hal-hazırda avtomobil və ona ödədiyi pul Cavabdeh2dır. Hazırda İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək avtomobilə görə ödədiyi pulu ondan tələb edir. Onunla faktiki alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinə əsasən o, öz üzərimə düşən öhdəliyi tam şəkildə yerinə yetirmiş, lakin Cavabdeh2 isə öz öhdəliyini əvvəlcə yerinə yetirmiş, ancaq sonradan bu öhdəliklə bağlı elədiyi hərəkətlərin bir hissəsini ləğv etmişdir. Özünə aid olan hissədə, yəni avtomobili geri almış, ona aid olan hissədə isə hər hansı hərəkət etməmiş, pulu geri qaytarmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, hazırda onlar Yasamal Rayon Məhkəməsində Cavabdeh2 qarşı iddia qaldırmışlar. Apelyasiya baxışı zamanı iddiaçı X9 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ƏN-Vİİ 129903 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 (mülkiyyətçi) ona məxsus “Nissan Sunny” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilərək, xx.xx.2020-ci il tarixədək etibarlıdır. Yenə iş materiallarında olan ƏN-Vİİ 127537 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Poladov X2 Könül Sovet qızının adından hərəkət edərək ikinciyə məxsus “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini İddiaçı etibar etmişdir. Etibarnamə 11 ay, 10 gün müddətinə verilərək, xx.xx.2020-ci il tarixədək etibarlıdır. İşdə olan Bakı şəhəri, 6 saylı Notariat ofisində 8İ-2400 saylı reyest nömrəsi ilə təsdiq olunmuş Cavabdeh2 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, ərizəçi Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Qeyd edilən etibarnaməyə xitam verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırda bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4233/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi Cavabdeh2 olmuş və o, həmin avtomobillə bağlı Cavabdeh1 ƏN-Vİİ 129903 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 1 illik etibarnamə vermişdir. Sonradan Cavabdeh1 da bu etibarnamədən istifadə edərək İddiaçı 11 ay, 10 gün müddətinə ƏN-Vİİ 127537 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermiş, bunun müqabilində isə sonuncu ona 8000 manat pul ödəmiş, avtomobildən istifadə etmişdir. Sonradan isə Cavabdeh2 Cavabdeh1 verdiyi etibarnaməyə xitam verilməsi barədə müvafiq notariat orqanına ərizə vermiş və həmin etibarnaməyə xitam verilmişdir. Nəticədə avtomobil İddiaçı alınaraq mülkiyyətçiyə qaytarılmışdır. Hazırda isə İddiaçı avtomobil üçün ödədiyi 8000 manat pulu Cavabdeh1 tələb edir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı avtomaşın almaq məqsədi ilə Cavabdeh1 8000 manat pul ödəmiş, lakin tərəflər arasında avtomaşının alqı-satqısına dair hər hansı müqavilə bağlanılmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, iş üzrə tərəflər arasında mübahisəli nəqliyyat vasitəsinə dair şifahi alqı-satqı olmuşdur. Yəni ilk olaraq Cavabdeh2 ilə Cavabdeh1 arasında, sonra isə Cavabdeh1la İddiaçı arasında şifahi də olsa müqavilə bağlanmış, satılan əşya təhvil verilmiş, həmin əşya qəbul edilərək razılaşdırılmış dəyəri ödənilmişdir. Bununla yanaşı, tərəflər həmin əqdi bağlayarkən aşağıda sadalanan qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Daha öncə qeyd olunduğu kimi, tərəflər arasındakı nəqliyyat vasitəsinin alqı-satqısına dair razılıq şifahi olmuş, yazılı müqavilə bağlanıb notarial qaydada təsdiq edilməmiş, rəsmi reyestrdə qeydə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”n 2 saylı Əlavəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları rəsmi reyestrdə qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır. “Notariat haqqında” AR Qanununun 46-cı maddəsinin tələblərinə görə qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əşyaların alğısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd edildiyi kimi tərəflər mübahisəli nəqliyyat vasitəsinə dair şifahi müqavilə bağlayarkən sadalanan maddi hüquq normalarının tələblərinə əməl etməsələr də, bu hal onlar arasında öhdəlik münasibətlərinin yaranmasını istisna etmir. Ədalət mühakiməsini həyata keçirən orqan olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki halda tərəflər arasında şifahi bağlanmış alqı-satqı müqaviləsini onların əsil iradə ifadəsi kimi qiymətləndirməmək ağlabatan olmazdı. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İstinad olunan maddi hüquq normalarının mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin razılaşdırılmış iradə ifadəsidir. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin etibarnamə vermə qaydasında özgəninkiləşdirilməsi praktikası, bu sahədə yaranmış işgüzar adətlər nəzərə alınmaqla hazırki iş üzrə bağlanmış şifahi əqdlərin tərəflərin razılaşdırılmış iradə ifadəsi olmasını, başqa sözlə onlar arasında öhdəlik münasibətlərinin yaranmasını demək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin tədqiq olunan faktiki hallaqından göründüyü kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəlyi yaranmışdır və öhdəliyin onun təqsiri üzündən pozulması nəticəsində iddiaçıya zərər vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan da göründüyü kimi, Cavabdeh1 tərəfindən iddiaçıya 8000 manat məbləğində zərər vurulmuşdur və o, həmin pulu iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş izahatdan da müəyyən edilmişdir ki, avtomobilin satışı ilə bağlı iddiaçıdan 8000 manat almışdır və həmin məbləğdə pulu iddiaçıya qaytarmaqdan imtina etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, 8000 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bu qaydada təmin edilməsi həm işin faktiki hallarına, həm də qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin Cavabdeh1 apelyasiya şikayətinə dair dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Avtomobilə görə Cavabdeh2 pul ödəməsi və bu halın nəzərə alınmaması barədə cavabdehin dəlili əsassızdır, çünki həmin məsələnin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Bununla belə, avtomobilə görə pul ödənilməsini tədiq edən sübutları olduğu təqdirdə, Cavabdeh1 da İddiaçı kimi, həmin pulu Cavabdeh2 tələb etmək hüququ mövcuddur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4233/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1209/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1209/2021
02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver